Palatada sükut idi. Baş həkim kədərli gözlərini xəstəsinə yetirdi.
- Yaxınlarına xəbər verərsiniz.
Tibb bacılarından biri səsini çıxardı:
- Yaxını yoxdur. Özünü də küçədən keçən bir adam gətirib.
Baş həkim başını bulayıb bir daha gözlərindəki qəmlə qoca kişinin qırışmış üzünə, min bir əziyyətə qatlaşan əllərinə baxdı. Öz hamar əlləriylə qocanın buztəki əlinə toxunub ağ örtünü başına qədər çəkdi və qapıya doğru yönəldi. Onun otaqdan çıxmasını gözləyən həkimlər son dəfə xəstəyə baxıb baş həkimin ardınca otağı tərk etdilər.Yarım saatdır ki, qatı sükut dumanı qocanın başının üstünü almışdı. İndi o bəlkə də, küçədəki kimsəsizliyi üçün darıxırdı. Öz qarnını belə doyurmağa yetməyən çörəyini paylaşdığı küçə heyvanları, cavanlığının xoş xatirələri, tənha divarlar üçün darıxırdı indi döyünməyə möhtac qalmış qəlbi...
Qapı azacıq aralandı və üzündən nur yağan ağ paltarlı bir kişi ehtiyatla içəri girdi. Kişinin üzündə yaranan qırışlara fikir verməsən, onu qoca saymaq olmazdı. Kürəyindəki qanadları isə xüsusi saflıq verirdi onun görkəminə. Otağa daxil olduğu anda alaqaranlıqlıq çəkilib öz yerini nurlu işıqlığa verdi.
Yavaş-yavaş, kiçik addımlarla içəri girən Mələk stullardan birini çəkib qocanın uyuduğu yatağın yanında oturdu. Gülümsəyib əlini cibinə saldı. Cibindən çıxardığı fotoşəkilləri sakit tərzdə qocanın süstləşmiş bədənini örtən nazik parçanın üzərinə düzdü.
Qəflətən kəskin şimşək səsi eşidildi. Qoca Mələk başını qaldırıb diqqətini səsə yönəltdi.Birdən otaqda qara paltarlı, bütün bədəni sümüklərdən ibarət varlıq peyda oldu. Ona nə qoca, nə də cavan demək olardı.
Otağın nuru sönüb getdi və qaranlıq yenidən öz hökmranlığını elan etdi.
Bəli, əlindəki qəribə aləti divara söykədikdən sonra stul çəkib yatağın digər tərəfində Mələklə üzbəüz oturan bu varlıq, gəlişindən də bəlli olduğu kimi Əzrail idi.İndi onlar dünyadan bir-bir köçüb gedənləri ziyarət edir, vəzifələrinə əsasən, sonrakı həyatlarını Cənnət və ya Cəhənnəmdə davam etdirəcəklərinə qərar verirdilər. Hazırkı növbə isə həmin kimsəsiz qocada idi.
- Başlayaq! - Əzrailin ürək sıxan səsi vurğulandı.
Nur üzlü Mələk əlini atıb qocanın üzünü açdı və gülümsəyib:
- Aqibətin xeyirli olsun, - dedi.Mələk barmağını fotoşəkillərdən ən köhnə olanına toxundurdu. Hansı ki bu şəkildə üstü-başı cırıq, çirkli uşaq yanındakı böyük itə baxıb gülümsəyirdi. Ona baxanda insan bir anlıq dərdlərini uşağın təbəssümündə boğur, dünyanın yaxşı bir yer olduğuna ümid işığı közərirdi qəlbində.
Mələk şəkli əlinə alıb silkələdi və ətraf sürətlə dəyişməyə başladı.
Sınıq-salxaq, damından su damcılayan evin bir otağı və həmin o gözəl təbəssümlü uşaq. Anasının yenicə bişirdiyi çörəyə barmağını toxundurub, addım səslərini eşidəndə tez çəkir.
- Axırıncı tikəmizdir, - qucağında körpə olan qadın güclə danışır.
Uşaq başını aşağı salıb otaqdan çıxır.
Beş dəqiqə keçməmiş o yenidən qayıdır və çörəkdən iri bir parça qoparıb qaçaraq çöl qapıya doğru gedir.
Bu mənzərəyə əsasən, Əzrailin 1:0 öndə olduğunu demək olar.Qapıdan çıxdıqdan sonra sürətlə yolun kənarındakı iri çinar ağacının kölgəsində yatan balaca itlərin yanına gəlir. Analarını ortalıqda görməyib yemək axtarışına çıxdığını ümid edir. Elə oradaca oturub gözləməyə başlayır. Körpə itlərdən birinin oyanıb zingildəməsi ilə böyük bir it yaxınlıqda peyda olur. Qulaqlarını sallaya-sallaya gələn itin gözlərindən duyulan kədərdən ac olduğu bəlli olur. Amma onun dərdi öz aclığı yox, körpələrinin ona olan möhtaclığını ödəyə bilməməsi idi. Bəlli idi ki, bu gün də ac qalacaqdılar, əgər həmin uşaq olmasaydı...
YOU ARE READING
Həyatın Ədaləti (watys_top10)
PoetryBu hekayə watys_top10 səhifəsinin keçirdiyi yarışla bağlıdır.