Vətən...Biri üçün doğulduğu yerdirsə əgər, biri üçün də silah yoldaşını itirdiyi torpaqdır Vətən.
Kimi üçün Ana, kimi üçün də övladdır Vətən.
Bəzən bütöv sərhəd, bəzən də bir qarış torpaqdır Vətən.
Hazır olmaq deməkdir Vətən.
Hər çətinliyə, istiyə, soyuğa, düşmənə, itkiyə, vara, yoxa sinə gərə bilməkdir Vətən.
Bəlkə bir parça çörəyi quru daş üstündə oturub yoldaşınla bölüşmək,
Bəlkə də dünən o çörəyi yediyin dostunun nəşi ilə bu gün özünü qorumaq, qorumağa məcbur olmaqdır Vətən.
Bəlkə, bəlkə də ananı səngərdə özləmək,
Bəlkə də balanı evdə gözləməkdir Vətən.
Bəzən özünü unudub qardaşını qorumaq,
Bəzən də şəhid olan iki oğlunun ardından "onlarla qürur duyuram" deməkdir Vətən.
Kim bilir, bəlkə də həyata gözünü yumarkən, ən xoşbəxt anını, ən gözəl gülüşü xatırlamaqdır Vətən.
Bəlkə də bunları bilə-bilə, fərqində ola-ola cəbhəyə getməkdir Vətən.
Bəlkə də geri dönməyəcəyini bilsən də oğul yola salmaqdır döyüşə Vətən.
Bəlkə ucalara sancılıb enməyən, bəlkə əsgərin öpdüyü, bəlkə də şəhidin büküldüyü bayraqda gizlidir Vətən.
Bəzən isti yerində yatarkən vurulan 10 aylıq körpə, bəzən də amansızca öldürülən yaşlı insandir Vətən.
Gah güldür, çiçəkdirsə,
Gah da onlarda qalmış qan izidir Vətən.
Gah qoruyanımız, gah da qoruduğumuzdur Vətən.
Kim bilir, cisimdir, ya bir ruhdur Vətən.
Bəlkə illərdir gözlədiyin, ancaq sən son nəfəsini verərkən doğulan qızın,
Bəlkə də "atamla qürur duyuram" deyən oğlundur Vətən.
Əgər bəzən güllə atmaqdırsa,
Bəzən də ailəsi olan silah yoldaşın evə qayıtsın deyə güllənin qarşısına keçməkdir Vətən.
Bir gün gülüş, bir gün də kədər,
Dünəndən bu günə gəlmiş əmanətdir Vətən.
Dünən tarix, sabah gələcəkdir Vətən.
Səndədir, məndədir, bizdədir Vətən.
Unutmamaqdır Vətən.
Unudulmazdır Vətən.
Əbəs yerə deməmiş şair:
Vətəni sevməyən insan olmaz,
Olsa da, o şəxsdə vicdan olmaz - deyə.
Vicdandır Vətən.
Sevgidir Vətən.
Sevincdir Vətən.
İnsafdır, insanlıqdır Vətən.
Uzun sözün qısası,
Ən doğma olandır Vətən.