Qarabağ ilə çarpan ürək

185 0 1
                                    

Ömürdən pay verərlər,
Vətəndən pay olmayır.

Şamil baba qardaşı Əsədi Şuşanın işğalı zamanı  itirmişdi.O zaman Şamil babanın 42 yaşı var idi.Ailədə 2 qardaş idilər.Qardaşı özündən 4 yaş kiçik idi.Nəvələrindən ən böyüyünə də qardaşı Əsədin adını vermişdi.Onun tanışlarından,qohumlarından bəziləri "Şuşa" deyərək gözlərini yummuşdular.Şamil baba həyat yoldaşı,övladları,nəvələri və nəticələri ilə xoşbəxt idi.Hər biri həsrətlə dədə-baba yurdunun azad olmağını gözləyirdilər.Ən böyük arzuları Qarabağın azad olması idi.Şamil baba 30 ilə yaxın idi ki,o doğma torpağına ayaq basmırdı.Şuşa,xarı bülbül,Cıdır düzü,İsa bulağı,yaşadığı həyət ona çox uzaq idi.Amma imkansız deyildi,düşünürdü ki,nə zamansa bu torpaqlar azad olacaq və Şamil baba bu günləri görəcək...Və onun üçün bu hadisə heç də uzaq deyildi..
Bu gün sentyabr ayının 26-sı Şamil babanın 70 yaşı tamam olurdu.Hər il olduğu kimi bu ildə də ən böyük və ümdə arzusu Şuşanı görmək idi.Şamil babanın ailəsi-övladları,nəvələri,nəticələri babalarını təbrik etməyə gəlmişdilər.Doğum günündə nəvəsi Yunis babasından xahiş edir ki,onlara Şuşa ilə bağlı xatirələrindən danışsın.İndi isə gəlin Şamil babanın Şuşanın işğalı zamanı yaşadıqlarına nəzər salaq.
1992-ci il aprel ayının 27-dən etibarən ermənilər Şuşaya hücumun icrasına başlamışdılar. Yerli sakinlər təşviş içində idilər.Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar,Şuşanın süqutuna doğru irəliləyirdilər.Bir neçə gün sonra döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb,Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını yaxından izləmək üçün erməni komandanlığı,qonaqlar,jurnalistlər Şuşakəndə toplaşmışdılar.Onlar hücumu izləyirdilər,döyüşçülərinə göstəriş verirdilər.Bu hadisələr Şamil babanın yaddaşına əbədi həkk olunmuşdu..Şamil baba o günləri yada salaraq dedi:
-Mənfur düşmənlərimiz hər yerə dayanmadan raket zərbələri endirirdilər.Biz isə qorxu və vahimə içində idik.Artıq Şuşanın ermənilərdə olacağını çətin də olsa,qəbul etmişdik.Bu çox ağır hiss idi,onu yaşamayan anlamaz.Nə gedəsi yerimiz var idi,nə də taqətimiz.Keçilməz meşələrlə canımızı götürüb qaçırdıq.Ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün  canlı qüvvə və texnikamız çatmırdı.
Daha sonra isə biz ermənilərin tankını vurduq.
Bir neçə nəfəri öldürdük.Amma onlar bu zaman hələ də raket zərbələri endirirdilər.Bu raketdən sonra şəhər od tutub yanırdı. Daha  sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar.Bir qisim ermənilər Laçın-Şuşa yoluna çıxdılar.Şuşanın Laçınla əlaqəsi kəsildi.Mayın 7-dən sonra ermənilər küçədə qorxa-qorxa hərəkət edirdilər.Çünki küçədə döyüşün ola biləcəyindən ehtiyat edirdilər.Artıq may ayının 9-da ermənilər qələbəni bayram etməyə başladılar.Amma bu asan başa gəlməmişdi.Onların minlərlə əsgərinə qarşı bizim əsgərlərimiz müqavimət göstərirdilər.Şuşa uğrunda gedən döyüşlərdə minlərlə yaralılarımız var idi.Təxminən 500-ə yaxın insan həlak oldu.22 min nəfər didərgin düşdü.Əsirlər haqqında isə hələ də məlumat yoxdur.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Neçə-neçə tarix və xalça muzeylərimiz məhv oldu.Mənfur düşmən müqəddəs məbəd və məscidləri təhqir etdi,kitabxanalarımızı yandırdı,  əlyazma nümunələrimizi aradan çıxardı.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail oldular. Onlar Şuşada  uşaq bağçalarını,məktəbləri,texnikumları,mədəniyyət evlərini, klubları,kitabxanaları,kinoteatrları,muzeyləri,musiqi alətləri fabrikini dağıtdılar.
Mədəniyyət beşiyimizi,gözəlliyi ilə qəlbləri fəth edən Şuşamızı talan etdilər.(Bunları deyərkən Şamil babanın gözləri dolur.)
Şuşanın havası,suyu çox fərqli idi.Əminliklə deyə bilərəm ki,dünyanın hansı yerinə getsəm,heç yer mənə o doğmalığı verməyəcək.Tək arzum ölməmiş oranı görüb,qoxusunu içimə çəkməyimdir.
Şamil baba 70 yaşını böyük qürur və fəxr hissi ilə qeyd etmişdi.Səhər oyananda isə ümumi bir qəribəlik sezmişdi.Hisləri ona yalan söyləməmişdi.Artıq Azərbaycan və Ermənistan arasında 2-ci Qarabağ müharibəsi başlamışdı.
Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00 da Füzuli rayonunun Qaraxanbəyli kəndindən başlamışdı.Kanallarda da müharibədən bəhs edən filmlər göstərilirdi.
Şamil baba təlaş içində idi.Öz-özünə hey düşünürdü:
-Görəsən,son necə olacaq?Qalib gələcəyikmi?Yoxsa məğlubmu olacağıq?Yox!Bu ola bilməz!Azərbaycan bir qartaldır,o qartalın qanadını heç kim söküb ata bilməz!!Ali baş komandanın və güclü ordumuzun sayəsində qalib olacağıq və Qarabağı azad edəcəyik!
Artıq günorta radələrində Müdafiə nazirliyi qismən səfərbərlik elan etmişdi.
Şamil babanın ailəsindən 3 nəfər(nəvələri Əsəd,Zeynal və Yunis)döyüşə könüllü yollanmışdılar.Əsədin 25,Zeynalın 23,Yunisin isə 22 yaş var idi.Vətənə sevgi onlara ailə tərəfindən aşılanıb,uşaqlıqdan qanlarına,canlarına hopmuşdu.Bütün ailə onlara görə həm narahat,həm də qürurlu idi.Onları yalnız Allaha əmanət etmişdilər.Arxalarıyca dualar oxuyurdular.
Qızğın müharibə davam edirdi.Ordumuz tez zamanda düşməni,hərbi texnikalarını məhv etmişdi.
3 oktyabr...Bu gün böyük gün idi.. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Madagiz azad edilmişdi.Bu xəbər ölkədə böyük sevinclə qarşılanmışdı.Madagizin adı Cənab prezidentimiz İlham Əliyev tərəfindən dəyişdirilib Suqovuşan adlandırıldı.
Şamil babagil hər gün xəbərləri izləyirdilər.Artıq oktyabrın 4-ü idi.Axşamçağı saatlarında prezident İlham Əliyev tərəfindən Cəbrayılın azad olunmasıyla bağlı tvit paylaşıldı.Arxa-arxaya gələn xoş xəbərlər hamını ruhlandırırdı.Bu müddətdə Əsədlə,Zeynalla,Yunislə əlaqə saxlayırdılar.Hər biri yalnız xoş xəbərləri çatdırırdılar.Vəziyyətin yaxşı olduğunu,hər şeyin qaydasında getdiyini bildirirdilər.Amma müharibənin görünməyən tərəfini söyləyib,ailələrini narahat etmək istəmirdilər.
Gözlərinin önündə neçə döyüş yoldaşları şəhid olurdu..Atəş səsi neçə əsgərdə travma yaratmışdı.Günlərlə yorğun vəziyyətdə döyüşürdülər.Bəziləri torpağın,bəziləri də daşın üstündə yuxulayırdılar.Buna sinə gərmək çox ağır idi.Amma hər biri böyük inamla irəliləyirdilər.
Oktyabrın 4-də ermənilər tərəfindən Azərbaycanın qədim və dilbər guşəsi olan Gəncəyə raket zərbəsi endirildi.Hücum nəticəsində bir nəfər öldü, 30 nəfər isə yaralandı.
Səhəri gün yəni oktyabrın 5-də yenə Gəncəyə hücum olundu. Nəticədə 3 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər aldı.
Bu dönəm çətinliklə də olsa başa vurulurdu.Havalar da isti keçirdi.Allahın böyüklüyü idi bu da..Əsgərlərin üşüməməsi üçün,rahat olmaları üçün Tanrı belə edirdi.
Müharibə davam edirdi.Günlər kimisi üçün tez,kimisi üçün isə gec  keçirdi.
Belə bir deyim var:Düşmən düşməndir,nə yaxşısı,nə yamanı?
Bəli...Düşmən yenə pisliyindən geri qalmırdı..Artıq oktyabrın 8-i idi.Və Gəncəyə 3-cü hücum olunmuşdu. Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Ölənlər və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.
Üzərindən 2 gün keçdikdən sonra isə (10 oktyabr) imzalanan atəşkəsdən sonra Erməni Silahlı Qüvvələri Gəncəmizi atəşə tutmuşdu.Raket binalara tuş gəlmiş və tamamilə dağıtmışdı. Hücum nəticəsində 10 nəfər həlak olmuş və 40 nəfər yaralanmışdı.Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.
Vəziyyət gərgin idi.Dinc əhalinin,körpələrin günahı nə idi axı??İnsanın gərək düşməni də kişi ola!O məsum körpələrin ahı nə zamansa düşməni tutacaqdı..Mütləq..
Və müharibə davam edirdi.Bu ərəfədə Azərbaycan xalqı yumruq kimi birləşmişdi.Böyükdən-kiçiyə hamı əsgərlərimiz üçün dualar edirdi.Ordumuz üçün lazımi ərzaqları döyüş bölgəsinə yollayırdılar.Belə bir ölkəni heç kim heç nə ilə yıxa bilməzdi!Müzəffər olacağımızı bütün dünya bilməli idi!
Mənfur düşmən öz pisliyindən geri qalmırdı.
Artıq 17 oktyabr idi.Saat 01:00-ı göstərirdi.Gəncə bir azdan baş verəcəklərdən bixəbər idi.İnsanlar öz evlərində yuxuda olarkən qəflətən düşmən bir daha raket zərbəsi endirdi...Hücum nəticəsində 15 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdı.
Nə vaxta qədər olacaqdı?Neçə uşaq ana-atasız,neçə valideyn övladsız qalacaqdı?
Həmin tarixdə rəşadətli ordumuz Füzulini işğaldan azad etmişdi.
Bu hadisələri,baş verənləri Şamil baba gördükcə elə hey ağlayırdı.Çox vətənpərvər insan idi..Olduqca..Qələbə xəbərlərinə sevinib,itkilər üçün üzülürdü..Öz-özü ilə söhbət edirdi:
-Can Azərbaycanım,başına gəlməyən dərd,bəla qalmadı.Amma sən yenə də əzmlisən,güclüsən,bunun da öhdəsindən gələcəksən.
Bu hadisələri dillə ifadə etmək qeyri-mümkün idi.Yaşamayan anlaya bilməzdi.Baş verənləri gördükcə insanın nitqi tutulur,gözləri dolur,bədəni donurdu.Düşmən dinc əhalidən nə istəmişdi?Hamının dilindən düşmənə lənət oxunurdu:
"Allah hər iki dünyada da sizə rahatlıq verməsin".
Müzəffər ordumuz ard-arda qələbə xəbərləri ilə bizləri sevindirirdi.
Günlərdən oktyabrın 20-si idi.Daha bir xoş xəbər gəldi.Rəşadətli ordumuzun böyük səyi nəticəsindi Zəngilan da işğaldan azad edilmişdi.
Sevindirici xəbərlərin ardı kəsilmirdi.25 oktyabrda Qubadlı işğaldan azad edilmişdi.Ordumuzun gücü bizdə bir daha inam oyatmışdı.Artıq hər kəs səbirsizliklə o "Böyük xəbər"i gözləyirdi.
Ordumuz dayanmadan irəliləyirdi.Cəbrayılın,Zəngilanın,Füzulinin bir çox kəndləri,Hadrut qəsəbəsi işğaldan azad edilmişdi.Bildiyimiz kimi çox təəssüflər olsun ki,heç bir müharibə itkisiz olmur...Sentyabrın 27-dən ta bu günə qədər yüzlərlə şəhid vermişdik..Bir qarış torpaq üçün neçə-neçə şəhid qanı tökülürdü.Və hələ də davam edirdi.Demək olar ki,Azərbaycanın hər bölgəsindən şəhidimiz var idi.Bir gözümüz gülsə də,digəri ağlayırdı.
Gah sevinib,gah da üzülürdük.Yağı düşmən indi də Bərdəyə raket hücumu etmişdi.Bu hücumda 5 nəfər öldü, 13 nəfər isə yaralandı.Ölənlər arasında azyaşlı da var idi..Düşmən məğlubiyyət əldə edirdi,biz isə qalibiyyət!Sanki o məğlubiyyəti özlərinə sığışdırmayıb hirslərini bu cür çıxırdılar.Amma nə fayda.
Yenə də dayanmırdılar.Bərdəyə endirdikləri raket hücumundan bir sutka keçməmiş bir daha hücum etdilər bizim bərəkətli diyarımız Bərdəyə..
Bərdəyə hücum zamanı azyaşlı qız uşağının vəfatından sonra atasından müsahibə götürən zaman jurnalist belə bir sual vermişdi:
-Qızınız 7 yaşındamı idi?
Ata göz yaşları içində belə cavab verir:
-2-ci sinifdə oxuyur.8 yaşında.
Yazıq ata..Körpəsinin ölümü ilə heç cür barışmamışdı.Verilən suala indiki zamanda cavab verir.Sanki yaşayırmış kimi..Bu çox ağır,dözülməz bir dərd idi.İnsanın içi parçalanırdı.
Nə idi axı bu bitməyən torpaq sevdası?Körpə,məsum,günahsız varlıqlardan vətən istəyirdilər!Nə vaxta qədər valideynlərin gözü yaşlı,uşaqların boynu bükük qalacaqdı?Allah düşmənə lənət etsin!Gücləri dinc əhaliyə çatırdı.Elə bilirdilər ki,etdiklərinin bədəli yoxdur.Əlbəttə,cavabı çox ağır olacaqdı,həm də çox!
Artıq noyabr ayında idik.Bu ayın "Qələbə ayı"olması üçün hamı dua edirdi.Bu müddət ərzində Azərbaycan və Ermənistan arasında üç dəfə humanitar atəşkəs elan edilmişdi.Lakin o hər dəfə də pozulmuşdu.
Şamil babagil də hamı kimi həyəcanlı və qürurlu idilər.Əsədlə,Zeynalla,Yunislə əlaqə saxlayırdılar.
Noyabr ayının səkkizi idi.Əvvəlcədən xəbərlərdə də "Prezidentin xalqa müraciəti olacaq" sözləri yazılırdı.Hamı səbirsizliklə xəbərin nə olacağını gözləyirdi.
O şanlı çıxış belə cümlələrlə davam etdi:
-Və bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.Əziz Şuşa,sən azadsan!Əziz Şuşa,biz qayıtmışıq!Əziz Şuşa,biz səni dirçəldəcəyik!Şuşa bizimdir!Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!!!
Aman Allah!Azərbaycan xalqının sevinc səsini,sevinc hayqırtısını təssəvvür edə bilirsiniz?Mədəniyyət  beşiyimiz işğaldan azad edilmişdi.Hər kəs eşitdiyi andan səs-küylə sevinirdi.Gözləri dolanlar da vardı.Bu tarix şanlı bir tarix idi...30 ilə yaxın idi ki,həsrətlə hamı bu günü gözləyirdi.Və nəhayət,o gün gəlib çatmışdı.Hər kəs bu qələbəyə görə Azərbaycan əsgərinə öz duasını edirdi.
Şamil baba və ailəsi bu xəbəri eşitcək qışqırmağa başladılar.Hər biri ağlaya-ağlaya bir-birlərini qucaqlayıb "Şuşa","Şuşa","Şuşa" deyirdilər.Şamil babanın göz yaşları içində sevincə qərq olmasını göz önünə gətirmək,yəqin ki,çətin deyildi.Bu insan illərdir nisgilli şəkildə "Şuşa" deyib ah çəkirdi.Xəbəri eşitcək dərhal əlini göyə qaldırıb dua etməyə başladı:
-İlahi,çox şükür!Mənə bu günü göstərdin.Mümkün olacağına inandığım arzum sonunda reallaşdı.Tezliklə ora gedib doğma yurdumu,dədə-baba ocağımı da heç olmasa bir dəfə görməmiş canımı alma.
Bunları deyib tez gözünün önünə öz evlərini,həyətlərini,oxuduğu məktəbi,Xarı bülbülü,İsa bulağını,Cıdır düzünü gətirdi.Və oranı görəcəyi günün xəyalı ilə yaşamağa başladı.
Küçələrdə bayram ab-havası höküm sürürdü.Hər kəs əlində bayraq "Şuşa" deyərək qışqırırdı.
Əlbəttə ki,bizə bu günü göstərən,bu sevincli anları yaşadan şəhidlərimizi də unutmamalıyıq.Şuşa ən çətin əldə edilən zəfərimiz idi.Noyabrın 4-dən 7- nə qədər davam edən döyüşdə saysız itkilərimiz olmuşdur.Şuşanın necə mürəkkəb relyefə malik olduğu hamıya məlumdur.Həm də bu döyüşlər əlbəyaxa,texniki vasitə istifadə olunmadan,yalın əllə baş vermişdir.Bu dəhşət idi.Əsgərlərimiz dişlərilə erməniləri parçalayırdılar.Meyidlərin əksəriyyətinin şah damarında izlər var idi.Şəhidi çiynində,pis hava şəraitində,qan-tər içində döyüşürdü oğullarımız.Bu cür vətən sevgisi dünyanın harasında var?Belə igid oğullar olan ölkədən düşmən həmişəlik qorxmalı,bir daha hücuma  cəsarət etməməlidir.Rəşadətli ordumuz ilə fəxr edir,şəhidlərimizə Allahdan rəhmət diləyirik.Bu tarixi gün qızıl hərflərlə yaddaşlara həkk olunmuşdu.
Bu tarixdən sonra ordumuz daha da sürətlə irəliləməyə başladı.Sanki bir təlatüm baş veriridi..Artıq prezident tərəfindən ard-arda kəndlərin alınması ilə bağlı tvitlər atılırdı.Hər kəs də qalib olma inamı daha da güclənmişdi.Düşmən isə hər tərəfli çökmüşdü.Tənəzzül yaşayırdı.
Noyabrın 9-dan 10-na keçən gecə qəflətən şəhərdə bir səs eşidildi.Bu səsə neçə insan yuxudan oyanmışdı.İlk öncə hər kəsdə bir qorxu baş qaldırdı.Sonra isə gecə saatlarında yenidən "Prezidentin xalqa müraciəti" xəbəri paylaşıldı.Saat 3 radələri olardı.Kanallarda İlham Əliyev və Vladimir Putinin danışığı göstərilirdi.Və o möhtəşəm xəbər :
-Bu gün tarixi gündür.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
İnanılmazdı..30 ilin həsrətinə son qoyulmuşdu.Gecə olmağına baxmayaraq,insanlar küçədə bayram qeyd edirdilər.
Şamil babagildə noyabrın 8-dən bəri bayram idi.Bu xəbərdən sonra isə heç kim sevincdən yata bilməmişdi.
Torpaqlarımız geri qayıtmışdı.Hamı bu günü qeyd edirdi.Ölkəmizdə bayram idi.Televizorda,radioda zəfər musiqiləri eşidilirdi.Hər kəs səbirsizliklə o doğma torpağa qovuşacağı günü gözləyirdi.Bundan sonra planlar qurulurdu.Mənfur düşmən bizim torpaqlarımızı özününküləşdirərək pis günə qoymuşdu.Artıq biz o yerləri abadlaşdıracaqdıq.
Sülh müqaviləsinə əsasən
Ağdam,Kəlbəcər,Laçın bizə heç bir itki olmadan qaytarılmışdı.Düşmənə isə oranı tərk etməsi üçün vaxt verilmişdi.
Bu 44 gün ərzində bizə dəstək olan ümdə ölkə qardaş Türkiyə idi.10 noyabr Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşürdü.Buna ehtiram edərək Zəfər Günü dəyişdirilərək 8 noyabr təyin edildi.
Müharibədən 1 ay ötmüşdü.Şamil babanın 3 nəvəsi də döyüşdən sağ -salamat qayıtmışdı.
Hər kəs sevinc içində idi.Xarı bülbülümüz zəfər simvoluna çevrilmişdi.Amma
şəhidlərimizi,qazilərimizi,əsgərlərimizi-bizə bu qələbəni yaşadanları heç vaxt unutmamalıydıq və unutmurduq da.Allahdan şəhidlərimizə rəhmət,ailələrinə səbir,qazilərimizə isə şəfa diləyirik.Şamil baba və ailəsi də hamı kimi daim Şəhidlər xiyabanına gedərək onları yad edir,ruhlarına dualar oxuyurdu.

Zəfərin mübarək,Azərbaycanım!

Otuz il həsrətə yarıldı bağrım,
Vətənimə qurban bu şirin canım.
Qələbəyə doğru atıldı addım,
Zəfərin mübarək,Azərbaycanım!

Ana torpağımda Cıdıra qalxım,
İsa bulağından qoy mən də dadım.
Hamının yadında daimi qalım,
Zəfərin mübarək,Azərbaycanım!

O doğma yerləri yadıma salım,
Xarı bülbülümə doyunca baxım.
Silinməz tarixə yazılsın adım,
Zəfərin mübarək,Azərbaycanım!

Səkinə Zeynalzadə

Qarabağ ilə çarpan ürəkWhere stories live. Discover now