İkinci mərtəbə

410 6 0
                                    

Aşağıdan gələn səsi eşidib dayandı. Kimsə liftə
minirdi. Görəsən neçənci mərtəbəyə qalxacaq? -
deyə düşündü. Hiss etdi ki, bu anda onu hər şey
maraqlandırır. Sanki, ona dəxli varmış kimi...

Rövşənin məzəli görkəmi var idi. Amma İbrahim onun
məzəliliyinin məhz nədən ibarət olduğunu deyə bilməzdi. Həddən
artıq arıqlığı idimi, sifət quruluşu idimi, ya sadəlövhlüklə lovğalığı
birləşdirən davranışı, danışığı idimi onu belə göstərən? Hər halda,
İbrahim onu hər dəfə görəndə təbəssümünü saxlaya bilmirdi.
Bu adam tərəvəz alveri ilə məşğul idi. Hər gün səhər tezdən
qalxıb, sınıq-salxaq «Zaporojes»ini birtəhər işə salır, özünü bazara
yetirirdi. Oradan ən ucuz qiymətə aldığı pomidoru, xiyarı,
badımcanı, göyərtini-filanı məhəlləyə gətirir, axşama kimi
həyətləri gəzdirib satırdı.
Arvadı Bağdagül də hansısa firmadan sifariş qəbul edib, evdə
biş-düş edirdi. Yuxadan, qoğaldan bişirib verirdi. Hamilə
olmağına baxmayaraq, həm bu işin, həm də evdarhğı- nın
öhdəsindən birtəhər gəlirdi.
Üç uşaqlan var idi, hələlik. Əfruzə, Dilay, Xalis... Əfruzə ən
böyükləri idi, Arzu ilə paralel sinifdə oxuyurdu. İndi o da ev
işlərində anasına kömək edirdi. Əsasən də, deyəsən, paltar yumaq düşmüşdü onun boynuna. Hər gün nə qədər kirli paltarı
suya salıb çıxarır, həyətdəki ipdən asırdı. Bu paltarların əcaib
rəngini görənlər, heç Rövşənin mənzilinə girmədən, onun
ailəsinin təmizkarlıq səviyyəsi barədə mühakimə yürüdə
bilərdilər.
Əfruzə bir neçə dəfə biologiyadan bilmədiklərini öyrənmək
üçün Fəridənin yanına gəldi. Onun ata-anası belə düşünürdü ki,
əgər Cövdət yaxşı oxuyub universitetə qəbul olubsa, deməli,
Əfruzə də Fəridə müəllimənin yanına gedib- gəlməklə ali
məktəbə girə bilər, arzusuna çatıb gələcəkdə yaxşı bir həkim olar.
Amma qız hər dəfə yanına gələndə Fəridə yazıq bezirdi.
Deyirdi ki, bunun oxumaq, deyilənləri götürmək qabiliyyəti
yoxdur. Sonra daha heç bir üz göstərmədi və Əfruzə də ayağını
onun yanından yığışdırdı. Əfruzənin bu mənzilə gəlməsini heç
Arzu da istəmirdi. Deyirdi ki, pintidir, üst-başından kir tökülür.
Amma bütün bunlara baxmayaraq, İbrahimin Rövşənlə arası
pis deyildi. Ürəyitəmiz adamlar hesab edirdi Rövşəni də, arvadı
Bağdagülü də. Onların uşaqlan da İbrahimin hörmətini
saxlayırdılar, ona «İbrahim əmi» deyirdilər.
Əlbəttə, həmişə yox, aradabir Rövşənin xahişi ilə onların
mənzilinə keçib, Rövşənlə çay içməyi də vardı. Bu zaman kasıb
və sadəlövh tərəvəz alverçisinin söhbətlərinə qulaq asan İbrahim
iki məsələyə görə xüsusi zövq alırdı. Birincisi o idi ki, Rövşən
fırıldaqçı, xain adam deyildi, səmimi danışırdı. Özünə məxsus
dünya görüşü olan maraqlı bir adam idi. İkincisi isə İbrahim hər
dəfə onun həyat şəraiti ilə tanış olanda özünü onunla müqayisə
edib, üstünlüyündən zövq alırdı, allahına şükürlər edirdi.
Keçən şənbə gününün axşamı da onun mənzilində idilər.
Rövşən demişdi ki, işdən qayıdanda birbaş bizə gəl.
Mənzilə girəndə masanın üstündə bir neçə kağız manatlıq və
xırda pullar gördü. Rövşən, deyəsən, gün ərzində qazandıqlarının haqq-hesabını eləyirdi. Ona oturmağa stul göstərdi
və pulları yenidən saydı. Bu gün yeddi manat iyirmi qəpik
gəliri olmuşdu.
- Allah bərəkət versin! - deyib, iki dənə əzik manatlığı oğlu
Xalisə uzatdı: Qaç. aşağıdan bir araq al. gətir!
Uşaq pulu atasından alanda, İbrahim istədi desin ki, gəl bir
manat da mən qoyum üstünə, arağın yaxşısından götürsün.
Ancaq bununla ev sahibinin xətrinə dəyə biləcəyini düşünüb,
susdu.
Əfruzə süfrəyə çay və konfet gətirdi. Çay yenə bulanıq
göründü İbrahimə. Maraqlıdır, çay üçün eyni sudan işlədirdilər.
Fəridə də, Bağdagül də... Bəs niyə görəsən Fəridənin dəmlədiyi
çay daha təmiz, daha dadlı olurdu?..
Hələ bu ucuz, «bakinski» konfetlər... İbrahim bu mənzildə
çay içəndə həmişə çalışırdı ki, qəndlə içsin. Amma indi süfrəyə
qənd qoymamışdılar. Konfet ağzında palçıq kimi yapışıb
qalmışdı. Elə bil, konfet yox, paltar sabunu çeynəyirdi.
Əlbəttə, İbrahimgil də evdə Bakı konfeti işlədirdilər.
Amma yaxşısından, bahalısından. Onun fikrincə, Rövşəngilin yediyi bu konfeti itə atsaydın, it də yeməzdi.
Başını qaldırıb Şakiranın divara vurulmuş iri fotosuna
baxdı. Bu, onun mənzilindəki şəklin eyni idi. Çimərlik geyimində olan müğənninin gözəl simasında bəxtəvər bir gülüş
vardı. Həmin bəxtəvər gülüş ətrafda hər şeyin gözəl olduğundan xəbər verirdi. Sanki, o da xoşbəxt idi, ona baxan
bütün başqa insanlar da...
İbrahim bu şəkli ilk dəfə Rövşənin mənzilində görəndə
qısqanclıq hissinə bənzər hisslər keçirmişdi. Ona elə gəlmişdi
ki, bu çirkli, kasıb mənzil, içindəki sakinlər də daxil olmaqla,
Şakiranın şəklinə qətiyyən yaraşmırlar.
Amma sonra düşüncəsi bir qədər dəyişdi. Özünü inandırdı
ki, belə şəkli alıb evindən asmağa hamı kimi Rövşənin də
hüququ var və bu hüququ heç kəs onun əlindən ala bilməz...
Bağdagül yeməyə badımcan qızartmışdı. Həm də, yenə
günəbaxan yağının ən keyfiyyətsizi ilə. Bu yağın hələ iyindən
İbrahimin mədəsi bulanırdı. Onlar evdə qarğıdalı, bəzən də zeytun
yağı işlədirdilər.
Rövşən iştahla yeməyə girişmişdi. Qədəhlərə tələsik araq
süzdü:
- Götür içək qonşuluğumuzun sağlığına. Mənim o yuxarıdakılarla işim yoxdur. Nə Hüseynağa ilə, nə də Əşrəflə. Onlar
bizlik deyil. Mənimki ancaq səninlə tutur. Sən yaxşı adamsan, kişi
adamsan.
- Sağ ol, Rövşən. Üzünə demək olmasın, mən də həmişə hər
yerdə deyirəm ki, Rövşən təmiz adamdır.
İbrahimi öldürsələr də bu xörəkdən yeyə bilməyəcəkdi. Odur
ki, ac olmadığını bəhanə edib, boşqabı kənara itələdi və xiyar
dilimi ilə azacıq araq içdi. Zalım oğlu Rövşən belə keyfiyyətsiz
arağı necə içirdi görəsən? Üz-gözünü turşudub yenə bir xiyar
dilimi götürdü.
İkinci qədəhdən sonra cuşa gəlmiş Rövşən isə gələcək
planlarından danışmağa başlamışdı:
- Allaha qurban olum, işlərim yaxşı gedir. Ən böyük arzum bu
uşaqları böyüdüb bir yana çıxarmaqdı. Dərslərini də, maşallah,
yaxşı oxuyurlar. Bu Xalis var ha, bu lap kəllədir. Bilmədiyi şey
yoxdur. Onu mütləq bank işçisi oxutduracam.
Amma İbrahim Fəridənin söhbətlərindən bilirdi ki, Xalis heç
də kəllə-filan deyil. Birtəhər, sürünə-sürünə oxuyur. Rövşən özü
savadsız olduğu üçün ona elə gəlirdi ki, uşaqları çox
istedadlıdırlar.
- Hər şeyim var. - Rövşən danışırdı. - Evim, maşınım...
Yeməyə yeməyim, geyməyə paltarım. Allaha şükür, hər şeyim!
Bircə pul yığıb bu yaxınlarda bir «Jiquli» almaq istəyirəm. Bu
«Zapı» daha sərf eləmir. Bezdirib məni.
- «Jiquli» almaq istəyirsən? - İbrahim özü də bilmədi ki,buna niyə təəccüblənir.
- Hə, elə səninkindən. Neçəyə olar onun işlənmişi?
- Nə bilim... Min beş yüzə, iki minə alarsan bəlkə.
- Bir az pul yığmışam artıq. Mütləq alacam.
Allah qoysa!
- Hə, ən böyük arzumdu «Jiquli» almaq. Ala bilsəm heç
dərdim olmaz.
Rövşən söhbətinə ara verib, əlini bir də siqaret qutusuna
uzatdı. Bir az əvvəl birini çəkmişdi. Amma indi nədənsə İbrahimin qarşısındakı qutuya baxdı. İbrahim qonşusunu dərhal
başa düşdü və onunku ilə müqayisədə qırx qəpik baha olan
siqaretini qabağa itələdi:
- Götür, bundan çək.
- Yox. öyrəşmişəm özümkünə...
- Götür, götür! O öskürdür adamı.
Rövşənin çəkdiyi otuz qəpiklik siqaret ən ucuz siqaret hesab
olunurdu. Daha etiraz etməyib İbrahimin siqaretindən birini
götürdü. Yandırıb ləzzətlə sümürdü. Stula söykənib işgüzar bir
görkəm almağa çalışdı:
- Başı çıxmayanlar elə bilirlər ki, bu ticarət asan işdir. Amma,
yox! Bu işin elə incəlikləri var ki, gərək baş çıxara biləsən.
Biznesdi bu, biznes! Gərək kəlləni işlədə biləsən bu işdə. Bu
yandan da imkan vermirlər işini görəsən. Papkasını qoltuğuna
vuran yüyürür üstünə ki, mən də varam. Biri deyir, icazən yoxdur
alver eləməyə. Biri deyir satdıqların sanitariya qaydalarına
uyğun gəlmir. Biri deyir səndən şikayət var, səs-küy salıb
camaatı yatmağa qoymursan. Gəl indi bunlardan baş çıxart
görüm, necə çıxarırsan. Məcbursan, hərəsini bir yolla yola
gətirəsən ki, sənə ilişməsinlər. Dünən də biri gəlib lap başımı
xarab elədi. Söhbəti gah o yana fırladır, gah da bu yana. Amma
bilirəm axı qarnının ağrısı nədir. Dedim, qardaş, o gün
prezidentimiz böyük adamların hamısını yığmışdı bir yerə,
iqtisadiyyatdan, ticarətdən danışırdı. Dedim, vallah, mənim
qulağım bir az ağır eşidir, o kişi orada sahibkarlığın inkişafına "mane olmayın" dedi, yoxsa,
"mane olun" dedi? Cavab vermək əvəzinə başladı arsız-arsız
gülməyə.
İbrahimi də gülmək tutdu. Amma Rövşənin son sözlərinə
gülmürdü. Ona gülürdü ki, bu adam özünü əməlli-başlı biznesmen, sahibkar hesab edir.
Onun gülməyi ev sahibinə ləzzət verdi. Qədəhlərə araq
süzüb özününkünü dərhal yuxarı qaldırdı:
- Götür içək öz sağlığımıza. Bu dünya onsuz da düzələn
deyil.
İbrahim yenə bir qurtum içib xiyar dilimindən götürdü.
Rövşən isə qədəhi başına çəkib, çörək tikəsi ilə boşqabında
qalmış yağı siyirdi.
- Bilmirəm niyə yemirsən, amma mənim çox xoşum gəlir
badımcandan.
İbrahim qarşısındakı boşqabı ona tərəf sürüşdürdü:
-Ye, mən toxam, yoxsa yeyərdim.
Rövşən imtina etməyib, onun payını özünə tərəf çəkdi. Bir-iki tikə yeyib yenə qədəhini araqla doldurdu:
- Bunu sənin uşaqlarının sağlığına içmək istəyirəm. Maşallah, çox yaxşı uşaqlardır. Cövdətlə həmişə xüsusi fəxr
edirəm. Çünki tərbiyəlidir, dərslərini yaxşı oxuyur.
- Elə sənin də uşaqların yaxşı uşaqlardır, maşallah. Hamısının sağlığına!
İbrahim bu dəfə qədəhi dodaqlarına toxundurub masanın
üstünə qoydu. Rövşən isə axıradək içdi. Əlinin arxasıyla ağzını
silib danışmağa başladı:
- Maşallah günün olsun! Neyləyim, mən də bu uşaqlar üçün
çalışıram. İstəyirəm ki, böyüyüb bir yana çıxsınlar. Xoşbəxt
olsunlar. Dərdim-sərim ancaq onlardır. Bax, Əfru-
zə daha
böyük qızdır. Ağıllı, kamallı, işgüzar... Hər işdə anasına kömək
eləyir. Bir evin dirəyidir. İstəyirəm ki, bir adam balasına rast
gəlib ərə getsin. Yəni, oğlan tərbiyəli ailədən olsun, oxumuş
olsun...
İbrahim elə də anlamaz deyildi. Dərhal başa düşdü ki, qonşusu
onun oğlu Cövdətə işarə edir. İstəyir ki, qızı Cövdətə ərə getsin.
Bu söhbət onu heç açmadı.
Düzdür, o Rövşənin xətrini istəyirdi. Maraqlı adam olduğu
üçün, bir qədər məzəli danışığı, ürəyi açıqlığı üçün. Elə onun qızı
Əfruzəyə də pis baxmırdı. Hətta Fəridəyə demişdi ki, yazıqdır,
atası da kasıbın biridir, əgər imkanın varsa ona dərslərində kömək
elə.
Amma Əfruzəni öz gəlini kimi təsəvvür edə bilmirdi.
Düşünürdü ki, onun gəlini özünə uyğun bir ailənin qızı olmalıdır.
Yəni, oxumuş olmalıdır, təmizkar bacarıqlı, dünya görüşlü
olmalıdır.
Bir də ki, təkcə qızın özüylə iş bitmirdi. Qohum olanda gərək
eləsi ilə qohum olasan ki, sabah bir xeyirdə-şərdə, qonaqlıqda
onunla bir süfrə arxasında otura biləsən. Adam- insan içinə ürəklə
çıxara biləsən onu.
İndi lap tutaq ki, Əfruzəni aldı Cövdətə. Qızı hamama salıb
yuyundursan, yaxşı geyindirib-keçindirsən adam qabağına
çıxarmaq olardı. İnsafla deyəndə suyuşirin qız idi. Amma bunun
sonrası vardı axı!? Məsələn, tutaq ki, bir samballı, abırlı ailə
Arzuya elçi gəldi. İbrahim də qohumlarını yığdı bir yerə. Kimlər
olacaqdı elçiləri qarşılayanlar? Əlbəttə, qızın dayısı
Ömər.olacaqdı, Çiçəyin əri Qabil müəllim olacaqdı, İbrahimin
universitetdən tələbə yoldaşı və dostu Camal olacaqdı. Daha
kim? Əlbəttə, qudası Rövşən... Dəvət etməmək olmazdı, bir də
ki, dəvət olunmasa da gəlib bitəcəkdi böyründə.
Bəli, İbrahim öz adamlarını gələnlərə bir-bir təqdim edəcəkdi.
Bu qaynım Ömər, bu yeznəm Qabil müəllim, bu əziz dostum
Camal müəllim... Bunların hamısı çox gözəL bəs bu kimdir? Bu
sir-sifəti əcaib, cındırından cin hürkən, yediyini-içdiyini,
danışığını bilməyən kimdir? Hə, bu da qudam Rövşəndir. Gör ha,
quda! Elçi gələnlərin gözündə İbrahimin səviyyəsi düz əlli faiz
aşağı düşəcəkdi. Yox, Rövşən nə qədər yaxşı adam olsa da, qohum olmağa yarayan bin deyildi,
vəssalam.
İbrahim çox yaxşı bilirdi ki, onun özünü də bəyənməyən, ona
yuxarıdan aşağı baxan adamlar var. Məsələn ticarətçi Hüseynağa,
yaxud icrada şöbə müdiri işləyən Əşrəf... Onlar həyətdə-filanda
rastlaşanda İbrahimə salamı da minnətlə verirdilər. Yəqin ki, onlarda
İbrahimlə qohum olub,onunla bir süfrə arxasında oturmağı
istəməzdilər. Amma bu əsas vermirdi ki, İbrahim qabağa getmək
əvəzinə, bir addım gen düşüb Rövşənin səviyyəsinə ensin.
Bir də ki. qızları tez başdan eləyib ərə vermək bəzi ailələrdə niyə
belə dəb idi, anlaya bilmirdi. Məsələn, Arzu da elə Əfruzə ilə eyni
yaşda idi Yəni, on altı yaşları vardı bu qızların. Amma İbrahim
qızının iyirmi beş yaşına kimi ərə getməsindən danışmaq belə
istəmirdi. O hələ oxumalıydı, sənət-peşə sahibi olmalıydı, ən əsası
isə, həyatda nəyisə anlamaq səviyyəsinə yetişməliydi.
- Əfruzə hələ uşaqdır, - dedi. - İnşallah, nə vaxt böyüyər, onda
ərə verərsən.
- Harası uşaqdır onun!? - Rövşən etiraz etdi. - Maşallah, eşşək
boydadır
Bu dəfə çayı süfrəyə Bağdagül gətirdi və süfrədəkı bulaşıq
qabları yığışdırmağa başladı. Qadının hamiləlikdən xeyli qabağa
qabarmış donu, sanki, illər uzunu sabun üzü görməmişdi. Özündən
də günəbaxan yağının kəskin qoxusu gəlirdi. Deyəsən, söhbətin
kimdən və nədən getdiyini duyduğu üçün çayı süfrəyə özü
gətirmişdi. Bulaşıq qabları əlinə alıb, üzünü İbrahimə tutdu:
- İnan, İbrahim qardaş, bu uşaq kimi qabiliyyətli, işgüzar qızı heç
yerdə görə bilməzsən. Bir dəqiqə boş oturmaz. Gah evi yığışdırır,
gah paltarları yuyur, gah xörək bişirir. Atasının da Allah canını sağ
eləsin, yaxşı baxır ona. Bunu mən hər yerdə deyirəm ki. Rövşən kimi
yaxşı ata yer üzünə gəlməyib. Bax, indidən cehiz üçün qızın bütün
qab-qacağı hazırdır. Bir qozsındıran çatışmır, onu da özüm gedib haradan var,
tapıb alacam. Paltarlarının da sayı-hesabı yoxdur. Hələ üç dənə
koftası var, iki dənə şalvarı var, nə qədər alt paltarı var. O gün
Rövşən bunu götürüb aparıb Neftçilər bazarına, başından ta ki
ayağına kimi pal-paltar alıb buna. Ayaqqabı, corab, kalqotka, yubka,
kofta... Deyirəm, ay Rövşən, vallah sən axırda qudurdacaqsan bu
qızı. Bir uşağa bu qədər pul xərcləmək olar?.. Deyir, qorxma, Əfruzə
elə qızlardan deyil, qudurmaz. Əslində, düz də deyir...
Rövşən özünü ağayana bir tərzdə çəkib oturmuşdu. Arvadının
sözləri, deyəsən, canına yağ kimi yayılırdı. İbrahimin siqaretindən
birini də götürüb yandırdı. Ayağını-ayağının üstünə aşırıb,
Bağdagülə «kişiyana» iradını bildirdi:
- Yaxşı, sən get işinlə məşğul ol, kişilərin söhbətinə burnunu
soxma. Həm də bura mürəbbədən-zaddan qoy. Nədi, yoxsa evdə
mürəbbə yoxdur?
- Niyə yoxdur, bu saat gətirərəm. - Bağdagül bunu incik halda
deyib, yenə üzünü qonağa çevirdi. - İbrahim qardaş, deyəcəm,bəlkə
də inanmayacaqsan. Keçən yay düz dörd banka mürəbbə
bişirmişdim. Qışda hamısını yedilər. Bunların əlindən mürəbbə
qalmır kİ! Axırda bir banka albalı mürəbbəsini götürüb gizlətdim ki,
qonaq-qara gələndə qabağına qoyum.
İbrahim özünü yalandan təəccüblənən kimi göstərsə də
təbəssümünü gizlədə bilmədi. Onun bildiyinə görə, Fəridə keçən yay
iyirmidən çox banka mürəbbə bişirmişdi.
Arvadı mətbəxə gedəndən sonra Rövşən siqaretə dərin bir qullab
vurub, başını yırğaladı:
- Mən heç vaxt evdəkilərə korluq verən olmamışam. Qazanırıq
ki, xərcləyək də! Yığıb özümüzlə gorumuza aparmayacağıq ki!?
Vallah, İbrahim, mən bizim milyonlar yığan bəzi vəzifəli
adamlarımızı heç anlaya bilmirəm. O pulu ki, xərcləməyib yığırlar,
başlarını qoyub öləndən sonra o pulların nə xeyri olacaq bunlara?
Hə? Nə qədər sağsan, xərclə də bu puldan! Düzdür, onları qınayıram, əslində mən özüm də pul
yığıram. Amma mənim məqsədim var axı!? Mən özümə «Jiquli»
almaq istəyirəm. Bəs onlar niyə yığırlar bu qədər pulu?
- Onlar da təyyarə almaq istəyirlər, - İbrahim dedi.
Rövşən normasından artıq içdiyi üçün artıq başını bir yerdə
saxlaya bilmirdi. İbrahimin sözlərindən azacıq fikrə gedib, birdən
əlini yellədi:
- Əşi təyyarə boş şeydir! Nəyimə lazımdır mənim təyyarə?
Xalisin əziz canı üçün, havayı versələr götürmərəm. Bir dənə
«JiquIi» ala bilsəydim...
Bağdagül süfrəyə rəngi qaralmış albalı mürəbbəsi gətirdi Rövşən
dərhal ondan bir qaşıq götürüb stəkanına saldı. İbrahim bu kasıb ailə
ilə müqayisədə hər cəhətdən üstünlüyünü dönə-dönə dərk edib,
bundan zövq alırdı.
Bax, bu Rövşənin həyatda ən böyük arzusu «Jiquli» almaq idi.
İbrahimin isə artıq bu markadan avtomobili vardı. Üstəlik də evdə,
köhnə xatirə albomunun arasında gizlədib saxladığı üç min manat
pulu. Bəli, o ailənin gündəlik xərclərini Rövşəndən daha artıq ödəyə
bilirdi və əlavə olaraq, ehtiyatda üç min manat pulu var idi.
Düzdür, həmin pulu anasının müalicəsi üçün yığmışdı.
Müalicədən sonra artıq qalan pula isə Cövdət üçün noutbuk alacaqdı.
Bunu oğluna çoxdan söz vermişdi. Amma, hər halda, o qədər pulu
toplaya bilmiş İbrahim, gələcəkdə yenə toplaya biləcəkdi və deməli,
o maddi cəhətdən Rövşəndən həmişə üstün olacaqdı.
Bu maddiyyat söhbətləri onu bezdirməyə başlayırdı və odur ki,
söhbətin mövzusunu dəyişmək istədi: - Qarğıdalı satan ortağın
neyləyir. Rövşən?
Rövşəngildən altda, yəni, birinci mərtəbədə yaşayan şikəst kişini
nəzərdə tuturdu. Nərimanı... Nədimə arvadın oğlunu. Qarabağ
müharibəsində bir qolunu itirmiş bu adam İbrahimlə, Rövşənlə yaşıd
olardı. Adı-filanı yox idi, sanki. Hamı onun barəsində danışanda «Nədimə arvadın oğlu» deyirdi
Kövşən Nəriman üçün haradansa bir köhnə uşaq arabası tapıb
gətirmişdi. Nəriman da hər səhər anasının axşamdan bişirdiyi
qarğıdalıları həmin arabaya yığır, məhəlləni gəzdirərək uşaq-muşağa
satırdı.
Bu qarğıdalıları Nəriman üçün, onun öz puluna bazardan
Rövşən alıb gətirirdi və buna görə şikəstdən bir qəpik də əlavə haqq
almırdı. Bəli, İbrahim Rövşəni belə xasiyyətinə görə çox istəyirdi və
onun digər xoşagəlməz vərdişlərinə göz yumurdu. Hələ bu harasıdır?
Rövşən özünün alıb- satdığı tərəvəzlərə heç vaxt çiy ya bişmiş
qarğıdalı qatmırdı ki. Nərimanın alveri yaxşı getsin.
Nədimə arvadın özü isə hansısa kafedə qabyuyan işləyirdi.
Evdən səhərin qaranlığında çıxıb, axşamın qaranlığında qayıdırdı.
Birinci mərtəbədəki birotaqlı mənzildə şikəst oğlu ilə tək yaşayırdı.
Heç kimləri yox idi.
İbrahimin nə Nərimanla, nə də onun qoca anasıyla salam-kalamı
olmamışdı. Amma bu ikinəfərlik ailə onun üçün bir şükranlıq
mənbəyi idi. Onlara baxıb öz yaşayış səviyyəsinin nə qədər yüksək
olduğunu anlayır, Yaradana dönə- dönə şükürlər edirdi. Öz ailəsini
onların yerində təsəvvür edəndə dəhşətə gəlirdi. Belə şey ola
bilərdimi? Arvadı, uşaqları dözə bilərdilərmi belə həyata?
Rövşənin deməyinə görə, bu iki nəfərin qazancı mənzilin
kommunal xərclərinə və xəstə Nərimanın dava-dərmanına getdiyi
üçün, yedikləri, demək olar ki, yalnız yavan çörək imiş.
- Yaxşıdır... - Rövşən cavab verdi. - Birtəhər dolanırlar. Əlbəttə
ki, qarğıdalı satmaqla, ya kafedə qab-qacaq yumaqla mənim kimi
yaşaya bilməzlər. Amma, pis də deyillər. Buna da şükür
eləməlidirlər, çünki, daha pis ola bilərdilər.
İbrahim onu ürəklə tərifləməkdən özünü saxlaya bilmədi: - Sən
ona hər gün qarğıdalı alıb verməklə böyük xeyirxahlıq eləyirsən. Allah sənin də köməyin olsun!
- Bilirsən, İbrahim... - Rövşən gözlərini masaya zilləyib nurani
bir görkəm aldı. - Mən ona hərdən-birdən pul da verə bilərdim. İki
manat, üç manat... Amma pulla olan yardımın bərəkəti olmur. Nə
vaxta qədər verəcəksən?.. Əsas gərək adam üçün qazanc mənbəyi
açasan ki, özü işləyib ömürlük dolansın. Bir dəfə milyoner Hacı
Zeynalabdinin yanına bir arvad gəlib. Deyib ki, bəs ərim ölüb, üçdörd uşaqla tək qalmışam, heç nəyimiz yoxdur, bizə yardım elə.
Yəni, Hacıdan pul istəyirmiş. Hacı bu qadına deyib ki, get,
fikirləşərəm. Axşam fikirləşir, səhər adamlarma deyir ki. aparın
bu arvada yanı balalı bir sağılı inək verin. Aparıb verirlər. Arvad
hər gün inəyi sağır, südünü uşaqlara içirir, artığını satır. Beləliklə,
uşaqlan böyüdüb bir yana çıxarır. Görürsən, əgər Hacı o qadına
pul versəydi, bir aya xərcləyib qurtaracaqdı.
- Hə... - İbrahim başını tərpətdi. - Hacı Zeynalabdin də düz
eləyib, sən də...
Sonra birdən-birə doydu Rövşənin söhbətlərindən. Bu yandan
da ac idi, içdiyi zay, keyfiyyətsiz araq mədəsini göynədirdi. Özünə
qəti söz verdi ki, bundan sonra Rövşənlə ancaq həyətdə-bacada
söhbət edəcək, daha onun şirin dilinə uyub mənzilinə gəlməyəcək.
Onunla bir süfrə arxasında oturmayacaq.
Evdə vacib işi olduğunu bildirib, tələsik ayağa qalxdı.

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin