Üçüncü mərtəbə

292 3 0
                                    

Burada dayanıb telefonunu cibindən çıxartdı.
Ona bir qədər tamaşa etdi. Sonra tamam
söndürüb yenidən cibinə qoydu. Fikirləşdi ki,
pillələri yavaş-yavaş qalxmaq lazımdır. Tələsmədən. Tələsməyə nə ehtiyac vardı ki?.. On
dəqiqə tez, ya on dəqiqə gec...

O axşam ki İbrahim bütün ailə üzvlərini sevindirib xoşbəxt
etmişdi və onları xoşbəxt etməklə özü də xoşbəxt olmuşdu, o
axşam arvadı ilə yatağa girəndə Arzudan söz saldı:
- Maşallah, qızımız çox ağıllıdır. Həm də gözütox. Belə
uşaqlar çox azdır indi. Ancaq hərdən fikirləşirəm ki, o da
yeniyetmə qız uşağıdır. Rəfiqələri var. Başqalarında gördüyü
şeylərdən onun da ürəyi istəyə bilər. Fikir verdin, adi bir
broşkaya necə sevinirdi? Kim bilir, ürəyindən nələr keçir,
amma demək istəmir.
- Heç nə keçib-eləmir, - Fəridə etiraz etdi. - Görür axı,
başqalarından pis geyinmir, pis yemir. Uzağa getmə, elə bu
Əfruzə gözünün qarşısındadır. Düzdür, onun da atası uşaqlarını çox istəyir, amma Əfruzənin geyimi heç vaxt Arzununku kimi olmayıb. Onlar uşaqları üçün paltarları Neftçilər
bazarından alırlar. Paltarı kilo ilə satırlar orada. Demək olar
ki, heç neçəyə... On-on beş manata Əfruzəni başdan- ayağa
geyindirirlər. Ancaq Arzunun təkcə bir koftası on beş manatadır. Fərqi təsəvvür edirsən?
İbrahim, qeyri-ixtiyari olaraq, qürurlandı:
- Mən də uşaqlarımız üçün çalışıram. Bunlardan başqa
kimimiz var ki? Amma imkanım olsa, çalışaram hər şey daha
yaxşı olsun.
- Hər şey yaxşıdır, şükür Allaha! İkisi də dərslərini yaxşı
oxuyur. Oxuyub bir yana çıxacaqlar. Gələcəkdə bizdən də qat-qat
imkanlı olacaqlar.
- İnşallah...
Bu dəfə Fəridə bir az gec dilləndi:
- Bu gün həyətdə Afiyətlə rastlaşdıq. Bir az ordan- burdan
söhbət elədik. Arzudan söz saldı. NƏSƏ mənə elə gəldi ki, ağzımı
arayır.
- Necə yəni?..
- Oğlu üçün dəə!.. Adəm üçün...
- Yox bir!? - İbrahim anidən əsəbləşdi.
- Mənə də xoş gəlmədi bu söhbət. Düzdür, Afiyət pis qadın
deyil, amma ərini görəndə elə bilirəm ən iyrənc bir şeyə baxıram.
Afiyət həkim ata-anasının gülməşəkər balası olmuşdu.
Tanışlıqla-filanla birtəhər oxutdurub, əlinə həkim diplomu
vermişdilər. Amma indi elə reklamı, təbliğatı gedirdi, elə bil
ondan yox, rəhmətlik İbn Sinadan danışırdılar.
İki il əvvəl birinci mərtəbədə yaşayan bir kişini xəstəxanaya
onun yanına aparmışdılar. Neçə gündür ki, qan ifraz edirmiş.
Həmin bu Afiyət xanım xəstənin diaqnozunu dərhal qoyaraq
demişdi ki, mədəsində açılmış yara var. Tapşırmışdı ki, qanı
dayandırmaq üçün buna təcili olaraq çoxlu dondurma yedizdirin.
Kişinin arvad-uşağı mağazadan xəstəxanaya torba-torba
dondurma daşıyırdılar və koma vəziyyətinə girmiş bədbəxtə bu
dondurmaları məcbur yedizdirirdilər. Sonra Afiyət xanım
demişdi ki, dondurmadan bir şey çıxmayacaq, soyuducunun
buzxanasından buz gətirin. O kişinin arvadı həmin gün
İbrahimgilə də gəlmişdi. Qonşulari gəzib, kimin soyuducusunda buz varsa yığırdılar. İki gün
sonra kişi xəstəxanada keçindi. Məlum oldu ki, yazığın
mədəsində heç bir problem yox imiş, qara ciyəri sıradan çıxıbmış...
HƏ... Afiyət xanım həmin bu beşmərtəbəli binanın beşinci
mərtəbəsində yaşayırdı. Əri Hüseynağa supermarket sahibi idi.
Beşinci mərtəbənin üç mənzilini alıb birləşdirmişdi. İbrahim
bilirdi ki, Fəridənin, doğrudan da, Hüseynağadan zəhləsi gedir.
Hüseynağa dolu bədənli, boynu yoğun, daz başı kiçik, burnu
enli, gözləri və qulaqları xırda, ayaqları qısa bir canlı idi. Bütün
bu əlamətlərin çoxu Afrikada yaşayan begemotlara xas olduğu
üçün Rövşən onun adını Begemot qoymuşdu. Bu ayama gizlincə
bina sakinlərinə yayılmış, öz təsdiqini taparaq həmişəlik
Hüseynağanın adına yapışmışdı. Begemot Hüseynağa...
- Elə bircə bu qalmışdı! - dedi.
- Sözdür də deyir. Heç Arzunun da xoşu gəlmir o gədədən.
Deyir ki, lovğalığından lap cırılır.
- Ümumiyyətlə, bizimki onlarla heç vaxt tutmaz. Birincisi, o
Begemot maddi vəziyyətinə görə bizə yuxarıdan aşağı baxır.
İkincisi də, insanlığa görə mən ona yuxarıdan aşağı baxıram.
Adam saymıram onu!
Öz sözləri özünə də qəribə gəldi. Doğrudanmı Hüseynağanı
adam saymırdı? Doğrudanmı bu kasıb Rövşəni ondan üstün
tuturdu? Doğrudanmı Hüseynağa onun qızına elçi gəlsəydi
verməzdi?
Hə, verməzdi! Hətta bu barədə düşünəndə belə özünü təhqir
olunmuş hiss edirdi. Qızını Adəmə verib... Qudası Hüseynağa
ilə bir süfrə arxasında oturublar... Hüseynağa çox yeməkdəniçməkdən gəyirə-gəyirə kresloya yayxanıb. Kobud şəkildə
özünü öyür, universitetin tarix fakültəsini bitirmiş İbrahimə
həyat dərsi keçir...
Hüseynağanın çörək sexi də var idi. Deyirdilər ki, xəmirə zəhərli kimyəvi maddələr vurur kı, gec xarab olsun. Qara çörək
baha satıldığı üçün ağ una rəng qatıb qaraldır, sonra da qara çörək
adıyla sırıyır xəstə adamlara.
İbrahimin fikrincə, beləsinin başını kəsmək lazım idi. Ya da
bulvarın geniş bir yerində dar ağacı qurub, adamların gözü
qarşısında asmaq lazım idi.
Hüseynağanın dar ağacından asıldığını gözləri qarşısında
canlandırmaq istədi. Amma alınmadı. Sabunlanmış kəndiri onun
yoğun boynuna keçirirdilər. Kəndir sürüşüb çıxırdı. Hüseynağa
salamat qalırdı.
Yadına bir rəvayət düşdü və dərhal gülümsədi.
Qoca bir usta öz cavan şagirdini də özüylə götürüb uzaq
ölkələrdən birinə gedir ki, orada işləyib pul qazansınlar. Nəhayət,
bu ölkənin paytaxtına çatırlar. Küçələri gəzə-gəzə gəlib bazara
çıxırlar. Usta görür ki. bu bazarda yağla şorun qiyməti eynidir.
Hər ikisinin kilosu bir dinara...
Dərhal üzünü şagirdinə tutub deyir:
- Bala, gəl buradan qaçaq!
- Niyə? - şagirdi təəccüblənir.
- Bir şəhərdə ki yağla şorun qiyməti eyni ola, oradan adama
heç vaxt xeyir gəlməz. Bura çox təhlükəli yerdir. Gəl çıxaq gedək
başqa şəhərə.
Şagird inad göstərir:
- Ay usta, sən nə danışırsan?! Yağın, şorun qiymətindən bizə
nə? Əsas odur ki, ikisi də ucuzdur.
Mübahisə edib xeyli vaxt itirirlər. Bir azdan şahın carçıları
bazara girib çığırışırlar. Deyirlər ki, meydanda qəddar bir cani dar
ağacından asılacaq. Bazarda kim varsa, hamısı meydana tərəf
axışır. Usta ilə şagirdi də çarəsiz halda camaata qarışıb meydana
gəlirlər.
Şahın özü gəlib başda qoyulmuş taxtında əyləşir. Cəlladlar
canini dar ağacının altına gətirirlər. Bu cinayətkar yekəpərin, başı
balaca, boynu yoğunun biri imiş. Elə bu bege-mot Hüseynağa
kimi... Şah əmr edir ki, canini dara çəksinlər. Sabunlu kəndiri kişinin boynuna keçirirlər. Amma ayağının
altından kətili çəkən kimi kəndir sürüşüb kişinin başından çıxır.
Bir dəfə belə, iki dəfə belə... Axırda şah bezir:
- Görürsünüz ki, alınmır da!? Bu köpək oğlunun boynu
yoğundur, başı balaca. Bunu buraxın getsin, bir boynu nazik olanı
tapın, qoy rahat asmaq olsun.
Cəlladlar canini dərhal buraxırlar. Başlayırlar meydana
yığılmış camaata göz gəzdirməyə. Bu zaman qabaqda dayanmış
ustanın şagirdi gözlərinə sataşır. Şagird də, sən demə, arıq bir
oğlan imiş. Həm də boynu nazik, başı yekə. Təxminən elə bu
altdakı Rövşən kimi...
Şagirdi çığırda-çığırda çəkirlər dar ağacının altına. Bunu görən
ağsaqqal usta irəli yeriyib şahın ayaqlarına düşür. Yalvarır ki, biz
qəribik, bu şəhərə yenicə gəlmişik. Bu yetimi qəribliyinə bağışla.
Nəhayət, şah rəhmə gəlir və tapşırır ki, onu buraxıb, camaatın
içindən başqasını tapsınlar.
Bir boynu naziyi tapıb dar ağacından asırlar. Qoca usta isə
şagirdinin qolundan tutub onu camaatın içindən çıxarır.
Meydandan bir az uzaqlaşan kimi ağzının üstünə iki şillə, dalına
isə bir təpik vurub deyir:
- İt oğlu it! Sənə dedim axı, bir yerdə ki, yağla şorun qiyməti
eyni ola, oradan adama xeyir gəlməz. Dedim, ya demədim?!
Arxalarına belə baxmadan baş götürüb o şəhərdən qaçırlar...
HƏ... İndi zəmanə yaman pisləşmişdi. Hüseynağa kimilərin
boynuna kəndir keçirmək çox çətin idi. Elələrinin yerinə Rövşən
kimiləri asırdılar.
Yəni, dünyanın özü belə idi. Adamlar üçün də, millətlər üçün
də, dövlətlər üçün də... Yağla şorun qiyməti eyni idi bu dünyada.
İşğalçı Ermənistanla torpaqları işğal olunmuş Azərbaycana bir
gözlə baxırdılar. Hələ bir gözlə baxsalar yaxşı idi, Ermənistanın
başını sığallayıb Azərbaycana nəsihət verirdi dünyaya şahlıq edən dövlətlər. Şorun qiyməti bahalaşıb
yağın qiymətini keçmişdi.
- Yatmısan? - deyə arvadından soruşdu.
- Yox, - Fəridə ayıq səslə cavab verdi.
- Nə fikirləşirsən?
- Ulkər barədə fikirləşirdim. Afiyətin qızı barədə... Üzdən anasına
oxşayıb. Pis qız deyil, məncə. Amma, heyifi..
- Nədi, yoxsa Cövdət üçün nəzərdə tutursan onu? Dedim ki, onlarla
bizimki tutmaz. Bilirsən kiminlə tutar onlarınkı? Əşrəfgillə. Əşrəf
yaltaq-yaltaq danışsın, Hüseynağa da qulaq asıb şellənsin...
Əşrəf onlardan bir mərtəbə yuxarıda olurdu. Yəni, dördüncü
mərtəbədə. İcrada şöbə müdiri işləyirdi. Arvadı Nurcan xanım isə
Fəridəgilin məktəbinin direktoru idi.
Fəridə ayda cəmi səksən manat pul alırdı. İbrahimin taksidə üçdörd günə qazandığı qədər. Onun da hər ay on-on beş manatını
direktoru, yəni Əşrəfin arvadı Nurcan xanım bir bəhanə ilə tutub
əlindən alırdı.
İbrahim arvadına demişdi ki, aldığın bu qəpik-quruşu özünə xərclə.
Üst-başına, ənlik-kirşanına... Amma alınmırdı bu... Fəridə həmin pulu
da evin məsrəflərinə xərcləməyə məcbur olurdu. Həm də narazı
qalmırdı bundan. İnsafla deyəndə, arvadının bu gözütoxluğundan çox
razı idi İbrahim.
HƏ, Nurcan xanım barədə fikirləşirdi.... Tarix fakültəsini bitirsə də,
hər şeydən bir az başı çıxırdı. Bilirdi ki, cinsindən asılı olmayaraq, hər
bir insanda erkək və qadın hormonları olur. Bu baxımdan, əsl kişi olmaq
üçün adamda erkək hormonları mütləq çoxluq təşkil etməlidir, əsl qadın
olmaq üçün isə qadın hormonları. Nurcan xanımda isə, İbrahimin
fikrincə, erkək hormonları yarıdan artıq idi və buna görə də İbrahim onu
gizlində «erkək arvad» adlandırırdı.
Əgər belə deyildisə bu hegemonluq, hakimiyyət hərisliyi haradan
idi onda? Məktəbdə bütün kollektivi hökmü altına almışdı, evdə də Əşrəfi.
Bir il əvvəl Fəridə yenə gileyləndi ki, Nurcan onun üç saatlıq
dərsini qanunsuz olaraq alıb, verib başqa müəlliməyə. O
müəlliməyə ki, həmin müəllimə direktorun sağına-soluna
keçməklə, onun-bunun xəbərçiliyini eləməklə, hər bayramda
masasının üstünə bir bahalı şokolad qutusu və əlli manat pul
qoymaqla onun hörmətini qazanıb.
İbrahim də bunu eşidəndə evdə arvadını əməlli-başlı danladı.
Dedi, ay qoyun, dilin yoxdur? De ki, vermirəm də! Neyləyəcək
sənə?
Fəridə ona etiraz elədi:
- Deyirsən də!.. Sonra vacib bir iş üçün dərsdən qalmaq lazım
olanda necə icazə alacam ondan? Ya birdən gəlib prinsiplə
dərsimdə otursa? Uşaqların gözü qarşısında yerli- yersiz irad
tutsa? Bir də ki, nə deyim ona, adam utanır axı!?
- Deməli, o qonşumuz ola-ola sənin pulunu kəsməyə utanmır,
amma sən haqqını tələb etməyə utanırsan?
-Hə, utanıram... Nə edim?..
- Onda canın çıxsın! Sən ac qal, o yeyib qızışsın!..
Amma bu söhbətlə hirsi yatmadı. Səhəri günü taksisini birbaş
məktəbə sürdü. Direktorun kabinetinə girib acıqlı şəkildə iradını
bildirdi. Dedi ki, elə etməyin, sizdən şikayət yazmaq
məcburiyyətində qalım. Qonşuyuq, bir binada yaşayırıq, ayıbdır!
Söhbət onunla bitdi ki, Nurcan xanım bahalı brilliant qaşlı
üzük taxılmış barmağıyla qapını göstərdi:
- Get hara şikayət eləyirsən, elə! Axmağın biri axmaq! Gəlib
burda mənə hədə-qorxu gəlməyinə bax tərbiyəsizin biri! Hələ sevin
ki, arvadını burada saxlayıram. Savad yox, qabiliyyət yox!
Daha nə deyəydi bu qadına? Cavab verəcəkdi, deyəcəkdilər
qadınla ağızlaşmısan. Hələ bir az artıq-əskik danışsa, ona şər də
ata bilərdi.
- Haradan bilirsiniz savadı yoxdur? - dedi.
- Lazım gəlsə bunu sübut edə bilərəm!
Fəridə öz ixtisasını çox yaxşı bilirdi. Müəllim kimi də yaxşı
müəllim idi. Bunu şagirdləri də, valideynlər də etiraf edirdilər. Neçə
dəfə şəhər təhsil idarəsinin diplomlarına, fəxri fərmanlarına layiq
görülmüşdü. Amma indi bu kabinetdə İbrahim birdən-birə anladı ki,
bu hökmlü arvad istəsə Fəridənin bisavad olduğunu sübut edə bilər.
Hətta sübut edə bilər ki, Fəridə biologiyada bitkinin kökü ilə
gövdəsinin funksiyalarını belə ayıra bilmir. Sübut edə bilərdi, çünki
dediklərinə qol çəkib təsdiq edəcək nə qədər istəsən yaltaq var idi
ətrafında. Yaltaq, yoxsa qorxaq? Əşi, hər nə isə!..
Bir-iki gün sonra həyətdə Əşrəflə rastlaşdı. Dərhal düşündü ki.
Əşrəf ondan haqq-hesab istəyəcək. Deyəcək ki, utanmırsan, o nə
hərəkətdir, gedib qadın xeylağına hədə- qorxu gəlmisən. Amma,
əksinə oldu. Əşrəf, bəlkə də ilk dəfə, İbrahimin üzünə gülümsədi. Həm
də aşkar yaltaqcasına:
- Nə var - nə yox, qonşu? İşlərin necə gedir? Bəlkə bir köməyəzada ehtiyacın var?
Anladı ki, Nurcan ərinə hər şeyi danışıb. Bu da ona görə yaltaqlanır
ki, birdən İbrahim rayon icra hakimiyyətinə, ya nazirliyə şikayət
ərizəsi yazar. Arvadından fərqli olaraq, bu da bu cür baş saxlayırdı.
Yaltaqlığı ilə...
Yoxsa, İbrahim yaxşı bilirdi ki, işi düşsə də kömək eləyən köpək
oğlu deyil bu. İki il əvvəl nəsə xırda bir şey üçün ağız açmışdı, amma
Əşrəf üzünə gülə-gülə öz atasının goruna and içdi ki, düzələn iş deyil.
Əlbəttə, ona görə ki, İbrahim əlini cibinə salmamışdı. Belə-belə işlər...
Yaxşı ki, sonra Nurcan xanım Fəridə ilə o söhbətin prinsipini
aparmadı. Yoxsa İbrahim arvadını birdəfəlik məktəbdən çıxaracaqdı.
Cəhənnəmə ki! Onsuz da, pis dolanmırdılar. Fəridə çıxıb evdə
otursaydı, İbrahim bir az artıq işləməklə yenə də ailəsini dolandıra
biləcəkdi.
- Sən nə Fikirləşirsən? - arvadının səsi gəldi.
İbrahim Nurcanla bağlı həmin əhvalatdan danışıb təzə dən öz qanını qaraltmaq istəmədi:
- Heç... Yenə Arzu barədə fikirləşirdim.
- Hə... - Fəridə azacıq fikrə getdi. - O gün bilirsən nə olub?
- Nə olub?
- Ancaq bax, Arzunun üzünə vurmayacaqsan ha!
- Yaxşı... Nə olub axı?
- Arzu səhər dərsə getmək üçün həyətə düşəndə Nurcanm oğlu
Kənan həyətdə maşınına minirmiş. Qızın qabağını kəsib, deyib ki,
gözəl qız, gəl səni maşınla aparım məktəbə.
- Bəs Arzu nə deyib? - İbrahim cəld soruşdu.
- Dayan da!.. Arzu deyir ki, mama, birinci dəfədən kobud söz
demək istəmədim. Dedim ki, atamın maşını var, lazım olsa, o aparar
məni.
- Sonra?
- O da qayıdıb ki, mən səni «Mersedes»lə aparacam. özü də düz
məktəbin qabağına.
- Bəs Arzu?
- Deyib ki, get qanqalını otla, gic oğlu gic! Sonra da düzəlib
yoluna. Oğlan heç bir cavab verə bilməyib.
İbrahim bir qədər rahatlaşdı:
- Sağ olsun! Əsl mənim qızımdır. Sən bu gədənin yekəbaşlığına bax bir! Axmağm biri axmaq!
Kənandan heç xoşu gəlmirdi İbrahimin. Atası kimi ikiüzlünün,
yaltağın biri idi. Hansısa özəl universitetdə oxuyurdu. Anası da
köhnə buraxılışlardan bir «Mersedes» alıb vermişdi altına, daha
bilmirdi neyləsin.
- Yaxşı, mən demədim ki, əsəbləşəsən. - Fəridə mehriban
ahənglə dilləndi. - Yat, səhər tez duracaqsan. Gecən xeyrə qalsın!
- Gecən xeyrə qalsın!
İbrahim yatmazdan qabaq yenə Allaha şükür edib düşündü ki,
çox yaxşı yaşayır, heç bir problemi yoxdur və bu fikirlərlə şirin
yuxuya getdi...

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin