Beşinci mərtəbə

177 4 1
                                    

Bu da beşinci mərtəbə... Yenə zəiflik... Yenə
yaxınları barədə sentimental düşüncələr... Bir
fikrə birdəfəlik özünü inandırmalıdır ki, dünyada
heç kəs heç kəs üçün yaşamır. Heç kəs heç kəs
üçün ömürlük yas saxlamır. Hər kəs yalnız özünü
fikirləşir və özü üçün yaşayır. Hə, bax belə fikirlər,
deyəsən, onun məqsədinə daha çox uyğun
gəlirdi.

Akifgilin Bakıya gələcəyi və bir ay onun ailəsi ilə birlikdə
olacağı xəbəri ilk anda İbrahimi sevindirdi. Necə olmasa,
durğun həyatında bir canlanma, bir dəyişiklik olacaqdı. Həm
də tək onun yox, Fəridənin də, uşaqların da günləri xoş
keçəcəkdi. Xoş, gözəl, unudulmaz...
Amma tez də düşündü ki, bu bir ayda maddi cəhətdən
ziyana düşə bilər. O, ailəsini özünün normal qəbul etdiyi dərəcədə dolandıra bilsə də, əlavə əyləncələrə heç vaxt pul
xərcləyə bilmirdi. Məsələn, birlikdə kinoya, teatra, kaferestorana və ya hər hansı gəzintiyə getdikləri yadına gəlmirdi.
Buna, əslində, imkan da yox idi. İndi də manatı manat üstünə
qoyub topladığı pulu əhəmiyyətsiz, yaxud ikinci dərəcəli
şeylərə itirmək istəmirdi. Anasının müalicəsi, Cövdətə
noutbuk. Arzuya müasir telefon, arvadına paltaryuyan və
qabyuyan almaq kimi vacib işlər vardı qarşısında.
Alacağı bu şeyləri kreditlə də götürə bilərdi mağazadan. Amma istəmirdi. Borc deyilən şeydən, ümumiyyətlə, zəhləsi
gedirdi. Hər gün, hər saat fikirləş ki, mağazaya filan qədər borclusan
və ayın sonunda onu mütləq verməlisən. Onun əsəbləri dözə
bilməzdi belə şeylərə. Yaxud bir əşyanı alıb gətirəsən evə və
düşünəsən ki, bu hələ tam sənə məxsus deyil. Üç il boyu hər ay
pulunu vaxtında ödəsən, ondan sonra səninki hesab olunacaq. Yox,
bu kredit məsələsi İbrahimin başına girmirdi, vəssalam.
O çox istəyirdi ki, Akifgil tez-tez Bakıya gəlsinlər. Birlikdə
dənizə, şəhərdən kənarda gözəl istirahət yerlərinə getsinlər. Akiflə
bir süfrədə oturmaq, yeyib-içmək, söhbət etmək maraqlı idi. Adam
ondan bezmirdi. Amma bir şərtlə ki, İbrahimin özünün də artıq pulu
olaydı, özü də yeri gələndə haradasa hesab ödəyəydi, ürəklə pul
xərcləyəydi. Daha addımbaşı Akifə möhtac olmayaydı. Çox
təəssüf!..
Evdəkilər isə bu xəbəri eşidəndə heç də İbrahim kimi bədbin
fikirlərə qapılmadılar. Əksinə, sevinclərinin həddi- hüdudu yox idi.
Fəridə daha çox sevinirdi. Çünki bacısını doyunca görə
biləcəkdi. Cövdətlə Arzu iki ailə üçün bir aylıq əyləncə proqramı
düşünüb, bundan sonsuz həzz alırdılar. Hətta anası da sevinirdi.
Yəqin ona görə ki, o da nəhayət dörd divar arasından çıxıb çöl-bayır
görəcəkdi.
Kirayə mənzil tutmaq məsələsinə gələndə ailə üzvlərinin hər biri
öz dünyagörüşü və zövqü çərçivəsində fikir yürütməyə başladılar.
Fəridə dedi ki, mənzili şəhərin mərkəzində tutsunlar. Cövdət daha
sakit yerləri, məsələn, mikrorayonları məsləhət gördü. Arzu dənizə
getməkdən ötrü ölürdü. Dedi, ən yaxşısı, kəndlərin birində tutaq evi.
Həm də dənizə yaxın olsun ki, hər gün iki dəfə çimməyə gedə bilək.
Münvvər arvad isə kirayə tutulacaq mənzilin yeri barədə heç nə
deyə bilmədi. Təkcə bunu dedi ki, çox yuxarı mərtəbədə olmasın.
Yüksəklikdən qorxurdu.
Son söz, əlbəttə, İbrahimin olmalıydı və o qəti bildirdi ki, bir aylıq birgə yaşayış üçün mənzili nə mərkəzdə, nə də hansısa
kənddə tutmayacaq. Çalışacaq ki, öz evlərinə yaxın olsun. Qaldı
dənizə, ora maşınla da getmək olardı. Bir də. Akifgil bura hər gün
dənizdə çimmək üçün gəlmirdilər. Vaxt keçirmək üçün başqa
əyləncəli yerlər də az deyildi.
Akifin zəng vurduğu günün səhəri, vaxt itirmədən fəaliyyətə
başladı. Əvvəlcə evlərinə nisbətən yaxın ətrafda yerləşən üç
«Evlərin alqı-satqısı və kirayəsi» ofisinə gedib, həmin ətraflarda
kirayəyə verilən dördotaqlı mənzil axtardığını bildirdi. Dedi ki,
aylıq kirayə haqqı da təxminən beş yüz manat civarında olsun. Cib
telefonunun nömrəsini həmin ofislərdəki dəllallara verib,
avtomobillərin kirayəsi ilə məşğul olan obyektə yollandı.
Belə şeylə heç vaxt maraqlanmamışdı. Bahalı avtomobillərin
gündəlik kirayə haqqını eşidəndə heyrətləndi. Bir gün üçün iki
yüz, iki yüz əlli manat və daha çox... Avtomobil aylıq kirayəyə
veriləndə gündəlik qiymətin otuz mislinə endirim tətbiq olunurdu.
Amma yenə də alınan məbləğ çox yüksək idi.
Kənara çəkilib Akifə zəng vurdu. Sağ olsun Akif, qanan adam
imiş. Zəngi dayandırıb özü İbrahimi yığdı. Yoxsa balansında olan
pulla normal danışa bilməyəcəkdilər. Balansında cəmi iki-üç
manat qalmışdı.
Akifin səsi keçən dəfəki kimi şən və gümrah idi:
-Salam bacanaq! İşlər necə gedir?
-Yaxşıdır, şükür. Mən burada avtomobil kirayəyə götürməyə
gəlmişəm. Amma, yaman bahalıqdır, ay Akif.
- NƏ qədərdir ki?
- Avtomobilin markasına baxır. İki min-üç min arası var.
- Sən qiymətə fikir vermə. Mənim üçün «Leksus» götür, özünə
də bir ürəyin istəyən yaxşısını.
- Bəlkə özümə heç götürməyim?.. Hazır özümünkü var da.
Həm də öyrəşmişəm buna. Akif ürəkdən güldü:
- Bacanaq, biz kəndə toya da gedəcəyik. Bir az yaxşı alınmır
axı. Uyğun gəlmir e!.. Mütləq özünə də «Prado»dan- zaddan
götür. Pulundan heç narahat olma, gəlib özüm verəcəm.
- Nəyə lazımdır axı bir aydan ötrü belə xərc?
- Lazımdır, İbiş, lazımdır! Bəlkə rayonlara da gəzməyə
çıxdıq. Sonra ayaqlaşa bilməyəcəksən mənim «Lek- sus»umla.
Qusara da gedərik. Bacıngilə.
- Yaxşı... Nə deyirəm...
- Oldu, bacanaq! Pula qənaət eləmə. Xərcləmək üçün qazanırıq da!.. Allaha çox şükür, problem yoxdur. Hələlik! Öpürəm
səni!
- Sağ ol, Akif. Hələlik!..
Ofisin işçisi ilə danışdı ki, filan vaxt gəlib avtomobilləri bir
aylıq götürəcək və pulunu da həmin gün ödəyəcək. Buraya birbaş
Akifin özüylə gəlmək fikrindəydi. Yoxsa özündə o qədər pul
hardaydı?..
Oradan çıxıb təzəcə evinə qayıtmışdı ki, səhər nömrəsini
verdiyi dəllallardan biri zəng vurdu. Bildirdi ki, münasib mənzil
tapıb. Cəld aşağı enib «Jiquli»sini həmin ofisə sürdü. İşlərin belə
sürətlə getməsi onu sevindirirdi.
Ofisdə dəllaldan başqa bir nəfər uca boylu, arıq, ağ saçları
arxaya daranmış kişi də var idi. Havaların isti keçməsinə
baxmayaraq, əyninə tünd mixəyi rəngli kostyum, yaxası açıq
qəhvəyi köynək geyinmişdi. O, ilk baxışdan İbrahimə aristokrat,
müdrik bir adam təsiri bağışladı.
- Hə, gəldin? - alçaqboylu, dolu bədənli dəllal onu görüb
ayağa qalxdı. - Bu kişinin tam sənin istədiyin kimi dördotaqlı
mənzili var. Elə bu saat gedib baxaq.
- Haradadır? Necə mənzildir? - İbrahim heç kəsin üzünə
baxmadan soruşdu.
Ev sahibinin sərt sifəti, zəhmli baxışları var idi. Bu baxışlarla
İbrahimi başdan-ayağa diqqətlə süzürdü. Yəqin ki, onun necə bir adam olduğunu bilmək istəyirdi. Bilmək istəyirdi
ki, evini bu adama etibar edə bilər, ya yox. Nəhayət, sınayıcı
baxışlarını İbrahimdən çəkmədən Özü dilləndi:
- Ev yaxındadır, iləm də ürəyin istəyən evdir. İçində hər şey
var. Gir içinə, yaşa. Heç bir problemi yoxdur.
- Bəs qiyməti?
- Ayına beş yüz manat verərsən. Əslində, mən daha yuxarı
deyirdim. - Başı ilə dəllalı göstərdi. - Amma bu kişi dedi ki,
sakit, mədəni, təmizkar ailəsiniz, ona görə aşağı düşdüm. Bu
başdan deyim ki, mən tələbkar adamam. Pulu
gecikdirməyəcəksiniz, mənzili də, içindəki əşyaları da yaxşı
saxlayacaqsınız.
- Əşi, arxayın ol! - İbrahimin əvəzinə dəllal dilləndi. -
Görürsən ki, qabiliyyətli, qanacaqlı adamdır. - Üzünü İbrahimə
tutdu. - Nə deyirsən? Gedək baxaq?
- Gedək baxaq.
Ev sahibi də qalxdı. Birlikdə küçəyə çıxıb «Jiquli»yə əyləşdilər. Hələ maşına minməmiş dəllal imkan tapıb İbrahimin
qulağına pıçıldadı:
- Evi bir aylıq istədiyini buna bildirmə. Yoxsa razı olmaz.
De ki, azı iki il qalacaqsan.
-Yaxşı... - İbrahim başını tərpətdi.
Amma belə bir mədəni, nurani kişini aldatmaq da düzgün
deyildi. Nə isə!.. Belə çıxırdı ki, bu dünyada yalansız baş
girləmək mümkün deyil. Hər halda, adamı yalan danışmağa
məcbur edirdilər.
Kişinin bələdçiliyi ilə maşını göstərilən doqquzmərtəbəli
evin həyətinə sürdü. Sınıq-salxaq, çirkli-paslı pilləkənlə
üçüncü mərtəbəyə qalxdılar.
Bu mənzil nə vaxtsa orta səviyyəli təmir olunubmuş.
Amma çoxdan... İndi isə döşəmənin rəngi solmuş, bəzi yerlərdə rəng tamam sürtülüb getmişdi. Divarlardakı saralmış
oboylar neçə yerdən söküldüyü üçün bərbad görünürdü.
Avadanlıq da nimdaş idi. Ucuz və nimdas...
Ev sahibi şəstlə qabağa düşüb bir-bir otaqları göstərməyə
başladı:
- Bax. bu bir otaq. Televizor da işləyir. Divan açılıb-yığılandır. Axşam açıb üstündə yata bilərsən. Bu masa, bu da
stullar... Bu yataq otağıdır. Bu paltar şkafı... Bu otaq boşdur,
istəsən çarpayı gətirib qoya bilərsən. Bu otaqda çarpayı var,
yorğan-döşəyi özün gətirərsən. Bu hamamdır. Duş işləyir. Bu
da paltaryuyan. İşləyir. Elə edin, xarab olmasın. Bu da vanna.
Çiməndə vannada çimin. Çalışın döşəməyə su tökülməsin,
yoxsa aşağı mərtəbəyə damacaq. Bu da tozsorandır. İşləyir...
Bu tualetdir. Kanalizasiya da işləyir. Gəlin bura! Bu da
mətbəxdir. Sobası-filanı öz yerində. Qaz işləyir, amma
ehtiyatla işlədin. Bu da soyuducu. Köhnədir. amma soyudur.
Yaxşı işlədin, xarab olmasın...
İbrahim pəncərənin kirli, sınıq şüşələrinə baxdı. Sınıq
yerlərinə yapışqanlı lent yapışdırılmışdı. Bir yerdə isə şüşə
yerli-dibli yox idi. Kişi onun fikrini anladı:
- Elə, şüşə sınıb. Amma problem deyil. Bir-iki manat xərci
var. Özünüz salarsınız.
İki ailənin bir aylıq baş girləməsi üçün burada əslində hər
şey vardı. Yorğan-döşəyi də öz evindən gətirə bilərdi. Amma
mənzil İbrahimə özününkü ilə müqayisədə kasıb və cansıxıcı
göründü. Bəlkə də ona görə ki, burada insan yaşamırdı. Hər yer
kirli-paslı, tör-töküntülü idi. Yaman dilxor oldu. Əgər beş yüz
manatlıq mənzil belə olursa, gör ucuzlar necə olardı?..
Otaqlardan birinə keçib Akiflə danışmaq istədi. Akif yenə
çağırışı saxlayıb özü zəng vurdu:
- Hə, İbrahim?
- Akif, əzizim, bir dördotaqh mənzil tapmışam. Beş yüz
manata deyirlər. Amma çoxdan təmir olunmayıb. Avadanlıq da
köhnədir. Bir də bəzi əşyalar çatışmır. Doğrusu, başımı
itirmişəm. Nə məsləhət görürsən?
Akif aşkar bir məzəmmətlə dilləndi:
- Oyunun olsun sənin, ay bacanaq! Nəyimə lazımdır elə mənzil!?
Özü də beş yüz manatlıq. Mən cəmi bir ay qalacam orada. Dedim
axı, ən yaxşısından tut. Super təmirli, içində də hər rahatlığı. Aydın
oldu sənə? Xaricdən gələn biznesmenlər özlərinə ev tuturlar ha, bax
eləsindən.
- Onlar çox baha olur axı. Minə, min beş yüzə...
- Əşi, istəyir lap iki minə olsun! Sən qiymətinə qətiyyən fikir
vermə, ancaq şəraitə bax. Hər şey əla olsun.
- Yaxşı...
Dəllalla ev sahibinin söhbət etdiyi otağa getdi. İndi onlara öz
fikrini bildirməliydi. Deməliydi ki, mənzil xoşuna gəlmir və buranı
götürməyə razı deyil. Bu zaman gözü həmin otağın qapısına sataşdı.
Daha doğrusu, qapının çərçivəsinə. Çünki qapının özü yerli-dibli
yoxa çıxmışdı.
- Bu qapıya nə olub? - dözməyib soruşdu.
- Onu özüm çıxarmışam. - Ev sahibi heç nə olmayıbmış kimi
dilləndi. - Yayda, onsuz da, isti olur, qapını örtəsi de- yilsiz, qışda
da batareyalar işləyəcək.
İbrahim məqsədsiz halda otaqları gəzib, bir daha hər yerə göz
yetirdi. Ev sahibi də onu həm addımlarıyla, həm də diqqətli
baxışlarıyla izləyirdi. Yox, Akif düz deyirdi. Burada yaşamaq
olmazdı ki!.. Burada yaşamaq üçün gərək əvvəlcə bir ay təmizlik
işləri aparaydın. Necə səviyyəsiz adamlar varmış dünyada. Özünü
nə hesab edir görəsən bu kişi? Ya İbrahimi nə hesab edir? Heyvan?
Heyvan bunun özüdür! Utanmır, mənzili elə göstərir ki, sanki şah
öz sarayını nümayiş etdirir. Axı sən buramı insana kirayə verirsən.
Bundan hər ay beş yüz manat pul alacaqsan. Bu pulu indi səhərdən
axşama qan-tər töküb işləyənlər qazana bilmirlər. Heç olmasa, bu
divarlara, döşəməyə ucuz bir rəng çəkəydin, ay heyvan oğlu
heyvan!
- Hə, nə deyirsən? - ev sahibi gözlərini ona zilləyib soruşdu.
Birdən onun köynəyinin boyunluğu diqqətini cəlb etdi.
Boyunluqda, yalan olmasın, əl qalınlıqda kir var idi. İbrahim
bunu ofisdə olarkən görmədiyi üçün özünü qınadı. Deməli
belə... Bu kişinin öz yaşadığı mənzil də belə olmalıydı. Amma
İbrahim onu yüksək səviyyəli adama bənzətmişdi.
- Yox, bura sərf eləmir, - dedi.
- Niyə? - Ev sahibi onu istehza ilə süzdü. - Bahadır? Mən
hələ altı yüzə deyirdim. Bu kişi dedi sənin beş yüzə imkanın
çatır, mən də razılaşdım. Amma kimə desəm, altı yüzə yüyürəyüyürə gələr. Dörd otaqdır, üstəlik hər avadanlığı içində...
- Hər yer çirkli-paslıdır, avadanlıqlar da köhnə.
- Pah! Çirki-pası təmizləyəcəksən, olacaq tər-təmiz
Avadanlığa da nə olub ki? Soyuducu işləyir, paltaryuyan
işləyir... Kondisionerin də köhnələrdən olmağına baxma, o da
işləyir...
- Qoy işləsinlər özləri üçün. Allah köməkləri olsun. Mən
istəmirəm.
İbrahim bunları deyib dərhal mənzildən çıxdı. Ev sahibi atası
yaşda olmasaydı, ona bir neçə kəlmə ağır söz də deyərdi. Özünü
az qala təhqir olunmuş kimi hiss edirdi. Həyətdə onları geri
qaytarmaq üçün gözləmək istəmədi. Maşına əyləşib evə sürdü.
Nahardan sonra yenə bir neçə dəllala baş çəkib danışıq apardı.
Bu dəfə bildirdi ki, kirayə haqqı onun üçün önəmli deyil. Əsas
odur, mənzildə şərait yüksək səviyyəli olsun.
Axşam Fəridə dedi ki, əgər Cəmiləgillə bir mənzildə qalacaqlarsa pal-paltarları da bir az abırlı olmalıdır. Dedi ki, nə
özünün, nə də uşaqların fərli-başlı yay paltarları yoxdur.
Bu paltar söhbəti İbrahimin heç ürəyindən olmadı:
- Axı keçən yay çox idi paltarınız?
- Qorxma, heç birini atmamışıq. - Fəridə kinayə ilə gülümsədi.
- Ancaq yaxşı deyil axı. Mənim ən bahalı koftam iyirmi
manatlıqdır. Yubkam heç üzə çıxarılası deyil. Arzunun da
koftalarını on manata, on beş manata almışam.
- Nə olsun!? Özün deyirdin ki, Əfruzənin başdan-ayağa
geydiyi paltarların qiyməti Arzunun bir koftası qədərdir.
- Sən Arzunu Əfruzə ilə niyə müqayisə edirsən? Onu fikirləş
ki, Kamilənin əynində nə olacaq. Arzunun əynində nə... Axı uşaq
utanacaq!? Elə mən özüm də...
- Paltarların üstündə yazılıb ki, bu hansı qiymətədir, o biri
hansı qiymətə? Haradan biləcəklər qiymətinin ucuz olduğunu?
- Vallah, gülməli söz danışırsan. Bəyəm camaat çörəyi
qulağına yeyir? Mən bu avam canımla baxan kimi malın qiymətini
təyin edirəm, indi deyirsən Cəmilə, ya qızı heç nə bilmirlər?
Deyəsən, mübahisənin yeri deyildi daha, ibrahim yaman
ilişmişdi. Yenə, nə yaxşı ki, pulu var idi. Dərindən bir ah çəkib
siqaret yandırdı:
- Yaxşı, sabah çıxıb pal-paltar alarıq.
- Metroparka gedərik. - Fəridə sevincək dilləndi.
- Yaxşı, ora gedərik...
- Bir də... - arvadı ani tərəddüd göstərdi. - Sən allah, hirslənmə.
Özün demişdin ki, Arzuya təzə telefon alacaqsan. Mən heç! Onsuz
da telefonumu adam arasında o qədər üzə çıxarmıram. Yəni, az
istifadə edirəm. Ancaq o cavan qız uşağıdır. Telefonu da, vallah,
çoxdan dəbdən düşüb, amma özü üzə vurub tələsdirmir səni.
Xalası qızının yanında mütləq xəcil olacaq...
İbrahim evdə gizləyib saxladığı üç min manatı gözləri önünə
gətirdi:
- Yaxşı, sabah ona təzə telefon da alarıq.
- Ay çox sağ ol. Allah ömrünü uzun eləsin. Cibinə bərəkət
versin!..
O biri gün arvadını və uşaqlarını maşına mindirib məşhur
ticarət mərkəzinə apardı. Evdəki puldan, hər ehtimala qarşı, min
manat götürüb cibinə qoymuşdu.
İçəri girən kimi Fəridə onu dərhal paltar satılan şöbələrdən birinə çəkdi. Vitrindən asılmış uzun, qəhvəyi rəngli nazik
parçadan tikilmiş yubkanı görüb, üstünə yüyürdü:
- Şükür allaha ki. qalıb. Bunu çoxdan gözaltı eləmişdim.
İbrahim yubkaya baxdı. Doğrudan, gözəl idi. Dərhal bilinirdi
ki, keyfiyyətli maldır. Həm də incə, zərif ... Amma, maraqlıdır,
arvadı bu ticarət mərkəzində olması barədə ona heç nə deməmişdi.
Buraya nə vaxt gəlibmiş görəsən?..
- Nə vaxt görmüşdün bunu?
- Martda Qönçə ilə gəlmişdik. Əynimə də geyib baxdım.
Elə bil mənim üçün tikilib. Qönçə də çox bəyəndi.
Qönçə müəllimə Fəridənin iş yoldaşı idi.
- Bəs niyə almamışdın? - İbrahim soruşdu.
- Aa? Bilirsən neçəyədir? Yüz əlli manata! Məndə nə vaxt o
qədər pul olub ki?
- Hə, bahadır... - İbrahim kədərlə dilləndi. O arvad- uşaqla belə
yerlərə gəlməyi heç vaxt sevməmişdi.
- Bundan ucuz yaxşı bir şey tapa bilməyəcəyik. Həm də
üstündə yüz əlli yazılmağına baxma, qiymətini aşağı salmaq
olacaq.
Satıcı oğlan onlara yaxınlaşdı:
- Bu çox əla yubkadır, xanım. Firma malıdır. Polşadan
gətirmişik. Hamısı satılıb, bu qalıb.
- Almaq istəsək neçəyə verərsiniz? - Fəridə işgüzar görkəm
aldı.
- Yüz iyirmi manata götürün.
-Yox, əlli manata verin, alaq.
- Zarafat edirsiniz, xanım? Bunun öz dəyəri əlli manatdan
yuxarıdır. Yaxşı, yüz on manat verərsiniz. Sağlığınıza qismət!
- Yox, qardaş, biz uzağı altmış verə bilərik.
Alverin «çənə-boğaz» mərhələsi başlandığı üçün İbrahim
kənara çəkilib Arzunun yanına getdi. Qızı bir qırmızı koftanı
əlləşdirməklə məşğul idi. Üz-gözündən görünürdü ki, paltarı çox
bəyənib.
- Xoşuna gəlir? - deyə soruşdu.
- Hə, çox xoşuma gəlir. - Arzu sevincək dilləndi və tez də
kədərləndi. - Ancaq çox bahadır.
- Neçəyədir ki?
- Yetmiş beş manata...
İbrahim indicə yubkanın üstündə gedən «çənə- boğaz»dan
anlamışdı ki, burada qiymətləri xeyli aşağı endirmək
mümkündür.
- Xoşuna gəlirsə, götürək, - dedi.
- Alarsan?.. - Arzu sanki heyrətləndi.
İbrahim bu sualdan içində bir göynərti duydu. Hətta, az qaldı
ki, gözləri yaşarsın. Nə idi görəsən bu? Sevimli qızı, canından
artıq istədiyi balası ona nə dedi ki, qəlbində gizlətdiyi və həmişə
ört-basdır etmək istədiyi yaranın üstünü açdı? Yox, bu barədə
fikirləşməyin yeri deyildi bura. Verdiyi sualdan bəlkə də artıq
peşman olmuş qızı cavab gözləyirdi, hər halda...
- Əlbəttə, alaram. Qoy anan gəlib qiymətini danışsın,
götürək.
Bir azdan Fəridə onu çağırıb aldığı yubka üçün səksən manat
pul istədi. İbrahim deyilən pulu dinməz-söyləməz verdi.
Sonra bəyəndiyi qırmızı koftanı Arzu üçün əlli manata
aldılar. Fəridə özünə də qırx manata bir yay koftası götürdü.
Daha sonra Arzuya yenə bir kofta, cins şalvar, ayaqqabı,
Cövdətə şalvar-köynək, ayaqqabı seçdilər. İbrahim Fəridənin
ciddi təhriki ilə özünə də bir dəst yay paltarı götürdü.
Amma anasını da unutmamışdı. Ona da tünd parçadan yay
donu, rahat ayaqqabı aldılar.
Başqa şöbəyə keçib bir xeyli xırda-xuruş alver eləyəndən
sonra ibrahim telefon şöbəsində Arzu üçün seçilən mobil
telefona beş yüz manat birdən ödəməli oldu...
O gün evdə hamının sevinci göylərdə idi. Fəridənin də, uşaqların da, onların fərəhindən fərəh alan İbrahimin də...
Anası da sevinirdi. Amma Arzu alınmış şeylərin qiymətlərini
bir-bir sadalayandan sonra, oğluna məzəmmətlə baxıb bu sözləri
deməkdən özünü saxlaya bilmədi:
- Vallah, sən dəli olmusan. Adam da paltara bu qədər pul
verər? Bəyəm lüt idiniz? Evdə bir dünya paltarınız var...
Bir neçə gündən sonra ev dəllallarından biri İbrahimə zəng
vurub dedi ki, tez gəlsin, yaxşı mənzil tapılıb. Yaşadığı evə lap
yaxın, dördotaqlı, aylığı da min beş yüz manata.
Həmin vaxt taksidə müştəri aparırdı. Onu lazımi yerdə
endirib, maşını birbaş göstərilən ünvana sürdü. Bu mənzil onun
yaşadığı məhəllənin yaxınlığındakı yeganə onaltımər- təbəli
binanın altıncı mərtəbəsində idi. Ev sahibəsi olan qadınla dəllal
onu gözləyirdilər.
Mənzilin otaqlarını gəzən İbrahimin heyrətdən ağzı açıq
qalmışdı. Super təmir, ideal təmizlik, təzə və yüksək keyfiyyətli
ev əşyaları... Bir sözlə, insan kimi yaşamaq üçün burada hər bir
şərait var idi. Təbii ki, ərzaqdan başqa...
Akifgilin gəlməyinə iki sutkadan az qalırdı. Sabah yox,
birisigün gəlməliydilər. İşi uzatmağa dəyməzdi. Bir halda ki,
qiymət də Akifin istəyinə uyğun idi, deməli, bu mənzili təcili
kirayələmək lazım gəlirdi.
- Razıyam, - dedi.
- Ancaq bir aylıq pulu indi verməlisiniz, - ev sahibəsi dilləndi.
- Hə, bir də mənim haqqımı verəcəksiniz, - dəllal da özünü
yada saldı.
- Nə qədər?
- Bir aylıq kirayə haqqının otuz faizinə işləyirik. Deməli,
eləyir dörd yüz əlli manat.
İbrahim belə bir şey gözləmirdi. Düşünmüşdü ki, dəllala
uzaqbaşı əlli manat pul verəcək. Bu yandan da ev sahibəsinin
pulu dərhal tələb etməsi...
Üzünü qadına tutdu:
— Kirayə haqqını sabah yox, birisigün versək olmazmı?
- Yox! - Ev sahibəsi ciddi şəkildə başını buladı. - Buranı
istəyən başqa adam da var. Mən gözləyə bilmərəm. Sabah
Almaniyaya gedirəm.
İbrahim tamam dilxor oldu. Ancaq başqa variant da
qalmamışdı. Deyilən məbləğləri ödəməli idi. Yoxsa Akifin
qarşısında başıaşağı olardı. Bir də ki, bacanağı gələn kimi onun
pulunu qaytaracaqdı.
- İndi mənimlə çıxarıq, pulu evdən götürüb verərəm, - dedi.
Birlikdə aşağı endilər. İbrahim evdən pul gətirib, min beş yüz
manat ev sahibəsinə, dörd yüz əlli manat isə dəllala verdi. Qadın
yalnız bundan sonra mənzilin açarlarını ona uzatdı:
- Xeyirli olsun!..
O gün Fəridə ömründə ilk dəfə gözəllik salonuna gedib
saçlarını kəsdirdi, rənglətdirdi. Əl və ayaq dırnaqlarını boyatdırdı. O vaxta qədər saçı uzananda həmişə Rövşənin qızı
Əfruzəyə kəsdirirdi.
Sonra İbrahim yenə arvadının bəzi xırda-para sifarişlərini
yerinə yetirib, ərzaq almaq üçün elə həmin onaltımərtəbə- li
binanın altındakı supermarketə getdi. Yağ, pendir, çay, qənd,
şəkər tozu və digər ərzaqlardan alıb kirayələdiyi mənzilin
mətbəxinə daşıdı.
Bütün bu xərclərdən sonra onun cəmi yüz manata yaxın pulu
qalmışdı...

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin