Yeddinci mərtəbə

172 2 0
                                    

Dayanıb liftin qapısına baxdı. Öz-özünə dedi
ki, iradəsiz olma, qayıtsan peşman olacaqsan.
Nə var axı aşağıda? Yaxşı nə görəcəksən
orada? Sonra isə fikirləşdi ki, aşağı qayıtmağına
qayıdacaq, amma nə liftlə, nə də pilləkənlə.
Kədərli halda gülümsədi...

Akifgil onlar üçün tutulmuş mənzili bəyəndilər. Burada hər
şey qaydasında, arzu olunan rahatlıq səviyyəsində idi.
İbrahimin ailəsi isə aşkarca heyrətlənmişdi. Çünki onları vəcdə
gəlirəcək, qəlblərini pərvazlandırıb quş kimi uçurda biləcək
səbəb çox idi burada. Genişlik, işıqlılıq, müasir zövqə uyğun
dizayn, ifrat təmizlik, sakitlik, sərinlik, rahat mebellər...
Arzu heyrətini gizlədə bilmədi:
- Ay ana, lap kinolarda gördüyümüz evlər kimidir bu!..
Fəridə də, əslində, ondan az təsirlənməmişdi:
- Hə, qızım, doğru deyirsən, adamın belə bir evi olsa ölənə
qədər dərdi olmaz.
Cövdət heç nə demədən otaqları gəzib hər şeyə maraqla
baxırdı. Üzündəki xoş təbəssümdən duyulurdu ki, o da mənzili
çox bəyənib.
Münəvvər arvad isə mənzilə göz gəzdirib xeyli susandan
sonra rəyini ancaq üç cümlə ilə bildirdi:
- HƏ, bura bizim evdən xeyli genişdi. Ora çox darısqal idi.
Adamın ürəyi sıxılırdı orda...
İbrahim anasının ahəngində yanlış bir şey hiss etdi və bu onu
kədərləndirdi. Anası elə danışırdı ki, sanki o mənzildən ömürlük
ayrılıblar və bir də ora qayıtmayacaqlar.
Rafetlə Kamilə yol yorğunu olduqları üçün divana səpələnmişdilər. Mənzildən narazılıqları olmasa da, onun gözəlliyi
diqqətlərini xüsusi cəlb etmirdi. Rus dilində hansısa bir Lena
barədə danışıb, bərkdən gülüşürdülər. Belə anlaşılırdı ki, bu Lena
Rafeti Olya adlı qıza qısqandığı üçün həmin qız barədə Kamiləyə
pis-pis sözlər danışıbmış.
Cəmilə dərhal hamama girib yaxalandı. Özüylə gətirdiyi güllü
xalatı geyinib mətbəxə keçdi. Soyuducunu açıb baxanda,
İbrahimin alıb ora yığdığı ərzaqları bəyənmədi:
-Akif!
- Hə, Cema! - Akif onun yanına tələsdi.
- Mən sok istəyirəm, burada yoxdur.
- Dayan görüm... Aha, budur ikisi var ki.
- Əşi, onları görürəm, onlar heç! - dedi və rus dilində əlavə
etdi. - İbrahim də hər cür zir-zibili alıb doldurub bura. Buna bax,
bu nə kolbasadır!? Allah bilir, nədir.
Akif də ona rus dilində cavab verdi:
- Yeznən xəsislik eləyib yəqin. Narahat olma, indi gedib nə
lazımdırsa alarıq.
İbrahim onları eşidirdi. Özünə bəraət qazandırmağa çalışdı:
- Dedim, səninlə birlikdə gedib alarıq. Bilmirəm axı, nə
yeyirsiz, nə içirsiz.
Akif mətbəxdən çıxdı:
- Onda elə indi gedək, əvvəlcə maşınları kirayəyə götürək.
- Yaxşı.
Cəmilə də forslu yerişilə otağa gəldi:
- Dayanın, bir siyahı yazım. Özünüzə qalsa yarıtmayacaqsınız.
Cövdət onun üçün vərəq və qələm gətirdi və Cəmilə masanın arxasında oturub yazmağa başladı. Arada başını qaldırıb o
biri otaqda olan bacısını səslədi:
- Fəridə, sizə nəsə lazımdır?
- Yox. Cema, hələ ki. heç nə lazım deyil. - Fəridə salona daxil
olub cavab verdi.
Siyahı bitdi. Cəmilə bu dəfə ərinə baxdı.
- Akif, aşbazdan, qulluqçudan tutmayacağıq?
Akifdən qabaq Fəridə dilləndi:
- Ay qız, başın xarabdır? Aşbazı neynirsən? Özüm burda sizin
üçün elə xörəklər bişirəcəm ki, dadından doymayacaq- sız.
- Zarafat edirsən? - Cəmilə inanmadı.
- Zarafat niyə edirəm? Bu cür geniş, rahat mətbəx olandan
sonra xörək bişirməyə nə var ki!?
- Yaxşı, bəs qulluqçu? Pal-paltarı kim yuyacaq? Evi kim
təmizləyəcək? Sizin qulluqçunuz yoxdur?
Fəridə İbrahimlə baxışdı. Bir az tutulmuşdu.
- Ay qız, bir aydan ötrü bura yad adam gətirmək lazım deyil, -
dedi. - Özümüz hər şeyi edərik. Mən, Arzu... Qorxma. siz qonaq
olduğunuz üçün sizə əziyyət verməyəcəyik. Bir də ki, paltaryuyan,
qabyuyan maşınlar olandan sonra burada nə problem olacaq!?
Münəvvər arvad da dözməyib söhbətə qarışdı:
- Pulunuz artıqdır, başqa şeyə xərcləyin. Qulluqçunu
neynirsiz? Yeməyi özümüz bişirərik.
Rafetlə Kamilə bu söhbətə biganə idilər. Cövdətlə Arzu
mübahisəni maraqla izləsələr də qarışmaq istəmirdilər. İbrahim
duruxub fikrə getmişdi. Nəhayət, mübahisəyə Akifin ağıllı fikirləri
son qoydu:
- Düz deyirlər, Cema, lazım deyil. Nə aşbaz, nə qulluqçu. Biz
yeməyimizin çoxunu kənarda yeyəcəyik. Evdəki xırda- xuruş işləri
də Fəridə bacı həll edər, sən qarışma.
- Yaxşı, nə deyirəm... - Cəmilə razılaşıb siyahını ərinə uzatdı. -
Siz hələlik bu şeyləri alın. Özü də baxın, yaxşısından olsun. Sən Allah, marketlərin keyfiyyətsiz mallarını yığıb
gətirməyin bura.
- Baş üstə, mənim kraliçam! - Akif bunu deyib İbrahimə məzəli
tərzdə göz vurdu. - Gedək, bacanaq!
Mənzilin qapısından çıxanda Fəridə arxalarınca gəldi:
- İbrahim, bir dənə kiloluq keçi pendiri də alarsız.
Türkiyəninkindən.
- Keçi pendiri? - Akif güldü.
- Hə... Marketlərdə olur. Dəmir qabda.
- Mütləq alarıq. - Bunu da Akif dedi.
Hə, beş-altı ay əvvəl İbrahim evə belə bir şey alıb gətirmişdi.
Amma o yarımkiloluq idi. Eləcə maraq üçün aldı. Fəridəni
heyrətləndirib sevindirmək üçün. Bu pendir Fəridənin çox xoşuna
gəldi. Amma baha olduğu üçün sonradan daha almadılar o
pendirdən.
Liftlə aşağı endilər. «Jiquli»sini həyətin xəlvət bir küncündə
saxlamışdı. Ona tərəf heç baxmadı da. Geri qayıdanda kirayə
götürəcəkləri avtomobillərlə gəlməliydilər axı. Ona görə də binanın
o biri tərəfinə keçib, orada gözləyən «Mersedes» taksilərdən birinə
əyləşdilər.
- Əvvəlcə hardasa kartdan bir az pul çıxaraq, - Akif dedi. -
Yəqin ki, nəğd pula ehtiyacımız çox olacaq.
- Yaxınlıqda bank filialı var. - İbrahim cavab verib sürücüyə
baxdı: - Qabaqda saxlayarsınız.
Bankda Akif kartından on min manata yaxın pul götürdü.
İbrahim gözlədi ki, Akif elə bankomatın qarşısındaca onun
borcunu qaytaracaq. Yaman tərəddüd içində idi. Hələ dəqiq
bilmirdi ki, bu zaman nə demək lazımdır. O evə dəllalın haqqı və
ərzaqla birlikdə iki min manat xərcləmişdi. Bu onun üçün çox
böyük məbləğ idi. Varlı qohumu üçünsə, elə kartdan çıxardığı bu
pulun qədərindən görünürdü ki, iki min böyük şey deyil.
Amma Akif aldığı on min manatı çantasına qoydu və bankdan
çıxdılar. Yəqin ki, kirayə məsələsi yadına düşməmişdi, yoxsa İbrahimin pulunu elə buradaca verərdi. Nə isə!.
Burada bu barədə fikirləşməyin yeri deyildi. Həm də hələlik belə
yaxşı idi. Fikirləşməyə vaxt qazanırdı. İmkan olan kimi
fikirləşəcəkdi ki, Akif onun pulunu qaytarmaq istəyəndə necə
hərəkət edəcək. Bir az nəm-nüm eləyib götürəcək, yoxsa...
Taksiyə əyləşəndə, az da olsa, narahatlıq bürüdü onu. Heç vaxt
bu qədər pulla çölə çıxmamışdı. Daha doğrusu, onun heç vaxt bu
qədər pulu olmamışdı. Amma cibində təsadüfən mincə manat
olanda narahatlıq keçirmişdi ki, birdən mərdimazara rast gələr.
Elə bir neçə gün bundan əvvələ kimi evdə saxladığı üç min
manat pul da onu az narahat etməmişdi. Çalışmışdı ki, o pulun
varlığından evdəkilər də xəbər tutmasın. Ona görə yox ki, onlara
inanmırdı. Qətiyyən! İbrahim ailəsinin hər bir üzvünə özü qədər
inanırdı. Evdə o qədər pulun olduğunu onlara ona görə
bildirməmişdi ki, birdən kənarda çaşıb ağızlarından qaçırarlar.
Dünyanın işini heç bilmək olmazdı. Söz ağızdan-ağıza gəzib
oğruların qulağına çatardı və imkan tapıb evə soxulardılar. Allah
qorusun! O qədər belə pis şeylər eşitmişdi ki, İbrahim... İyirmi-otuz
manatdan ötrü mənzilə girib adam öldürənlər olurdu, gör üç mindən
ötrü nələr edərdilər...
Akifin isə heç nə vecinə deyildi. Deyib-gülürdü. Ümumiyyətlə,
onun sərbəst, arxayın davranışı İbrahimdə qibtə hissi oyatmağa
başlamışdı. Akifdə güclü bir özünə güvən hissi vardı və bu hiss onu
çox cazibədar göstərirdi.
Artıq bir saatdan sonra ofisdə sənədləşmə və pul köçürmə işləri
başa çatmışdı, indi «Leksus» markasından olan ağ
rəngli cip və qara «Prado» onların bir aylıq sərəncamında idi.
İbrahim «Prado»nun sükanı arxasında əyləşib qabağa
düşmüşdü. Akifin idarə etdiyi «Leksus» isə onun arxasınca gəlirdi. Sanki, başdan-başa fərəhlə, sevinclə dolu qəribə bir aləmdə idi.
Elə bir aləmdə ki, hətta ilk anlar qorxuya düşdü. Bu qorxu ilıq sulu
dənizin qoynunda rahat-rahat üzən birinin boğulmaq qorxusuna
bənzəyirdi. Əvvəlcə əli geniş, rahat avtomobilin sükanına,
«Jiquli»dəkindən xeyli fərqlənən sürət ötürücüsünə çətinliklə yatırdı.
Amma komforta alışmaq çətinliyə alışmaqdan daha asan olurmuş. On
dəqiqə keçməmiş hər şey yoluna düşdü. Bu avtomobili düzəldənlər
maksimum dərəcədə çalışmışdılar ki, onu sürən adam heç bir əziyyətə
düşməsin, heç nədən narazı qalmasın. Artıq geniş, yumşaq, zövqlü
salonda özünü rahat və təhlükəsiz hiss edirdi.
Bəlkə də bu düşüncə səhv idi, amma ona elə gəlirdi ki, təkcə
altındakı bu avtomobilə yox, bütün yola hakimdir. Yəni, o hansısa
yolunu azmış bir maşının onu vurmasından qorxub-eləmirdi. Əksinə,
qabağında sürünən bu ağ «Jiquli» qorxmalıydı ki, onun altında qalıb
əzilə bilər.
Bir də, belə gözəl avtomobilin sükanı arxasında oturduğu üçün
bütövlükdə bir özünəgüvən hissi yaranırdı onda. Artıq sabah, ya
keçmiş barədə fikirləşmək istəmirdi. Bu günün, bu saatın özündən
zövq alırdı. Bu gün isə həyat çox gözəl idi. O, yəni hələ qırx yaşı
tamam olmamış İbrahim sağlam idi, gözəl ailəsi vardı və işləyib bu
ailəsini dolandıra bilirdi. O, Rövşən kimilərin tayı deyildi və ola da
bilməzdi. Çünki elələrindən daha çox qazanırdı, daha yaxşı geyinir,
daha yaxşı yeyib-içirdi.
Və nəhayət, İbrahimin Akif kimi varlı, imkanlı qohumu vardı.
Bu qohumu öz ailəsi ilə ona qonaq gəlmişdi. İbrahim düz bir ay
«Prado» sürəcəkdi, düz bir ay Akifgillə birlikdə istirahət edib
əylənəcəkdilər. Axı bu da hamıya qismət olan şey deyildi!? Yox, hər
şey çox yaxşı idi və Allahın köməyi ilə daha yaxşı olacaqdı.
Tək bir şey incidirdi onu. Düşünürdü ki, bir ay onun ailəsinə
qulluq edəcək bu avtomobilin kirayə haqqını Akif ödəyib. Bu kirayə haqqını ödəməyə İbrahimdə o qədər pul da yox
idi. Özünə təskinlik vermək üçün qərara gəldi ki. mənzilin
kirayəsinə verdiyi pulu Akifdən almayacaq. Hə. almayacaq... Amma
bu onun tərəfindən çox böyük bəd- xərclilik olacaqdı, çox böyük!..
Təmtəraqlı bir supermarketin qarşısında dayandılar. İçəri
girən kimi hərəsi bır ərzaq arabası götürdü.
İbrahim dərhal qərara gəldi kı, maddi durumu da, zövqü də
onunkundan yüksək olan bacanağının işinə qarışmayacaq.
Mövcud vəziyyət ona bir qədər ağır gəlsə də, hər halda,
müvəqqəti idi. Bir ay gəlib keçəcəkdi və Akifgil qayıdıb Tatarıstana gedəcəkdilər.
Akif qabağa düşüb, uzun ərzaq rəflərinin arasıyla irəliləməyə
başladı. Arvadının yazdığı siyahı da əlində idi. Götürdüyü
ərzaqların saxlanma müddətinə baxıb, onları arabaya tullayırdı.
Qəribədir, İbrahimin indiyədək xəbəri yox idi ki, onun
ailəsinin hələ yaxşısından bilib işlətdiyi şəkər tozundan dörd dəfə
bahası da varmış. Axı bunların fərqi nədə idi görəsən?
Keyfiyyətdə? Əlbəttə, keyfiyyətdə olmalıydı, yoxsa nədə
olacaqdı ki...
Hələ bitki yağları... Onlar, ucuz günəbaxan yağı işlədən
Rövşəngildən fərqli olaraq, son vaxtlar zeytun yağı işlədirdilər.
Amma bir az aşağı keyfiyyətlisindən. Yəni, litri altı manata
olandan. Akif isə litri on beş manatlıq zeytun yağı şüşələrinin
üçünü götürüb, laqeyd halda arabaya yığdı.
Yox, şəkər tozundan fərqli olaraq, belə bahalı zeytun
yağlarından xəbərdar idi. Həmişə alış-veriş edəndə görüb,
görməməzliyə vurmuşdu özünü. Elə əslində bunu da tam anlaya
bilmirdi ki, eyni həcmdə yağlar qiymətdə niyə bu qədər fərqlənir.
Burada üç manatdan tutmuş iyirmi manata kimi hər qiymətə
zeytun yağı satılırdı.
Akif kolbasalar yığılmış soyuducu vitrinin qarşısında daha
çox dayandı. Satıcı qızdan ən bahalı kolbasaları istəyib diqqətlə baxırdı. İbrahimgil o qədər də kolbasa həvəskarı
deyildilər. Amma Rövşənin ailəsi yaman çox yeyirdi kolbasanı.
Həm də ən ucuz, ən keyfiyyətsizindən. Bir dəfə İbrahim oturub
fikirləşdi ki. Rövşənin yediyi bu kolbasanın kiloqramı iki
manatadırsa və o ətdən düzəlibsə, üstəlik ət deyilən şeyin özü
bazarda azı səkkiz manata satılırsa bu necə olur? Nə qədər
fikirləşsə də bu tapmacanın cavabını tapa bilmədi.
O da, Fəridə də tələbəlik illərində çox kolbasa yemişdilər. Elə
indi də hərdən lap qəribsəyirdilər keyfiyyətli kolbasa üçün. Amma
elələri baha olduğuna görə arzularını ürəklərində boğmağa məcbur
olurdular.
Akif fransız kərə yağından iki kiloqram istədi. Ancaq bu zaman
gözü Türkiyənin «Pinar» yağına sataşdı və fikrini dəyişib ondan
aldı.
- Qardaşlarımızınkı təmiz olar, hər halda, - dedi. - Yoxsa
çoxları piydən-zaddan qatırlar, baş açmaq olmur nədir.
- Hə... - İbrahim fikirli halda başını tərpətdi. Bu yağ onun
həmişə ev üçün aldığı yağdan üç dəfə baha idi...
Süd, kefir, qaymaq, mayonez, yumurta, duza qoyulmuş zeytun,
kakao, qəhvə və bir çox başqa şeylər alandan sonra spirtli içkilər
şöbəsinə yaxınlaşdılar, İbrahimdən olsaydı altı manatlıq Ukrayna
arağını məsləhət görərdi. Bu araq İbrahimin özünün əksər vaxt
içdiyi üç manatlıq araqdan çox yaxşı içilirdi. Bir dəfə Camal
müəllimgildə içmişdi və dadına bələd idi.
Amma Akif o arağa heç gözünün ucuyla da baxmadı. İyirmi
beş manatlıq iki «Beluqa» arağı, əlli manatlıq bir konyak və daha
bir bahalı viski götürüb arabaya qoydu. Sonra özünə və İbrahimə
siqaret aldı.
Alış-veriş bitəndə hər ikisinin arabası dolmuşdu. Akif kassaya
üç yüz iyirmi altı manat ödəyib marketin işçisi olan cavan
oğlanlara tapşırdı ki, alınmış malları «Leksus»a daşısınlar.
Evə gələndə Cəmilə ərzaqlara laqeyd bir nəzər salıb:
- Yazdıqlanmın hamısını ala bildin? - deyə ərindən soruşdu.
- Hə, aldıq. - Akif cavab verdi. - Hələ yazmadıqlarından da
aldıq.
Fəridə isə alınan şeylərə çox maraqla baxırdı. Dərhal onları
yerbəyer etməyə başladı. İstidə tez xarab olan ərzaqları
soyuducuya, digərlərini mətbəx dolabının rəflərinə yığırdı. Və
demək olar ki, əlinə götürdüyü hər bir mala böyük şövqlə
münasibət bildirirdi:
- Hə, bax bu zeytun ən yaxşısındandır. İspaniya buraxır.
- Bu kolbasaları çox tərifləyirlər. Baxarıq görək...
- Bu nədir?.. Hə, qaymaq... Gör e!..
- Aha, bu da mənim keçi pendirim!
Arzu ilə Cövdət də, Münəvvər arvad da gəlib alınan ərzaqla
maraqlandılar. Arzu torbaları boşaltmaqda anasına kömək etmək
istədi.
- Ay qız, lazım deyil, - anası etiraz etdi. - Özüm yerbəyer
edəcəm.
Sonra torbaların birindən şəkər tozunu çıxartdı:
- Bax, bundan heç görməmişdim.
İbrahim bayaqdan arvadının başı üstündə dayanıb, onun
hərəkətlərinə göz qoyurdu. Lap böyük qəhrəmanlıq etmiş
adamlar kimi dayanmışdı. Arvadının sevincinə şərik olur, onun
hər ərzağı əlinə alanda keçirdiyi fərəhdən fərəh alırdı.
- Bilirsən bu pesok neçəyədir? - dedi. - Beş manata!
- Nə danışırsan?! - Fəridə təəccübləndi. - Dayan görüm
haranındır. Hə, Rusiyadır, deyəsən.
Açıq qapıdan Akifin səsi gəldi:
- Orada, ümumiyyətlə, bakinski heç nə yoxdur, Fəridə bacı.
Ola bilsin, pomidorla xiyardan, yumurtadan başqa.
Bu məsələ həmişə İbrahimin qəlbini ağrıdırdı. Amma daha
dostu Camal müəllim qədər yox. Camal indi burada olsaydı,
mütləq Akiflə dava salardı. Həmişə deyirdi ki, xarici markaların qarşısında diz çökdüyümüzü görəndə elə bil
mənliyimə söyürlər. Nə vaxta qədər «bakinski» sözünü az qala
təhqiramiz mənada işlədəcəyik? Nə vaxt bizim də qürurumuz
olacaq? Axı başqalarından nəyimiz əskikdir?
Hə, Camal belə deyirdi və özü alış-verişə çıxanda bacardığı
qədər çalışırdı ki, Azərbaycan malı alsın. Daha buna imkan
olmayanda Türkiyə malı alırdı. Deyirdi ki, xeyrimizi niyə özgəyə
verək axı...
Amma İbrahim bəzən ona etiraz edirdi. Deyirdi, qardaş, əgər öz
malımız zaydırsa, niyə alıb sağlamlığımızı korlamalıyıq? Bir də
görürsən bir yerli firma babat mal buraxır. Bir ay, beş ay belə gedir.
Camaat onların buraxdığı malı alır. Ancaq nəticədə qudurub
başlayırlar zay məhsul buraxmağa. Neyləyək, özümüz irəli getmək
istəmirik də!..
- Ay ana, buna bax! - Arzu nəyisə anasına göstərdi. - O dəfə
marketdə baxdığımızdandır.
- Hə, ondandır. - anası təsdiq etdi.
- Bax, bu da kakao... Səhər yeməyində südlə içərik.
- Hə, içərik. Qoy onu bax o rəfə.
- Nəyə lazım idi bu qədər şey almaq... - deyən Münəvvər arvada
baş qoşan olmadı.
Fəridə indi zövqlə qablaşdırılmış «Pinar» kərə yağını əlinə
götürmüşdü. Ona, nəyə görəsə, bir anlıq qüssə ilə baxıb başını
buladı:
- Biz də deyirik ki, yağ yeyirik...
Sonra başını qaldırıb açıq qapıya tərəf səsləndi:.
- Sağ ol e, Akif, vallah əməlli-başlı zövqün varmış sənin.
Bayaqdan arvadının başı üstündə dayanıb qürrələnən İbrahim,
bu sözlərdən birdən-birə ayıldı. Sanki indi yadına düşdü ki, bütün
bu ərzaqları o yox, Akif alıb.
- Bəs nə bilmişdin yeznəni? - Akifin şən səsi gəldi.
İbrahim daha mətbəxdə dayanmaq istəməyib salona keçdi.
Rafetlə Kamilə televizora baxırdılar. O da kresloda oturub, özünü
televizora baxan kimi göstərdi. Amma tamam dilxor olmuşdu. O. həmişə elə bilirdi ki, Fəridə kimi gözükönlü tox qadın dünyada yoxdur. Ancaq indi belə görünürdü ki...
Yox, bəlkə də İbrahim səhv edirdi. Bəlkə də bu təbii bir hal idi
istənilən qadın üçün. Nə isə!.. Qan qaraltmağa dəyməzdi. Bütün bu
şeylər müvəqqəti olduğu üçün dözmək lazım idi.
Fəridəgil də ərzaqları yerbəyer edib salona gəldilər. İndi hamı
bura yığışmışdı. Cəmilə, yəqin ki, bundan istifadə edib, iri yol
çantasını salonun ortasına sürüdü və bacısı ailəsi üçün gətirdikləri
hədiyyələri paylamağa başladı. Bu mərasimlə artıq hamı
maraqlanırdı. Hətta Rafetlə Kamilə də yaxına gəlmişdilər.
- Birinci Münəvvər xaladan başlayaq.
Cəmilə bunu deyib çantadan tünd göy rəngli don, ona uyğun
baş yaylığı və ayaqqabı çıxartdı.
- Münəvvər xala, bunlar sənin, sağlıqla geyinəsən!
İbrahim gördü ki, anası sevincindən uçur, amma bunu biruzə
verməməyə çalışır.
- Çox sağ ol, ay qızım! Allah sizi xoşbəxt eləsin! Allah
ruzinizi həmişə belə bol eləsin!
Sonra Cəmilə çantadan çıxardığı pal-paltarı sıra ilə sahiblərinə
verməyə başladı:
- İbrahim, bu sənə yay kostyumu. Akifdən iki razmer aşağı
aldıq. Yəqin ki, əyninə olacaq. Fəridə, bu da sənə yubka, kofta...
Mənim gözəl Arzu balam, bu da sənindir. Köynək, bric... Hə,
qaldı Cövdətinkilər... Bu da sənin üçün ayaqqabı, şalvar... Rafetin
əyninə ölçüb almışıq...
Hər kəs özünə çatan pal-paltarı qucağında tutmuşdu. Hər kəs
sevinirdi və sevinməyə də bilməzdi. Nəsə bir hədiyyə alasan,
sevinməyəsən, bu ağlabatan olmazdı.
- Lap xəcalət verirsiniz, vallah! - İbrahim başını yellədi.
- Utandırırsınız bizi. - Fəridə dedi.
- Çox sağ olun. - Cövdət mızıldandı.
- Sağ ol, Cema xala! - Arzu xalasını öpdü.
Akif heç nə deməyib mənalı təbəssümlə gülümsəyirdi. Sən
demə, bütün bunlar hələ başlanğıc imiş. Necə deyərlər, şouproqramın açılışı imiş. Cəmilə əllərini incə belinə qoyub, az qala
şoumenlər kimi təntənəli anons verdi:
- Qucaqlarınızdakıları yerə qoyun, bir azdan əsas məsələyə
keçəcəyik.
Dərhal onun göstərişinə əməl edib, pal-paltarı divanın,
kreslonun üstünə atdılar. Hamını maraq bürüdü.
Cəmilə əlini çantaya salaraq incə zövqlə işlənmiş bir qutu
çıxartdı və Münvvər arvada uzatdı:
- Münəvvər xala, bu sənə ərəb duxisi!
Arvadın üzü dərhal güldü və bu İbrahimin nəzərindən
qaçmadı.
- Ay bala, nə zəhmət çəkirsiz, mən duxini neynirəm. Qoca
arvadam.
Amma dərhal əlini uzadıb qutunu aldı.
- Toya gedəndə üstünə vurarsan! - Cəmilə dedi.
Anasından sonra heyrətlənmə növbəsi İbrahimin özünə çatdı.
Onun üçün yüksək əyarlı qızıldan hazırlanmış və üzərində brilliant
qaş olan alışqan gətirmişdilər.
- Əziz və istəkli yeznəmə qızıl alışqan!
İbrahim alışqanı əlinə alan kimi qiymətini təyin etməyə çalışdı.
Lap yəqin, dörd yüz-beş yüz manat qiyməti vardı bunun. Ürəyində
Cəmiləyə də, Akifə də dərin minnətdarlıq hissi baş qaldırdı. Halal
olsun, vallah, qanan adam idilər. Amma, eyni zamanda, fikirləşdi
ki, bu alışqanı işlədən kişi gərək azı iki manatlıq siqaret çəksin,
daha səksən qəpiklik yox...
Gözü televizorun ekranına sataşdı. Aparıcının çığırtısını
eşitmişdi və onun təkrar etdiyi sözləri ekranda oxudu: «Şok! Şok!
Şok!» Amma orada nəsə adi, əhəmiyyətsiz şeydən söhbət gedirdi.
Əsl şok burada yaşanırdı. Onaltımərtəbəli evin altıncı
mərtəbəsində. Super mənzilin salonunda, iki qohum ailənin
gözləri qarşısında... «Heyrətləndirmə kompaniyası"
davam edirdi.
- Bu da gözəl bacıma bizdən kiçik bir hədiyyə?
Fəridə brilliant qaşlı üzüyü alıb dərhal barmağına taxdı.
Sürprizin verdiyi xoş təlatümdən sanki bütün bədəni titrəyirdi.
Hələ ki, heç nə demirdi. Yəni, danışmağa, deməyə söz tapmırdı
hələ ki...
Üç-dörd ay əvvəl Ömər Bakıya gəlib oğlunun nişanı üçün
univermaqdan yeddi yüz manata üzük almışdı. Cəmilənin verdiyi
bu üzük ondan iri idi və daha nəfis işlənmişdi. Deməli, azı min
manat qiyməti vardı bunun...
Fəridənin əvvəl dili açıldı:
- Sağ ol, ay bacı!.. Ömrün uzun olsun, ay Akif!.. Canım qurban
olsun sizə. Bu nə xəcalətdir verirsiz axı?..
Akif dinmədi. Yenə əsrarəngiz səmimiyyətlə gülümsəyirdi.
Bacısına Cəmilə cavab verdi:
- Xəcalətli düşmənin olsun. Nə böyük şeydir!?
Bundan sonra Fəridənin əl-ayağı da açıldı və kreslodan qalxıb
Cəmiləni bərk-bərk qucaqladı. Münəvvər arvadın gözləri
yaşarmışdı.
- Allah sizi həmişə mehriban eləsin! - dedi.
"Reklam fasiləsi" bitdi və proqramda yeni həyəcanlı dəqiqələr
yaşanmağa başladı. Cəmilə çantadan çıxardığı noutbuku Cövdətə
uzatdı:
- Bu da sənin! Universitetə girməyini təbrik edə bilməmişdik.
İbrahim öz ürək döyüntüsünü aydın hiss etməyə başladı. Bu nə
demək idi? Akifgil haradan bilmişdilər ki, Cövdətin noutbuku
yoxdur və atasının ona nə vaxtsa noutbuk alacağını həsrətlə
gözləyir?.. Həmin bu noutbuklar Bakıda min iki yüz manatdan bir
az baha idi.
Dönüb oğluna baxdı. Xalasından noutbuku alan Cövdət az
qaldı ki, onu əlindən salsın. Bayaqdan özünü nə qədər ağır
aparmağa çalışsa da, indi gülməyini saxlaya bilmirdi. Özünü
itirdiyi üçün xalasıgilə təşəkkür eləməyi də unutdu.
- Sənin işin düzəldi! - Fəridə dözməyib dilləndi.
O, qeyri-ixtiyari olaraq, tez-tez barmağındakı təzə üzüyə
baxırdı. Anıma onun da. Arzunun da, elə Münəvvər arvadın da
diqqəti daha çox getdikcə boşalan çantada və Cəmi- lənin
əllərində idi. Onlar, yəqin ki, bu incə əllərin o çantadan daha nə
çıxaracağı ilə hədsiz maraqlanırdılar.
Cəmilə bir anlıq dayanıb, oturanların üzünə baxdı. Sanki.
«proqramın» ən həyəcanlı dəqiqələri yaxınlaşırdı.
- Hə, kim qaldı? - Cəmilə sözləri məzəli şəkildə uzatdı. - Qaldı
xalasının gözəl qızı Arzu bala!
Çantadan qırmızı rəngli kiçik qutu çıxdı. İçində də bir cüt
balaca sırğalar... İbrahim bunun da qiymətini dərhal təyin etməyə
çalışdı və özlüyündə qərar verdi kı, sırğaların qiyməti üç yüz
manatdan aşağı deyil.
Yadına qızı üçün aldığı iki manatlıq sancaq düşdü. Arzu onda
necə də sevinmişdi. Amma yox. deyəsən, əsl sevinc başqa cür
olurmuş. Arzu xalasının boynuna sarıldı.
- Ay qız yavaş, boynumu sındırarsan!
- Bir dənəsən e, xala, bir dənə!
Cəmilə güldü:
- Düzdür, bütün bunları mən seçmişəm, ancaq alan Akif
əmindir, ona təşəkkür elə!
Arzu bu dəfə Akifin boynunu qucaqlayaraq üzündən öpdü:
- Akif əmi də bir dənədir dünyada!
Gülüşdülər. Daha çox Rafetlə Kamilə güldü. Ara azacıq
sakitləşən kimi Cəmilə əlini sonuncu dəfə çantaya salıb, oradan bir
mobil telefon çıxartdı. Telefon İbrahimə dərhal tanış gəldi. Hə, o
gün Arzuya beş yüz manatlıq telefonu alanda bunun eynisini
vitrində görmüşdülər. Bu. aldıqları telefondan daha gözəl idi. Elə
qiyməti də... Yeddi yüz manat, nə az, nə çox...
- Bu telefon da yenə Arzu qızımızın! - Telefonun sahibi beləcə
elan olundu.
Və İbrahimin fikrincə, Fəridə burada çox yersiz hərəkət elədi.
Elə Arzu özü də...
Fəridə az qaldı ki, telefonu tutub qızının əlindən alsın:
- Ver bura onu! Sən neynirsən, iki telefonun var, biri köhnə, biri
lap təzə.
- Xeyr, verməyəcəm! - Arzu qəti etiraz etdi
- Ver bunu mənə, atan aldı axı sənin üçün.
- Yox! Onu verərəm sənə, lazım deyil.
- Yaxşı, boğuşmayın! - Münəvvər arvad onlara acıqlandı.
Cəmilə isə gülürdü:
- Biz telefonu Arzu üçün almışıq. İstəsə özü işlədər, istəsə
başqasına verər. Hə, Arzu?
- Özümdəkini verəcəm anama. - Arzu cavab verdi.
«Proqram» Akifin qəfil ayağa qalxması ilə bitdi:
- Cema, mən hamama girib yaxalanacam. Siz də yüngülvari bir
süfrə hazırlayın, İbrahimlə yüz-yüz vuraq.
- Mən bu saat hazırlayaram. - Fəridə bacısının əvəzinə cəld
dilləndi və pal-paltarı ortalıqdan yığışdırıb mətbəxə getdi.
Bir azdan Arzu da qalxıb ora yollandı və mətbəxin açıq
qapısına yaxınlaşan İbrahim ana ilə qızın söhbətini eşitdi.
- Şəkilləri, yazıları təzəyə köçürən kimi atam alan telefonu
verəcəm sənə.
- Başına dəysin!
- Niyə? Bəyənmirsən mənimkin? O gün atam bunu alanda bəs
nə yaxşı tərifləyirdin?
- Adam yanında məni biabır elədin, utanmaz!
- Nə elədim? Görürsən Cema xala bunu mənə verir, tutub
əlimdən alırsan.
- Səni adam balası bilib istədim. Apar işlət, mənə lazım deyil.
Ancaq atan alanı gətir ver. Bir telefon bəsindir. Elə əvvəlkini də
gətir ver!
- Köhnəni? Yox, onu saxlayacam.
- Vallah, qudurmusan sən. Başlamısan mənimlə söz güləşdirməyə. Qoy bunlar getsin, gör başına nə oyun açacam sənin!..
İbrahim mətbəxə daxil olanda səslərini kəsdilər. O, acıqlı halda
əvvəl arvadına, sonra qızına baxdı:
- Bir az ağır olun! Özünüzü elə aparırsınız ki, elə bil bu vaxta
qədər heç nə görməmisiz.
Fəridə onun üzünə pərt halda baxıb susdu. Amma baxışlarında
etiraz da var idi və İbrahim mübahisə etmək fikrində olmadığı üçün
mətbəxdən çıxdı.
İyirmi dəqiqə sonra soyuq yeməklərdən ibarət süfrə hazır idi.
Akif də hamamdan çıxıb gəldi. İbrahim süfrə arxasında oturmağa
tələsirdi, həm də Akifin aldığı bahalı vodkanın dadına tez baxmaq
istəyirdi.
Ona görə də hamı süfrə başına yığışan kimi iki qədəhə içki
süzüb, özününkünü yuxan qaldırdı:
- Xoş gəlmisiz, qardaş! İnan ki, sizin gəlməyinizi eşidəndən
hamımız sevinc içindəyik. Uşaqlar lap saatları, dəqiqələri
sayırdılar. Çox sağ olun ki, bizi unutmamısız. Allah sizi həmişə
belə xoşbəxt, belə mehriban eləsin. Sənə də şəxsən uzun ömür, can
sağlığı arzu edirəm. Cibin həmişə dolu olsun. Ailəvi sizin
sağlığınıza!
Akif gülə-gülə başını tərpədirdi:
- Sağ ol, bacanaq. Vallah, biz də orada həmişə sizdən danışırıq.
Cema deyir ki, bacım üçün, uşaqları üçün darıxıram. Amma
neyləyəsən, iş-güc imkan vermir gəlməyə. Yenə Ömər sağ olsun,
əgər o toya çağırmasaydı, allah bilir nə vaxt görüşəcəkdik.
Hamınız sağ olun. Sağ ol, Münəvvər xala!. Allah sənin kimi
ağbirçəyi bu ailənin üstündən əskik eləməsin!
- Nuş olsun, sənə qurban olum, ay Akif! - Münəvvər arvad
ağzındakı kolbasa dilimini yeyib-bitirəndən sonra dil- ağız elədi.
İçdilər. Araqda heç bir acılıq-filan hiss olunmurdu. İçən
kimi mədəsini qızışdırdı. Bax, əsl araq belə olardı. Yoxsa onun
içdiyi yerli araqlar.. İki qədəhdən sonra adam sərxoş olurdu, başı
ağrıyırdı. Belə araqdan İbrahim bir litr içərdi, amma sərxoş
olmazdı.
Kolbasadan yeyib ağzını marçıldatdı:
- Gör nə vaxtdır belə ləzzətli kolbasa yemirəm.
Bu zaman baxışları arvadının narazı baxışlarıyla toqquşdu və
onu dərhal anladı.
- Kolbasa ziyanlı şeydir, - Fəridə dedi, - ona görə çoxdandır
bizim evdə yeyilmir.
- Yox, ay qız, nə danışırsan! - Cəmilə etiraz etdi. - Bundan
gözəl nə var? Səhər yeməyində kolbasa olmasa, Kama dilinə heç
nə vurmur.
Kamilə güldü. İbrahim düşündü ki, Fəridə nahaq belə danışır.
Yalan danışmağın nə mənası var axı. Onsuz da Akifgil onların
maddi durumunu yaxşı bilirdilər.
Akif, sanki, onun ürəyini oxumuşdu:
- Ayda nə qədər qazanırsan taksidən? - deyə soruşdu.
Nəyə görəsə, bir az artırmaq istədi qazancını:
- Altı yüz, yeddi yüz... Olur da... Bəzən çox olur...
- Nə danışırsan! - Akif təəccübləndi. - Mən təkcə Cema- nın
şoferinə ayda min dollar verirəm. Hansı ki, Cema o maşına
hərdənbir minir. Özünün sürdüyü maşında gəzir çox vaxt.
İbrahim pərt olacaqdı. Yaxşı ki, Arzu araya söz atdı:
- Sənin şoferin var, Cema xala?
- Hə, - xalası təsdiq etdi. - Edik adında oğlandır. Həm
şoferimdir, həm cangüdənim. İdmançıdır. Ancaq onunla az
gəzirəm.
- Öz maşınında gəzirsən? Hansındandır?
- Mamamın bir qırmızı «Toyota»sı var, - anasının əvəzinə
Kamilə cavab verdi. - Rafetin də «BMW»si. Bizim ailədə təkcə
mənim maşınım yoxdur.
- Sən hələ məktəbi qurtar, - anası dedi.
- Bəs Fəridə bacı nə qədər qazanır? - Akif qazanc söhbətini
təzələdi.
- O təxminən yüz manat pul alır, - İbrahim mızıldandı.
- Necə yəni?.. Müəllimə yüz manat verirlər? Ayda?
- Bəli, ayda!
Cəmilə söhbətə qarışdı:
- Mən hələ təkcə Kama ilə ingilis dilindən məşğul olan müəllimə
ayda üç yüz dollar verirəm.
İbrahim bu xoşagəlməz söhbəti dəyişmək üçün qədəhlərə
yenidən araq süzdü:
- Akif, gəl bunu da mehriban bacıların sağlığına içək. Cema ilə
Fəridənin. Onlarsız bizim bir günümüz olmasın!
- Hə, içək! - Akif qədəhini qaldırdı. - Sağ ol, Cema! Sağ ol, Fəridə
bacı!
Hiss olunurdu ki, Akif çox içmək istəmir. Amma İbrahim növbəti
badəni uşaqların sağlığına qaldırdı. Sonra Akif Münəvvər xalanın
sağlığına içməyi təklif etdi. Daha sonra yenə İbrahim...
Artıq ona hər şey çox gözəl görünürdü. Uşaqlıqdan tanıdığı Akif
ailəsi ilə ona qonaq gəlmişdi. Həm də bu Akif həqiqətən canlara
dəyən oğlan idi. Şən, gülərüz, mehriban... Beləsi ilə adam heç vaxt
darıxmazdı.
Hələ Cema!.. O necə də gözəlləşmişdi. Elə əvvəllər də gözəl idi,
indi lap yaxşı olmuşdu. Bu bacıların cəmi iki il yaş fərqləri olsa da,
baxan deyərdi ki, Fəridə Cemanın anasıdır...
Cövdət də, Arzu da sevinirdilər. Yox, hər şey yaxşı idi. Çox yaxşı
idi.
Masanın üstündən Akifin siqaret qutusunu götürüb baxdı:
«Sobranie». Bu, onun çəkdiyi siqaretdən iki dəfə baha idi. Hələ bir
az da artıq... Bəs Rövşənin çəkdiyindən? Beynində təxmini
hesabladı. Hə, təxminən altı dəfə baha...
Akif bayaq onun üçün də bir blok almışdı bu siqaretdən. Yəqin,
Fəridə torbadan götürəndə harasa qoyub. Qutudan bir siqaret götürüb yandırdı. Fərq dərhal özünü göstərirdi. Hər
halda, mala qiymət qoyanlar öz işlərini bilirlərmiş.
Arxasını stula söykəyib, ağzındakı tüstünü havaya üfürdü.
Qərara gəldi ki, bundan sonra həmin bu siqaretdən çəkəcək.
- Orada işlər necə gedir? - deyə soruşdu. - Bir şey qazanmaq
olurmu?
- Niyə ki!.. - Akif çiynini çəkdi. - Qabiliyyəti olan, çalışan
qazana bilir. Buradan Rusiyaya gedən azərbaycanlılardan özünə
yaxşı karyera quranlar da var, gündəlik çörəyini güclə qazananlar
da.
Bütün diqqəti Akifdə olan Münəvvər arvad söz atdı:
- Zirək adam elə hər yerdə pul qazanar.
- Hə, Münəvvər xala, düz deyirsən, - Akif təsdiq etdi.
İbrahim siqaretinə dərin qullab vurdu:
- Yaxşı, ay Akif, o zirək adam necə olur görəsən? Mən çalışıb
öz istedadım, qabiliyyətimlə universitetə girmişəm. Tarix kimi
çətin fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Elmi tədqiqat
institutunda işləyirdim. Ancaq aldığım maaşla bu ailənin heç
yeməyini çatdıra bilməzdim. Üstəlik bunun kommunal xərcləri var,
pal-paltarı var, toyu var, yası var... Nə etməliydim səncə? İşimi atıb
taksiyə keçdim. Səhərdən axşama kimi maşın sürürəm, qazandığım
budur. Nə etməliyəm?
- Bəsdir, İbrahim! - Fəridə etiraz etdi. - Nə olub bizə? Kimdən
pis yaşayırıq? Rövşəngilə, ondan altdakı qonşulara baxanda şah
kimi yaşayırıq.
İbrahim düşündü ki, bu söhbətin, deyəsən, doğrudan da, yeri
deyil. .
- Düz deyirsən, - dedi. - Mən sözgəlişi dedim. Həqiqətən, min
şükür! Çoxlarına baxanda yaxşıyıq. İndi sən de görək, axşama nə
bişirəcəksən?
- Lazım olan şeylər alınsaydı plov bişirərdim.
- Əla! - Akif sevincək səsini qaldırdı. - Çoxdandı evdə bişən plov yemirəm. Sabahdan da başlayarıq gəzməyə. Yemək barədə sizə çox zəhmət verməyəcəyik. Naharı da, axşam
yeməyim də restoranlarda edərik.
İbrahim bır az qədərindən artıq içmişdi. Gözlərini qıyıb
özünə arxayın tərzdə arvadına baxdı:
- Plov üçün nə alınmalıdır?
Fəridə barmaqlarını qatlayıb saymağa başladı:
- Uzun düyü, şabalıd, kişmiş, qaysı, albuxara, zəfəran, bir
də bazardan kənd toyuğu almaq lazımdır. Özüm indi gedib
alaram.
- Bir də sən zəhmət çəkib gedəcəksən? - Akif narazılıqla
başını buladı. - Gərək bayaq biz gedəndə tapşıraydın alaydıq.
- Nə zəhməti var. Akif qardaş, bu saat alıb gələcəm.
İbrahim arvadının duruşundan anladı ki, ona pul vermək
lazımdır. Dərhal əlini köynəyinin cibinə salıb pullarını çıxartdı. Onun bütövlükdə qalan pulu yalnız bunlar idi. Bir
əllimanatlıq, dörd onmanatlıq və bir beşmanatlıq... Əllimanatlığı ayırıb şəstlə masanın üstünə atdı:
- Bəs edər?
- Hə, bəsdir. - Fəridə pulu götürdü.
Yüngül qəlyanaltıdan sonra hər kəs bir tərəfə çəkilmişdi.
Cəmilə yataq otağında idi. Yəqin dincəlirdi. Münəvvər arvad mətbəxdə qurdalanırdı. Kamilə Arzu ilə divanda oturub
ona yarı rusca, yarı türkcə nəsə danışırdı. Rafet təzə noutbukda Cövdətə nəyisə başa salırdı.
Akiflə İbrahim söhbət etmək üçün eyvana çıxdılar Günəş o biri tərəfə keçdiyi üçün açıq eyvan sərin idi. Buradan
baxanda köhnə məhəllənin yastı evləri də, onların yaşadığı
beşmərtəbəli bina da aydın görünürdü.
İbrahimə nədənsə birdən-birə elə gəldi ki, bu alçaq və
cılız binadan bu gün yox, lap çoxdan çıxıb... Lap çoxdan...
Bəlkə də on il bundan əvvəl...

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin