Səkkizinci mərtəbə

119 0 0
                                    

Yox, hərdəmxəyal olmaq lazım deyil. Qətiyyətli
olmaq lazımdır. Birdəfəlik tüpürmək lazımdır hər
şeyə. Və qeyri-ixtiyari olaraq tüpürdü. Ancaq tez də
anladı ki, tüpürdüyü sadəcə pilləkəndir. Pilləkənə
isə tüpürmək olmazdı. Addımlarını yeyinlətdi ki,
mənzillərdən çıxıb onu görən olmasın. Yaxşı
deyildi...

Novxanı çimərliyində idilər. Çimərlik mövsümü hələ təzə-təzə başladığı üçün burada adam o qədər də çox deyildi. Dəniz
isə kifayət qədər ilıqlanmışdı. Qoynuna girən kimi adam bütün
dərdlərini, problemlərini unudurdu.
İbrahim arxası üstə suya uzanmışdı. Sudan çölə çıxan ancaq
sifəti idi. Səmaya baxırdı. Təmiz, günəşli səma... Tək-tək ağ
buludlar görünürdü göydə. Arxasında və ətrafında isə hər yer
su... Başqa heç nə yox idi sanki dünyada. Nə dağlar, meşələr, nə
uca binalar, maşınlar, təyyarələr, nə insanlar, nə heyvanlar...
Ancaq sonsuz səma və sonsuz su... Yorucu həyatdan müvəqqəti
də olsa uzaqlaşıb dincəlmək üçün bundan gözəl nə ola bilərdi?..
Sudan çıxıb kirayə götürdükləri masaya yaxınlaşdı. Uzun
masa düz dənizin kənarına qoyulmuşdu. Sahilə doğru hərəkət
edən xəfif dalğalar bir neçə stulun ayaqlarını isladandan sonra
geri çəkilirdi. Masanın üstü yemək-içməklə dolu idi. Amma
ətrafındakı stullar boş qalmışdılar. Hamı dənizdə çimirdi. Keçib
stulların birində, üzü dənizə tərəf oturdu.
Akifgil artıq beş gün idi ki, gəlmişdilər Bakıya. Bu beş gündə şəhərin neçə görməli yerlərini gəzmişdilər, neçə adlı- sanlı
restoranında nahar etmişdilər.
Bir dəfə də Qusara gəzintiyə getdilər. İbrahim çoxdandır orada
olmamışdı. Şəhər ona əvvəlkindən çox-çox gözəl göründü.
«Şahdağ» istirahət kompleksində xeyli əyləndilər. Sonra yeznəsi
Qabil onları şəhərin girişindəki «Xıdır» restoranına apardı. Burada
məşhur ləzgi çörəyindən, ləzzətli kabablardan, fəsəlidən, müxtəlif
dadlı qutablardan doyunca yedilər. Sağ olsun Akif, onun hesabına
İbrahim bacısını, bacısı uşaqlarını gördü, ləzgilərin dillərdə dastan
olan qonaqpərvərliyinin bir daha şahidi oldu.
Bu il birinci dəfə idİ ki, çimərliyə gəlmişdilər. Amma heç
əvvəllər də belə yerlərə çox gəlmirdilər. Yəni, işdən-gücdən imkan
olmurdu vaxt tapıb gəlməyə.
Bu gün bura gələndə avtomobilləri yol qırağında yerləşən bir
mağazanın qarşısında saxladılar. Burada hər cür çimərlik
geyimləri satılırdı.
Cəmilə özünə, bacısına, qızlara geyim seçirdi. Fəridə nəyəsə
etiraz edir, astadan xısınlaşırdılar. İbrahim belə anladı ki, arvadı
çimərlik geyiminin bir qədər abırlı, yəni qapalı olmağını istəyir.
Axırda İbrahimin ürəyindən keçdi ki, kaş çimərlik geyimlərinin pulunu verə biləydi. Amma bu mümkün deyildi. Onun
cibində qalmış cüzi məbləğ heç təkcə Fəridənin geyiminə
çatmazdı. Odur ki, bütün alınan şeylərin pulunu Akif ödədi və bu
İbrahimin xoşuna gəlmədi...
Onun oturduğu yerdən dənizdəkilər aydın görünürdü. İbrahim təbəssümünü saxlaya bilmədi. Akif suda müxtəlif oyunlar
göstərərək uşaqları güldürürdü. Cəmilə onlardan bir az aralıda
Arzu ilə çimirdi. Kamilə ailə üzvlərindən uzaqlaşıb, ayağı ilə
dayaz yerdə yeriyərək o tərəfdə görünən kiçik qayalıqlara tərəf
getdi. Qayalığın ətrafında cavan oğlanlar gözə dəyirdi.
Bu çimərlikdə su dayaz idi. Amma özünə ev tikən adamlar buradan iri maşınlarla qum daşıdığı üçün bəzi yerlərdə dərin
çökəklər yaranmışdı. İbrahim Akifin arxasınca üzmək istəyən
Cövdətlə Rafaeli ucadan səsləyib xəbərdarlıq etdi:
- Uşaqlar, diqqətli olun, qəfil yarğana düşərsiz. Üzə də
bilmirsiz.
Fəridə Akifgildən bir az aralı, sahilə yaxın çimirdi. Tək idi. Ona
baxan İbrahim dilxor oldu. Arvadı, seçdiyi «abırlı» çimərlik
geyimində aciz və zövqsüz görünürdü. Tez-tez ətrafına boylanırdı.
Yəqin elə düşünürdü ki, bu saat bütün çimərlikdəkilər işlərini-güclərini atıb ona tamaşa edirlər.
Cəmilə isə öz kefində idi. Hamının gözü qarşısında suya girib-çıxır, gah Akifi, gah Rafeti ucadan səsləyərək, qəhqəhə çəkib
gülürdü.
Qeyri-iradi olaraq, bu iki bacını müqayisə etməyə başladı.
Ətrafdakı yad adamların da diqqətini cəlb edən Cəmilə bacısından
çox fərqli idi. Yəni aşkar üstün görünürdü. Gözəlliyinə görə idimi
bu? İbrahim insafını köməyə çağırıb lap azacıq fikirləşdi və qərar
verdi ki, əslinə baxsan. Fəridə Cəmilədən gözəldir. Əlbəttə, əgər
özünə azacıq baxsa, təxminən beş kilo arıqlasa... Bəlkə geydikləri
paltarda idi sirr? Cəmilənin ağappaq sağrılarının bəzi əraziləri
açıqca gözə dəyirdi, Fəridənin isə geyimi daha qapalı idi. Amma
bunlar eyni firmanın paltarları idilər və məsələ onlarda deyildi.
Bəs Cəmiləni bacısından üstün göstərən nə idi axı? Stəkana
süzdüyü meyvə şirəsindən daha bir qurtum içən İbrahim, nəhayət
ki, bunun səbəbini tapdı və yüz faiz əmin oldu ki, düz tapıb. Hə...
Cəmilədə özünəgüvən var idi. Son beş ildə çimərlikdə, bəlkə də,
ilk dəfə olmasına baxmayaraq, özünü sərbəst aparırdı. Fəridə isə...
Sanki hamıdan gizlənməyə çalışırdı. Kompleksli aparırdı özünü.
Niyə? Qarnı azacıq qabağa çıxırdı, ona görəmi? Ancaq bu
çimərlikdə elə qadınlar az deyildi və heç nəyi veclərinə belə
almırdılar. Yaşa görəmi? Burada yetmiş yaşlı qadınlar da vardı...
Yaxşı, o heç!.. Bəs Cəmilənin özünü bu qədər sərbəst, arxayın aparmasının sirri nədə idi? Puluna, imkanına görəmi belə
güvənirdi özünə? Hə, yəqin ki,belə idi. O, bütün maddi
problemlərdən uzaq görünürdü və bu çimərlikdə yalnız istirahət
edib vaxtını xoş keçirmək, bacardığı qədər çox zövq almaq
istəyirdi.
Ancaq... Axı İbrahimgilin də elə böyük problemləri yox
idi..?. Axı hər şey qaydasında gedirdi!?. Qaydasında? Sanki,
birdən-birə anladı ki, yox, heç də hər şey qaydasında deyilmiş.
Ərinin masanın arxasında tək oturduğunu görən Fəridə sudan
çıxaraq onun yanına gəldi. Çəkingənliyi burada da hiss olunurdu.
İri məhrəbanı arxadan çiyninə ataraq, onunla sinəsini bürüdü.
Qıçlarını da, nəyə görəsə, bir-birinə sıxmağa çalışırdı.
- Sən niyə çimmirsən? - deyə soruşdu.
- Uşaqlara baxıram. - İbrahim astadan dedi və dərhal əlavə
etdi. - Sən niyə hamıdan uzağa qaçırsan? Oralarda yarğana düşə
bilərsən.
- Düzünü soruşsan, bir az utanıram, ona görə...
- Burada utanmalı nə var ki!? Hamı bura çimməyə gəlib.
- Bilirəm hamı çimməyə gəlib. Amma ildə bir-iki dəfə oluruq
belə yerlərdə. Bu il də birinci dəfədir.
- Elə Cəmilə də birinci dəfədir gəlir bu il.
- Cəmilədən danışma, o uşaqlıqdan həyasız idi.
Bunu deyib güldü və dənizə tərəf baxdılar. Cəmilə suyun
içində yad kişilərlə voleybol oynayırdı.
- Görürsən, heç nə vecinə deyil. Dərdi yox, səri yox!..
İbrahim indicə düşündüklərini xatırladı. İstədi desin ki, onun
heç bir maddi problemi yoxdur, ona görə də özünü belə aparır.
Amma demədi. Çünki ani olaraq ağlına başqa fikir gəlmişdi.
Deyəsən, iş təkcə maddi problem məsələsində deyildi.
Cəmilənin heç mənəvi problemi də görünmürdü...
- İbrahim, deyirəm Cemagil gedəndən sonra da hər gün
gələrik bura.
Hər gün?! İbrahim kinayə ilə ağzını əydi.
- Hə, nə olar ki! Uşaqların da çox xoşuna gəlir dəniz.
- Mən hər gün sizi bura gətirsəm, bəs kim işləyib bizim üçün pul
qazanacaq?
Bir ay işləməsən dünya dağılar?
Dünya dağılmaz, amma büdcəmiz dağılar.
- Onda biz sənsiz gələrik. Avtobusla...
Fəridə belə desə də, masadan beş-altı metr kənarda dayanmış
«Prado»ya baxıb köksünü ötürdü. İbrahim onun içindən keçirdiklərini
dərhal anladı. Ailəsinin bu qədər uzun yolu isti havada avtobusla gəlib
sadəcə çimmələri ağlına çətin batırdı. Masanın üstündəki təamlara
baxdı. Kabab tikələri, meyvələr, içkilər... Fəridə bütün bunlara
xərclənmiş pulları hesablayırdımı, görəsən?..
Bədənindən acı bir gizilti keçdi. Bir daha anladı ki, onların öz
güzəranlarından razılıqları nisbidir. O, bu vaxta kimi ailəsinin bəsit
yemək-içməyinə, ucuzbəsər geyim-keciminə pulu güclə çatdırmışdı.
Anladı ki, əlavə arzularla birlikdə, bu vaxta qədər haradasa gizlənmiş
problemlər də üzə çıxa bilər. Bir siqaret yandıraraq söhbəti dəyişdi:
- Sabah gələsi olsaq, anamı da gətirərik dənizi görsün.
Fəridə güldü:
- Anan gəlib nə edəcək burda? Dənizə girəcək?
- Dənizə girməyi vacib deyil. Oturub çimənlərə baxar.
- Onun yanında lap çox utanaram. Lazım deyil.
Akif də dənizdən çıxaraq gəldi. «Leksus»dan öz dəsmalını
götürüb çiyninə ataraq, masanın arxasına keçdi.
- Burada niyə oturmuşunuz? Su indi lap əladır.
- Biz də indicə çıxmışıq, - Fəridə dedi.
- Adama yüz vuraq? - Akif İbrahimə baxıb yarımçıq araq
şüşəsinə işarə etdi.
- Hə! - Bu İbrahimin də ürəyindən oldu.
Akif iki stəkana araq süzdü. İçdilər. Bu araq da son günlər Akiflə
içdiyi xarici içkilər kimi ləzzətli idi. Qarpızdan kiçik bir dilim qoparıb ağzına atdı.
Bu vaxt sahildəki qayalıq tərəfdə hay-küy qopdu. Boylanıb
baxanda Cövdətin hansısa yad bir oğlanla tutaşdığını gördülər.
Onların başına bir neçə dəqiqə ərzində xeyli adam toplaşdı.
İbrahim cəld ayağa qalxıb oraya yüyürdü. Rafet Cövdəti güclə
tutub saxlamışdı. O, təxminən özü yaşında gombul bir oğlanı vurmaq
üçün dartınırdı. Atasını görəndən sonra bir az sakitləşdi. İbrahim onun
qolundan tutub masanın yanına gətirdi. Akif hələ öz yerində
oturmuşdu. Fəridə isə həyəcanlı halda ayağa qalxıb onları gözləyirdi.
- Nə olmuşdu? Niyə vuruşurdunuz? - İbrahim acıqlı səslə
oğlundan soruşdu.
Cövdət başını aşağı dikib susurdu.
- Səninlə deyiləm? Nə istəyirdin o oğlandan?
- Kamiləyə sataşırdı. - Cövdət gecdən-gec dilləndi.
- Nə deyirdi ki?
- Əl atırdı ona...
Kamilə gəlib bir az arxada dayanmışdı. Qanı qara idi.
- HƏ, Kama? Doğru deyir? - Akif dönüb qızına baxdı.
Qız, deyəsən, daha çox Cövdətdən incik idi:
- Yox, papa, orada çimirdik. Tanış olduq. Adı Fərhaddır oğlanın.
Atası polis mayorudur. Sadəcə, söhbət edirdik. Cövdət qəfil gəlib onu
vurdu.
İbrahim qızı diqqətlə başdan-ayağa süzdü. Onun çılpaq və sulu
bədəninə bir neçə yerdən qum topaları yapışıb qalmışdı. Kamilə necə
də anasının uşaqlığına oxşayırdı. Hay- küyçü, söz götürməyən, heç
nəyin ağına-bozuna baxmayan...
Qızın sözləri Cövdəti hirsləndirib özündən çıxartdı:
- Niyə yalan danışırsan? O səni yerə yıxmamışdı?
- Yalançı özünsən' - Kamilə çımxırdı. - Biz oynayırdıq. Sənin
gözlərin çox oxumaqdan zəif görür, deyəsən!
Akif bu dəfə Cövdətə tərəf döndü:
- Səbirli ol da, qardaşoğlu. Əvvəlcə bir bax gör iş nə yerdədir, sonra
hərəkət elə. Sən belə xasiyyətlə gələcəkdə heç yana gedib çıxa
bilməzsən. Hər belə şeydən ötrü özündən çıxıb dava salsan, axırın
necə olar?
Cövdət Akifə az qala heyrətlə baxırdı:
- Akif əmi. mən sakit dayanıb göz yummalıydım o əclafın
hərəkətinə?
Akif gülüb başını buladı:
- Yaman dəlisovsan, qardaşoğlu! Qorxuram dərslərini nə qədər
yaxşı oxusan da bu gedişlə özünə karyera qura bilməyəsən. Niyə sakit
dayanmalısan? Sən bura istirahət eləməyə, əylənməyə gəlmisən. Sən
də qızlarla dənizə gir, de- gül, zarafat elə. Cavanlıq həmişə dayanıb
durmayır axı, keçib gedir.
İbrahim, deyəsən, savadsız bacanağının ondan, yəni, ali təhsilli
tarixçidən qat-qat yaxşı yaşamasının sirrini yavaş- yavaş anlamağa
başlayırdı. Amma Akif ona imkan vermədi ki, nəsə düşünsün.
Uşaqları zarafatla dənizə qovlayıb qədəhlərə araq süzdü:
- HƏ, bacanaq, gəl bunu da içək Cövdətin sağlığına. Maşallah,
qeyrətli, cəsarətli uşaqdır. Amma heyif ki, səbirsizdir.
- HƏ, o barədə atasına oxşayıb. - Fəridə bayaqdan ilk dəfə sözə
qarışdı. - Elə şeylərə dözən deyil.
İbrahim heç nə demədən qədəhindəki arağı başına çəkdi.
- Oxuyub nə olacaq Cövdət? - Akif soyumuş kabab tikəsindən
birini götürüb dilləndi.
- Mühəndis.
- Bizimkilərin oxumaqla araları yoxdur. Amma, maşallah,
zirəkdilər. Həyatı anlayırlar. İndi də ki, əsas elə budur. Həyatı
anlayasan, pul qazanmağı bacarasan. Bu beş günlük həyatdan hər cür
ləzzət ala biləsən. Bunun üçün də çalışmaq lazımdır. Gərək risk
edəsən, özünü oda-közə vurasan. Bir də ki, Cövdət kimi hər şeyi
özünə dərd eləməyəsən. Yəni bəzi məsələlərdə dərinə getməyəsən.
Bax, dünyadakı müsəlman ölkələrinin çoxu niyə iqtisadiyyatda geri qalırlar? Niyə yaşayış
səviyyəsində ayaqlaşa bilmirlər Avropa ilə? Hə? Ona görə ki, biz
müsəlmanlar addımbaşı özümüzə bir sərhəd qoymuşuq. Bunu eləmək
olmaz, onu eləmək olmaz, daha nələr!.. Bir də ki, tənbəlik. Ancaq
əlimizi göyə açıb Allahdan ruzi diləyirik. Bunlarla da iş aşmaz axı!
- Vallah, düz deyirsən. Akif qardaş, - Fəridə dedi. - Bizdən bir
mərtəbə aşağıda bir ailə yaşayır. Çox kasıb ailədirlər. Arvadın adı
Bağdagüldür. İşi-gücü hər şeydən ötrü ona- buna dua yazdırmaqdır.
O gün söz düşdü, zəmanədən, kasıbçılıqdan gileyləndim. Mənə
qayıdıb nə desə yaxşıdır? Deyir, ay Fəridə, siz niyə özünüzə ruzi duası
yazdırmırsınız? Gör ha, Akif qardaş, Cövdətin canı üçün biz azı beş
dəfə onlardan yaxşı yaşayırıq. Bu dua məsələsindən isə yerli-dibli
anlayışımız yoxdur. Daha üzünə vurmadım, ürəyimdə dedim ki, ruzi
duasının bir xeyri olsaydı sizə olardı. Günün dua yazdırmaqla keçir,
amma it günündə yaşayırsınız.
- Bax, görürsən? - Akif güldü. - Biz ona görə irəli getmirik. Pul
qazanmağı ayıb bilirik, ancaq ümidimizi bağlayırıq elə gic şeylərə...
Akifə qulaq asmaq xoş idi. O, həqiqətən, yaxşı danışmağı
bacarırdı. Amma İbrahim onun bir az əvvəlki fikirləri ilə tam
razılaşmamışdı:
- Mən bəzi şeyləri sənin kimi düşünmürəm. Düzdür, pul çox
yaxşı şeydir. Amma insana nə lazımdır? Sakit işi, normal ailəsi
olsun, çörəyi, pal-paltarı olsun. Düzdür, Fəridənin dediyi həmin ailə
çox kasıbdır, amma xoşbəxtdirlər. Çünki Allahın verdiyinə qane
olurlar. Biz isə. Fəridə də dedi, şükür, onlardan çox yaxşı dolanırıq.
Elə bir ciddi problemimiz yoxdur.
- Elə demə! - Akif sağ əlinin şəhadət barmağını havada yellədi.
- Sən məndən savadlısan, amma düz danışmırsan. Pulun nə qədər
çox olsa xərcləməyə yeri tapılar. Bax, mən, bilirsən ki, pis
qazanmıram. Amma yenə görürəm ki, nəsə çatmır.
- Nə çatmır ki? - İbrahim heyrətlə dilləndi.
- Nə çatmır? Durub fikirləşsən çox şey! Pulumuz çox olsa hər il
dünyanı gəzərik. Bir neçə ölkədə ev alıb qoyaram. Rafet təzə maşın
istəyir. Üstəlik Kamiləyə maşın almaq, şəxsi sürücü tutmaq...
- İnşallah, bunların hamısını eləyərsən. - İbrahim bunu deyib
yarımçıq araq şüşəsinə baxdı.
- Sən Cövdəti göndərərsən Kazana, əmisi ona iş tapar orda.Sən
bacarmadın, heç olmasa o yaxşı qazansın. Belə quru-quru oxumaqdan
bir şey çıxan deyil.
Qədəhlərə araq süzdü. İbrahim içib, fikirli halda bir siqaret
yandırdı. İndi o, demək olar ki, Akiflə həmfikir idi:
- Düz sözə nə deyəsən, bacanaq. Bu zəmanədə fərli adam odur ki,
yaxşı pul qazansın, özünə yaxşı yaşayış qursun.
- Bax, indi oldun əsl mənim adamım! - Akif bərkdən güldü.
İbrahim də artıq özünü çox yaxşı hiss edirdi. Ona yenə elə gəlirdi
ki, həyat çox gözəldir və bundan sonra daha gözəl olacaq. Nədənsə,
Rövşənlə eyni süfrə arxasında oturduğu anları xatırladı. Bir daha
anladı ki, Rövşən ondan çox-çox aşağı səviyyədə yaşayır. Və yazığı
gəldi Rövşənə...
Cəmilə dənizdən çıxıb qaça-qaça özünü onlara çatdırdı:
- Akifçik, acından öldüm!
Bədənindən su süzülürdü. İbrahim ona baxdı... Baldızında sanki
başdan-ayağa həyat eşqi qaynayırdı. Az qalmışdı ki, yad kişilərlə
voleybol oynadığı üçün onu danlamağa başlasın. Amma indicə Akifin
buna oxşar işlə bağlı Cövdətə tutduğu iradı xatırlayıb susdu.
Akif yumşaq kabab tikəsindən birini götürüb arvadına verdi:
- Al ye, canım!
- Araq da süz! - Cəmilə rus dilində dedi.
- Baş üstə, Cema! - Akif qədəhlərin birinə içki süzdü.
Cəmilə arağı başına çəkdi:
- Arzuya üzmək öyrətmişəm. Dörd-beş metr üzə bilir.
- Afərin! - Akif dedi. - Onda bacına da öyrət üzməyi.
Fəridə büzüşüb oturmuşdu. Albalı şirəsini götürmək üçün ayağa
qalxanda yenə ixtiyarsız olaraq qıçlarını qısdı, çiyninə atdığı böyük
məhrəbanın ucuyla aşağı hissəsini örtdü.
- Fəridə gizlənməyə yer axtarır, amma tapa bilmir. - Cəmilə güləgülə dedi. - Ay qız, bu nədir, oranı-buranı nə bürüyürsən dəsmalla?
Onsuz, nə qədər bürüsən də, hamı bilir ki, altında nə var...
Fəridə bacısının ədəbsiz sözlərindən pul kimi qızardı:
- Həyasızın biri həyasız!
Cəmilə isə yenə gülürdü:
- İndiki zəmanədə utancaq olmaqdan həyasız olmaq yaxşıdır. Düz
deyirəm də, az qalmısan çadraya bürünəsən. Ibrahimdədi təqsirin
hamısı. Yaman pis saxlayır səni. Bakıda yaşaya-yaşaya dənizə
gətirmir.
- Bundan sonra gətirəcəm. - İbrahim şıltaq baldızına söz verdi.
- Hə, onda deməli, bizim ayağımız düşəcək sizə.
- Belə çıxır...
Akif pərt olmuş Fəridəni daha da utandırmamaq üçün başını aşağı
salmışdı. Guya yerə düşmüş nəyisə axtarırdı. Söhbətin dəyişdiyini
görüb dikəldi:
- Şəxsən mənim ayağım yüngüldür, inşallah, hər şey yaxşı olacaq.
Qədəhləri dolduran Cəmilə bu dəfə Fəridə üçün də araq süzdü...
- Nə edirsən, ay qız, mən içən deyiləm. - Fəridə etiraz etdi. - Bir
dəfə İbrahim bircə qurtum vermişdi, birtəhər oldum. Zəhər kimidir.
- Qorxma, bu İbrahim verəndən deyil, əlasındandır.
Axır ki, bacısını da içirtdi. Qarpızdan yeyib mehriban söhbət
etməyə başladılar. İçkidən sonra Fəridənin də dili açılmışdı. Deyib-gülürdü.
- Bu qədər içirsiz, bəs qorxmursuz maşını polis saxlayar?
- Nə içmişik ki, Fəridə bacı! - Akif çiynini çəkdi. - Amma,
saxlasalar da problem yoxdur. Adam var, zəng vuraram, tapşırar.
- Muradçiki deyirsən? - Cəmilə ərindən soruşdu.
- Aha!..
Cəmilə bu dəfə bacısına baxdı:
- Nazir müavinidir. Murad Fuadzadə.
- Polisdə? - Fəridə maraqlandı.
- Yox, amma hər yerdə eşidirlər onu. Akiflə dostdur. Əmisi
uşaqları da Kazanda olur.
- Sizi aparıb Muradla tanış edəcəm. - Akif dedi. - Sonra lazım
olar, hər halda.
- İnşallah. - İbrahim başını razılıqla tərpətdi.
Bu zaman Arzu qaçaraq gəldi:
-Ata, orada bişmiş qarğıdalı satırlar. Bir manat ver də!..
İbrahim özü də anlamadı ki, qızına niyə belə dedi. Cibində cəmi
iki onluq var idi, buna görəmi, ya fikirli olduğuna görəmi?
- Lazım deyil uşaq-muşaqdan qarğıdalı almaq. Xəstəlik- filan
olar.
- Eee... Ay ata, nə xəstəlik?! - qız üz-gözünü turşutdu.
Cəmilə dönüb Arzuya göz vurdu:
- Arzu, atan uşaqlıqda da belə xəsis idi. Ürəyi istəyən ən vacib
şey üçün də bir manat istəyəndə qaçırdı.
Söz İbrahimə bir neçə saniyə sonra çatdı və bayaq Fəri- dənin
qızardığından ikiqat artıq qızardı. Deməli, üstündən iyirmi ildən çox
keçməsinə baxmayaraq, o kiçik və əhəmiyyətsiz əhvalatı Cəmilə də
unutmamışdı.
Fəridə heç, onun onsuz da, həmin söhbətdən xəbəri yox idi.
Amma deyəsən, arvadının atmacasından Akif də bir şey
anlamamışdı. Bəlkə də ona görə ki, bütün diqqəti Arzuda idi. - Qızım, - dedi. - Get mənim maşınımı aç, bardaçokdan nə
qədər istəyirsən götür.
Arzu dərhal «Leksus»a doğru yüyürdü. Cəmilə isə gülməkdən uğunub getmişdi:
- Düz demirəm, İbrahim?
İbrahim də çarəsiz gülümsədi:
- Düz deyirsən, Cema, uşaqlıqda çox xəsis idim.
Fəridə söhbətin nədən getdiyi ilə maraqlanmaq istəyirdi ki,
Akif imkan verməyib qədəhlərin dördünü də doldurdu:
- Hə, İbrahim, axırıncı sağlığı da sən de, çıxıb gedək.
İbrahim qarşısındakı qədəhi dərhal əlinə götürdü:
- Şəxsən sənin sağlığına, Akif! Mən səndən çox razıyam.
Səninlə fəxr edirəm. Sən çox yaxşı adamsan. Allah sənin ruzini həmişə belə bol eləsin!
- Sizin də! - Akif qədəhini onunku ilə toqquşdurdu. - Qoy
ən pis günümüz belə olsun!
- Amin!
Bir azdan günəş batacaqdı. Getmək lazım idi. Amma
uşaqlar heç dənizdən çıxmaq istəmirdilər.

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin