Yaman yorulmuşdu. Dincəlmək istəyirdi. Amma
onu da bilirdi ki, uzun-uzun illər yatıb dincəlsə belə,
bu yorğunluq canından çıxmayacaq. Ona əbədi
dinclik və sakitlik lazım idi...İbrahim bu gün «Prado»nun sükanı arxasında oturub, xeyli
məsafə qət etmişdi. Amma heç yorulmamışdı. Niyə də
yorulmalıydı axı? Əksinə, avtomobildəki əvəzsiz komfort, rahat
idarəetmə ona sonsuz zövq verirdi.
Sanki başqa bir aləmdə idi. Əvvəllər nə vaxtsa yalnız xəyalına
gətirə biləcəyi bir aləmdə. Hə, dəfələrlə xəyalına gətirmişdi belə
səhnələri. Yuxu kimi, xülya kimi... Və indi çin olmuşdu o
yuxular. Altında dəbdə olan gözəl avtomobil, ailəsinin bütün
üzvləri yanında... Deyə-deyə, gülə-gülə kəndə toya gedirlər.
Əyin-başları, maşallah, lap yaxşıdır. Hər halda, kənddəki
qohumların marağına və qibtəsinə səbəb olacaq dərəcədə yaxşı...
Cibi də boş deyil, şükür allaha. Rayona olan bu xoş səfəri yola
verə biləcək qədər pulu var Üç yüz əlli manat... Akifgilin ona
hədiyyə gətirdiyi qızıl alışqanı hamıdan gizlin zərgərə apararaq
satmışdı. Bir sözlə, əhval-ruhiyyəsi bu gün çox əla idi.
Akifgil Bakıya gələndən İbrahim bu günlə yaşamağa başlamışdı. Ancaq bu günlə... Nə keçmiş barədə düşünmək istəyirdi,
nə gələcək barədə. Çünki, keçmiş dumanlı idi, gələcək qaranlıq...
Bu vaxta qədər isə ancaq gələcəklə yaşamışdı İbrahim. Yəni,
firavan gələcək barədə ümidlərlə. Bu çox sərfəli yaşamaq metodu
idi. Bu gününə döz, həm də hər şey yaxşı imiş kimi rahatlıqla döz,
çünki gələcək daha yaxşı olacaq. Anası demişkən, qışdan qorxma,
arxasınca yaz gəlir, payızdan qorx ki, arxasınca qış gəlir.
O da gələcəyə yaz kimi baxmışdı. Düşünmüşdü ki, gələcəkdə
hər şey yaxşı olacaq. Dünya düzələcək, o özünə yaxşı iş tapıb
çoxlu pul qazanacaq. Cövdət ali məktəbi bitirib böyük vəzifələrdə
çalışacaq. Elə Arzu da... Ümumiyyətlə, gələcək həmişə çox işıqlı
görünmüşdü ona.
İnsanlar əslində üç qrupa ayrılırdılar. Keçmişlə yaşayanlar, bu
günlə yaşayanlar, gələcəklə yaşayanlar. İbrahimin əvvəlki
əqidəsinə görə, keçmişlə yaşayanlar bədbəxtlər, bu günlə
yaşayanlar əhlikeflər, gələcəklə yaşayanlar isə ağıllı adamlar
idilər. Amma indi bu barədə düşüncələri bir qədər dəyişmişdi.
Fikirləşirdi ki, gələcəklə yaşayanlar bu günü olmayan
bədbəxtlərdir. Elə bədbəxtlər ki, onlar öz bədbəxtliklərini
bilmirlər. Çünki, gələcək deyilən şey, hələ ki, xəyaldan başqa bir
şey deyil. Onu ancaq xəyalın gücüylə təsəvvür etmək olar. Və bu
zaman o pis də görünə bilər, yaxşı da.
Yaxşı, bəs xoşbəxt insan kimlərə demək olardı? Hə, xoşbəxt
insan o kəslərə demək olardı ki, onların gözəl bu günü var və
xəyallarında da gələcək işıqlı görünür. İbrahim isə bu kəslərdən
deyildi, hər halda. Çünki, bu günü gözəl olsa da gələcəyi qaranlıq
görünürdü. Əşi, nə isə!.. Doğrudan da lazım deyilmiş gələcək
barədə düşünmək. Əgər bu günün yaxşıdırsa, deməli hər şey
yaxşıdır, vəssalam...
Ağ «Leksus» arxadan ona çatıb ötməyə cəhd etdi. Bu zaman
Kamilə pəncərədən onlara meymunluq hərəkətləri göstərməyə
başladı. Arzu da xalası qızına eyni hərəkətlə cavab verib
maşındakıları güldürdü. Sonra «Prado» yenə qabağa keçdi və
Kamilə daha görünmədi.
Yol boyu Akifin sürdüyü «Leksus» onu izləyərək düz arxasınca gəlmişdi. Hərdən məzə üçün yarışmışdılar da. İki təzə,
yaraşıqlı və əzəmətli avtomobilin bir-birini qova-qova asfalt
yolda şütüməsi uşaqlara da, Fəridəyə də, elə Münəv- vər arvada
da ləzzət verirdi.
«Jiquli»də oturanda həmişə oğluna «Allah xatirinə yavaş sür»
deyən anası indi dinib-danışmır, pəncərədən yol ətrafındakı
mənzərələri həvəslə seyr edirdi.
Hə, hamı sevinirdi və onların sevincinə səbəb olan daha bir
vacib məsələ kəndə toya getmələri idi. Fəridənin qardaşı oğlu
İlyasın toyuna gedirdilər. Toy sabah yox, birisigün olacaqdı.
- Çatdıq rayonumuza! - Arzu ucadan səsləndi.
- Hə, bir azdan kəndə də çatacağıq, - anası dedi.
- Həyəti görmək üçün elə tələsirəm ki... - Münəvvər arvad
yanıqlı səslə dilləndi. - Elə bilirəm yüz ildi çıxmışam ordan.
İbrahimin ata yurdu boş qalmışdı. Heç kəs yaşamırdı indi o
həyətdə. Evin qapısını qıfıllayıb həyəti də qonşuya tapşırmışdılar.
Fəridənin anasıgilə. Onlar baxırdı həyət-bacaya. Otunu biçirdilər,
meyvəsini dərirdilər.
İbrahimgillə olsaydı, bir neçə gün daha əvvəl gələrdilər kəndə.
Çünki kənd toyunun ləzzəti özündən daha çox onun bir həftə
əvvəldən başlanan hazırlığında idi. Amma buna Cəmilə razı
olmamışdı. Demişdi, bir aylıq gəlmişik Azərbaycana, vaxtımızın
çoxunu kənddə niyə keçirək?..
Daha bir az sonra uzaqdan Yovşanlı təpə göründü. Kiçik beton
körpünün üstündən keçdilər və bu da İbrahimin doğma kəndi...
Maraqlıdır, Bakıda yaşadığı müddətdə bu kənd üçün o qədər də
darıxmamışdı. Bəlkə də ona görə ki, bir vaxt bu kəndin dərələrini,
təpələrini, meşələrini doyunca gəzməmişdi. Adamları ilə
qaynayıb-qarışmamışdı. Bakıya gələndən sonra da yalnız yay
vaxtı cəhənnəm istiləri özünü göstərəndə sərin, kölgəlik həyətləri
yadına düşmüşdü. İndi isə həvəslə girirdi kəndə. İki bahalı
avtomobil, fərəh içində olan iki ailə, geyim-kecim, dəm-dəsgah...
Kəndə girən kimi bulaqdan səhənglə su aparan qadına rast
gəldilər. Qadının arxası onlara tərəf olsa da Fəridə onu dərhal
tanıdı:
- Bu İradə deyil? - dedi və dərhal ərinə baxdı. - Saxla, onunla
görüşüm.
İbrahim əyləci basıb avtomobili torpaq yolda saxladı. İradə
onların sinif yoldaşı olmuşdu. Evləri də Fəridəgilin evinə lap
yaxın idi. Onu bir azdan, onsuz da, toy evində görəcəkdilər.
Arvadının maşını burada saxlatdırıb yerə enməsinin səbəbini
İbrahim yaxşı anlayırdı. Arvadı istəyirdi ki, İradə onun kəndə
necə bir maşında gəldiyini görsün. Və əlbəttə, həm də necə
geyinib-kecindiyini. Təzə və gözəl paltarlar, bahalı üzük...
İradəni səsləyib dayandırdı. Öpüşüb-görüşdülər. İradə
«Prado»ya və arxadan ona çatıb dayanan «Leksus»a ani nəzər
salıb Fəridə ilə hal-əhval tutmağa başladı.
- İradədir bu?
Fikirdən ayılan Münəvvər arvad dilləndi. Deyəsən, o da yerə
enmək istəyirdi. Amma Fəridə tez qayıtdı və maşınlar yola
düşüb su aparan qadını arxada qoydular.
Ömərgilin darvazasının qarşısında iki dəfə siqnal verdi.
Küçəyə çıxan qarayanız bir qız duruxub maşınlara təəccüblə
baxdı. Bu, Ömərin qızı Fəzilə idi. Fəridə maşından enəndə qız
onu tanıyıb həyətə qaçdı:
- Ata, bibimgil gəldilər!
İbrahim də təmkinlə yerə endi və «Prado»nu hələlik küçədə
saxlamaq qərarına gəlib həyətə keçdi. O birilər də onun
arxasınca gəlirdilər. Şadlıqdan doğan səs-küy həyəti bürüdü.
Feyzi kişi, Gülyanaq arvad. Ömər, arvadı Rəbiyə, uşaqları
İlyas, Azad, Fəzilə qonaqlara əməlli-başlı hücum çəkdilər.
Marçamarç öpüşmələr, qucaqlaşmalar...
İbrahim baxıb gördü ki, qayınanası da, Rəbiyə də, hətta Ömərin özü də Akifgiiln gəlişinə daha böyük önəm verirlər.
Gülyanaq arvad Akifi bərk-bərk bağrına basmışdı və buraxmaq
istəmirdi:
- Gələn ayaqlarına qurban olum, ay Akif!
Ancaq İbrahimin yaxşı yadındaydı ki, o vaxt əsgərliyini yeni
bitirmiş Akif Cəmiləni Bakıya qaçıranda Gülyanaq arvad onun
dalınca nələr deyirdi: «Oğraş köpək oğlu! Qəhbənin qarnından
çıxan! Dayan bir, əyər əlimə keçsən səni çit kimi cırmasam, mənə
Gülyanaq deməsinlər. Bircə elə ermənimiz əskik idi...»
İbrahimi də öpdü, amma «xala xətrin qalmasın» oldu bu öpüş.
Onu tez buraxıb qızlarının üstünə getdi. Rastına birinci Fəridə
çıxdığı üçün onu qucaqladı. Sonra qızında geyim-kecim sarıdan
bir irəliləyiş hiss edib ona atüstü nəzər saldı:
-Maşallah, yaxşısan...
Əyninə dar şalvar və yarıçılpaq köynək geyinmiş Cəmiləni isə
sinəsinə basıb duz kimi yaladı:
- Harda qalmısan, ay qərib balam? Ay xanım-xatın balam!
Baba ilə nənə Akifin uşaqlarını çətinliklə tanıdılar:
- Bu Rafet balamızdı?
- Bu Kamilə canı ölməmiş deyil?
Səsə gəlmiş qonşular da bu görüşün tamaşasına durmuşdular.
Gülyanaq arvad axırda qudası Münəvvərlə də ağızucu öpüşdü:
- Sən də ki, buranı bəyənmədin. Gedib oldun şəhərli. Özünə
qızım qulluq edir, həyətinə mən...
Evin qarşısındakı tut ağacının kölgəsinə keçdilər. Ömər qaçıb
tövlədən bir toğlu çıxartdı. Onu yerə yıxıb kəsəndə uşaqlar dərhal
başına yığışdılar.
Artıq bir neçə dəqiqə sonra qoyun tut ağacının budağındakı
qarmaqdan asılmışdı. Ömər əlindəki bıçağı İbrahimə uzatdı:
- Al qoyunu sən soy, mən kabab üçün ocaq yeri düzəldim.
İbrahim, heç vaxt qoyun soymamışdı. Amma qeyri- ixtiyari
olaraq bıçağı əlinə aldı. Onu narahat edən əsas əynindəki paltar
idi. Qorxurdu ki, üst-başına ləkə düşə. Ömründə ilk dəfə idi ki,
belə bahalı paltar geyinmişdi.
Sonra birdən-birə başqa şey fikirləşdi. Fikirləşdi ki, Ömər
niyə axı qoyun soymağı qəssab oğlu qəssab Akifə yox, müəllim
oğlu tarixçi İbrahimə tapşırır? Qanı qaraldı. Ürəyində qaynının
yeddi arxa dönəninə söydü. Və yalnız bundan sonra xatırladı ki,
Akif indi qəssab deyil, bəxti gətirmiş imkanlı iş adamıdır. O isə
tarixçi-filan yox, sadəcə taksi şoferidir.
Hə... Boş yerə qan qaraltmağa dəyməzdi. Nə olmuşdu ki...
Bura Fəridənin ata evi idi. Onun da öz evi sayılırdı.
Qoyunu ayağından soymağa başladı. Amma quyruğa çatan
kimi çətinlik ortaya çıxdı. Gah dərini kəsir, gah da quyruq piyinin
bir hissəsini dəridə qoyurdu. Bunu görən Akif irəli yeriyib bıçağı
ondan aldı:
- Ver bura görüm ə, səndən qoyun soyan olmaz!
Və özü dərini xüsusi incəliklə quyruq ətindən ayırmağa
başladı. İbrahim düşündü ki, bu Akif həqiqətən yaxşı adamdır. Bu
qədər pulu-imkanı olduğu halda qudurub- eləməyib. Ömərə olan
acığı da soyuyub getdi.
Elə bu vaxt ocaq yeri hazırlayan Ömər işini buraxıb onların
yanma gəldi:
- Bu nədir, Akif, sən nə zəhmət çəkirsən!?
- Nə edirəm? - Akif güldü. - Qoyun soyuram da! Qəssabın işi
nədir, qoyun soymaq, doğramaq.
- Vallah üstünü bulayacaqsan... - Ömər bunu deyib evə tərəf
səsləndi: - Ay uşaq, ordan Akif əmi üçün mənim köynəklərimdən
birini gətirin.
- Ə, heç nə lazım deyil. Bu saat qurtaracam. - Akif dedi.
Əti birlikdə doğradılar. Daha doğrusu, İbrahim Akifin ustalığına tamaşa edirdi. Tikələnmiş ətin duzu, istiotu vurulanda bir
qədər aralıda qalanmış tonqal da közə düşdü. Akif əti şişə çəkib
İbrahimə verir, İbrahim isə şişləri közün üstünə düzürdü.
Həyətdə hər kəs bir işin hayında idi. Evdən həyətə stul daşıyan
kim, süfrəni təmizləyib qab-qacaq düzən kim. Gülyanaq arvad qızı
Cəmiləni hamıdan kənara çəkmişdi. Bayaqdan xısın-xısın nəsə
danışırdı. Fəridə də həyətə endi. Dikdaban ayaqqabısında asta və
nazlı yerişlə masaya yaxınlaşdı. Təzə aldıqları jaketi çiyninə atmışdı.
- Kabab bişirirsiz? - deyə soruşdu.
-Hə...
- Aaa! Nə yaxşı!
- Kabab qadınların ən çox sevdiyi yeməkdir, - İbrahim dedi. -
Çünki onu kişilər bişirir, qadınlar da əziyyət çəkmədən yeyirlər.
- Həmişə yeməyi biz bişirməyəcəyik ki! - Fəridə güldü. - Siz də
hərdən işə yarayın. Elə deyil, Akif?
- Elədir, Fəridə bacı. - Akif əlinin arxasıyla alnının tərini sildi.
Süfrə hazır olan kimi hamı masa arxasında öz yerini tutdu. Evdə
Rafetin telefonundakı şəkillərə baxan uşaqları da səslədilər. Akif
Bakıdan özüylə yaxşı vodkalar, pivə, konyak gətirmişdi. Ömər də
süfrəyə özünün həyətdə çəkdiyi zoğal arağından qoydu. ,
Başda Feyzi kişi oturmuşdu. Ömərlə İbrahim isə onun sağsolunda. Ömər nə qədər səy göstərsə də Akifi başa keçirə bilmədi. O
lap ayaqda, uşaqların yanında özünə yer elədi.
- Mən közdə qalan şişlərə nəzarət edəcəm, - dedi. - Tez- tez
duracam, siz işinizdə olun.
Ömər ilk badəni qonaqların sağlığına qaldırdı. Amma nədənsə
üzü yalnız Akifə baxırdı və daha çox ondan danışırdı. Sonra məclisi
Akif özü ələ aldı. Necə də gözəl danışırdı. Hamının diqqətini cəlb
etməyi bacarırdı, hamını güldürə bilirdi. İbrahim çox istəyərdi ki, özünü onun kimi sərbəst apara bilsin,
onun kimi deyib-gülə bilsin.
Nəhayət, o da söz demək üçün ayağa qalxdı:
- Birisi gün, Allah qoysa, İlyas balamızın toyudur. Bizim bura
yığılmağımıza səbəbkar odur. İnanın, bu gün bir yerdə olmağımıza
çox sevinirəm. Mən istəyirəm ki, gələcəkdə uşaqlarımız, da belə
mehriban olsunlar. Cövdətə demişəm. Demişəm ki, Rafet də, İlyas
da, Azad da sənin qardaşlarındır. Kamilə də, Fəzilə də eynən Arzu
kimi bacındır...
Bayaqdan səsi çıxmayan və sakit oturub yumşaq kabab
tikələrindən birini dişinə çəkən Münəvvər arvad, onun sözünə qüvvət
verirmiş kimi əlavə etdi:
- Elə Rəna da, Gülşən də...
Hə, bunlar İbrahimin Qusarda yaşayan bacısı Çiçəyin qızları
idilər. Gərək onların da adını çəkəydi...
- Əlbəttə! - dedi. - Onlar da bacısıdır Cövdətin. Allah hamısının
ömrünü uzun eləsin, gününü xoş eləsin. Qohum qohumu unutmasın
gərək. Pis gündə də, yaxşı gündə də dayaq olsun bir-birlərinə.
Cəmilə yerdən söz atdı:
- Akif deyir, Cövdət universiteti bitirən kimi gəlsin Kazana, ona
öz yanımda iş verəcəm.
Bu sözlər Fəridənin də, Cövdətin özünün də canına yağ kimi
yayıldı. Amma Rəbiyəyə xoş gəlmədi, deyəsən:
- Əvvəl İlyası aparar yanına, inşallah. Cövdətin məktəbi
bitirməyinə çox var hələ.
Fəridə demişdi ki, Rəbiyəgil İlyasa Akifin qızını almaq
istəyirlərmiş. Kamiləni... Amma Cəmilə razı olmayıb buna. Deyib ki,
İlyas qardaşımın oğludur, ancaq mən Kamanı Rəbiyənin gəlini eləyə
bilmərəm. Getsin, tayını tapsın. Buna da səbəb Rəbiyənin kənddə
kimlərəsə Cəmilə barədə dediyi nalayiq sözlər olubmuş. Rəbiyə
deyibmiş ki, Cəmilə gündə bir kişi ilə gəzir, heç uşaqları da Akifdən
deyil, allah bilir kimlərdəndir.
İbrahim bu sözləri Fəridədən eşidəndə əsəbiləşmişdi. Demişdi ki,
eyibdir, namuslu qadın dedi-qodu ilə məşğul olmaz. Doğrudan da.
insan nə qədər haqsız, ədalətsiz ola bilərmiş. Adama deyərlər, ay
filan-filanın qızı. Cəmilə kiminsə ahında yatanda yanında olmusan?
Yaxşı deyildi axı. Bir də ki, camaatın gözü kor deyildi. Hamı görürdü
ki. Rafet də. Kamilə də Akifə necə oxşayırlar...
Rəbiyənin atmacasına cavab verən olmadığı üçün İbrahim özü
dillənməyə məcbur oldu:
- Allah qoysa...
Ömərin toyqabağı verdiyi kabab qonaqlığından sonra İbrahim,
Akif və arvadları İbrahimgilin həyətinə keçdilər. Uşaqlar da
dallarınca gəlirdi. Rəbiyəgil iş-güc çox olduğu üçün onlara qoşula
bilmədilər.
İbrahim özünü birdən-birə qərib ölkədən vətənə düşmüş kimi hiss
etdi. Uzaq uşaqlıq xatirələrindən xəbər verən ikimərtəbəli ev, yaşıllığa bürünmüş geniş həyət, atasının əkdiyi meyvə ağacları...
Qoz ağacının altında dayandılar. Həmin qoz ağacının... Yağışdan qardan artıq çürümək üzrə olan taxta masa da öz yerində qalmışdı.
- O günlər yadındadı? - Akif gülər üzlə soruşdu.
İbrahim isə bir az qəmlənmişdi.
- Əlbəttə ki! - dedi. - Gündə üç dəfə yemək vaxtı bu masanın
arxasında otururduq. Sonra isə atamla Zakir əmi nərd oynayırdılar
burada.
- HƏ... Allah hər ikisinə rəhmət eləsin! - Akif köks ötürdü.
Məlihə xalanın isə adını çəkmək istəmədi İbrahim. Düşündü ki,
Akifin acığı gələ bilər. O, ümumiyyətlə, anası barədə heç nə
danışmamışdı gələndən.
Düz bir il bundan əvvəl qoyub getdiyi həyətə, evə tamaşa elədi.
Ağaclar bir az da böyümüşdülər, uzanmışdılar. Bir çoxu meyvə
gətirmişdi. Ev isə sanki bir az da köhnəlmişdi.
Derrtəli, doğma həyəti bu qışı da İbrahimsiz keçirmişdi. İbrahim
nə bu ağacların yarpaqsız, çılpaq qaldığını görmüşdü, nə də həyətin
başdan-başa qarla örtüldüyünü.
Ona elə gəldi ki, ölümün nə olduğunu dərk eləyir artıq. Bəli, ölüm
sadəcə yoxluq idi, vəssalam. Sən yoxsan, amma həyat davam edir.
Sənsiz davam edir. Bax, bu həyət kimi. İbrahim bir il idi bu həyətə
gəlmirdi. Amma həyət öz ömrünü onsuz da adi qaydada yaşamışdı
bu bir ildə. Təkcə həyət yox, adamlar da. Feyzi əmi, Gülyanaq xala,
Ömər, uşaqları...
İbrahim həmin bu bir ildə Bakıda olmuşdu, yaşamışdı, ailəsinə
çörək qazanmaq üçün səhərdən axşama kimi işləmişdi. Amma bu
həyətə ayağı belə dəyməmişdi. Bu həyətdə, bu kənddə baş
verənlərdən xəbərdar olmamışdı. Ölmüş olsaydı da belə olacaqdı...
- Gəlin gəzə-gəzə gedək Yovşanlı təpəyə, - Cəmilə təklif etdi.
- Oranın adını hələ unutmamısan? - Akif təbəssümlə soruşdu.
- Yox, heç unudaram?..
İbrahim məftillə bərk-bərk bağlanmış arxa qapını birtəhər açdı.
Oradan çıxıb təpəyə doğru getməyə başladılar.
Yol boyu yanaşı addımlayan bacılar astadan söhbət edirdilər.
Amma İbrahim onların səsini eşidə bilirdi.
- Oğlunu sizin boynunuza yıxmaq istəyir qancıq, — Fəridə dedi.
Cəmilə ona gec cavab verdi:
- Elə bilir mənim haqqımda danışdıqlarından xəbərim yoxdur
da!.. İlyas üçün nə eləsək Ömərə görə edəcəyik. Toya da anaya görə,
Ömərə görə gəlmişik. Rəbiyə haranın tulasıdır ki!?
- Ona da nəsə gətirmisiz?
- Rəbiyəyə?
- Hə...
- Yox. Bır dənə baş yaylığıdır, bir dənə də duxi. Onları da Akif
özü aldı. Dedi, yaxşı deyil, inciyər.
- Bəs o birilərə?
- Sən deyən elə şey gətirməmişik. Kənd yeridir də... Hərəsi
üçün bir az pal-paltar aldıq. Bir də gəlinə qızıl boyunbağı. Toy
günü özüm taxacanı boynuna.
- Babat şeydir?
- Pis deyil, məncə. İki minə almışıq. İndi, evə qayıdanda
göstərərəm.
- Mən əvvəldən üç metrlik xara parça almışdım. Onu
götürmüşəm. Bir də gəlin üçün kofta...
- Sizdən elə böyük şey gözləyən də yoxdur. İmkanınızı bilirlər.
Amma biz nəsə gözəgörünən bir şey verməsək yaxşı alınmaz.
-Hə...
Yovşanlı təpəyə çatdılar. Bir az əvvəl Ömərin deməyinə görə,
indi bu kolluq sahələr bələdiyyə torpaqlarına aid idi və kənd
bələdiyyəsi buranı yenə camaatın qoyunlarının otla- ması üçün
ayırmışdı.
Təpədən üzüaşağı uzanan kolluqlar xeyli sıxlaşmışdı. İbrahim
bunun səbəbini tez anladı. Deməli, kəndə qaz çəkildiyi üçün qışda
odun qıranların sayı azalıbmış.
İri palıd ağacı da öz yerində idi. Söhbət edə-edə aşağı endilər.
Sol tərəfə gedən cığırı tutub addımlayanda iki kolun arasında qalan
dar və xəlvət yer diqqətlərini cəlb etdi. Bura həmin yer idi. Amma
ətrafındakı kollar böyüdüyü üçün bir az da daralmışdı.
İbrahim bu yerlə bağlı olan o əhvalatı xatırladı. İyirmi ildən çox
keçmişdi o əhvalatdan. Amma hər şey dəqiq yadın- daydı. Sanki,
lap bu gün olubmuş kimi...
Həyətlərində Məlihə onun başını öz sinəsinə sıxdı. «Bir vaxt
gələcək, məni anlayacaqsan» dedi. Üstündən nə qədər keçmişdi o
söhbətin? İyirmi il? Yox, daha çox... Amma İbrahim hələ də heç nə
anlamamışdı. Nəyi anlamalıydı axı?...
Və nədənsə, eyni zamanda başqa bir əhvalatı da xatırladı
İbrahim. O vaxt Akifin Cəmiləyə bir manat pul verməsini.
Cəmilə halva almaq istəyirdi və bunun üçün lazım olan pulu çox
asanlıqla qazana bildi. Sadəcə, Akifin ona baxmasına icazə
verməklə...
Amma ən maraqlısı bu deyildi. Ən maraqlısı və hətta ən
qəribəsi bu idi ki, o əhvalatdan sonra İbrahim daha Cəmiləyə
baxmağa cəsarət etmədi. Çünki, qız özü belə hökm vermişdi.
Çünki İbrahim bu «səadətə» nail olmaq üçün tələb olunan pulu
ödəməmişdi.
Akif isə xoşuna gələn qıza doyunca baxmaq səlahiyyəti
qazandı. Çünki, o istəyinə nail olmaq yolunda heç nədən
çəkinmirdi, heç nədən utanmırdı. Elə Cəmilə kimi...
Amma o vaxt İbrahimin pulu olsaydı da verməyəcəkdi
Cəmiləyə. Hər halda, o iş üçün verməyəcəkdi. Verə bilməyəcəkdi.
Valideynlərindən aldığı sərt tərbiyəsi mane olacaqdı buna.
Bəli, o belə idi... Hələ uşaqlıqdan yan-yörəsinə çəkilmiş
keçilməz sərhədin içində qalmışdı və oradan qorxa-qorxa,
tərəddüdlə boylanırdı ətrafa...
Bir dəfə... Məlihə xalagilin onlara qonaq gəldiyi yay aylarından bir il, ya iki il əvvəl idi. Ondan bir yaş böyük olan
kəndçiləri Şücaət İbrahimi «yoldan çıxartdı». Dedi ki, gedək ərik
bağlarından ərik dərib sataq, pul qazanaq. O vaxt şəhərdən kəndə
maşınla gəlib meyvə alanlar çox olurdu. İbrahim bir az tərəddüd
edib razılaşdı. Gedib keçmiş kolxoz bağından hərəsi bir vedrə ərik
dərdi. Elə həmin gün dərdiklərini vedrəsi iki manatdan satdılar.
Bu iki manat İbrahimin həyatında ilk qazancı idi...
Axşam bunu sevincək halda anasına dedi. Anası da atasına
xəbər verdi. İbrahim gözləyirdi ki, onun pul qazanmasına
valideynləri də sevinəcək. Amma əksinə oldu. Tariyel müəllim
oğlunun qulağının dibinə bir yağlı şillə vurub, üstündən də uzun
bir «nəsihətnamə» söylədi:
- Xalqın balalarına mən nəsihət verirəm, sən gedib alver
eləyirsən indidən köpək oğlu? Meyvə alverçisi olmaq istəyirsən?
Sənə deməmişəm ki, başını sal aşağı, dərsini oxu, başqa uşaqlara
qoşulma!? Pul qazanmaq istəyirsən? Birincisi, mən səni
dolandırıram, heç nəyin də əskik deyil. İkincisi, gələcəkdə
doğrudan da pul qazanmaq istəyirsənsə boş vaxt keçirmə,
dərslərini oxu. Get bir məktəbə gir, müəllim ol, həkim ol,
mühəndis ol, dövlət sənə aylıq maaş versin. Sən öləsən, bir də səni
o Şücaətə qoşulan görsəm, qabırğalarını sındıracam... Pul
qazanan olub mənim üçün küçük!..
Qazandığı iki manatı da tutub əlindən aldılar və həyətdən
çıxmağı qadağan elədilər İbrahimə. Bu ona bir dərs oldu.
Birdəfəlik anladı ki, insan heç vaxt özünə yeni yollar axtarmamalıdır. Onun üçün hansı yolu seçiblərsə, başını aşağı salıb
həmin yolla getməlidir...
HƏ... Cəmilə... Cema...
Akiflə bağlı həmin əhvalatın səhəri günü Cəmilə yenə onların
həyətinə gəldi. Əlində də bir böyük parça günəbaxan halvası var
idi. Mağazadan birbaşa onların həyətinə gəlmişdi ki, anası halvanı
görməsin. Amma həmin vaxt Fəridə də İbrahimgilin həyətinə
gəlmişdi və bacısının əlində halvanı gördü. Cəmilə halvadan
parça-parça qoparıb ağzına qoyur, iştahla yeyirdi.
- Özün aldın? - Fəridə onun üstünə yüyürüb soruşdu.
- Hə. - Cəmilə «halal zəhmətilə» qazandığı malı daha ondan
gizlədə bilmədi.
- Pulu ata verdi?
-Yox.
-Ana?
-Yox.
- Bəs hardan tapdın pulu?
- O vaxt verdiklərindən gizləyib saxlamışdım.
- Mənə də ver halvadan.
- Verməyəcəm.
- Sən allah, bir az mənə də ver, qurban olaram. Bacın
deyiləm?
- Yaxşı. Ancaq anagilə deməyəcəksən.
- Demərəm.
Cəmilə halvadan lap kiçik bir parça kəsib bacısına verdi.
- Bu azdır axı!? - fəridə dodağım büzdü.
- Sən az yeməlisən. - Cəmilə ədalı şəkildə izah etdi. - Çünki
halvanı mən öz pulumla almışam. Sən alsaydın çoxunu sən
yeyərdin...
İbrahim o əhvalata görə Cəmiləni qınamaq fikrində deyildi.
Uşaq idi Cəmilə o vaxt. Elə Akif də... Amma uşaq da olsalar,
genlərindən gəlmə xüsusiyyətlər, aldıqları tərbiyə İbrahimkindən
fərqli idi. Onlar ətraflarına çəkilmiş çox zəif sərhədi istədikləri
vaxt ayaqlayıb keçə bilirdilər. Arzularına yetişmək üçün...
İbrahim son bir həftədə həyatın bəzi sirlərini anlamağa
başlamışdı. Kim bilir, bəlkə nə vaxtsa Məlihənin ona dediyi
həmin sirli sözlərin də mənasını anlayacaqdı. Bəlkə əlli yaşında,
bəlkə daha gec, axır ki, anlayacaqdı. Ya bəlkə də... Bəlkə də o
sözlərin mənasını anlamamış ölüb gedəcəkdi bu dünyadan?..
Akif də, Cəmilə də iki kolluğun arasında qalmış dar yerə
baxırdılar. Bu vəziyyətdən özünü narahat hiss edən İbrahim cəld
geri döndü:
- Gəlin təpənin üstünə qayıdıb o tərəflərə baxaq, - dedi.
Səhəri gün iş başdan aşırdı. Toy üçün mağar quruldu, malqoyun kəsildi, qab-qacaqlar hazırlandı. Sonra çalğıçılar gəlib
çıxdılar. Qara zurnanın, nağaranın səsi kəndə yayıldı. Qızgəlinlər bu səsi eşidən kimi yüyürüşüb gəldilər.
Son vaxtlar kənd camaatı da toy eləyəndə gedib rayon
mərkəzindəki şadlıq sarayında eləyirdilər. Bu onlara hərtərəfli
rahat başa gəlirdi. Nə həyətdə əziyyət çəkib toyxana qururdular,
nə mal-qara kəsirdilər, nə də qab-qacaq bulaşdırırdılar. Əl-ayaqları təmiz, gedib üç-dörd saata toyu başa vurur, qayıdıb evlərinə gəlirdilər. Amma bununla əsl toy adətləri
ölüb getmiş, heç nəyin ləzzəti qalmamışdı.
Sağ olsun Ömər, itib-batmaq üzrə olan adətləri geri qaytarmışdı.
Çalğıçılar çala-çala həyətə girəndə onları dərhal toyxanaya girməyə
qoymadılar və düz evin qarşısında kiçik rəqs meydançası quruldu.
Zurnanın zil səsinə sümükləri oynayan qızlar-qadmlar ortaya
girdilər.
İbrahim küçə tərəfdə bir neçə tay-tuşuyla dayanmışdı və
çərçivəsinə qırmızı parça bağlanmış açıq darvazadan rəqs edənlərə
baxırdı.
İndi Arzugil rəqs edirdi. Arzu, Kamilə, Fəzilə və bir az əvvəl
Qusardan gəlib çıxmış Çiçəyin qızları. İbrahimin diqqəti əsas Arzu
ilə Kamilədə qalmışdı. Arzu çox şən və sərbəst idi. Elə ona görə də
yaxşı oynayırdı. Kamilənin rəqsi isə daha maraqlı idi. İdman
stilində geyinmiş qız, yəqin ki, rus rəqslərinə daha çox alışmışdı və
burada müəyyən qədər Arzunu yamsılamağa çalışırdı. Amma
nəticə pis deyildi. Əsas odur ki, ürəklə oynayırdı.
Növbəti çalğıda Fəridə ortaya çıxdı. Sinif yoldaşı İradə, Rəbiyə
və bir neçə başqa qadın ona qoşuldular. Fəridə yenə də jaketini
çiyninə atmışdı. Bu, İbrahimə xoş gəlmədi. Çünki hava mülayim
idi və jaketə ehtiyac duyulmurdu. Üstəlik ayağındakı dikdaban
tuflilərlə rahat rəqs edə bilmirdi. Komplekslər dərhal özünü
göstərirdi və İbrahim təəccübləndi ki, arvadındakı bu eyibləri
əvvəllər niyə görməyib. Fəridə bədənini şux saxlaya bilmirdi. Təzə
yubkası əyninə kip olduğu üçün qarnı da qabarıq görsənirdi. Nə
isə!..
Onlar ortadan çıxandan sonra Cəmilə yaxınlaşıb zurna çalanın
qulağına nəsə dedi. Dərhal ürəkləri yerindən oynadan oynaq bir
hava çalındı. Əynində nazik, qolsuz köynək, cins şalvar və yüngül
idman ayaqqabısı olan Cəmilə rəqsə başladı. Ona da qoşulanlar
oldu. Kamilə. Arzu, Rəbiyə, Çiçək... Ancaq hamı Cəmiləyə baxırdı.
Qadınlar da, kişilər də. Canın yanmasın sənin, ay Cəmilə! Necə də
sərbəst və gözəl oynayırdı. Hamının yalnız Cəmiləyə əl çaldığını birinci
hiss edən Rəbiyə dərhal ortadan çıxdı. Daha sonra Çiçək kənara
çəkilib əl çalmağa başladı. Arzu ilə Kamiləni isə Cəmilə özü
yorub kənara çıxartdı. İndi meydançada təkcə rəqs edirdi və
bundan cuşa gələn zurnaçı nəfəsinə, nağaraçılar qollarına güc
vermişdilər...
Kəndçisi Şücaət də İbrahimlə görüşüb onun yanında
durmuşdu. Bir azdan darvazadan aralanıb, küçədə dayanmış
«Prado»nun yanında siqaret çəkməyə başladılar. İbrahim öz
hazırkı durumundan, görkəmindən, geyimindən zövq alaraq
bahalı siqaretini təmkinlə tüstülədir, onunla müqayisədə xeyli
kasıb görünən kəndçisinin söhbətinə qulaq asırdı. Şücaət sözlü
adama oxşayırdı və bəlkə də buna görə bayaqdan İbrahimin
böyründən əl çəkmirdi.
Nəhayət, başıyla «Prado»ya işarə etdi:
- Maşını dəyişmisən deyəsən?
İbrahim avtomobilin bir aylıq kirayəyə götürüldüyünü bu
adama heç cür demək istəməzdi.
- Hə... - dedi. - Kreditlə almışam.
- «Jiquli»ni satdın?
— Yox, o da durub.
- İndi nə işlə məşğulsan? Dərs deyirsən?
Kənddə hamı bilirdi ki, İbrahim universitet bitirib. Taksi
sürdüyünü isə az adam eşitmişdi, yəqin. İşinin adı bilinməyən
bəzi iş adamları kimi üstüörtülü bir cavab verməyi daha doğru
hesab etdi:
- Yox, dərs demirəm. Dərs deməklə bir şey çıxmaz indiki
vaxtda. Çalışırıq da... Hər halda, çörəyimizi çıxarırıq.
- Hə... Lap yaxşı!
Onun geyiminə və sürdüyü maşına baxan Şücaət, yəqin,
düşünürdü ki, İbrahim bizneslə məşğuldur.
- Gəl sənə perspektivli bir iş təklif eləyim, - dedi.
- NƏ iş? - İbrahim bilirdi ki, Şücaət zirək adamdır və boş söz
danışan deyil.
- Kəndə girəndə sağ tərəfdə düzən yer var ha, o Kazımın pay
torpağıdır. Satmaq istəyir. Orada bilirsən necə kafe- restoran
açmaq olar? Gəl oranı alaq, inən dərhal işə başlayım. Yavaş-yavaş
pul qazanıb tikinti-filan salarıq. Yayda əvvəl kabab bişirib verərik
şəhərdən gələnlərə, sonra obyekti böyüdərik. Sən indi on min
manat verə bilsən yarısına torpağı alaram, yarısına iş başlayaram.
Qazancı da ömürlük yarılığa olsun. Yəni, səni əziyyətə
salmayacam ha, sən Bakıda da otura bilərsən. Hə, nə deyirsən?
Sözsüz ki, İbrahimdə pul yox idi Şücaətə ortaq olsun. Amma
bu təklif, əslində, ağlabatan təklifə oxşayırdı. Onlar etməsə də bu
işi başqaları edəcəkdi nə vaxtsa. Həmin yerdə su da vardı və yolun
kənarında olduğu üçün şəhərdən istirahətə gələnləri cəlb etmək
olardı. Ağlına gəldi ki, bu iş üçün Akifdən borc istəyə bilər.
Ancaq fikirləşmək lazım idi.
- Hə, nə deyirsən? - Şücaət təkrar etdi. - Mənim dediyim odur
ki, bekar oturmayaq, biz də başqaları kimi pul qazanaq.
Lap o vaxt uşaqlıq illərində olduğu kimi dedi. Onda da demişdi
ki, gedək ərik dərib sataq, pul qazanaq. İbrahim atasının o vaxt
vurduğu şilləni bir də hiss etdi üzündə. Sözləri qulağında
cingildədi: «Bir də Şücaətə qoşulsan...» Nədənsə, dərhal ona elə
gəldi ki, bu işdən heç nə çıxmayacaq. Hər şey yaman çətin
göründü ona.
- Yox, Şücaət, - deyə etiraz etdi. - Mənim bu saat əlimdə başqa
işlər var. Özüm də borca düşmüşəm. Yoxsa səninlə razılaşardım.
-Özün bil... - Şücaət peşman halda ondan aralandı...
Ertəsi gün İlyasın toyu oldu...
Toydan İbrahimin yadında, demək olar ki, heç nə qalmamışdı.
Çünki səhər tezdən Akiflə, Ömərlə və bir-iki yaxın qohumla
oturub xaşla xeyli araq içmişdi. Özünü o qədər şad və xoşbəxt hiss
edirdi ki. elə hey içmək istəyirdi. Sonra da imkan düşdükcə tanış-bilişlə içki süfrəsində oturubmuş və toy
qızışanda artıq özündə-sözündə deyilmiş.
Fəridənin deməyinə görə, dəfələrlə gah Akifi, gah Cəmiləni,
gah da Kamiləni mağarın ortasına çəkərək oynadıbmış. Hələ bu
harasıdır, tamadadan mikrofonu alıb, Akifi xeyli tərifləmiş,
sağlığına uzun-uzadı tost deyibmiş...
Fəridə sonradan dedi ki, Rəbiyə sənin hərəkətlərindən narazılıq
eləyib. Deyib, Akifin qadası düşsün İbrahimin ürəyinə.
Səhər yataqdan gec qalxdı. Başı ağrıyırdı. Çay içib Bakıya
yola düşdülər. Bir dəfə yol kənarındakı kafelərin birində dayanıb
yenə çay içdilər, yemək yedilər.
Bakıya çatandan sonra yadına düşdü ki, toya pul yazdırmayıb.
Gedəndə bunu nəzərə almışdı. Bilirdi ki, yaxın qohum kimi azı
yüz manat verməlidir. Amma Akif bunu eşidəndə dedi ki, narahat
olma, sənin də adma yüz manat yazdırmışam.
İbrahim son günlər ərzində artıq neçənci dəfə idi ki, özünü
alçalmış kimi hiss edirdi...
ŞİMDİ OKUDUĞUN
Elxan Elatlı - Mərtəbələr
CasualeMərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?