Onuncu mərtəbə

115 3 0
                                    

Fikirləşdi ki, görəsən niyə belə çətin nəfəs alır?
Yəni, ürəyində problem var? Dayanıb əlini sinəsinə
qoydu. Ürəyi az qala sinəsindən çıxmaq istəyirdi.
Narahat oldu. Sonra birdən ağlına gəldi ki, bura
artıq onuncu mərtəbədir axı. O, bu vaxta qədər heç
belə yüksək mərtəbəyə qalxmamışdı. Ürəyi də buna
görə belə bərk-bərk döyünürdü yəqin...

Uzun illər Bakıda yaşamasına baxmayaraq, İbrahim bu
İtalyan restoranının adını da eşitməmişdi. Heç indi də bilmirdi
buranın adını. Bu saat restoranın içində, masanın arxasında
Akifin və özünün ailəsi ilə birlikdə oturmasına baxmayaraq...
Əlbəttə, giriş qapısının üstündə nəsə bir yazı var idi. Amma
onu yaxşı oxuyub yadda saxlaya bilməmişdi. İngilis dilində idi,
ya bəlkə də italyan. Menyunun da hər səhifəsinə yazılmışdı bu
ad, ancaq yenə dəqiq oxuyub tələffüz edə bilmirdi.
Az qala unutmuşdu Bakıda olduğunu. Sanki İtaliyada idilər.
Roma şəhərinin düz göbəyində. İçəridə də hər şey, deyəsən, elə
bu məqsədə xidmət edirdi. Hətta zalın havasını doldurmuş həzin
italyan musiqisi də.
Ofisiant məxmər üzlük çəkilmiş iri jurnal-menyunun üç
nüsxəsini onlara təqdim edəndən sonra çəkilib xeyli kənarda
durmuşdu. Bu hərəkətin özü də yüksək xidmət səviyyəsinin bir
göstəricisi idi. Başlarının üstünü kəsdirib, onları tələsdirmək, narahat etmək istəmirdi. Hətta dayandığı uzaq məsafədə
də özünü elə göstərirdi ki, guya onlara baxmır, amma lap yəqin
ki, diqqəti onlarda idi və çağıran kimi yüyürüb gələcəkdi.
- Nə yeyək? - Akif sərbəst və arxayın tərzdə Fəridəyə, öz
arvadına və daha sonra İbrahimə baxdı.
Fəridənin əlində menyu yox idi və çiyinlərini çəkməklə
fikrini bildirdi. Yəni, özünüz bilərsiniz. Cəmilə qıçını-qıçının
üstünə aşırıb menyunu vərəqləyirdi. Lap moda jurnallarını
vərəqlədiyi kimi tələsmədən, arxayınlıqla.
İbrahimin də əlində vardı menyudan. Ancaq nə deyəydi? Bu
yeməklərin heç birini tanımırdı. Adların hamısı xarici dildə idi
və yerli dilə tərcümə olunmamışdılar.
Nəsə deməyə tələsmir, özünü menyuya baxıb fikirləşən kimi
göstərirdi. Fikirləşirdi ki, bəlkə ən bahalı xörəklərdən birinin
adını göstərib «bundan verin desin, amma tez də fikrindən
daşındı. Bu yaxşı alınmazdı. Dərhal anlayardılar ki, həmin
xörəyin nə olduğundan xəbəri yoxdur.
Akifgil iyirmi gündən çox idi ki, Kazandan gəlmişdilər. Toya
getdikləri iki-üç günü çıxmaq şərtilə, demək olar, hər gün
Bakının bir tanınmış kafesində, restoranında yemək yemişdilər.
İbrahim hiss edirdi ki, ilk günlər ona ağır gəlsə də, artıq
Akifin hesabına yeyib-içməyə alışıb. Nə etmək olardı... Onlar
yaxın qohum idilər. İbrahim kasıb taksi şoferi, Akif varlı iş
adamı. İndi İbrahim durub onun üçün hesab verməyəcəkdi ki...
Son günlər, yəni kəndə gedib qayıdandan sonra cibində
gəzdirdiyi pul isə ona qəribə bir sakitlik, arxayınlıq verirdi.
Akifin hədiyyəsi olan qızıl alışqanı satmışdı və əldə olunan
pulun çox az bir qismini xərcləmişdi. Cibində üç yüz manatdan
çox pul vardı. Bir restorana-kafeyə girəndə düşünürdü ki, əgər
ehtiyac olarsa hesabı özü ödəyə bilər. Bu onu arxayınlaşdırırdı.
Amma hesab ödəməsinə ehtiyac olmurdu. Heç cəhd də göstərmirdi buna. Yeyib-içdiklərinin
hesabını həmişə Akif ödəyirdi.
Hə, artıq alışmışdı düşdüyü vəziyyətə. Hətta indi bu saat bu
restoranda özünü çox da narahat hiss etmirdi. Belə restoranlarda yeyib-içənlərin hansından əskik idi ki? Cibində
pulu, yanında da, maşallah, varlı-hallı qohumu.
Ancaq bəzi məsələlərdə ehtiyatlı olmaq lazım gəlirdi.
Çünki artıq bir neçə dəfə belə yerlərdə yüngül pərtlik keçirmişdi. Məsələn, üç gün əvvəl dəniz kənarındakı restoranda
başına belə bir iş gəldi: Akif ofisiantdan yaxşı salat istəyirdi.
Ofisiant başı batmış da dərhal birnəfəsə dörd salat adı çəkdi.
Onların heç birini tanımırdı İbrahim. Amma Akif yenə hörmət
xatirinə ona baxdı. Nə deyəydi yazıq İbrahim? Vəziyyətdən
çıxmaq üçün «Mən göbələkli salat istəyirəm. İçində göbələk
olsun» dedi. Ofisiant özünü saxlaya bilməyib gülümsədi.
Məlum oldu ki, sadaladığı salatların dördü də göbələklidir.
Yaxud elə dünən günortadan sonra o bahalı kafeyə girib
meyvə şirəsi sifariş verəndə... Sifarişi Akif verdi. Sadəcə dedi ki, meyvə şirəsi içmək istəyirik, nəyiniz var. Ofisiant da
üzünü İbrahimə tutdu. Bəlkə də saçlarına dən düşdüyü üçün
onu ağsaqqal hesab etmişdi. Hə, üç şirə çeşidi sadaladı. O
zəhrimara qalmış adlar indi də yadında deyildi İbrahimin.
Gözlərini döyüb ofisianta baxdı. O qədər baxdı ki, axır Akif
dilə gəlib hamı üçün gilənar şirəsi sifariş verdi.
- Nə oldu, bir qərara gələ bilmədiniz? - Akif dilləndi.
İbrahim:
- Mənim üçün fərqi yoxdur, qoy Cema desin, - dedi.
Cəmilə başını çevirib barmağının işarəsi ilə ofisiantı
çağırdı və onunla rus dilində sərbəst danışmağa başladı:
- Sizin xörəklərin çoxundan bir şey anlamadım. Bu nədir?
- Bu makarondur, üstündə də mal əti... - Ofisiant hörmətlə
cavab verdi.
- Yaxşı, bu heç! Bəs bu nədir?
- Makaron, üstündə...
Cəmilə gülüb başını buladı:
- Makarondan başqa bir şeyiniz yoxdur? Hitler elə yerində
italyanlara makaron adı qoyubmuş. Bəs bu nədir? Bax, bu!
- Bu dəniz yosunundan hazırlanmış xörəkdir. Bizdə xüsusən
yaxşı hazırlanır.
- Onda hamımıza bundan verin. Bir də yağsız mal ətindən
qovurma.
Sonra salatlardan, meyvə şirələrindən, mineral sulardan
sifariş verdi. Növbə spirtli içkilərə çatanda kişilərə baxdı:
- Nə içəcəksiniz? Biz Fəridə ilə italyan şərabı içəcəyik. .
İbrahim böyük məmnuniyyətlə o gün Murad müəllimin
bağında içdiyi fransız şərabından içərdi. Amma həmin şərabın
adını bilmirdi və Cəmiləyə də deyə bilməzdi ki, mən o günkü
şərabdan istəyirəm.
- Mən rus arağı içəcəm, - dedi.
- Mən də, - Akif dilləndi.
Vəssalam! Narahatlıq keçirməyə heç bir əsas yox imiş. Hər
şey beləcə asanlıqla həll olundu. Görürsən, heç Cema da
menyudakı xörəklərin çoxunu tanımırmış. Amma olduqca
sərbəst şəkildə sifarişini verdi. Deməli, sərbəstlik, özünəgüvən
hissi insanın daxilində olmalıdır. Özünü yalandan hər şeydən
xəbərdar kimi göstərmək lazım deyilmiş. Elə o gün yapon
restoranında Akif necə dedi ofisianta? Hə, dedi ki, qardaşoğlu,
biz kəndçi babayıq, sənin bu menyundan bir şey anlamadıq,
Özün de görək yaxşı nəyiniz var, bizə nə verə bilərsiz ki,
yeyəndən sonra çıxıb qusmayaq. Ofisiant da güldü. Akifin
səmimiyyətini görüb onunla çox səmimi və hörmətlə danışdı...
Gözaltı öz ailə üzvlərini süzməyə başladı. Uşaqlar deyib-gülürdülər. Əlbəttə, hələ də Akifin uşaqları qədər sərbəst
deyildilər. Amma Rafetin məzəli söhbətlərinə biganə qalmayıb, hərdənbir ucadan gülüşürdülər.
Fəridə özünü tox tutmuşdu. Sanki, özünü elə göstərmək
istəyirdi ki, burada qətiyyən sıxılıb-eləmir. Bəzən ucadan gülən
Arzuya gözünü ağartsa da, öz halından çox məmnun görünürdü.
Anası sakitcə ətrafa göz gəzdirirdi. Üzündəki təbəssüm isə
çəkilib getmək bilmirdi. Qadın bu anlarda özünü, yəqin ki, çox
xoşbəxt hiss edirdi.
Görəsən bu an nə düşünürdü anası? İbrahim bunu tapmağa
çalışdı və deyəsən, tapdı da. Anası bu anlarda, lap yəqin,
kənddəki qonşuları Töhvə xala barədə düşünürdü. Ya da
Gülyanaq xala barədə. Bir də, ola bilsin, Bahar xalanı yadına
salmışdı.
Bu saat anası istəyərdi ki, onlardan biri burada olsun. Yəni,
süfrə arxasında onlarla oturmasın, amma təsadüfən içəri girib
Münəvvər arvadı burada görsünlər.
Ya bəlkə də belə deyildi. İnsanın içində nə düşündüyünü
haradan bilmək olar ki? Amma İbrahim özü bir az əvvəl Rövşən
barədə düşünürdü. Yox, qətiyyən istəməzdi ki, Rövşən gəlib onu
burada görsün. Begemot Hüseynağanın, ya Əşrəfin gəlib onu
görməsini istəyərdi, Rövşənin yox... Niyə? Səbəbini özü də
bilmirdi...
Dünən, deyəsən, heç yaxşı eləmədi İbrahim. «Prado»nu sürüb
öz evlərinin qabağına getmişdi. Guya «Jiquli»yə baxmağa.
Maşınını kəndə toya getməzdən bir gün qabaq aparıb ora
qoymuşdu. Həyətdə «Prado»dan enəndə Rövşənlə rastlaşdı.
- Paho, bu nədir, İbrahim? Çox mübarəkdi, qardaş!
Rövşən niyə birdən-birə ona bu qədər aşağı səviyyəli, bu
qədər aciz və yoxsul göründü? Ayda bir dəfə də olsa, bir süfrə
arxasında oturub araq içdiyi adam deyildimi bu?
Ağızucu salamlaşıb, həyətə boylandı. «Jiquli»si ilə Rövşənin
«Zaporojes»i yenə yanaşı durmuşdular. İkisi də köhnə və miskin.
Elə beşmərtəbəli evin özü də, həyət də, Rövşən də...
- Maşını ləzə almısan? - Rövşən soruşdu.
- Yox, mənim deyil. Qohumumundur.
- Siz haralardasınız bir aydır?
- Tatarıstandan qonaqlarım var. Başqa yerdə qalırıq. Rayona
toya getmişdik.
-HƏ... Gedək adama yüz-yüz vuraq. Yaxşı arağım var.
İbrahimin dodaqlarına qəfil təbəssüm qondu. «Yaxşı araq»
deyəndə Rövşən görəsən nəyi nəzərdə tuturdu? Hansı arağı?
Heç soruşmağına dəyməzdi. Lap uzaqbaşı, İbrahimin həmişə öz
evində içdiyi üç manatlıq Bakı araqlarından olacaqdı.
- Yox, tələsirəm, - dedi, - Həm də ruldayam.
- Onda bir çay içək. Yaman darıxıram. Başıma bilirsən nə
gəlib? Dünən qızı həkimə aparmışdım...
- Sonra söhbət eləyərik, Rövşən, indi tələsirəm.
Bunu deyib «Prado»ya əyləşdi. Sürüb həyətdən çıxdı. Yəqin
Rövşən inciyib ondan. Əşi, cəhənnəmə ki! Rövşən barədə
fikirləşməyin yeri deyil indi...
Yenə Fəridəyə baxdı. Zalım qızının nazı-qəmzəsi göylə
gedirdi. İbrahimlə üzbəüz. Arzu ilə Akifin arasında oturmuşdu.
Akif hərdən onun boşqabına salat qoyanda lap özündən gedirdi.
Yeməyin əvvəlində çox sakit idi. Heç dinib-danışmırdı. İçdiyi
italyan şərabından sonra açılışmışdı. Əməlli-başlı deyib-gülürdü.
Arzunun da kefi kök idi. Yeməyə yaman girişmişdi.
- Hə, necədi, Arzu, yemək xoşuna gəlir? - Akif gülə-gülə
soruşdu.
- Əladır, Akif əmi, - Arzu dedi, - Heç belə dadlı xörək
yeməmişdim.
- Görürsən, - Fəridə qızına baxıb gülümsədi. - Akif əminin
hesabına italyan yeməyi də yedin.
- Hə, çox sağ olsun, Akif əmi!
Arvadının sözü İbrahimə yaman toxundu. «Akif əminin
hesabına...». Bir gizilti keçdi içindən. Bir qədər sərt baxışlarla
Fəridəyə baxdı. Amma Fəridənin dünya vecinə deyildi. Onun
baxışlarındakı sərtliyi yerli-dibli hiss etmədi.
- İbrahim, sən heç italyan xörəyi yemişdin? - deyə ərindən
soruşdu.
- Hə. kənddə olanda hər gün yeyirdim, - qəsdən belə dedi.
Gülüşdülər, öz zarafatı özünə də xoş gəldi. Bax, belə olmaq
lazım idi. Nəyə gərəkdir axı hər şeydən ötrü qan qaraltmaq?
Ona qalmışdı qürurunu, mənliyini gözləyə-gözləyə içini
yeyib qurtarmaq? Akif o gün çimərlikdə Cövdətə necə dedi?
«Bu xasiyyətlə çox irəli gedə bilməzsən». Hansı xasiyyətlə?
Qeyrətini, qürurunu gözləməklə? Hə, qəssab oğlu açıq deməsə
də, bunları nəzərdə tuturdu, çox güman ki...
Əlini dolu qədəhə uzatdı:
- İçək?
- Hə, içək! - Akif dilləndi. - Götür, Cema, bunu da Münəvvər
xalanın sağlığına içək. Rafetin canına and olsun, mən onu öz
anam hesab edirəm.
- Sağ ol, qadanı alım, nuş olsun! Mən də İbrahimdən az
istəmirəm səni.
Hə, anası Akifi bu iyirmi gündə yaman çox istəməyə başlamışdı. Akifgil Kazanda olanda onun haqqında söhbət
salmayan Fəridə də, az qala, pərəstiş edirdi ona. Cövdət də, Arzu
da... Qəribədir, İbrahim də pis düşünə bilmirdi Akif barədə. Niyə
də pis düşünməli idi axı? Nə etmişdi ki, Akif? Mehriban,
gülərüz, istiqanlı adam idi. Sözünün-söhbətinin yerini bilirdi.
Özünü çəkmirdi. İstəyirdi ki,ailəsi Bakıda bir ay xoş, yaddaqalan
günlər keçirsin. İbrahimin də ailəsini səmimiyyətlə öz ailəsinə
qatmışdı. Cemanın sözünə görəmi? Ya özü həqiqətən belə
istəmişdi? Hər halda, Cəmilə xanımın fikri, razılığı olmasaydı,
Akif bu əliaçıqlığı etməzdi onlara qarşı. O cür qiymətli
hədiyyələr... Yox, bütün bu baş verənlər yalnız Cemanın arzusu
ilə həyata keçirdi. Akif isə, kim nə deyir-desin, pis oğlan deyildi.
İyirmi gündən çox idi ki, bir yerdə istirahət edir, əylənirdilər...
Hətta əsl Bakı hamamlarının ləzzətini yaşamaq üçün sirk tərəfdəki
hamama da getmişdilər iki dəfə. Akif. İbrahim, bir də oğlanlar.
Sonra türk hamamına da getdilər. Cema isə bacısını bir-iki dəfə
masaja, saunaya aparmışdı.
Bütün bunlar pulsuz olmurdu və pulu da yalnız Akif
xərcləyirdi, bax bu barədə düşünəndə İbrahimin əhvalı
pozulurdu. Həm də belə-belə düşüncələrə qapılanda heç kəsdən
incimirdi. Nə Akifdən, nə Cəmilədən... Nə də qəfil firavanlığa
düşüb özünü itirmiş və Akiflə Cəmiləyə pərəstiş edən ailəsindən.
Ancaq özündən inciyirdi. Özünü qınayırdı, özünü cəzalandırmaq
istəyirdi. Özünü cəzalandırmaq... İnsan özünü cəzalandıra bilərmi,
görəsən?..
Uşaqlıqda etdiyi o gic hərəkət yadına düşdü. Onu indiyədək
heç kəsə danışmamışdı. Danışa da bilməzdi. Amma Özünün hər
dəfə yadına düşəndə təbəssümünü saxlaya bilmirdi.
Həmin günlər idi. Məlihə xalagilin onlarda qonaq olduğu
həmin yay günləri. Bir gün Məlihə xala ilə anası həyətdən çıxıb
Yovşanlı təpəyə doğru getdilər. İbrahim də heç vaxt Məlihə xaladan
uzaqlaşmırdı həmin günlər. Yenə dallarınca düşdü. Qadınlar
astadan söhbət edə-edə yanaşı yeriyirdilər. İbrahim onlardan beş-on addım arxada gedirdi. Gözü Məlihə xalada idi.
Həmin vaxt içində ikiləşmişdi elə bil. Əməlli-başlı özü- özüylə
danışırdı:
- Dünyada Zakir əmidən xoşbəxt adam yoxdur.
- Niyə elə deyirsən?
- Çünki Məlihə xala çox gözəldir.
-Hə...
- Hər şeyi qəşəngdir. Ayaqları ağappaq, koppuş...
- Elə demə, ayıbdır.
- Kaş Məlihə xala mənim arvadım olaydı.
- Gic-gic danışma, o sənin arvadın necə ola bilər? Bəs Zakir
əmi?
- Hə, Zakir əmi də yazıqdır. Onun da bir yaxşı arvadı olaydı.
Amma başqası. Mən Məlihə xaladan başqa heç kəsi istəmirəm.
- Axmaq! Bu mümkün olan şey deyil.
- Onda heç olmasa, bircə dəfə...
-Əclaf!!
Özü də bilmədi ki, bu necə baş verdi. Özünün sağ əliylə
özünün sol yanağına bir şillə çəkdi. Şillə o qədər möhkəm alındı
ki, səsinə diksinən qadınlar geri çevrildilər. İbrahimin sol yanağı,
yəqin ki, qızarmışdı. Amma onlar bir şey anlamadılar. İbrahim
tək idi axı... Elə bildilər qulaqlarına səs düşüb...
Hə. indi də bu cür bədbin fikirlərə qapılanda özünü cəzalandırmaq istəyirdi. Ancaq, sadəcə bir şillə ilə yox. İmkanı
olsaydı, özü-özünü ayağının altına salıb döyərdi. Deyərdi ki, ay
bədbəxt oğlu, sən niyə belə acizsən? Niyə özünə indiyə- dək bir
gün ağlaya bilməmisən? Akifin nəyi səndən artıq idi ki, bu
səviyyəyə gəlib çatıb, sən isə sürünürsən? Sürünürsən, hələ
üstəlik, Rövşəndən daha yaxşı, daha sürətlə sürünməyinlə fəxr
edirsən...
Belə şeylər barədə düşünəndə hər şey gözündən düşürdü.
Ancaq və ancaq düşünəndə... Düşünməyəndə isə əhvalı yaxşı
olurdu.
Bu, lap nevroz xəstəliyi kimi idi, deyəsən. Problem barədə
fikirləşən kimi əhvalı qarışırdı. Özünü inandıranda ki, hər şey
yaxşıdır, doğrudan da, yaxşı olurdu.
Başqa çarəsi yox idi artıq. İbrahim qaçılası mümkün olmayan
bir vəziyyətə düşmüşdü. İyirmi gün idi bir yerdə idilər, bundan
sonra imtina da edə bilməzdi bu dəbdəbədən. Nə də deyə
bilməzdi ki, bundan sonra yemək-içməklərin hesabını mən
verəcəm. Birincisi, buna pulu çatmazdı. İkincisi isə lap borc
tapsaydı da bu hərəkəti qəribə görünərdi. Akifə də, Cemaya da, hələ öz arvadı Fəridəyə də... Deməli,
dözmək lazım idi. Akifgil on gündən sonra çıxıb gedəcəkdilər və
hər şey öz yoluna düşəcəkdi.
O şeyin ki, adına «Qürur» deyirdilər və o şey ki, İbrahimi yalnız
incitməyə yarayırdı, onu müvəqqəti də olsa, bir kənara atmaq lazım
idi. Hətta, bəlkə də, lap çoxdan atmalı idi onu. Vaxtında atsaydı,
özünə gün ağlayardı. Onunla universitetdə eyni qrupda oxuyan
Seymur indi böyük vəzifədə idi. İbrahimi adam yerinə qoymurdu.
Yox, qəbul etmək lazımdır ki,hər şey yaxşıdır. Və hər şey,
doğrudan da, yaxşı idi. Hələ gələcək də yenə İbrahim üçün işıqlı,
perspektivli görünürdü. Hə, o gün hamısı birlikdə indiyədək ancaq
adını eşildiyi Murad müəllimgilin bağına qonaq getmişdilər.
Deməli, Akifin Bakıda belə bir nüfuzlu dostu vardı və təkcə bu
faktın özü İbrahimin gələcəyini işıqlandırmağa kifayət edirdi.
İri darvazadan həyətə daxil olanda İbrahim heyrətə gəldi. Elə bil
birdən-birə uzaq, yad bir ölkəyə düşmüşdü. Bu həyətin Bakıda
yerləşdiyini anlayıb qəbul etmək çətin idi onun üçün. Böyük,
dəbdəbəli imarət, parlaq daşlar döşənmiş, İbrahimin heç vaxt
görmədiyi ağaclar və gül kollarıyla bəzənmiş həyət... Həyətdə şir,
ceyran, maral heykəlləri, çarhovuzlar, istirahət üçün bərbəzəkli
çardaq... İmarətin yan tərəfindəki meydançada iki avtomobil
dayanmışdı. Biri «BMW»nin ən son modelindən idi, o birini isə
İbrahim tanımırdı. Yəqin ki, yeni istehsal idi və xaricdən təzə
gətirilmişdi.
Fəridənin də, uşaqların da ağzı açıq qalmışdı. Gördükləri hər
şeyə sonsuz maraqla baxırdılar. Elə Akifin ailəsi də heyranlıqla
tamaşa edirdi həyətə.
Qapını onların üzünə açan gəncdən başqa burada daha iki nəfər
var idi. Bir cavan oğlan mərmər sütunları olan çardaqda, elə
mərmərdən yonulmuş uzun masanın üzərinə müxtəlif içkilər və
salatlar düzürdü. Qırx beş-əlli yaşlarında, əyninə idman forması geyinmiş kişi isə bir qədər aralıda, ocağın
üstünə qoyulmuş qazanı qarışdırırdı.
Həmin kişi işini buraxıb qonaqların qarşısına gəldi. Akiflə,
Cəmilə ilə öpüşdü, digərləri ilə əl tutdu. Sonra onları mərmər
çardağa dəvət etdi:
- Bağışlayın, şef burada deyil, sizi tək qarşılayıram.
Keçib əyləşdilər. İbrahim Akifə tərəf əyildi:
- Bu adam Murad müəllimin nəyidir?
- Necə yəni?.. - Akif təəccübləndi. - Murad müəllim özüdür
də...
- BƏS dedi ki, şef burada deyil...
- Arvadını deyir.
İbrahim Fəridə ilə baxışdı. Necə sadə adamlar varmış dünyada.
Bu boyda vəzifə sahibi...
Süfrə sadə təşkil olunmuşdu. Yəni, təamların növü, çeşidi az idi
burada. Amma nə vardısa həmin şeyin ən yaxşısından idi. İçkilər
də, meyvələr də, salatlar da...
Murad müəllim cavan oğlana tapşırdı ki, qazanı süfrəyə gətirsin.
- Bilirəm, onsuz da restoranlarda hər növ ləzzətli yemək
yeyirsiniz, - dedi. - Ona görə də mən qərara gəldim ki, sizə öz əlimlə
sulu quzu əti bişirim. Bunu mən bir yaylaqda çobanların süfrəsində
görmüşdüm. Sonra onlardan soruşub öyrəndim necə bişirildiyini.
Sən demə, çətin bir şey yox imiş burada. Quzu ətini doğrayıb suda
qaynadırsan. Sümük ətdən ayrılana kimi... İçinə də turş alçadan-filandan atırsan. Amma belə sadə olmağına baxmayın, dadından
doymaq olmur.
İbrahim də, ailəsi də əvvəlcə bir az sıxılırdı. Amma Murad
müəllimin sadə və istiqanlı davranışını görəndən sonra açılışdılar.
Ev sahibi bir-bir hamı ilə tanış oldu. Çoxunun boşqabına xörəyi özü
çəkdi. İçki məsələsinə gələndə qırx illik fransız şərabından içməyi
təklif etdi və Akif dərhal onunla razılaşdı.
Yemək prosesi uzun çəkmədi. Çünki hər kəsin boşqabında
yalnız iki ət tikəsi və azacıq ət suyu vardı. Hiss olunurdu ki. ev sahibi
çox yeməyin o qədər də həvəskarı deyil. Bu onun sağlam və
yaraşıqlı xarici görkəmindən də bilinirdi. Ancaq hamı xörəyin də,
salatların da, içkinin də dadından razı qalmışdı.
- Sağ ol. Muradçik, əti əla bişirmisən. - Cəmilə onu təriflədi.
- Nuş olsun! - Murad müəllim razılıqla dilləndi. - Salatları da
özüm hazırlamışdım. Hamısı təbii məhsullardandır. Necə deyərlər,
öz bostanımızdan.
Akif üzünü İbrahimə tutdu:
- Murad müəllim əsl hal əhlidir. Dünyada gəzmədiyi, görmədiyi
yer qalmayıb. Həyatda hər şeyin dadını sınaqdan keçirib. Əgər eşitsə
ki, Afrikada bır ləzzətli meyvə var, ondan Bakıda yoxdur, mütləq
gətizdirib dadına baxacaq...
- Ya da özü ora gedəcək, - ev sahibi söz atıb güldü.
- Hə, ya da özü gedəcək o şeyin dalınca. - Akif davam etdi. -
Onu deyim ki, nə eləsə halaldır ona. Çox gözəl insandır Murad
müəllim. Harada olur-olsun, azərbaycanlıların qədrini bilir. Ən
əsası, dostluğun, çörək kəsməyin qədrini bilir. Əmisi oğlu Nadir
Kazanda olur. Şəxsən mən bu gün bir tikə çörək tapa bilirəmsə, ona
minnətdaram, Murad müəllimə minnətdaram. Evdə həmişə Cema
ilə danışanda deyirik ki, Allah Murad müəllimin ömrünü uzun
eləsin, onu bizə çox görməsin.
- Hə, - Cəmilə ərinin sözlərini təsdiq etdi. - Biz evdə hamımız
Muradçiki çox istəyirik. Ailəmizin bır üzvü sayırıq onu.
Yemək bitsə də ev sahibi qədəhlərə yenə şərab süzdü və öz
qədəhini qaldırıb Cəmiləyə üz tutdu:
- Cema xanım, sən bilirsən ki, mən həyatda hər şeyin dadına bir
dəfə baxıram. Yəni, bir yerə istirahətə getdim, daha ora getmirəm.
Bir xörəkdən bir-iki dəfə yedim, daha ondan yemirəm. Yəni, hər gördüyümdən beş-altı dəfə, ya daha çox dadmağa
ömür də kifayət eləməz. Amma inan ki, keçən ilki Texas səfərimizi
bir də təkrar elmək istərdim. O bir həftəni olduğu kimi bir də yaşamaq
istərdim. Həm də başqasıyla yox, şəxsən səninlə. Niyə şəxsən
səninlə? Ona görə ki, səndə əsl həyal eşqi var. Sən həyatı illərlə,
aylarla yox, saatlarla, dəqiqələrlə yaşayan insanlardansan. Yəni, hər
dəqiqəni yaşamaq istəyirsən. Həyatdan heç nəyi sakit dayanıb gözləmirsən, istədiyini ondan məcbur qoparırsan. Çünki, cəsarətlisən,
risk etməyi sevirsən. Bunu bir daha sənin sağlığına içmək istəyirəm.
Sağ ol! Sənə dostumuz, qardaşımız Akiflə uzun, xoşbəxt ömür arzu
edirəm!
İçdilər. Fəridə də içdi. O bütün diqqətini toplayıb, ev sahibinin
ağzından çıxan hər sözə diqqət kəsilmişdi. Elə İbrahim də...
Murad müəllim qədəhini yerə qoyan kimi söhbətinə davam etdi.
Amma bu dəfə üzünü Akifə tutmuşdu:
- Bilmirəm Cema danışıb, yoxsa yox, orada ucsuz- bucaqsız
cəngəlliklər var. Cema xanım dedi ki, helikopterdən paraşütlə
həmin cəngəlliyə atılmaq istəyir. Belə riskli proqramların mən də
bazıyam, amma doğrusunu deyim ki, əvvəl qorxdum. Paraşütlə çox
atılmışam ha, ondan qorxmuram. Qorxum ondandır ki, təsadüfi
seçilmiş bir cəngəlliyə atılacağıq. Cema xanımın təklifi beləydi.
Helikopterdən atılırıq, iki saatdan sonra o gəlib bizi cəngəllikdən
götürür. Yəni, ora nərdivan sallamaqla...
- Yox, Cema bunu danışmayıb. - Akif diqqətini topladı. - Çox
maraqlıdır...
- Hə... Daha Cema xanımın sözündən çıxmaq olmaz ki! Atıldıq.
Amma dedim ki, bir saatdan sonra gəlsin helikopter. Oradan
çıxandan sonra şükür elədim ki, pələngə, zəhərli ilana, ya başqa bir
qorxulu canlıya rast gəlmədik...
İbrahim içini deşən bir sualı hansı formada vermək barədə
düşünürdü və nəhayət ki, tapdı:
- Uşaqlar da sizinlə atıldı? - deyə Cəmilədən soruşdu,
- Yox. - Cəmilə başını buladı. - Biz Amerikaya Muradçiklə
ikimiz getmişdik. Uşaqlar onda Akiflə Türkiyədə istirahətdə
idilər.
- Aha!..
İbrahimi güclü bir qısqanclıq hissi bürüdü və düşündüklərini
gözləri önündə canlandırmağa çalışdı. Deməli, bu kişi ilə Cema
paraşütlə cəngəlliyə düşürlər. Yaşıl talalar, sıx kolluqlar, isti
günəş... Cema dərhal öz şortikini əynindən çıxarıb tullayır. Sonra
isə...
Hə... Otluqda sərələnib, gözlərini Texas səmasına dikən
Cema var gücüylə qışqırır. Elə qışqırır ki, cəngəllikdə olan
heyvanların çoxu qorxudan qaçıb uzaqlaşır. Cema isə dəli kimi
çığırmaqda davam edir. Ona görə yox ki, onu incidən nəsə var,
ona görə ki, bu Amerika cəngəlliyində çığırmağa qadağa qoyan
yoxdur.
Kənddə İbrahimgilin həyətində bərkdən çığırıb səs-küy
salanda çəpərin o tərəfindən Gülyanaq arvadın səsi gəlirdi:
- Səsini kəs, ay başın batsın sənin, qız uşağı belə çığırmaz!
Axşam da qaldıqları oteldə... Amma bu dəfə Cema çığırıb-eləmir. Əksinə, ehtiraslı pıçıltılarla nəsə deyir sevimli
Muradçikinə...
İbrahim bu porno-xəyalları beynindən qovdu. Ürəyində özü-özünü əclaf adlandırdı və az qaldı ki, sağ əliylə sol yanağına bir
şillə ilişdirsin. Bu xain fikirlər haradan gəlirdi onun axmaq
beyninə? Ola bilməzdi axı!? Cəmilə elə iş tutmazdı. Feyzi
kişinin, Gülyanaq xalanın qızı Cəmilə, Fəridə- nin bacısı
Cəmilə elə iş tuta bilməzdi heç vaxt!
- Mən şəxsən tanımadığım bir yerə paraşütlə tullanmaram,- Akif etiraf etdi.
- Mənim mamam qəhrəmandır! - Kamilə qürrələndi.
- Sənin canında nələr varmış, ay qız! - Fəridə də heyrətini
gizlətmədi.
- İbrahim, sənin fikrin haradadır? Görmürsən Cema sağlıq deyir?
Akifin səsi onu fikirdən-xəyaldan ayırdı. Gördü ki, bura nə Murad
müəllimin imarəti deyil, nə də Amerika cəngəlliyi. Bura Bakının
mərkəzində yerləşən italyan restoranı idi. Bir az artıq içib hallanmış
Cəmilə sağlıq demək istəyirdi:
- Qulaq as, İbrahim. Bunu sənin sağlığına içmək istəyirəm. Mən
səni qardaşım Ömərdən artıq istəyirəm. Niyə? Çünki, sən mərd
adamsan, düzgün adamsan. Rəhmətlik Tariyel əmi kimi, bax bu
Münəvvər xala kimi qeyrətli adamların övladısan. Sənin kimi düzgün
kişilər çox az qalıb indi. Çoxu puldan ötrü namusun, qeyrətin atıb
ayaqlar altına. Sən isə kişi adamsan. Bax, bacım Fəridənin üzünə
deyirəm, o xoşbəxtdir ki, sənin kimi əri var. Cövdət də, Arzu da xoşbəxtdilər ki, sənin kimi ataları var. Münəvvər xala xoşbəxtdi ki, sənin
kimi oğlu var. Bax, mən bunları boğazdan yuxarı demirəm, ürəkdən
deyirəm. Sağ ol, mənim qardaşım. Çalış ki, Ömrünün axırına kimi
belə ol, kişi kimi yaşa. Hər halda, üç-beş nəfər də olsa qədrini bilən
tapılacaq. Həm də o üç-beş nəfər özləri əsl adamlar olacaqlar. -
Üzünü bacısına tutdu. - Fəridə, sən mənim böyük bacımsan. Mənim
sənə ağıl öyrətməyim yaxşı düşməz. Amma yenə deyirəm, İbrahimin
qədrini bil. O əsl insandır, əsl kişidir. Belələri adama heç vaxt xəyanət
eləməz. İnan mənim sözümə. Sizin ailənizin sağlığına!
Şərabı başına çəkdi. O birilər də içdilər.
- Sənə qurban olum, ay Cəmilə! - Münəvvər arvad dedi.
- Mən də xalama qurban olum. - Arzu Cəmiləni qucaqladı.
- Allah mənim ömrümdən kəsib sənə versin. Həmişə xoş sorağını
eşidim sənin. - Fəridə ürəkdən alqış elədi bacısına.
İbrahim hələ araq dolu qədəhini əlində saxlamışdı. Hamının
sakitləşməsini gözləyirdi. Nəhayət, dilləndi:
- Sağ ol, Cəmilə. Sağ ol, gözəl bacım. İnan ki, mən də səni Çiçək qədər, bəlkə də artıq istəyirəm. Allahdan ən böyük arzum
budur ki, səni xoşbəxt görüm. Çox sağ ol, var ol!
Qədəhindəki arağın hamısını içib süfrədən bir zeytun götürdü.
Belə olmaq lazım idi. Akif kimi. Sağ olsun ki, var idi Akif.
Sağ olsun ki, onun baldızı ilə evlənmişdi. Sağ olsun ki. Bakıya
gəlmişdi. Cəmilə də sağ olsun. Sağ olsun ki, bacısının ailəsini
yada salıb. Sağ olsun ki, onların qeydinə qalır.
Başqa fikirlərin hamısı boş-boş şeylər idi. İnsan dünyaya bircə
dəfə gəlirdi və gəlirdi ki, yaxşı yaşayıb getsin bu dünyadan. Yaxşı
yaşasın və ailəsini, əzizlərini yaxşı yaşatsın.
Yaxşı, bəs Cəmilə niyə belə danışırdı? "Çalış ki, ömrünün
axırına kimi belə ol, kişi kimi yaşa". Nə demək istəyirdi? Niyə
əlində-şərab sağlıq dediyi halda gözləri belə kədərli idi
baldızının?.. Niyə?..
- Sən niyə belə kədərlisən, İbrahim?
Diksinib başını qaldırdı. Bu sualı verən başqası yox, Cəmilə
idi. Qəribədir, onun içindəki kədəri nə arvadı, nə övladları, nə
anası, nə də o birilər hiss etməmişdilər. Hamısı öz kefində idi.
Danışırdılar, qəhqəhə çəkib gülürdülər. Təkcə Cəmilə duymuşdu
onun ürəyində çəkdiklərini.
- İbrahimin mimikası elədir, - ərinin əvəzinə Fəridə cavab
verdi. - Kədərli deyil.
- Hə! - Arzu anasının sözlərini təsdiq etdi. - Atam kədərlənəndə siqareti siqaretin dalınca yandırır.
- Nə olub ona, kefi lap kökdür. - Münəvvər arvad dedi. - Ailəsi
yanında, belə gözəl qohumları yanında.
Cövdət güldü. Akif də gülüb bir siqaret yandırdı:
- Cemanın öz kefi yuxarıdır, ona görə özündən başqa hamı
gözünə dilxor görünür.
Cəmilə isə qəmli gözlərini İbrahimə zilləmişdi:
- Məni aldada bilməzsiniz. Mən neçə gündür görürəm ki. 
İbrahim içində özüylə danışır. Hə, İbrahim, nə olub?
İbrahim çarəsiz halda gülümsədi:
- Heç nə olmayıb, Cema. Düz deyirlər, mənim görünüşüm
aldadıcıdır.
Əslində isə bu saat doyunca ağlamaq keçirdi könlündən. Həm
də, elə-belə yox... Başım Cəmilənin sinəsinə qoyub ağlamaq
istəyirdi. Başqasının yox, məhz Cəmilənin. Çünki, aşkar
görünürdü ki, onu Cəmilədən başqa anlayan yoxdur burada.
Burada və deməli, bütün dünyada...

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin