Burada ona elə gəldi ki, yaşayış binasının on
beşinci mərtəbəsində yox, göyün on beşinci
qatındadır və bütün insanlardan sonsuzluq qədər
uzaqlaşıb. Sanki, indi bu qorxunc kainatda onun
özündən başqa heç kəs yox idi...- Sən başqa planetdən gəlmisən, ya özünü bilərəkdən
görməməzliyə vurursan? Yaxşı olar ki, gözlərini geniş aç,
ətrafına bax. Gör kişilər arvadlarını necə saxlayırlar. Nə yolla
olur-olsun pul qazanıb ailələrinə korluq vermirlər. Yəni, sən
görmürsən bunları?
- Görürəm. Lap yaxşı görürəm. Sən də görürsən ki, mən
bacardığımı etməyə çalışıram. Amma neyləyim axı, bəzi
adamların getdiyi yolu gedə bilmirəm.
- Ona görə ki, bacarıqsızsan, əfəlsən!
- Bilirəm... Bacarıqlı Akif kimilərdir.
- Bəli! Kaş onun yarısı qədər bacarığın olaydı!
- Akif yaxşı kişi olsaydı, bacın onu atıb getməzdi.
- Xeyr, səhv edirsən. Mənim bacımın başı xarabdır. Pul
qudurdub onu!
- Fəridə, axı məndən nə istəyirsən? Məgər mən sizi pis
saxlayırdım? Nəyiniz çatışmırdı? Özün ki, həmişə güzəranımızdan razılıq eləyirdin!?
- Ay-hay! Yaman da yaxşı saxlamısan. Rövşəngilə baxa- baxa
özümüzü aldadırdıq ki, yaxşı yaşayırıq. Ancaq mən indi başa düşürəm necə yaşadığımızı. Başa düşürəm ki, biz
əslində yaşamamışıq, sürünmüşük. Bu nə evdir biz yaşayırıq, bu
nə gündür biz görürük?!
Heç də ürəkaçan olmayan bu söz-söhbət ondan başlamışdı ki,
Fəridə havaların soyuduğunu, qarşıdan qış gəldiyini İbrahimə
xatırladıb, özünə və uşaqlara qalın geyim almaq üçün pul
istəmişdi. Həm də nə az, nə çox, min manat!
Keçən qış geyindikləri paltoları, ayaqqabdan bir də geyinmək
istəmirdilər. İstəyirdilər ki, təzə geyim olsun, həm də daha
yaxşısından, daha bahalısından.
Ancaq İbrahimi yandıran, hirsləndirib özündən çıxaran təkcə
bu deyildi. Məsələ burasında idi ki, Fəridə son vaxtlar ərindən
nəsə tələb edəndə onun həmin şeyi almaq üçün pulunun olub-olmaması ilə heç maraqlanmırdı. Bacardığı qədər sakit
danışmağa çalışıb dilləndi:
- Biz əgər bu vaxta qədər sürünmüşüksə, deməli, yenə də
sürünməliyik. Ona görə ki, ayağa qalxıb bəziləri ilə ayaqlaşmaq
üçün çoxlu pul lazımdır. Sən kefin istəyəni geyinmək istəyirsən.
Heç düşünürsən ki, bunun üçün sənə verməyə pulum var, yoxsa
yox?
- Bilməsəm istəmərəm, - Fəridə dedi. - Bilirəm ki, bizdən pul
gizlədirsən. Bir də, əgər pulun yoxdursa, zəhmət çək qazan!
- Necə qazanım axı? Əgər sən bilirsənsə mənə də öyrət.
- Başqaları necə qazanır, sən də elə!
Hə, yığdığı o üç min manatı ailəsindən gizlətmişdi. Amma
İndi, doğrudan da, pulu yox idi İbrahimin. Cibindəki iyirmi-otuz
manatdan başqa gümanı heç nəyə gəlmirdi.
Murad müəllim onu işdən qovandan sonra keçən iyirmi gün
müddətində haradasa işləyib pul qazana bilməmişdi.
Əvvəl istədi ki, həyətin küncündə atılıb qalmış «Jiquli»sini
təmir elətdirib yenidən öz əvvəlki işinə qayıtsın. Amma buna heç
cür əli gəlmirdi. Daha doğrusu, təsəvvür edə bilmirdi ki, yenidən
maşının sükanı arxasında oturub səhərdən axşama kimi ora-bura
müştəri apara bilər. Bu barədə düşünəndə belə qanı qaralırdı.
Qəribədir... İndiyədək necə bacarmışdı bunu? Necə dözmüşdü
az gəlirlə yaşamağa? Fəridəyə deyirdi ki, gəl hər şeyi unudaq,
əvvəlki kimi yaşayaq. Deyirdi ki, əvvəl çox yaxşı yaşayırdıq,
böyük bir problemimiz yox idi, bir- birimizi anlayır, mehriban
dolanırdıq. Belə deyirdi, amma son vaxtlar özü də öz dediyinə
inanmırdı. Özü də istəmirdi ki, o günlərə qayıtsınlar.
Biləndə ki, bundan sonra taksidə işləyə bilməyəcək, daha
əvvəllərə qayıtmaq barədə düşündü. Beş il universitetdə əziyyətlə
oxuyub qazandığı ixtisasını xatırladı. Camalın köməyilə yenidən
Akademiyada özünə iş tapa bilərdi. Ya elə Fəridənin işlədiyi
məktəbdə dərs götürərdi, özünə şagirdlər tapıb repititorluqla
məşğul olardı.
Bu fikrə düşəndə Arzunun tarix dərsliyini alıb vərəqləməyə
başladı. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi dövləti,
Azərbaycanda xanlıqlar... Yenidən bu mövzuların dərinliyinə
girəcəyini düşünəndə canını qorxu bürüdü. Yenə tarixə olan
sevgisi, marağı onu öz qoynuna alıb çox-çox keçmişlərə
aparacaqdı. Səhərdən axşama kimi həvəslə oxuyacaqdı,
yazacaqdı, öyrədəcəkdi... Xəyallarını qanadlandırıb lap
keçmişlərə uçuracaqdı. Tarixin qaranlıq səhifələrini vərəqləyib
ləzzət alacaqdı. Bir sözlə, tarix elmiylə məşğul olmağı hər şey
verəcəkdi ona. Təkcə istədiyi kimi yaşamağa bəs edəcək qədər
puldan savayı...
Bunu anlayanda tarix dərsliyini bir yana atıb, alverlə məşğul
olmaq barədə düşündü. Əlbəttə, Rövşən kimi meyvə-tərəvəz
satıb qəpik-quruş qazanmaq yaraşmazdı ona. Əgər ticarətə
başlasaydı gərək Türkiyədən, ya İrandan pal- paltar gətirib
kimlərəsə satdıraydı. Amma çox tez də təəssüf hissiylə anladı ki,
bunu bacarmayacaq. Çünki, bu işlə məşğul olmaq üçün hər şeydən
əvvəl ona maya və təcrübə lazım gələcəkdi. Onda isə nə pul yox
idi, nə təcrübə, nə də alverlə məşğul olmağa ən adi bacarıq... Uşaq
vaxtı atasının vurduğu şillənin səsi gəldi qulağına. Dediyi sözləri
xatırladı:
«Demək, alver eləyirsən, köpək oğlu?!»
Yox!.. Yox!.. İbrahimdə heç nə alınmırdı, vəssalam! O bu saat
özünü çox pis vəziyyətdə hiss edirdi. Bir xalq deyimində deyildiyi
kimi, yuxarıda yeri yox idi, aşağını isə bəyənmirdi.
Yaşamaq necə də çətin olmuşdu onun üçün... Sanki uzun illər
yatıb xoş yuxular görmüş, indi isə yuxudan ayılmışdı. Həyatda
gördükləri isə dəhşətə gətirirdi onu. Heç nə onun yuxuda gördüyü
kimi deyilmiş. Hər şey baha idi bu həyatda. Hər şey! Pal-paltar da,
evin komunal xərcləri də, ərzaq da, nəqliyyat da...
İbrahim indi anlayırdı ki, bu vaxta qədər onun ailəsinin geydiyi
pal-paltar ucuz olduğu qədər də keyfiyyətsiz şeylər imiş. Yedikləri
ərzaq da eyni dərəcədə keyfiyyətsiz və hətta ziyanlı imiş. Sanki bu
ərzaqları yaradıb ucuz qiymətə satırdılar ki, «aşağı mərtəbələrdə»
yaşayan insanlar yeməyə bir şey tapsınlar, acından ölməsinlər. Əsl
ərzaqlar, dadlı- ləzzətli, xeyirli təamlar isə çox baha idilər.
Bu vaxta qədər «Şükür allaha, bizdə ucuzluqdur» deyən
İbrahim indi tamam əksini düşünürdü. Çünki artıq o ucuz
məhsullardan yeyə bilmir, ucuz geyimləri geyə bilmirdilər.
Yaxşılar isə çox baha idilər və onlara İbrahimin qazancıyla pul
çatdırmaq mümkün deyildi.
Bir tərəfdən də, arvadı, uşaqları onun bu vəziyyətini anlamaq
istəmirdilər. Fəridənin belə tez dəyişə biləcəyini bu vaxta qədər
ağlına belə gətirməzdi. Nələr keçirdi onun könlündən, nələr var
imiş onun sakit canında?.. Bu yaşında dar şalvar geyinib, üzgözünü boyamağa başlamışdı. Varlı ailələrdən, yaxşı pul qazanan
kişilərdən söz düşəndə sanki çiçəyi açılırdı.
Hələ İbrahimin sevimli Arzusu... Bir vaxt canı qədər sevdiyi
qızı əməlli-başlı gözündən düşmüşdü. Ən çox da bir həftə əvvəlki
o rüsvayçı, alçaldıcı hadisədən sonra...
Əvvəl Arzunu bir dəfə Kənanın «Mersedes»indən düşən
görmüşdü. Əşrəfin oğlu Kənanın. O Kənanın ki, Arzunun bir vaxt
ondan zəhləsi gedirdi. Onu öz avtomobilinə dəvət edəndə bu dəvəti kəskin cavabla rədd etmişdi.
Evdə bu barədə qızından izahat istəyəndə dedi ki, məktəbdən
çıxanda rast gəlib Kənana. Elə danışırdı ki, sanki burada qəbahət
sayıla biləcək heç bir şey yoxdur. Anası da qızının tərəfində idi və
İbrahim dərindən köks ötürüb susmağa məcbur oldu. Həm də özünə
söz vermişdi axı... Söz vermişdi ki, hər xırda-para şeyi özünə
problem etməyəcək.
Amma bir neçə gün sonra, Arzunu həmin Kənanla blokun
qaranlıq pilləkənində öpüşən görəndə dözə bilmədi. Onların üstünə
şığıyıb, necə gəldi, vurmağa başladı. Arzu onun əlindən çıxıb
mənzillərinə qaçdı. Kənan isə özünü müdafiə etməyə çalışıb
İbrahimə əl qaldırdı. Bunu görən İbrahim bu harın oğlanı pilləkənə
yıxıb xeyli təpiklədi.
Onu buraxıb öz mənzilinə girəndə arvadının sərt və acıqlı
baxışlarıyla qarşılaşdı. Arzu anasına nə demişdisə Fəridə, deyəsən,
yenə qızının tərəfində durmaq qəranna gəlmişdi.
- Nə olub? - deyə ərinin üstünə bozardı. - Dünya dağılıb? Bəs
Arzu gündə yüz oyundan çıxan qızlar kimi olsaydı neylərdin?
İbrahim arvadının sözlərindən heyrətləndi:
- Sənin qızın gözümün qabağında biriylə öpüşür, həm də gör
kiminlə, Əşrəf kimi əclafın oğluyla! Hələ bir utanmırsan, onu
müdafiə edirsən?
Bu zaman saçları dağınıq hala düşmüş, gözləri qızarmış Arzu
öz otağından çıxıb atasına elə bir söz zərbəsi vurdu ki, həqiqi
mənada, qılınc zərbəsi onun yanında yüngül görünə bilərdi:
- Əşrəf də səndən fərli kişidir, hələ üstəlik oğlu da!
Əslində, ailə münaqişəsi zəminində baş verən qanlı cinayətlərin
çoxu belə səbəblərdən baş verirdi. O axşam, çox güman ki,
İbrahimin də əlindən xəta çıxacaqdı. Elə bir xəta ki, peşmançılığı
on illərlə ürəyini yeyib çürüdəcəkdi.
Amma bu vaxt qapının zəngi çalındı. İbrahim qeyri- ixtiyari
olaraq qapıya getdi. Gələn Əşrəf idi. İbrahimi öz mənzilinə
aparmağa gəlmişdi. Hə... Əşrəflə arvadı İbrahimə əməlli-başlı məhkəmə qurdular o
axşam. Hirslənib özündən çıxmış Nurcanın ağzından köpük axırdı:
- Sən nə ilsən mənim oğlumu vurursan, ə?! Qudurmusan.'
Yeməyə güclə çörək tapırsan, dalında dura biləcəksən indi bu
hərəkətinin? Bilirsən sənin başına nə oyun açdıraram?! Soxduraram
səni dama, sonra da meyitin çıxar ordan. Arvadına çörək verirəm,
ona görə təpik atırsan bizə? Sənin o əyrimçə qızından ötrü məəttəl
olan var, elə bilirsən? Yoxsa bizi yaraşdırmırsan özünə, hə? Külü
töküm sənin kişi başına! Uşağa əl qaldırır biqeyrət! Sən öləsən, səni
arvad- uşağının gözü qabağında o qədər döydürərəm ki, düz bir ay
reanimasiyada yatarsan! Alçağın bin alçaq!
Nurcan xanımın bu təhqiramiz sözləri nə qədər çətin həzm
olunan olsa da Arzunun bir az əvvəl dedikləri ilə müqayisədə heç nə
idi. Odur ki, ayaq üstə dayanmış İbrahim başını sinəsinə endirib
susurdu. Gözləyirdi ki, bu «məhkəmə» bitsin və buradan çıxıb öz
gününə doyunca ağlamaq üçün sakit bir guşə axtarsın.
Əslində, əsəbləşib etdiyi hərəkətə görə peşman olmuşdu.
Çünki, onun fikrincə, bu işi daha ağıllı yolla həll etmək olardı.
Düzdür, Kənan gözünün qarşısında idi. Elə bir ciddi xəsarət-filan
almamışdı. Amma Əşrəfgil istəsəydi məsələni böyüdüb polisə
şikayət edərdilər. Əgər belə olardısa, Arzunun adına xoşagəlməz
sözlər çıxacaqdı ki, İbrahim də bunu istəmirdi.
«Məhkəmə»nin sonunda belə məlum oldu ki, heç Əşrəf də işin
böyüdülməsini istəmir. İbrahimi xeyli söyüb- yamanlaması üçün
arvadına imkan verib, axırda özü dilləndi:
- Yaxşı bilirsən ki, uşağa ciddi xəsarət yetirməyin barədə rəy
alıb səni polisə verə bilərəm. Amma bunu istəmirəm. Ona görə ki,
qonşusan, bir binada yaşayırıq. Kasıb adamsan, gedib türmədə
yatsan ailən acından qırılacaq. Bu yandan da qızının halı dillərdə
hallanacaq. Bunları nəzərə alıb humanistlik etmək istəyirəm sənə qarşı. Səni polisə vermirəm.
Amma mən gərək Kənanı həkimə aparım. Üstəlik elə edim ki,
polisə xəbər çatmasın. Özün yaxşı bilirsən ki, bu işlər asan başa
gəlməyəcək. Ona görə də, sən sabah axşama kımı mənə üç min
manat çatdır ki, səninlə üzülüşək.
- Üç min?! - İbrahim az qaldı ucadan çığırsın.
- Bəli, üç min. - Əşrəf bayaqkı təmkinini qorumaqla dilləndi. -
Yox, əgər razı deyilsənsə, mən sabah tezdən şikayətimi eləyim.
Əvvəl bir qədər çalışıb səy göstərdi ki, ondan tələb olunan
məbləği azaltsınlar. Amma bu mümkün olmadı. Onda İbrahim
ürəyində bəzi məsələləri götür-qoy edib, bu kəmfürsət adamla
razılaşmağı məqsədəuyğun hesab etdi.
Səhəri gün isə Camaldan üç min manat borc alıb Əşrəfə çatdırdı.
Yoxsa onun özündə haradan ola bilərdi bu qədər pul?
Buyur, bu da vicdansızcasına pul qazanmağın daha bir üsulu!
Görəsən, ümumiyyətlə, nə qədər belə üsul mövcud idi pul qazanmaq
üçün?.. İbrahim ömründə tək bir dəfə üç min manat pul toplayıb
kənara qoya bilmişdi. Onda da bir il müddətinə. Amma Əşrəf bu
qədər pulu beş-on dəqiqənin içində, həm də elə bir əziyyət
çəkmədən qazandı.
Bəli, çox sadə üsul idi bu! Vicdanını ver, cibinə rahat pul gəlsin.
İbrahim isə belə şeyləri heç vaxt bacarmamışdı və belə görünürdü
ki, heç vaxt da bacarmayacaqdı.
Dostundan borc alıb Əşrəfə verdiyi pul barədə evdə heç nə
deməmişdi. Utanmışdı... Özündən də, ailə üzvlərindən də... Arzu ilə
isə küsülü idi o gündən sonra. Doğmaca qızı onun üzünə belə
baxmaq istəmirdi.
İndi də atası ilə anasının qış pal-paltarı üstündə düşən
mübahisəsinə öz otağından qulaq asırdı. Mübahisənin davam etdiyi
otaqda isə İbrahimin anası ilə oğlu vardı və onlar, hələ ki, söhbətə
qarışmayıb susurdular.
Artıq hər şeydən bezmək üzrə olan İbrahim yorğun halda divana
çökmüşdü. Başını ağır-ağır qaldırıb arvadına, anasına, daha sonra masanın arxasında oturub əlindəki kitabı boşboşuna vərəqləyən Cövdətə baxdı:
- Neyləyim ki, mən başqaları kimi ola bilmirəm. Bacarmıram...
Yəqin, ona görə ki, doğrudan da, bacarıqsızam. Zirək deyiləm...
Elə bilirsiz mən başqaları kimi yüksək səviyyədə yaşamaq
istəmirəm? Əlbəttə, istəyirəm. Ancaq görürəm ki, mənim həyatda
yerim budur, yaşadığım mərtəbə budur. Hamı yüksək
mərtəbələrdə yaşaya bilməz ki... Bu mümkün deyil axı... Mən
ucqar bir kənddə doğulmuşam. Gözümü açıb həmişə halal çörək
yeyən, aza qane olan, düzlüyü hər şeydən üstün tutan atamı
görmüşəm. Onun verdiyi tərbiyə ilə böyümüşəm. Amma mən yenə
də istədim ki, gözümü açıb kənddə gördüyüm insanlardan daha
üstün olum. Elə atamın özündən də... Gecəni gündüzə qatıb oxudum, çalışdım. Universitetin ən çətin fakültəsini qazandım. Tarixçi
oldum. Amma neyləyim ki, bu peşəyə verilən əmək haqqı ilə
yüksək səviyyəli yaşayış mümkün deyildi. İşimi atıb taksiyə
keçdim. Əvvəlki əmək haqqımdan üç-dörd dəfə çox qazanırdım...
İndi belə çıxır ki, sizin nəzərinizdə o da bir yaşayış deyilmiş,
sürünmək imiş... Yenə çalışıb- çarpışdım, Hüseynağa kimi, Murad
kimi adamlara əyildim. Amma gördüm ki, məndə alınmır.
Neyləməliyəm axı? Hə? Siz deyin, mən də sizin dediyiniz kimi
hərəkət edim...
Otağa ağır sükut çökdü. Hiss olunurdu ki, bayaqdan susub
oturmuş Cövdət nəsə demək istəyir. Narazı halda başını yırğalayır,
dodaqları əsəbdən səyriyirdi. Lap İbrahimin atası Tariyel müəllim
kimi... O da içində nəyisə boğub saxlamaq istəyəndə həmişə belə
edərdi. Amma Cövdət içindəkiləri saxlaya bilmədi. Atasının üzünə
baxmadan, qarşısındakı kitabı aqressiv halda vərəqləyərək
danışmağa başladı:
- Yaxşı, bəs bizim günahımız nədir ki, sən ailəni başqaları kimi
saxlaya bilmirsən? Mənim, Arzunun... Nə günahımız var? Əgər
normal yaşada bilməyəcəkdinizsə, heç əvvəldən dünyaya
gətirməyəydiniz. Bacardığım qədər oxudum, gözlərimi xarab
elədim. İstəyirdim Türkiyədə oxuyum, gördüm ki, buna imkan yoxdur. Mən də bunu anlayıb susdum.
Burada universitetə qəbul olundum. Yaxşı da oxuyuram. Ancaq
bizim nə çəkdiyimizi bilmirsən axı... Yoldaşlarım birləşib bir kafeyə filana gedəndə mən bəhanə ilə aradan çıxıram, öz maşınlarından,
telefonlarından, televizorlarından, nə bilim, yayda istirahətə
getdikləri yerlərdən danışanda söhbəti dəyişməyə məcbur oluram...
Elə bilirsən gələcəyimiz yaxşı olacaq? Yox, heç nə yaxşı olmayacaq.
Birincisi ona görə ki, biz də sənin əqidənlə, sənin verdiyin tərbiyə ilə
böyümüşük. İkincisi... İndi evlənmək üçün bir qıza yaxınlaşanda
birinci növbədə oğlanın geyiminə, maşınına, telefonuna baxırlar. Elə
oğlanlar da qız seçəndə bunları əsas götürür... Bəs biz neyləməliyik
axı? Bizim nə günahımız var? Günahımız odur ki, məsələn, Akif
əminin ailəsində yox, bu ailədə doğulmuşuq?..
Cövdət başını bir daha əsəbi halda silkələyib susdu. İbrahim isə
oturduğu yerdə donub qalmışdı. Nə deyəcəyini bilmirdi. Cövdət
ömründə birinci dəfə idi ki, onunla belə açıq danışırdı, ciddi söhbət
edirdi. Deməli, belə düşünürmüş onun sevdiyi, inandığı, düzlüyü,
mərdliyi ilə fəxr etdiyi oğlu da...
Nəsə deməyin vacib olduğunu anlayıb çətinliklə dilləndi:
- Çox təəssüf... Çox təəssüf ki, sən də belə düşünürsən.
Doğrusu, sənə deməyə söz tapmıram. Amma, mənə inan, vaxt
gələcək, həmin gülməşəkər Akif əminin yox, mənim ailəmdə
doğulmağınla fəxr edəcəksən...
- Necə olacaq o? - Cövdət az qala onun sözünü ağzında qoydu.
- Kasıblığımızla, acizliyimizlə fəxr edəcəyik?
Münəvvər arvad da, Fəridə də dayanıb ata ilə oğulun
mübahisəsini heyrətlə dinləyirdilər. İbrahim bacardığı qədər çalışdı
ki, əsəbini boğsun:
- Sənin qibtə elədiyin, bənzəmək istədiyin Rafetin ailəsi dağılıb.
Bunu bilirsən artıq. Özləri Tatarıstanda, anaları Amerikada.
Atalarının da beş kişi arasında kişi kimi hörməti yoxdur. Sən də belə
bir ailə istəyirsən?
Cövdət gözlənilmədən qarşısındakı kitabı kənara itələyib ayağa
qalxdı:
- Əsas odur ki, Rafetin pulu var və gələcəkdə də olacaq. Nə vaxt
istəsə Amerikaya gedib anasını görə biləcək. Biz isə ildə bir dəfə kəndə
gedə bilmirik ki, yol pulu çox çıxır. Qaldı Akif əminin hörmətinə, ona
da olan hörməti görmüşəm, sənə də!
Münəvvər arvad burada dözə bilməyib nəvəsinə acıqlandı:
- Səsini kəs, küçük! Bunun atasına cavab qaytarmağına bax! Nə
istəyirsiniz bu yazıqdan? Sizi böyüdüb boya-başa çatdırıb, daha nə
eləməlidir?!
- Mənə lazım deyil belə böyümək! - Cövdət əlini hirslə yelləyib
Arzunun olduğu otağa getdi.
- Sən də uşağın üstünə qışqırma, ay arvad! - Fəridə qayınanasını
hədələdi.
- Anasan da, oğluna verdiyin tərbiyə budur!
- Nə olub onun tərbiyəsinə? Nə deyirsə lap düz deyir. Onun üstünə
çığırmaqdansa öz oğluna ağıl ver. Bir aya yaxındır işsiz-gücsüz
gəzir. Evdə bir qəpik pul yoxdur. Bir fikirləşmir ki, qızım var, bu
gün-sabah onu ərə verməliyəm, oğlumu evləndirməliyəm. Budur e,
kişilik! Akifə lağ eləməkdənsə bunları fikirləşmək lazımdır.
İbrahim gördü ki, evdə bir az da qalsa araya əməlli-başlı qan
düşəcək. Cəld ayağa qalxıb heç kəsə bir söz demədən mənzili tərk
etdi.
Artıq bir saatdan çox idi ki, hava qaralmışdı. Hara gedəcəyinə
qərar vermədən pilləkənlə enməyə başladı. Bu saat dünyada heç nə
gözünə görünmürdü. Görünənlər də sanki iynə olub batırdı
gözlərinə. Özünü bu qədər aciz, bu qədər gərəksiz hiss etməmişdi
heç vaxt. Sən demə, kişi üçün nə qədər ağır bir duyğu imiş bu...
Arvadın, doğma övladların sənə güvənmək, səninlə qürurlanmaq
əvəzinə sənə istehza edirlər. Oğlun təəssüflənir ki, niyə sənin
belindən gəlib, niyə Akifin belindən gəlməyib. Arvadın fikirləşir ki...
Lənət sənə şeytan! Dağılasan beh dünya! Amma yox! Dünya niyə dağılmalıydı
ki?.. O əvvəldən belə qurulmuşdu, belə də gedirdi. Dünyanın nə
vecinə idi ki, İbrahim baş saxlaya bilmir. Adama deyərlər yaxşı
yaşamaq istəyirsənsə pul qazanmaq üçün bacarığın olmalıdır. Əgər
bu bacarığın yoxdursa öz səviyyənə qane ol. Başını aşağı sal, öz
yolunla get. Yox, əgər bunu da istəmirsənsə, onda gəl as özünü,
öldür.
Əslində, İbrahim həmin bu dəqiqələrdə ölməyi çox arzulayırdı.
Amma bilmirdi ki, bunu necə etsin, nə yolla etsin. Necə etsin ki, həm
ölüm ağnsız-filansız, rahat başa gəlsin, həm də intiharın nəticəsində
şübhəli dedi-qodular yaranmasın.
Dedi-qodular yaranmasın? O öləndən sonra bunun nə fərqi vardı
ki? Ölülər heç nə eşitmirlər, heç nə duymurlar. İstər xalq onun
heykəlini qoysun, barəsində xoş sözlər danışsınlar, istərsə də meytini
küçələrdə sürüsünlər, goruna söysünlər. Yox, deyəsən, fərqi vardı
axı... Anası üçün, nə qədər nankor olsalar da arvadı, uşaqları üçün...
İbrahim ölsə də onlar qalacaqdı axı bu dünyada?..
Yaxşı, əgər İbrahim onları düşünürdüsə, daha niyə özünü
öldürmək istəyirdi? Niyə?.. Çünki lazım deyildi onlara. Ya, bəlkə,
lazım idi, amma onların istədiyi kimi ola bilmirdi? Bəlkə heç özü
yox, qazanacağı pul lazım idi ailəsinə? Hə, deyəsən, belə idi. Təəssüf
ki, belə idi. Amma o, bacarmırdı. Bilmirdi necə eləsin ki, çoxlu pul
qazana bilsin.
Deməli, hər gün övladlarının məzəmmətli, kinayəli baxışlarını
görməkdənsə, arvadının söyüşlərinə tuş gəlməkdənsə ölməyi
məsləhət idi...
Amma hamı deyirdi ki, intihar etmək acizlik əlamətidir. Bir də
deyirdilər ki, Allahın verdiyi ömrü axıradək yaşamaq lazımdır. Pis də
olsa, yaxşı da olsa... Bəlkə baş götürüb getsin burdan? Məsələn,
Rusiyaya... Bir iş tapıb işləyər, birtəhər başını saxlayar. Yox, onda da
vicdan əzabı rahat qoymayacaq onu. Hər gün fikirləşəcək ki, ailəsini,
uşaqlarını sahibsiz qoyaraq qaçıb. Bəs nə eləsin? Nə eləsin ki, içini
gəmirib yeyən bu hisslərdən azad olsun? Yox, elə ən yaxşısı ölməkdir,
ölmək və birdəfəlik hər şeyə son qoymaq! Onsuz da daha nə
Cövdətlə, nə Arzu ilə, nə də Fəridənin özüylə üz- üzə gəlmək
istəmirdi.
Birinci mərtəbəyə çatanda binaya yenicə daxil olmuş Rövşənlə
rastlaşdı. Salam verib keçmək istəyirdi ki, Rövşən onu saxladı:
- Hara belə, qonşu?
- Bir az hava almaq istəyirəm, - dedi.
-- Əynin nazikdir. Özünü soyuğa verərsən.
- Heç nə olmaz.
- Gəl çıxaq bizə, adama yüz-yüz vuraq.
- Yox, sağ ol...
- Mən ölüm gəl! Evdə yaxşı arağım da var.
İbrahimi şirnikləndirib Rövşənlə yuxarı qalxmağa məcbur edən
bu sözlər onu, bəlkə də, bir az sonra baş tutacaq intihardan xilas etdi.
Bağdagül axşama kartof püresi ilə kotlet bişirmişdi. Xörək
boşqablara çəkilən kimi ev sahibi süfrəyə ağzı hələ açılmamış bir
araq şüşəsi qoydu.
- Bu gün qazancım yaxşı olub, - dedi. - Ona görə də kefim
kökdür.
Qədəhlərə içki süzülən kimi götürüb içdilər. İbrahim içdiyi ucuz
arağın acı dadını öldürmək üçün süfrəyə qoyulmuş kələm
tutmasından bir ovuc götürüb tələsik ağzına təpdi. Sonra isə isti
xörəkdən yeməyə başladı.
Rövşənin isə kefi, doğrudan da, kök idi. Arağı içən kimi xörəyi
qarşısına çəkib ağzını marçıldatdı:
- Bəh-bəh! Ölürəm də kartof püresi üçün. Həm də başqası yox,
Bağdagül bişirsin. Sağ ol, vallah, Bağdagül!
Mətbəxdə uşaqlarla yemək yeyən arvadının səsi gəldi:
- Sən sağ ol ki, qazanıb gətirirsən. Nuş olsun!
İbrahim öz ailəsi ilə əvvəllər keçirdiyi xoş günləri xatırladı. Necə
də xoşbəxt günlər imiş o günlər... Lap bu Rövşənin ailəsi kimi
xoşbəxt idilər. Yox, bunlardan daha artıq! İndi isə...
Ailəsini xatırladıqca qanının qaraldığını görüb onları unutmağa
çalışdı. Qədəhlərə özü araq süzüb, öz qədəhini yuxarı qaldırdı:
- Sağ ol, Rövşən, sənin sağlığına! Sənin ailənin sağlığına! Nə
yaxşı ki, aşağıda mənə rast gəldin. Doğrusu, yaman darıxırdım. Lap
ürəyim partlayırdı.
Qədəhini başına çəkdi. Rövşən isə öz stəkanını dodaqlarına
toxundurub masanın üstünə qoydu. İndicə içdiyinin yanğısı hələ
boğazından getməmişdi.
- Nə vaxt darıxsan, gəl oturaq, - dedi. - Nə vaxtdır səninlə bir süfrə
arxasında oturmuruq. Əvvəl başın Kazandan gələn qohumlarına
qarışdı, sonra da işini dəyişdin. Gah Begemotun şoferi oldun, gah
Şamaxıya getdin... Doğrudan, o nazir müavininin yanından niyə
çıxdın?
İbrahim bu adama hər şeyi olduğu kimi danışmaq fikrində
deyildi. Dərindən köks ötürüb başını buladı:
- Sərf eləmədi. Yollarda qalmışdım. Həftədə bir dəfə evdə
gecələyə bilmirdim.
- Hə... - Rövşən başını razılıqla tərpətdi. - Mən də başqa yerdə rahat
ola bilmirəm. Hara getsəm, gərək gecəni evə qayıdam. Yaxşı, bəs indi
nə işlə məşğulsan?
- Heç nə ilə məşğul deyiləm. İş axtarıram.
- Bəs niyə öz əvvəlki işinə qayıtmırsan? Maşının da qalıb həyətdə
paslanır.
- Daha taksi işlədə bilmərəm.
- Niyə axı?
- Nə bilim... Bezdirib məni o iş. - Əlini araq şüşəsinə uzatdı. - Gəl,
yaxşısı budur içək. Beş günlük dünyadır, cəhənnəm olsun hər şey!
- Hə, içək!
İçdilər. Bundan sonra Rövşən özündən danışmağa başladı:
- Mənim də fikrim var ki, biznesimi inkişaf elətdirim. Görək
icazəsini ala bilsəm həyətdə meyvə-tərəvəz köşkü açacam. Gətirib malı tökərəm, uşaqlar satar. Özüm isə hələlik yenə
maşınla qonşu məhəllələri gəzib sataram. Gördüm ki, daha
pullaşmışam, köşkü böyüdüb özüm başında dayanaram.
- Allah qoysa!
- Bir də, sənə demişəm, bu «Zapı»nı dəyişmək fikrim var. Daha
heç əl vermir. Onu dəyər-dəyməzə satıb bir «Jiquli» alacam.
Ağzındakı loxmanı çeynəyib udan İbrahim başını tərpətdi;
- inşallah, alarsan!
- Bura bax, qonşu, - Rövşən gülümsədi. - İndi ki, o maşını
işlətmirsən, niyə qalıb xarab olsun, sat mənə. O dəfə də dedim,
satmadın. Bir sərfəli qiymət desən, bax elə bu saat pulunu verərəm.
İbrahimin yadına dostu Camaldan borc aldığı üç min manat düşdü.
Birdən fikirləşdi ki, maşını satmaqla borcunu ödəyə bilər. Onsuz da
həyətdə qalıb toz basan bu «Jiquli» öz görkəmi ilə ona dərddən başqa
heç nə vermirdi. Siqaret yandırıb kürəyini stula söykədi və bir qədər
düşünüb:
- Satıram! - dedi.
— Satırsan? - Rövşən aşkarca sevindi. - Neçəyə deyirsən?
- Üç minə.
- Yox, qonşu, baha deyirsən. Köhnə maşındır, həm də vurub
əzmisən. Onu alası olsam gərək əvvəlcə usta yaına aparım. Min beş
yüz nəqd verirəm, razılaş.
- Sən nə danışırsan, ay Rövşən!?
- Yaxşı, iki min verirəm. Bundan artıq pulum yoxdur. Xalisin
canına and olsun!
İbrahim çəkdiyi siqareti bitirib külqabıda söndürdü. Beynində bir
qədər götür-qoy edəndən sonra əlini Rövşənə uzatdı:
- Sənsən də!.. Necə olmasa, qonşumsan.
- Deməli, satırsan?
- Satıram.
- İki minə?
- Hə, danışdıq. Ver əlini!
Rövşən ona uzadılan əli sıxıb cəld ayağa qalxdı. Yataq otağına
keçib, az sonra oradan iki min manat pulla qayıtdı:
- Mənim sözüm sözdür. Buyur, bu da sənin pulun. Xahiş edirəm,
say.
İbrahim ona verilən pulu tələsik sayıb cibinə qoydu:
- Allah xeyir versin!
- Sənə də! - Rövşən dedi. - Açar üstündədir?
- Hə, indi həyətə çıxarıq, baxaram görüm maşından götürməli nə
var, sonra açarı verərəm.
Sevincini gizlədə bilməyən Rövşən, deyəsən, açarı almağa
tələsirdi:
- Onda yeməyini bitir, düşək həyətə. Ya da düşüb alış- verişimizi
həll edək, sonra qayıdıb bunu yaxşıca qeyd eləyərik.
- Sən deyən olsun.
Aşağı enib yarıqaranlıq həyətdə saxlanmış «Jiquli»yə yaxınlaşdılar. İbrahim qapını açıb maşının salonuna göz gəzdirdi.
Sonra baqaj yerinə baxdı. Özünə götürməli vacib bir şey tapmayıb
açarı Rövşənə uzatdı:
- Sağlığına qismət olsun!
- Çox sağ ol, İbrahim! - Rövşən açarı alıb avtomobilin qapılarını
bağladı. - İndi çıxaq yuxarı, bu gözəl hadisəni qeyd eləyək.
- Hə, çıxaq...
İbrahim onsuz da öz mənzilinə getməyə tələsmirdi. Və imkanı
olsaydı bu gecə heç getməzdi ora... «Jiquli»yə son dəfə nəzər salıb
Rövşənlə birlikdə binaya doğru addımladı. İndi ona elə gəlirdi ki,
yaxın keçmişiylə birdəfəlik vidalaşıb.
Amma gələcək necə olacaqdı, bunu deyə bilməzdi.
Heç kəs deyə bilməzdi...
ŞİMDİ OKUDUĞUN
Elxan Elatlı - Mərtəbələr
AléatoireMərtəbələr və ya intiharla bitən ömür... Amma görəsən bu faciəli sonluğu intihar adlandırmaq olarmı?