Binanın damı

174 9 4
                                    

Dama açılan qapı qıfıllı deyildi. Divara bərkidilmiş
dəmir nərdivanla dırmanıb, bu qapını çətinliklə yuxarı
qaldırdı.
Elə həmin anda da tamamilə başqa bir aləmə düşdü,
sanki. Qorxunc səslə vıyıldayan küləyin iliyə işləyən
soyuğu tərli bədənini bircə anda sarsıtdı. Buna
baxmayaraq, dama qalxıb arxasınca qapını örtdü. Çünki,
sonuncu mərtəbənin mənzillərindən kimsə çıxıb onu görə
bilərdi.
Dizlərini damın beton örtüyünə dayayıb ətrafa
boylandı. Burada qoyulmuş bir neçə iri su çənindən və
televizor antennalanndan başqa nəzərə heç nə çarpmırdı.
Beton örtüyün üstünə yağmış qarı külək tərtəmiz süpürüb
su çənlərinin böyür-başına yığmışdı. Binanın qaranlıq
damı öz boşluğu, kimsəsizliyi və canavar kimi ulayan
küləyi ilə çox qorxunc görünürdü.
Başını qaldırıb daha uzaqlara baxdı. Çox hissəsi
işıqlara qərq olmuş şəhər buradan aydın görünürdü.
Yüksəklik hissinin yaratdığı təsirdən bədəni uçunanda
harada olduğunu birdən-birə dərk etdi. Bütün vücudunu
ölüm qorxusundan daha müdhiş olan anlaşılmaz bir qorxu
bürüdü. O, bu qorxunun nədən ibarət olduğunu deyə
bilməzdi, amma bir şeyi duyurdu ki, bu qorxunun
müdhişliyi, dəhşətliliyi elə onun anlaşılmaz olmasındadır.
Asta-asta damın kənarına tərəf irəliləməyə başladı. Bu kənarlara, ehtiyat tədbiri olaraq, dəmir
məhəccərlər vurulmasına baxmayaraq, dizləri üstə
iməkləyirdi. Qorxurdu ki, ayağa qalxarsa, külək onu
sürüyüb damdan yıxa bilər.
Qəribədir... O, əslində, bu yüksəkliyə ona görə
çıxmışdı ki, özünü aşağı atıb intihar etsin. Amma indi
yıxılmaqdan qorxurdu...
Gəlib damın lap kənarına çatdı. Əllərini uzadıb
dəmir məhəccərdən bərk-bərk yapışaraq ayağa
qalxdı. Aşağı boylanmağa cürət etməsə də bütün
bədəni qorxudan titrəyirdi. Çünki, şəhərin uzaqlarda
görünən böyük bir hissəsi, sanki, ayaqları altında
qalmışdı. Baxışlarını bir qədər aşağı endirəndə
yaşadığı beşmərtəbəli binanı da görə bildi.
Ona əzab verən bütün bu görüntülərdən
qurtulmaq üçün gözlərini yumdu. Küləyin onu
yıxmaması üçün ayaqlarını dəmir məhəccərə
dirəyib, əlləriylə bərk-bərk ondan tutmuşdu.
Deməli, ayağının birini bu məhəccərin üstündən aşırıb əllərini açsa birbaş aşağı yuvarlanacaq. Onaltımərtəbəli binanın damından birbaş
asfalt döşəməyə. Yerə dəyən kimi dərhal canını
tapşıracaq. Görəsən, dərhalmı? Hə, əlbəttə,
buradan yıxılan adamın sağ qalmasına heç bircə
faiz də şans yoxdur. Yaxşı, bəs canı bədənindən
necə çıxacaq görəsən? Dəhşətli ağrılar
olacaqmı? Bəs keçindiyi anda nə baş verəcək?
Bəs keçinəndən sonra?
Əsas problem də bundan ibarət idi. Ölüm
anına qədərki əzablara birtəhər dözə bilərdi.
Çünki, necə olmasa, müvəqqəti idi bu əzablar. Bəs öləndən sonra? Öləndən sonra o biri dünyada
başına nələr gələcəkdi? Ümumiyyətlə, «o biri
dünya» deyilən bir yer var idimi?
Hələ bu dünyanın özündə nələr olacaqdı? O
bunları qətiyyən bilməyəcəkdi. Anası, arvadı,
uşaqları... Görəsən ağlayacaqdılarmı onun
ölümünə? Yəqin ki, hə... Ya, bəlkə də, yox!..
Bir də ki, bunların nə fərqi vardı axı? O bura
intihar etməyə gəlmişdi, işi uzatmağa dəyməzdi.
Vidalaşmaq lazım idi bu həyatla. Həm də bu nə
qədər tez baş verərsə, bir o qədər yaxşı olardı.
Yoxsa bir yandan qış küləyinin kəskin soyuğu, bir
yandan da içini yeyib dağıdan qorxu əzab verirdi
ona. Qurtarmaq lazım idi bu işgəncəli əzablardan.
Kəlmeyi-şəhadətini pıçıldamağa başladı. Amma
özü də hiss etdi ki, çənəsi titrədiyi üçün sözləri
düzgün tələffüz etmir.
Sağ ayağını qaldırıb məhəccərin üstündən
aşırmaq istədi. Hətta yarıya qədər qaldırdı da
ayağını. Amma elə həmin anda da onu geri qaytarıb
məhəccərdən daha bərk yapışdı. Elə bil etdiyi
hərəkətin mahiyyətini bütün çılpaqlığı ilə indi
anlamışdı.
0 nə edirdi?! Niyə özünü belə vəhşicəsinə
həyatdan məhrum etmək istəyirdi? Ona görə ki, bu
həyatda yaşaya bilmirdi? Amma, hər halda,
yaşayırdı axı!? Düşünürdü, nəfəs alırdı,
ətrafındakıları görürdü, yemək yeyirdi, içki içirdi,
hərəkət edirdi, yatırdı, dururdu...
Düşündü ki, onu intihara sürükləyən içindəki
şeytandır. Hə, elə indicə, bu anın özündə də həmin
şeytan onu yoldan çıxarmağa cəhd göstərirdi. Deyirdi ki, yox, sən bu dünyada yaşaya
bilmirsən, nə də yaşaya bilməyəcəksən. Çünki
başqaları kimi olmağı bacarmırsan və bacarmadığın
üçün də əzab çəkirsən, hirslənirsən, üzün gülmür heç
vaxt.
Amma, hər halda, o yaşayırdı axı!? Əzab çəkirdi,
hirslənirdi, hətta ağlayırdı, amma yaşayırdı. Əgər Allah
ona pis, ya yaxşı bir ömür vermişdisə, onu niyə özü
bilərəkdən yarımçıq kəsməliydi? Buna onun nə ixtiyarı
vardı?..
Nə qədər mənasız və pis bir iş tutduğunu anlayıb
sarsıldı. Yox, yaşamaq lazım idi. Yaşayıb, əcəli tamam
olana qədər mübarizə aparmalıydı. Ailəsini başına
yığıb bütün çətinlikləri dəf etməliydi...
Yaxşı, əgər bunu yenə bacarmasa?..
Ölüm qorxusu və ölüm qorxusundan daha müdhiş
olan o anlaşılmaz qorxu onun bütün vücudunu
sarmışdı. Gözləri hələ də yumulu idi. İndi daha çox
geri çəkilmək barədə düşünürdü. Aşağı əyilib dizləri
üstə geri iməkləmək barədə... Külək isə canavar kimi
ulamağında davam edirdi.
Yox, öz istədiyi kimi, alnıaçıq yaşamağı
bacarmasa da, yenə yaşayacaqdı. Cəhənnəm olsun
hər şey! Cəhənnəm olsun bütün dəyərlər, hisslər,
duyğular, qınaqlar!.. Diri it ölü aslandan yaxşıdır,
deyiblər. Hər necə olsa yaşayacaqdı.
Lap Akifin təklifini qəbul edib Kazana gedəcəkdi.
Lazım gəlsə, onun dediyi o Alisa adlı qızla evlənib
qalacaqdı orada. Belə bir iş tutan birinci adam
olmayacaqdı ki! Yüzlərlə-minlərlə belələri var idi həyatda. O da onlardan biri olacaqdı.
Bəli, əsas məsələ yaşamaqdır. Əcəl özü gəlib səni
haqlayana kimi yaşamaq və bu dünyanın nemətlərindən
bacardığın qədər həzz almaq!
O da yaşayacaqdı. Tüpürəcəkdi hər şeyə və
yaşayacaqdı. Həm də özü üçün, yalnız özü üçün
yaşayacaqdı, içində qaynayıb ona ancaq və ancaq əzab
verən qürur, mənlik, əxlaq, vicdan kimi çürümüş hissləri
tullayıb, bu dünyadan həqiqi zövq alaraq yaşayacaqdı.
İndi isə birinci növbədə buradan uzaqlaşmalıydı.
Tez uzaqlaşmalı və bir də belə gic fikirlərə
düşməməliydi.
Hə... Artıq bu qəti qərar idi. Qorxudan bərk- bərk
yumduğu gözlərini açmaq, yavaş-yavaş aşağı yatıb,
dizləri üstə geri iməkləmək. Birbaş bloka açılan dəmir
qapıya doğru... Ya Allah!
Gözlərini açdı...
Və elə bu zaman cib telefonu səslənib onu əməllibaşlı diksindirdi. Qeyri-ixtiyari olaraq, əlini atıb onu
cibindən çıxartdı.
Durmadan səslənən telefonun işıqlı ekranında
«Cəmilə» sözü yazılmışdı. O, bunu oxuya bildi və
həmin anda da telefon keyimiş barmaqlarının
arasından düşüb üzüaşağı getdi.
Qəfil özünü unudub əlini telefonun ardınca uzatdı.
Onu havadaca tutmağa çalışsa da, bu alınmadı.
Üstəlik, özü də müvazinətini itirdi. Alçaq məhəccərin
üstündən aşıb başı üstə aşağı yuvarlandı.
Böyük əziyyətlə qalxdığı mərtəbələri indi çöltərəfdən, sürətlə aşağı enirdi. On altı, on beş, on dörd,
on üç... Bura çatanda ucadan, qorxunc bir səslə çığırdı
və ürəyi ölüm qorxusundan daha pis olan o məşum
qorxuya dözə bilməyib partladı. Ruhu havadaca
bədənini tərk edib göylərə uçdu.
Bir neçə saniyə sonra asfalt döşəməyə çırpılıb
parçalanan isə onun yalnız cansız bədəni idi...

/ 2 may -19 dekabr 20 /3-cü il
Bakı-Şamaxı-Bakı

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 11, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Elxan Elatlı - MərtəbələrHikayelerin yaşadığı yer. Şimdi keşfedin