BİRİNCİ HİSSƏ - 1

99 1 0
                                    

Markos ağa Alimyan bərk xəstələnmişdi.
O bir həftə bundan əvvəl özünün təzə, sayca on birinci evinin tikintisinə baxarkən birdən üşüdü, evinə qayıdıb uzandı və daha ayağa durmadı. Həkimlər xəstəni diqqətlə müayinə edib, sətəlcəm olduğunu müəyyən etdilər.
Onun xəstələnməsi xəbəri dərhal bütün şəhərə yayıldı. Yupyumuru bədəni və ətli yanaqları olan altmış yaşlı tosqun, lakin işcil və qıvraq qocanı - torpaq və neft sənayesi Markos Alimyanı kim tanımırdı. Onun məşəqqətli həyatı haqqında nəsihətamiz hekayəti kimi eşitməmişdi! O, düz yarım əsr bundan əvvəl əldən-ayaqdan uzaq kəndini tərk edib, yeraltı sərvətləri sayəsində yaxın gələcəkdə dünyaya şöhrəti qazanacaq kiçik, nəzərə çarpmayan dənizkənarı şəhərdə məskən salmışdı.
İndi, 19-cu əsrin axırıncı rübündə Alimyanın adı ilə əlaqədar çoxlu əfsanələr yaranmışdı. Nağıl edirdilər ki, guya onun cah-cəlallı evinin zirzəmisində sərdabə kimi qaranlıq və soyuq xüsusi bir otaq vardır. Markos ağadan başqa hələ heç bir canlı bu otağın dəmir qapısını açıb, astanasına ayaq basmamışdır. Bu otaqda qızıl dolu kisələr saxlanılırdı. Nağıl edirdilər ki, qaşqabaqlı qoca guya hər gecə əynində uzun məxmər xalat, başında qara təsək, əlində lampa tək-tənha zirzəmiyə düşür, paslı açarla dəmir qapını açır, kisələri sayır, gətirdiyi qızıl onluqları oraya tökürdü. İnandırmağa çalışırdılar ki, Markos ağa on beş yaşlı oğlan ikən doğma kəndlərindən çıxanda geyindiyi çarıqlar orada polad sandığın içində saxlanılır. Həmçinin deyirdilər ki, pasxa bayramı qabağı axırıncı şənbə günü və milad axşamı Markos ağa iki şam yandırıb dizi üstə çökərək sandığın qarşısında dua oxuyur, miras qalmış çarıqlara xeyir-dua diləyir.
Onun mərkəzi küçələrdə məğrur görünüşlü, möhtəşəm evləri çoxlarını acığa salır, çoxlu quyularından fəvvarə vuran neft onların nəfəsini kəsir, burum-burum qalxan zavod tüstüləri gözlərini çıxarırdı. Lakin adamlar ürəklərində coşub-daşan həsəd hissinə necə təsəlli tapmağı bilirdilər. Axı məlum idi ki, Markos Alimyan sucu, süpürgəçi, aşbaz, meyvə və şərab alverçisi olmuş, həm də heç bir işi namusla aparmamışdı. O bütün Rusiyanı əldən-ayaqdan salaraq bir dəstə qəlp pulla qayıtmış, sonra bu pullarısadəlövh adamların arasında xırıd etmişdir. O, yoxsulları aldadıb soyurdu, hətta deyildiyinə görə öz şərikini zəhərləmişdi. O, xəssi idi, cibindən pul çıxardanda əlləri əsərdi, pul haqqında düşünmədən yaşaya bilmirdi, qızıl onun dini-imanı, allahı olmuşdu. Quru divarlardan ibarət geniş mənzili onun üçün, arvadlı və uşaqları üçün qaranlıq zindana çevrilmişdi. Onun nə mebeli, nə nökərləri, nə də aşbazı vardı. Azuqəni Markos ağanın özü, həm də heç kim görməsin deyə səhər tezdən evə gətirirdi. Onun cibində bir məftil halqa vardı, o yalnız bu halqadan keçməyən yumurtaları alardı, bu ölçü ilə yumurta almaq üçün Markos ağa bəzən bütün bazarı dolaşmalı olurdu. Çoxları yaxşı bilirdi ki, bütün bunlar böhtandır. Alimyanın evində nökərlər də, aşbaz da, mebel də, həm də bahalı mebel var idi. Bunu da bilirdilər ki, Markos ağada məntil halqa yoxdur, varsa da o həmin halqa ilə yalnız öz borclularının boğazını amansızcasına sıxır. Lakin paxıllıq adamları yoldan çıxarır və onlar güzəranların uğursuzluğu üzündən daşa dönüb pas atmış ürəklərinə bir qədər təsəlli vermək üçün hər cür şey yürüdürlər.
Onlar şəhərin birinci milyonçusunu qəzəblə pisləyir, ələ salır və söyürdülər, lakin bütün bunlar qeybət olub, onun dalınca deyilirdi. Markos ağa yekə qarnını qabağa verərək ördək kimi yanlarını basa-basa küçələrdən keçib mağazalara baş çəkdiyi və ya kluba gəldiyi vaxt hər kəs onun gözünə görünməyə, ona təzim etməyə və heç olmasa onun etinasızlıqla başını tərpətməsinə nail olmağa can atırdı. Markos ağanın özü - bu sabiq sucu və süpürgəçi isə həmin ölkənin sahibi olan qubernatorun salamından başqa bütün salamlara etiranasız

yanaşırdı. Keçmişdə çəkdiyi həqarət üçün artıq iyirmi beş ildi ki, həyat onu mükafatlandırırdı - o, özünün dörddə bir əsr ərzində bu dünyanın varlı və güclü adamları qarşısında əsirgəmədiyi hörmət və ehtiramı ətrafdakılardan qəbul edirdi.
İndi bax, bu adlı-sanlı şəhərli, bütün ömrünü zəhmətdə keçirən, öz vicdanını dənmir sandıqda kilidləyən, imanını pula satan bu ağıllı adam, qənaətcil tacir bu gün olurdu.
O, şəhərin mərkəzində yaşayırdı. Yonulmuş daşdan tikilmiş, qır basılmış, yastı damlı ikimərtəbə mağazalar və kontor yerləşirli, yuxarı mərtəbədə isə Alimyanın ailəsi yaşayırdı. Quru və bürkülü avqust günü idi. Qurub etməkdə olan günəş son şüalarını yaşıllıqdan əsər-əlamət olmayan, hisli-paslı şəhərə və onun qarşısında göz işlədikcə uzanan dənizə sərirdi. Bu şəhərin görkəmi adamda ağır və cansıxıcı təəssürat doğururdu. Yastı damlar və çılpaq küçələr uzaqdan elə görünürdü ki, elə bil bunları yanğın viran qoymuş, alov hər şeyi məhv etmiş, yalnız bir nəhəng gövdə qalmışdır. Şəhərin ətrafındakı qumluqların bəzi yerlərində neft gölməçələri qaralırdı. Tropik bürkünü heç bir şey, hətta dəniz də azalda bilmirdi. Daş divarlar yandırıcı şüalardan qızır, qum od kimi, hava isə boğucu olurdu. Şəhərin sakinləri dənizdə çimməklə özlərini bürküdən qurtarırdılar, çılpaq bədənlər gah günəşin şüaları altında nazlanır, gah da delfinlər kimi suya baş vuraraq səhərdən axşamadək dənizdə üzürdülər.
Alimyanların bayır pəncərələri qərbə baxırdı. Yayda günortadan gecə yarısınadək pəncərə taxtaları bağlı olurdu. Bu gün onlar bağlanmamışdı, pəncərələr taybatay açılmış, küçənin bürküsü evə dolmuşdu.
Burada qeyri-adi bir çaxnaşma var idi. Nökərlər və pirkeşiklər bir-birlərinin üstünə çığırır, söyüşə-söyüşə girib-çıxır, əbəs yerə sakitlik yaratmağa çalışırdılar. Qapıda tez-tez fayton dayanırdı. Alimyanların qohumları, dost və tanışları faytondan düşürdülər; onların bəziləri kədərli idi, bəziləri də özlərini kədərli göstərirdilər.
Hamı can verən milyonçunun yanına tələsərək onu son dəfə görmək və bəlkə də onun vəziyyəti haqqında bir şey öyrənmək ümidində idi. Orada can verənin yatağı başında ailə üzvləri, bəzi yaxın adamlar, məhəllə keşişi və həkimlər toplanmışdı. Başqa adamlar qonaq otağına yığışmışdılar. Hava çox ağırdı, nəfəs almaq belə çətin idi, buna baxmayaraq heç kim getmək istəmirdi. Bahalı İran xalılarından azca toz qalxırdı. Qalın yun pərdələrdən düşən çəpəki günəş şüalarında bu toz yıxılmazda olan qızılı sütunları andırırdı. Bu sütunlardan birinin ucu mərmər buxarı üstündəki tünd saatın üzərinə düşdü. Dəyirmi şüşə qapaq şəfəq saçaraq kiçik heykəli işığa qərq etdi: qapağın altındakı amiranə gözəl əlində qılınc qeyzli aslanın boğazında çökmüşdü.
Gələnlərin səbri tükənməkdə idi: onlar xəstənin keçinməsini gözləyirdilər, o isə ölmək bilmirdi. Növbə ilə gah biri, gah da digəri əyilib qapının açar yerindən yataq otağına baxır, ya da qulağını qapıya dayayıb, heç olmazsa bir şey eşitməyə çalışırdı. Sonra kənara çəkilib pıçıldaşmağa başlayır, açığlı nəzərlə gəc-gəc bir-birlərinə baxırdılar. Hər birinin ürəyində zəif ümid vardı: görəsən Markos ağanın vəziyyətində onun da adı çəkilirmi?
Yataq otağının qapısı ehmalca açıldı: pıçıltı səsləri bir anda kəsildi, elə bil qarıldayan qapqara güllə səsi eşitdilər. Yataq otağından ucaboy, qıvraq, məğrur görkəmli, altmışa yaxın yaşlı bir kişi çıxdı. Təmiz qırxılmış iki cizgili üzü, kəskin baxışı, qalın qaşları və xüsusən bakenbardlarına qarışan azca callaşmış yoğun bığları ona Nikolay vaxtının hərbi adamına oxşar bir görkəm verirdi. Onun əynində istefaya çıxmış məmura məxsus köhnə, bozarmış mündir, yaxasında orden vardı.
- Srafion Qasparıç! - deyə yandan səslər eşidildi; bu dəqiqə mühafizəçilərlə əhatə edilmiş məğrur sərkərdəni xatırladan qocanı adamlar dərhal araya aldılar.

Aleksandr Şirvanzadə - XAOSWhere stories live. Discover now