Həyat dərsi

537 53 16
                                    

    10 yaşım var idi. Dördüncü sinifdə oxuyurdum. Qardaşım məndən yeddi yaş böyük olduğu üçün özümü ona tay tutmağa can atırdım. Ama bu həmişə baş vermirdi. O evə hərdən gec gələrdi. Bəzən də dostları ilə görüşüb haradansa üzü gülər şəkildə gələrdi və nə anam nə də atam ona acıqlanmazdı. Mən də birdəfə dərsdən çıxandan sonra bir neçə saat qəsəbəmizdə gəzib evə gec gəlmişdim. Təbii ki, buna görə çox bərk danlanmışdım. Hətta evə gələndə aydın olmuşdu ki, qardaşımla atam küçə-küçə gəzib məni axtarırmış.

Özümü həmişə yaşıdlarımdan böyük göstərmək istəyirdim. Çünki elə bilirdim ki, mən onlardan daha ağıllıyam, daha çox dünyagörüşünə sahibəm. Amma əslinə qalsa, heç də belə deyildi. Çünki çox tənbəl və hərşeydən narazı bir uşaq idim. Üstəlik çox nadir hallarda '5' alardım. Ama yenə də özümü çox ağıllı zənn edirdim. Hərşeydən narazı idim, çünki mənə hansı paltarı alsalar, geyinmək istəmirdim. Qardaşım öz paltarlarını özü alardı, mənim isə elə haqqım yox idi. Qardaşım da atam kimi geyinərdi. Mənə isə rəngbərəng, üstü şəkilli köynəklər alınardı. Mən isə o köynəkləri qaşqabağımı sallayaraq geyinərdim. Çünki "mən artıq böyümüşəm, balaca deyiləm. Mən də qardaşım kimi öz paltarlarımı özüm almaq istəyirəm"deyə hayqırmaq istəyirdim.

Anam həmişə geyinmədiyimiz və ya rəngi getmiş, bizim əynimizə balaca olan paltarları yığıb kasıb, imkansız kiməsə verərdi. Düzü bu haqda məlumatım yox idi. Bircə onu görmüşdüm ki, anam ildə bir dəfə böyük bir sumka düzəldib, geyinmədiyimiz paltarları yığırdı və kiməsə vermək haqqında atamla danışırdı. Düzdür, mənə də maraqlı gəlirdi, görəsən bizim bəyənmədiyimiz və ya geyindiyimiz köynəkləri,şalvarları kim geyinəcək bundan sonra ? Ancaq sonra unudurdum bunu. Heç bu haqda anamdan  ətraflı soruşmamışdım da. Anam son 2-3 il ərzində hər il otağıma gəlib, paltarlardan hansını artıq geyinmək istəmədiyimi soruşardı. Təbii ki, hər dəfə də eyni cavabı verərdim: "Hamısını ". Bu vaxt anamın üzündə təbəssüm yaranar və mənə bir-iki məsləhət verərdi. Düzünü desəm, özümü o qədər böyük olmağa alışdırmışdım ki, verdiyi məsləhətlər bir qulağımdan girib, digərindən çıxardı.

Qış tətili yenicə bitmişdi. 2004- cü ilin ilk dərs günü idi. Mən isə hər zaman olduğu kimi yenə də dərsə gecikmişdim. Sinifə daxil olan kimi diqqətimi bir şey cəlb etdi. O da İsmayıl adlı sinif yoldaşımın əynindəki köynək idi. Dərs boyunca nə müəllimə doğru-düzgün qulaq asdım, nədəki parta yoldaşım- çox bilmiş Nərminin dərs haqqındakı sözlərinə. Fikrim İsmayılda, daha doğrusu əynindəki köynəkdə qalmışdı. Əynindəki köynək mənə çox tanış gəlirdi. Mənim də elə bir köynəyim var idi və köynəyin mənə alındığı gün heç yadımdan çıxmamışdı.

Həmin ildən bir il əvvəl novruz bayramı vaxtı anam bizə hədiyyələr almışdı. Mənə də üstündə dovşan şəkili olan ağ, uzunqol bir köynək almışdı.O qədər əsəbləşmişdimki hətta anama "çox sağol" əvəzinə "zövqün yoxdursa birdə mənə paltar alma" demişdim. Anam yenə də təbəssümlə qarşılıq vermişdi. Ondan sonra həmin köynəyi vur tut iki dəfə ancaq geyinmişdim. Hətta həmin köynəyi geyinməmək üçün baxçamızdakı dəmir setka ilə köynəyin qollarını azca cırmışdım.

Tənəffüsdə İsmayıla yaxınlaşdım. Onunla bir qədər söhbət etməyə qərar verdim. Əsas məqsədim isə köynəyə daha yaxından baxmaq idi. Çünki köynəyin sağ qolunda balaca cırıq bir yer var idi.Bu köynəyi ağ məktəbli saroçkasının üstündən geyinmişdi. Köynəyin o tərəf, bu tərəfinə baxır, ən çox da üstündəki dovşan şəkilindən çəkmirdi gözünü. Aydın idi ki, köynəyi təzə alıb və çox xoşuna gəlir. Özümü saxlaya bilməyib, birbaşa olaraq mövzuya girdim.

-İsmayıl, deyəsən köynəyin təzədir, hə ?

-Həə təzədir. Həm də bax, çox qəşəngdir. Üstündə şəkil də var. Səncə də qəşəng deyil ?

-Qəşəngdir, İsmayıl. Kim alıb bunu sənə ?

-Sənin anan alıb. Tətildə bizə gəlmişdi, hər yeni il bayramında olduğu kimi mənə bir iki paltar alıb gətirmişdi. Anam elə dedi.

-Necə ? Necə yəni mənim anam almışdı ? Üstəlik hər bayramda olduğu kimi ? – deyə dilim topuq çalaraq soruşdum.

- Həə düz eşitdin. Elə mən də sənin yanına gələcəkdim ki, deyəm. Anana çox sağol deyərsən mənim adımdan. O bizə gələndə evdə deyildim. Ona görə də çox sağol deyə bilməmişdim. –dedi gülərək.

-Yaxşı deyərəm

-Hə birdə bundan sonra köynəklərinlə ehtiyatlı davransan yaxşı olardı. Axı səndən sonra mən geyinirəm. –deyib gülərüz şəkildə yanımdan ayrıldı...

Həyatımın ən böyük dərsini həmin gün almışdım. Çünki mənim bəyənməyib, cırmağa çalışdığım köynəyim başqa birini xoşbəxt etmişdi. Üstəlik mənə yeni paltarlar alan anama bir "çox sağol" belə deməmişdim.Sonralar peşman da olmamışdım. Amma başqa biri köhnə paltara görə anama "çox sağol" demədiyinə görə üzülmüşdü. Kiçik şeylərlə xoşbəxt olmağı həmin gün öyrəndim. Evə gələn kimi anamı öpüb, qucaqladım. Sonra isə ağlamağa başladım. O gündən sonra bir daha özümü yaşımdan böyük göstərmədim və anam hansı paltarı alsa çox sağol deyib, onu qucaqladım.Hə birdə o gündən sonra bütün paltarlarıma diqqətlə yanaşdım. Axı məndən sonra onları İsmayıl geyinəcəkdi...

You've reached the end of published parts.

⏰ Last updated: Jul 15, 2015 ⏰

Add this story to your Library to get notified about new parts!

Həyat dərsiWhere stories live. Discover now