Azərbaycan Respublikası Vergilər Nazirliyinin
7.02.2008-ci il tarixli 0817040100067800 №-li
əmri ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Vergi işçisinin etik davranış Kodeksi
Fəsil 1. Giriş
Vergi işçisinin etik davranış Kodeksi vergi işçisinin və Vergilər Nazirliyinin ölkəmizin inkişafında böyük rolu olduğu nəzərə alınmaqla hazırlanmışdır.
Vergi orqanları əməkdaşlarının ictimaiyyətin etimadını qazanması nazirliyin əsas məqsədlərindən biridir. Nazirliyin hər bir əməkdaşı ictimaiyyət tərəfindən göstərilən etimadı doğrultmalıdır. Bu isə işçi tərəfindən ona tapşırılmış işi səmərəli, effektiv və etik normalar çərçivəsində yerinə yetirdikdə mümkündür.
Vergi işçisi cəmiyyətdə yüksək mövqeyə malik olduğuna və vergi ödəyicisinin vəziyyətinə ciddi təsir göstərmək iqtidarında olduğuna görə öz fəaliyyətini yüksək səviyyədə həyata keçirməlidir. Vergi işçisinin ictimaiyyətlə əlaqədə atdığı hər bir addım özündə peşəkarlıq, nəzakət və ədalətli əks etdirməlidir.
Kodekslə həm vergi işçisinin davranış normaları, həm də bu normaların pozulmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə uyğun məsuliyyət müəyyən edilir. Kodeksdə yolverilməzliyi göstərilməmiş, lakin vergi işçisinin və ya nazirliyin nüfuzuna xələl gətirə bilən hərəkətə yol vermiş işçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Vergi işçisinin etik davranış Kodeksinin müddəaları mahiyyət etibarilə əxlaqi və intizam xarakteri daşıyır.
Kodeksin hər hansı bir hissəsi başa düşülmədikdə onun aydınlaşdırılması işçinin, hər hansı müddəa ilə əlaqədar yaranmış çaşqınlığı aradan qaldırılmaq və işçiyə Kodeksin müddəaları çərçivəsində davranmaqda kömək etmək etik davranış məsələləri üzrə səlahiyyətli şəxsin və işçinin rəisinin vəzifəsidir.
Fəsil 2. Vəzifənin icrası
2.1. İşçilər öz vəzifələrini vaxtında və keyfiyyətlə yerinə yetirməlidirlər.
2.2. İşçilər öz vəzifələrini yerinə yetirərkən peşəkarlıq və nəzakətlilik nümayiş etdirməli, vergi ödəyiciləri ilə, habelə işlədiyi kollektivin üzvləri və təmasda olduğu digər şəxslərlə hörmətlə davranmalıdırlar.
2.3. İşçilər iş yerində təfriqəyə, ixtilafa, yersiz mübahisələrə, iş yerində və ya iş yerindən kənarda qeyri-etik, nalayiq və ümumbəşəri dəyərlərə xələl gətirə biləcək digər hərəkətlərə yol verməməlidirlər.
2.4. İşçilər öz vəzifələrini vergi qanunvericiliyinə, onlara verilmiş təlimatlara, cari vergi siyasətinə və təcrübəyə uyğun tərzdə yerinə yetirməlidirlər.
2.5. İşçilər hər bir vəzifə və tapşırığı yerinə yetirərkən düzgün mühakimə yürütməlidirlər. Qərarlar qəbul edərkən qərəzsiz olmalı, vəzifə borcunu yerinə yetirərkən əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə görə hər hansı şəxsin üstünlüyünə yol verməməlidir.
2.6. Vergi işçisi özünün birbaşa rəhbəri və tabeliyində olan şəxslərə, bütün vergi ödəyicilərinə münasibətdə nəzakətli, diqqətli olmalıdır.
2.7. Vergi orqanının vəzifəli şəxsləri xidmət intizamını pozmamalı, subordinasiyaya riayət etməli, özündən vəzifə və rütbəcə böyük olan vəzifəli şəxslərə birinci salam verməlidir.