Okaber - "Axtarma"

166 17 13
                                    

Başlıq axtarışındaykən "başla" düyməsini sıxıb gözlərimi yumdum. Ruhuma sığal çəkmək istəyirmiş kimi bütün varlığıma dolmağa başladı səs. Və ilk cümləsi bəs edərdi əslində mənə uzun cümlələr qurmağa:

"Axtarma, unut olanları.
Mən unutsam da olar, unutmasam da
".

Axtarma. Nə başlıq axtarma, nə sonluq. Olma bütövlük. Qal yarımçıq. Özün kimi. Tək. Təmtək. Necəsənsə helə. Yamaqsız. Əvvəlsiz, axırsız. Axtarma. Nə bir ilk, nə də ki son. Axtarma. Unut. Unut ki başlıqlara ehtiyacımız var, unut ki sonluqlara ehtiyacımız var. Bil ki nə ilk yaranan insan deyilsən, nə də sonuncu öləcək olan. Ortalarda bir yerdə. Və axtarma. Özünlə qal. Necəsənsə helə qal.

Mən bir düşüncəyəm, bir fikir. Bir varlıq. Hardan gəldiyi bilinməyən, hara getdiyi maraqlanılmayan. Mən saf bir fikir. Bir cümlə. Hansısa romanın ən ortasında, ya da aşağıdan üçüncü, onüçüncü səhifəsində.

Axtarma. Oyan bir gecə yarısı, saatdan xəbərsiz. Qaranlığa qərq ol. Sakitləş, səssizliyin bir parçası ol. İcazə ver zaman özü səni hansısa bir aralığına ilişdirsin. Qorxma. Ən saf olan yarımçıq olandır. Ən saf olan necə varsa helə olandır. Əvvəlinə-axırına müdaxilə edilməmiş olandır. Zorla yalançı gözəllik qatılmamış olandır. Öz bütün çirkinliyi ilə, öz bütün iyrəncliyi ilə müqəddəsdir.

"Axtarma, aparacaq qatarlar məni uzaqlara,
Burda qalmaram, sənə dönmərəm,
Axtarmaram, axtarmasam ölmərəm
".

Bəli. "Axtarmasam ölmərəm". Çünki mən sənin yoxluğunda ölmüşəm. Sənin yoxluğunu hiss edərkən. Və hər səni axtarışa çıxanda bir daha boşluğunu dərk edirəm, bir daha ölürəm. Hər dəfə. Təkrar-təkrar.

Axtarış fərqinə varmaqdır. Bir şeyin olmadığının, boşluğundan xəbərdar olmaqdır. Onu axtarmaqdır. Axtarışlar olmasa o zaman heç xəbərdar olmarıq yoxluqlardan.

Uzanıb gedən uzun bir yolda, mən buludları seyrə dalmışam. Yolun ortasındayam. Bir yerlərdə sancılıb qalmışam. Hardayamsa bu an ordayam. Tam lazım olduğum yerdə. Əsil yerimdə.


***


İllərdi bunu dinləyirəm. Və hər dəfəsində müəyyən qeydlər aparıram. Və indi sıra o keçmiş xatirələrindi. 

2013:

Qulağımda Okaberin "Axtarma" treck'i, pəncərədən gələn sərin külək... Gitar ve piano qarışıq, ayırd edə bilmədiyim gözəl bir musiqisi (minusu, beat'i ) qulağımda zümzümə edilir sanki. "Axtarma" deyir Okaber. Axtarmayaq bəlkə? Bəlkə həqiqətəndə axtarmaq sərf eləmir? Bəlkə elə axtarmamaq lazımdır? Bəlkə məqsəd dediyimiz hədəfimiz uğrunda apardığımız mübarizələr, və nəticəsiz zaman sadəcə boşdur. Bəlkədə əsil axtarılanı axtarışlara son qoyanda tapırıq, əsil məqsədə məqsədsiz olanda çatırıq? Kim bilir? Bəlkədə...

2014:

Axtarma, axtarma məni. Unut məni. Yox et varlığımı. Mən önəmli deyiləm. Mən lazım deyiləm. Bunlar sənin üçündür. Mən gəldim, yazdım, getdim. Sənin üçün etdim hamısını. Sən bunları oxuyasan deyə . Bunları milyonlarca insan oxuyacaq bəlkə. Amma onlar üçün yox, məhz sənin üçün yazmışam. Sən anla, sən oxu, sən dərk et, axtarma məni. Axtarma. Özünü axtar, həqiqətləri. Niyə gəlmisən? Niyə varsan? Onu axtar. Tap. Ol. Olman gərəkən kimi ol. Və Qazan.

2015:

Hə. Gecə saat üç. Mənsə Okaberin "Axtarma"sını "replay"-a qoşmuşam. 4-5-6? Sayını itirmişəm. Keçən il hər hansı bir gün bu hadisəni təkrarlamışdım ("Axtarma"ya gecə saatlarında dəfələrlə qulaq asmaq və bu haqda status yazmaq) - iki il bundan öncə də. Və bu 3 olur. Olsun. Bir məna axtarmayacam. Yazmaq istəyirəm sadəcə.

Axtarmayaq? Nəyi? Həqiqətləri? Hələ də axtarıram - həqiqətləri yox. Həqiqət deyilən bir şey yoxdu. Hər kəsin öz həqiqətləri var. Məncə bu sətirlər sevgiyə görə yazılıb. Sevgi? Kimisə sevməyə məcburuq? Biz nəyə məcburuq?

Qaranlıq bir gecədə işığın kölgəsini izləmək.

Deyirəm, qara lampa yandıraq qaranlıq otaqda. Qara işıq yayılsın ətrafa. Hətta divarları da qara olsa nə gözəl.

Düşüncə. Axtarma məni. Mən varlığam. İnsan yox. Mən ruham. Mən varam, yoxluqdan fərqsiz.

Səhv yerdə axtarırıq. Bəlkə əslində nəyi axtardığımızı bilmirik? Ağı axtararkən qaranı, sarını axtararkən yaşılı tapacağıq.


***


İllər bir birini qovur. Sadəcə 4-cü ilində bir fərqlilik oldu. Gecə yox, günorta saat üçdü. Yerimdə deyiləm. Yoldayam. Gedirəm. Və "Axtarma"-nı dinləyib qeydlər edirəm. Hətta o qədər önəmlidir ki bu mənim üçün, "Axtaran Adam" adlı podcast verlişim belə var.

Axtarmaqla axtarmamaq arasında ilişib qalmışam. Mən hardayam? Sən hardasan? İndi sıra sənindi. İndiyə qədər axtardıqlarını axtarma artıq. Axtarmadıqlarını axtarmağa başla. Axtar. Axtarmırmış kimi. Axtar. Sağlıcaqla qal. Öz yerində qal. Özün olaraq qal...

Qulaqlıqlı OğlanWhere stories live. Discover now