"Qaranlıqda edilənlər əvvəl-axır gün üzünə çıxacaq."
İncil
Günəşin çoxdandır ki uzaq düşdüyü, arabir boylanmaqla kifayətləndiyi boz dünya qucağında qaynaşan qarışqaları tezliklə əzməyə hazırlaşır. Milyon illər boyu bədənində fırlanan, özünə yuva quran həşəratlar artıq onu qaşındırmağa başlayıblar. Öz çirkabından arınmaq istəyir. O, tezliklə qaşlarını çatacaq, silkələnib özünə gələcək və yuyunub tər-təmiz olacaq...
Torpaq qəfildən yaranan tıxacın səbəbini anlamaq üçün maşını saxlayır. Əvvəlcə arxaya çevrilib ora-bura boylanan qızlarına nəzər yetirir, sonra nə baş verdiyini anlamaq üçün bayıra çıxır. Bir anın içində prospekt yöndəmsiz şəkildə saxlanılan avtomobillərlə dolmuşdu. Kimisi maşının pəncərəsindən boylanır, kimisi Torpaq kimi bayıra çıxıb vəziyyəti anlamağa çalışır, kimisi də maşından enib dəli kimi qaçmağa başlayır. Təşvişə düşən Torpaq içəri girib nə baş verdiyini anlamaq üçün cəld danışan ekranı yandırır.
-Camaat niyə təşvişə düşüb?
-Üzr istəyirik, sualınız anlaşılmadı. Xahiş edi...
Torpaq yeniləmə düyməsini basıb bəxtini bir daha sınayır:
-28.01.2050 tarixi üçün son xəbərlər.
-28.01.2050 tarixində, saat 09:27-dən etibarən qar yağmağa başlayacaq.
«Ah!», – arxa oturacaqlardan «qar» sözünü eşidən kimi təşvişə düşən qızcığazların həyəcan nidası eşidilir.
-09:48-dən etibarən isə şiddətlənəcək. Şiddətli çovğunun bir həftə davam edəcəyi müəyyən edilib. Qeyri-iş günü elan edilir. Hər kəs evinə qayıtmalıdır. Bu, fövqəladə vəziyyətdir!
-Ata, tez evə gedək!, – balaca qızın qorxudan böyüyən gözləri Torpağı da həyəcanlandırır. Əlini uzadıb hər ikisinin saçlarını sığallayandan sonra, – «İndi gedirik. Narahat olmayın, uşaqlar! Ciddi bir şey deyil!», – deyir.
-Ata, necə ciddi deyil? 5 il əvvəl olanlar nə tez yadından çıxıb?!
Böyük qızın tənə dolu baxışlarından ürkən Torpaq «Vaxt necə də sürətli keçib gedir. Dünənə qədər konfetlə başını aldatdığım qızım indi yalanımı üzümə vurur», – deyə düşünür.
Məktəbə gedən yolu yenidən geri qayıdarkən, Torpaq ürəyinin ortasında sanki ağırlıq hiss edir. Əlbəttə,heç nə onun yadından çıxmayıb. 5 il əvvəl ilk «QARANLIQ» baş vermişdi. Torpaq həmin vaxta qədər «QARANLIQ» barəsində heç bir anlayışı olmadan insanların necə də xoşbəxt yaşadıqlarını xatırlayıb köks ötürür. O dövrə qədər «qaranlıq» dedikdə, gecə zülməti, işığın olmadığı məkan nəzərdə tutulurdu. Lakin 2045-ci ilin qışı hər şeyi kökündən dəyişdirdi. Artıq «QARANLIQ» yer üzünün hər bir nöqtəsinin bəmbəyaz qarla örtülməsinə deyilir. Əgər planetin hər bir künc bucağı, meşələr, dağlar, dərələr, okeanlar, ağacların yarpaqlarının hər iki üzü, gövdələrinin qırışları, binaların damları, bir sözlə, gözlə görünən hər şey ağ libasa bürünərsə, yer kürəsi öz yolunu azar, ard-arda təbii fəlakətlər baş verməyə başlayar və həmin libas planetimizin kəfəninə çevrilər.
YOU ARE READING
"QAR"ANLIQ
Adventure2050-ci ilə səyahət edirik. Gələcəkdə yer üzünün hər bir nöqtəsinin bəmbəyaz qarla örtülməsinə «QARANLIQ» deyilir. Əgər planetin hər bir künc bucağı, meşələr, dağlar, dərələr, okeanlar, ağacların yarpaqlarının hər iki üzü, gövdələrinin qırışları, bi...