Vətənim sən, vətənim sənsən. Vətənə xidmət edir sətirlər. Sətirlərin keşiyini çəkir misralar.
Göyüzünə ulduzlar, sevdiyin çiçəklərə qoxular əkdim. Gecəyə ümid, səhərlərə aydınlıq çəkdim sən sevərsən deyə.
Bir zamanlar buralar cənnət qoxardı, sən vardın deyə. İndi cəhhənnəmə dönüb günüm, əzaba çevrilib gecəm, sən yoxsan deyə.
Hansı cəhənnəmdə cənnət edirsən, mələyim? Mələyim deyirəm. Bu mələk canıma can qatan mələk də ola bilər, canımı alan mələk də, şeytan da ola bilər. Bəlkə də sən bütün mələklərin toplusuydun. Canıma can qatıb, vermədiyi canı alan, yolumu azdırıb özünə döndərən mələk.
Musiqi kimisən. Sən olduğunda bütün mənasızlıqlar məna tapır. İndi yoxsan deyə həyatımda sanki bir şey əskik. Bir hissəm əzik. Dünyaya küsmüş uşaq kimi dodaqlarım sallaq və büzük. Hər kəs gülünc. Əslində hər şey qiymətliydi, qızıl tək. İndi hər şey bürünc.
Bilirsən, birini itiməkçün ya tələsərsən ya da gecikərsən. Qəribəsi bundadır ki, tələssəm də geciksəm də itirməkçün doğulmuşamsa itirəcəm. İtirməyin tələsib gecikməklə əlaqəsi yoxdu. Necə ki ölümün nəfəslərlə əlaqəsi yoxdu.