Uşaqlıqda kəsilmiş hökm

11 4 2
                                    

İnsan övladı tək və azad doğulur. Əgər onu yaradan varlığa inancı varsa, həmin varlıqdan başqa heç kimdən asılı olmadığına inanır. Amma nə qədər haqlıdır bu mövzuda? Başqa cəmiyyətləri unutsaq Azərbaycanda doğulan hər bir insan ilk öncə atasından, anasından başlayaraq ömrümün sonuna kimi kimlərdənsə asılı yaşamırmı? Özümüzə sual versək həyatımızda neçə il azadlıq eşqi ilə, kimlərdənsə maddi-mənəvi asılı olmadan yaşadıq? Və ömrümüzün neçə günü, hətta neçə saatı bunu bacardıq?
Hekayəmizin qəhrəmanının bələyini doğulduğu gün tikanlı məftillərlə sarıdı anası. Xəstəxanadan evə gətirildiyi gün aylardır maaş ala bilməyən, stressdən, fikirdən rəngi qaralmış atası ilə, kasıblıqdan, problemlərdən bezib zamanla aqressivləşmiş anası belə bir dialoq qurdular:
- Necə baxacıq bu uşağa? Aylardır maaş almırsan! Allah evin yıxmış müdirin arvadı qızılları cüt-cüt taxır...
- Gör necə gözəl qızdı, elə demə... Bizə qalan elə bu olacaq. O birilər çıxıb gedəcək hamısı. İkimiz qızınızı böyüdərik...
- Mən nə yeyib nə içəcəm ki südüm olsun?! Sağ olsun yenə qardaşımın arvadı, qızının köhnə çağa paltarlarını verdi. Qazlar da zəifləyib, ev qızmır...
- Zəriş, sən Allah başlama yenə! Yat dincəl, yorulmusan, mən getdim.
- Ehh sənə asan gəlir deyəsən, hara yatıram ee mən qara günlü!

Bu ölkədə qız olaraq doğulmaq, üstəlik kasıb ailənin 4-cü övladı olmaq, ana tərəfindən sevilməmək, istənilməmək...
Başqa ana-övladlar arasında sözlərlə izah edilə bilməyəcək dərəcədə qeyri-adi və gözəl bir mənəvi bağ olur. Bu ana-qız arasında isə o bağ ilk gündən yaranmadı. Sonradan da heç bir zaman yaranmayacaqdı. Hər ikisi sadəcə borc yerinə yetirəcək, hər zaman başqa ana-qızlara həsəd aparacaq və həmişə özlərini fərqli göstərməyə məcbur olacaqdılar təəssüf ki.

Zərnişanın qızı çox gec dünyaya gəlmişdi. Böyük övladları 15, 13, 11 yaşlarında idilər. Amma Zərnişan özü yaşlı deyildi. Sadəcə 33 yaşı var idi. Sadəcə çox tez evləndiyi və çətin günlər gördüyü üçün özünü yaşlı hiss edirdi.

Mahnur başqa bir ailədə doğulsaydı çox sevilən və əzizlənən, hər növ istedadı üzə çıxacaq olan bir qız olardı. Belə ki, sadəcə 9-10 aylıq ikən həm dil açmış, həm də ayaq tutub yetirmişdi. O qədər şirin-şirin danışırdı ki, qohum-tanışda kim görsəydi, onu danışdırmağa çalışırdı. Başqa bir ananın qızı olsaydı, yəqin ki anası onun haqqında fəxrlə danışardı. Amma Zərnişanın yaddaşına nəinki onun ilk addımları, ilk kəlməsi həkk olundu, hətta doğulduğu saatı belə xatırlamırdı. Mahnuru 3 yaşına kimi böyük bacısı Səriyyə saxladı. Daha sonra Səriyyəni ona ilk elçi gələn oğlana ərə verdilər. Hətta toy bir ildən çox yubanmışdı deyə Zərnişan narahat idi. Atası Mürsəl aradakı söz-söhbətlərə görə nişanı pozmağa dəfələrlə cəhd göstərsə də, nə sözbaz qaynana, nə bir il müddətində nişanlısını axtarmayan oğlan haqqında düşünmək toyun olmasına mane ola bilmədi.
Artıq Mahnur evin tək qızı olaraq böyüməyə başlamışdı. Bacısı uzaq bir şəhərdə intizar içində, gözləri yaşlı yaşayırdı. Apardığı cehizlərlə acgöz qaynanasını məmnun edə bilməmişdi və hər gün tənələr eşitməyə məcbur şəkildə yaşayırdı. Mahnursa burada bacılıq hissindən əbədi məhrum olmuşdu. Bacısı olan digər qızlar kimi, onla məktəbdəki ilk gün həyəcanını, sinif yoldaşları ilə münasibətlərini, ona ilk dəfə eşq elan edən oğlanı, özünün ilk dəfə necə aşiq olmasını, qızlarla arasında olan söz-söhbətləri-bir sözlə heç nəyi bölüşə bilməyəcəkdi. Ən pisi də, onun nə dostu, nə sirdaşı, nə oyunları, nə oyuncaqları yox idi. Sadəcə öz şəxsi xəyal dünyası var idi. O da çox da zəngin sayılmazdı.
Mahnur 1-ci sinfə heç bir xüsusi təmtəraq olmadan tək-tənha getmişdi. Dərslərini bir il boyunca özü yerinə yetirmiş, məktəbdə heç kimlə dost ola bilməmiş, hər sözü, söhbəti qəlbinin dərinliklərində sirr kimi saxlamışdı. Onun tənhalığı çox uzun çəkməmişdi. Anası kasıbçılıq bəhanəsi ilə böyük qızını necə ərə vermişdisə, universiteti yenicə bitirən oğluna paytaxtdan qız gəlin gətirmişdi. Qızın atası vəzifəli bir kişi olduğu üçün Zərnişan ümid etmişdi ki, bəlkə bundan sonra maddi vəziyyəti bir qədər düzələ...
İllər keçmişdi, Zərnişanın başı digər 3 övladlarının təhsili, toyu, əsgərləriyinə, nəvələrinə o qədər qarışmışdı ki, Mahnuru demək olar ki yada salmırdı. Onla bu müddət ərzində yeni gəlin Sona məşğul olmuşdu. Zərnişan sadəcə kimlərinsə sakittəbiətli, başıaşağı, dinməz-sanışmaz, dilindən "baş üstə anacan" əksik olmayan qızlarını nümunə göstərmək lazım olarkən Mahnuru yada salardı.
Onun 11 yaşı olarkən Atası Mürsəlin xərçəng xəstəsi olduğu bəlli oldu...

O həyat yoldaşına hər mövzuda gələcəyə dair məsləhətlər verərkən Mahnur haqqında "bu qızdan ehtiyatlı ol, başına o qədər oyun gətirəcək ki..." demişdi. Bilsəydi ki, gələcəkdə hər xırda səhvdə Zərnişan bunu sillə kimi onun üzünə çırpacaq, bəlkə də deməzdi. Amma sadəcə bir cümlə ilə onun hökmünü vermişdi. Anası hər zaman, hər addımda, hər xırda səhvdə onu ittiham etməyə hazır idi.

Sərhədlərin əsiriHikayelerin yaşadığı yer. Şimdi keşfedin