I HİSSƏ - Yadlaşmış doğmalar

35 2 1
                                    


1.

Dəfnə 10 ildən sonra yenidən bitirdiyi məktəbə gedirdi. İlk dəfə məktəbə qədəm qoyacaq bir uşaq kimi həyəcanlı idi. Bütün gücünü toplayıb onlarla xatirəni dəfn etdiyi məkana doğru irəliləyirdi. O xatirələr ki, hərdən onların birdəfəlik üstündən xətt çəkmək, hərdən də yenidən qayıtmaq arzusu bütün varlığına hakim olurdu... Əlləri sükana, gözləri yola kilidlənmişdi. Zehni isə zibilliyə atılmış bir pişik kimi illər öncəsinin artıqları arasında eşələnirdi.

Uzaqdan gördüyü doğma divarlar Dəfnəni xəyallardan ayırıb indiki zamana qaytardı. İçəri ayaq basanda, ona elə gəldi ki buradan ayrılmağından nəinki 10 il, heç 10 gün də keçməyib. Həyətdə sağa-sola qaçışan, özünükəşf mərhələsinə hələ çatmayan, duyğuları çılpaqlığı ilə hayqırmağı şücaət zənn edən uşaqları görəndə dodağına xəfif bir təbəssüm qondu. "Kaş ki onlara səhv etmədən böyüməyi öyrədə biləydim", - deyə fikrindən keçdi. Əfsus ki bu, mümkün deyildi...

Tezliklə Dəfnə artıq unutmağa üz tutduğu simaların əhatəsinə qoşuldu. Məktəb yenicə təmirdən çıxmışdı. Ən yüksək səviyyəli texnika və avadanlıqlarla təchiz olunmuşdu. Görüşü sinif rəhbərləri Sabah müəllimə və qızı Səda təşkil etmişdi. Səda da Dəfnəgillə bir sinifdə oxumuşdu və o vaxtlar sinif nümayəndəsi idi. Cavanlar ana ilə qızın müşayiətilə geniş yeməkxanada toplaşdılar. Yemək zalı onların məktəbdə oxuduğu vaxtdakından azı iki dəfə geniş idi. Bir vaxtlar Dəfnənin sadəlövhlüklə müşahidə etdiyi uşaqların hər biri böyümüş, tamam fərqli insanlara çevrilmişdi. Onların bir çoxunu sosial şəbəkələrdə izləyirdi. Ona görə də heç kəsi tanımaqda çətinlik çəkmədi. Lakin aradan keçən illər hər birinin vücudu ilə yanaşı, ruhunu da dəyişmişdi. Dəyişikliyə uğrayan ruhları tanımaq isə daha çətindir. Nə vaxtsa doğma zənn etdiyi, hər gün gördüyü adamlar indi ona yad kimi gəldilər.

Dəfnəni ilk salamlayan Duman - onun üçün məktəb illərinin ən arzuolunmaz şəxsi oldu:

"Ooo, necəsən Xəyalpərəst?"

Bu ləqəbi qətiyyən xoşlamırdı. İllər sonra yenidən bir qədər qalın səslə, lakin eyni tonda bu cür çağrılmaq Dəfnəyə xoş gəlmədi. Sanki qəfildən zaman maşınına əyləşdi və 10 il öncəsinə tullandı. Bu bircə söz gənc qadını arxa partada gizli-gizli gündəlik yazan həmin balaca qıza çevirdi. Bozumtul xatirələr gözlərinin qarşısında canlandı: Heç kimin onu anlamadığını düşünən yeniyetmə qız gündəliyini çantasına qoyur. Lakin kənardan onu oğrun-oğrun izləyən baxışlardan xəbərsizdir. Duman gizlicə tənəffüsdə dəftəri qızın çantasından oğurlayır və bütün sinfin ortasında ucadan oxumağa başlayır: "Uşaqlar, qulaq asın!" Təsadüfi bir səhifə açır: "Daxilimdəki soyuq o qədər kəskindir ki, bayırdakı şaxtanı hiss eləmirəm" – pafoslu və ikrah doğuran bir tərzdə oxuyur. Uşaqlar nə olduğunu anlamadan gülməyə başlayırlar. Duman səhifəni çevirir: "Bu gün "insan" adlı əcaib məxluqun nə dərəcədə qəddar ola biləcəyini bir daha anladım." Bəziləri isə bunun hansı "hekayə" olduğunu soruşurlar. "Nə olacaq, Dəfnənin faciəvi həyat hekayəsidir" – gülməkdən üz-gözü pörtmüş Torpaq deyir. Duman dəftəri səhifələməyə davam edir: "Aha, öz adımı gördüm: "Duman nə qədər bəsit və dayaz insandır... Axı nəyə görə nifrət qazanmağa bu qədər can atır? Özünü olduğundan daha pis insan kimi qələmə vermək ona nə qazandırır?" Yeniyetmə qız üzərinə tuşlanan gülüşlərin arasında əvvəlcə nə edəcəyini bilmir. Nəhayət özündə güc tapıb dəftəri almağa çalışır. Bayaqdan bunu gözləyən Duman dəftəri Torpağa, Torpaq Tunara, Tunar da Səfərə ötürür. Dəfnə əldən ələ ötürülən dəftərini onlardan almağa çalışarkən, gözlərində parıldayan yaşları zorla sıxıb saxlayır. Nəhayət Kərəm dəftəri oğlanlardan alıb Dəfnəyə qaytarır. Utandığından özünü yerin yeddi qat dərinində hiss edən qızın bayaqdan sıxıb saxladığı yaşlar qəfildən sel kimi boşalır. O, dəftərini qamarlayıb sürətlə sinifdən çıxır...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 07, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

SİNİF YOLDAŞLARIWhere stories live. Discover now