story about one sad boy (and one weirdo)

167 18 15
                                    


Günəş çoxdan batmağa başlamış, çöldə rənglər solmuş, hava soyumuşdu. Soyuqdan bədənim ürpərir, çiyinlərim əsir, ayaqlarım keyiyirdi.

Uzun , yun şalımı boynuma sarıdım. Bayaqdan əlimdə sıxdığım çobanyastığı çayını qoxladım. Özüm də bilmədən səmaya baxarkən düşüncələrimlə zamanda səyahət edərmişcəsinə keçmişə yollandım. İlk sevgimi xatırladım. O vaxt mən hələ orta məktəb şagirdi, ağlı hələ yetkinləşməmiş bir uşaq idim.İlk sevgim məndən 2 yaş böyük idi. Uzun müddət onu- bu dərisi qarabuğdayı , yumru , şirin gözləri olan, gözəl gülüşü olsa da daim ciddi görünən , çox az gülən oğlanı izlədim. Onda kimsə mənə başa salmamışdı ki, birindən xoşun gələndə yerində dayanıb özünü əzab və xəyallarda basdırmaq yerinə sadəcə yaxınlaşıb dostlaşmaqla başlamaq olar. Nə etməli olduğum barəsində heç bir fikrim yox idi. Buna görə də sadəcə onun xəyalına köklənərək real "o"ndan qopmağa çalışırdım. Belə də oldu, hətta mən buna çox asanlıqla nail oldum. Sadəcə gündə ya da həftədə bir dəfə bir neçə saniyəlik onu görəcəkdim. Daha sonra isə növbəti dəfə görənə qədər səbrlə gözləyəcəkdim. Başqa cür necə olacaqdı bilmirdim, dedim axı bunu mənə öyrədən olmamışdı. Ağlıma gəlmirdi ki, o məni görə , hətta görsə belə fikir verə bilər. Uzun müddət bu beləcə davam elədi. Amma heç gözləmədiyim bir vaxtda, gözləmədiyim bir yerdə tanışlığımız baş tutdu.

Yay tətilində ailəmlə istirahət üçün dəniz kənarındakı evimizdə yerləşdik. Günlərin birində dənizdə bir neçə dostumla voleybol oynayarkən iki nəfər bizə qoşulmaq üçün yaxınlaşdı. Onu o dəqiqə tanıdım. Məktəbdə olduğundan fərqli olaraq rahat və şən görünürdü. Yox, o məktəbdə də rahat və şən idi. Sadəcə mən məktəbdə onu bir neçə saniyə görə bildiyimdən həmin ruh halına rast gəlmək çətin olurdu.

Bir müddət səssizcə oyun oynadıqdan sonra sudan çıxıb qumda uzandıq. Onda o yaxınlaşıb salam verəndə, nələrsə soruşanda, mən təəccüblə ona baxırdım. Sonra məlum oldu ki, əslində qaşqabaqlı şəkildə, dəhşət dolu gözlərlə ona baxırmışam. Mimikalarımı idarə etməyi bacarmıram görünür.

Ona eyni məktəbdə oxuduğumuzu deyəndə təəccüblənəcəyini sanmışdım. Amma əksinə, bildiyini deyəndə bunu gözləmirdim. Görəsən, pəncərədən, divarların arxasından qatil kimi onu güdməyimə fikir vermişdimi? Cool qızlar kimi onunla söhbət eləmək, zarafatlar etmək, qısaca normal olmaq istəyirdim. Əvəzində qısa və əsəbi cavablar verib sanki nədəsə günahkarmış kimi yanından uzaqlaşırdım. Xəyalıyla üzləşmək hamıya eyni cür xoş təsir bağışlamır. Mənim kimi biri öz xəyallarının xəyal olaraq da qalacağına və sadəcə öz başının içində yaşayacağına o qədər inanır ki, reallığa dönüşəndə ruh , zombi ya da Michael Jackson görmüşə dönür. Eynən! Xəyallarımız bizim üçün başımızın içindəki televizor şousu kimidir. Orda reklam da var, qorxulu filmlər də, romantika da. Amma biz filmin sadəcə film olduğuna inanandan sonra qəhrəmanları küçədə bir yerdə görsək təəccüblənərdik, elə deyilmi?

Ailələrimizin də tanış olduğunu biləndə təəccüblənməyi bir kənara qoymaq qərarına gəldim. Bu yenilik mənə bir bonus olmalıydı, amma sonradan başa düşdüm ki, heç bir fərqi yox imiş. O yad da olsa, doğma da olsa mənim üçün əlçatmaz idi. Amma düşündüyümün əksinə o mənə fikir verirdi. Hətta bir gün özü etiraf etdi ki, məni sevir. Əlbəttə onda reaksiyam utanıb qızaran qız yerinə "axı heç tanımırsan məni, necə sevə bilərsən?" olmuşdu. Haqsızlığa uğramış kimi hiss etmişdim. Amma tam olaraq niyə narazı olduğumu da bilmirdim. Axı mən dəfələrlə beynimdə bu səhnəni yaşamışdım. Hər dəfəsində də sevincimdən uçurdum.

3:00 hekayələriWhere stories live. Discover now