Salam.Ilk oncə eziyyetime deyer vermek ucun zehmet olmasa Romani axira qeder oxuyun.Kitab cox oxunsa 2 ci hissesinde paylasacam😊
Elxan Elatlı
XƏYANƏT
roman
Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab
olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol
oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn
ağlasığmaz faciədən bəhs olunur. İnsan xislətinin ayrılmaz ünsürü olan
xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli
itlə müqayisədə daha qabarıq çatdırılır..I Fəsil
İntihar
Doktor Əlisəttar Muradzadə xəstəni yola salıb saatına baxdı. Altıya 10
dəqiqə işləyirdi.
- Gözləyən çoxdur? - deyə tibb bacısından soruşdu.
- Xeyr, iki nəfər qalıb, - arıq, qarayanız qız cavab verdi.
- Buraxın gəlsinlər, vaxtım azdır.
Saat yeddidə Dram Teatrında Hüseyn Cavidin “İblis” tamaşası
oynanılacaqdı. Doktor qərara gəlmişdi ki, bu gün arvadı ilə qızını özü ilə
götürüb teatra getsin.
Muradzadənin iki övladı var idi. Oğlu Arif Rusiyada həkimlik oxuyurdu.
Dördüncü kursda. Qızı Venera isə Bakıda, universitetlərin birində ikinci
kursu bitirirdi.
Doktor səhərdən axşama kimi xəstəxanada olurdu. Onu bəzən başqa tibb
müəssisələrinə də xəstələrə baxmağa dəvət edirdilər. Günün necə
başlayıb, necə qurtardığından xəbəri olmurdu.
Həyat yoldaşı Nelya xanım da tanınmış həkim idi. Ancaq o, poliklinikada
göz həkimi işləyirdi. O da əri kimi öz işinin vurğunu idi və bütün həyatını
bu peşəyə sərf etmişdi.
Doktor son günlər düşünürdü ki, həkimlik işi günün hamısını əlindən alır,
doğma qızı ilə məşğul olmağa isə vaxtı qalmır. O öz qızını bütün atalar
kimi, bəlkə də bir az artıq sevirdi. Ancaq onun oxu¬mağından,universitetdə özünü necə aparmağından, ümumiyyətlə, arzularından,
istəklərindən, problemlərindən xəbəri olmurdu. Düzdür, vaxtlı-vaxtında
pul verirdi, amma bununla işi bitmiş hesab etmək olmazdı axı?! Əslində,
dörd nəfərdən ibarət bu ailənin hər bir üzvü müstəqil olaraq, öz həyatını
yaşayırdı ki, doktorun fikrincə, bu o qədər də yaxşı hal deyildi. Öz işinə
nə qədər bağlı olsa da, bu, övladı arxa plana keçirməyə haqq vermirdi.
Elə buna görə də, Muradzadə bu gün hökmən üçlükdə teatra getməyi
qərarlaşdırmışdı. Düzdür, hələ bilet götürməmişdi, ancaq bilirdi ki, buna
indi o qədər də ehtiyac yoxdur. Teatra gələnlər az olurdu və bir qədər tez
getsən, bilet alıb yaxşı sıraların birində yer tutmaq mümkün idi.
Kabinetə daxil olan xəstələri yanına çağırdı. On-on iki yaşlı oğlan uşağı
ilə gəlmiş qadını diqqətlə dinləyib, uşağa ötəri nəzər saldı və heç bir söz
deməyib resept yazdı.
- Uşaqda elə bir şey yoxdur, bu dərmanları içsin, keçib gedəcək!
İkinci xəstə ordları batmış, arıq bir kişi idi. Ona qulaq asandan sonra səhər
tezdən, acqarına gəlməyi tapşırdı. Qanı analiz edilməli idi.
Xəstə kabinetdən çıxan kimi stolun üstündəki telefon zəng çaldı.
Muradzadə bir də saatına baxıb dəstəyi götürdü. Zəng vuran doktor
Ələsgər Atayev idi. Tibb universitetini eyni vaxtda bitirmişdilər. Atayev
bacarıqlı seksopotoloq kimi tanınırdı. Tibb sahəsində doktor Muradzadə
qədər şöhrət qazanmasa da, öz işinin ustası idi. Çoxdandı ki, ailəvi dostluq
edirdilər. Bəzi xasiyyətləri uyğun gəlməsə də, əlaqələri möhkəm idi.
Məsələ burasında idi ki, Atayev bir qədər kobud, özündən razı adam idi.
Həyat nemətlərindən Muradzadə ilə müqayisədə, daha çox istifadə
etməyə və zövq almağa çalışırdı. Özünə yaxşı ev-eşik düzəltmiş, bahalı,
xarici maşın almışdı.
- Necəsən, ay Əlisəttar? Nelya xanım, Venera qızımız necədilər? Arif
gəlmir ki, hələ? - Ələsgər həkim ucadan hal-əhval tutdu.Sağ ol, Ələsgər, hamısı yaxşıdır. Arif bir həftəyə gəlməlidir. Bir
imtahanı qalıb. Aydan balam necədir? Dediklərimə əməl edir?
- Hə, dərmanları içir... mən indi işdəyəm, ancaq tez-tez əlaqə
saxlayıram. - Atayev bir an ara verib, yenə danışdı. - Elə bil irəliləyiş var,
ay Əlisəttar. Ya mənə elə gəlir? Axşam fikir verdim, rəngi bir az özünə
gəlib...
- Əlbəttə, özünə gələcək! - Muradzadə məmnun olduğunu gizlətmədi.
- Mən demişəm, onu sağaldacam. Qoy dediklərimə düzgün əməl eləsin.
Sabah işə gələndə yenə baş çəkəcəm ona!
- Gözləyim səni?
- Yox, sən işində ol, özüm gəlib baxaram. Sənlik işim yoxdur.
- Yaxşı, anası evdədir də, işə getmir onsuz da. Öz evindi, öz balan.
Gör neyləyirsən?!
-Arxayın ol, Ələsgər, özün demişkən, Aydan öz balamdı mənim. Nəyin
bahasına olursa olsun, sağaldacam onu!
- Sağ ol, doktor!
- Sağ ol...
Ələsgər Atayevin yeganə övladı olan Aydan Tibb Universitetində birinci
kurs tələbəsi idi. Qəşəng, həm də ağıllı, tərbiyəli bir qız olan Aydanı bir
ay olardı ki, çox nadir təsadüf edilən, qəribə bir xəstəlik üzürdü. Bu mərəz
onu içəridən yeyir, heç bir ağrı-filan da vermirdi. Hərdənbir - üç gündə,
dörd gündə bir dəfə halı pisləşir, huşunu itirirdi. Yazıq qız beləcə, göz
görə-görə əriyib gedirdi.
Xoşbəxtlikdən bu xəstəlik və onun müalicəsi barədə doktor
Muradzadənin məlumatı vardı. O, müalicəni öz boynuna götürdü və söz
verdi ki, qızı sağaldacaq. Onsuz da Bakıda heç bir həkim Aydanındərdinə əlac edə bilməyəcəkdi. Düzgün müalicə olmasa, iki-üç aydan
sonra xəstəlik ölümlə nəticələnməli idi.
Müalicə uğurla gedirdi və axıra qədər belə davam etdirilsə, qız sağalıb
ayağa durmalı idi. Muradzadə onu xəstəxanaya qoymağı məsləhət
görməmişdi. Müalicə evdə, anasının nəzarəti altında gedirdi. Muradzadə
isə gündə bir dəfə Aydana baş çəkir və bu zaman lazım olan dərmanları
da özü ilə gətirirdi...
Doktor fikirdən ayrılaraq, dəstəyi götürdü və həyat yoldaşına zəng vurdu.
- Çıxırsan?
- Hə, gəl, işimi qurtarmışam. - Nelya xanım bildirdi. - Düşüb aşağıda
gözləyirəm.
- Gəlirəm!
Muradzadə xalatını soyunub asılqandan asdı. Tibb bacısını da evə buraxıb
həyətə çıxdı. Xəstəxananın qarşısında saxladığı gümüşü rəngli “Qaz-31”-
ə oturub onu Nelya xanımın işlədiyi, o qədər də uzaqda olmayan
poliklinikaya sürdü. Çatan kimi arvadını götürüb evə yola düşdü.
- Venera yaman sevinəcək! - arxa oturacaqda əyləşmiş Nelya xanım
dilləndi. - Yazıq uşaq bir ildən çoxdu bizimlə bir yana çıxmır.
- Bizimlə demə! - Əri düzəliş verdi. - Ümumiyyətlə, heç yana çıxmır.
Evdən məktəbə, məktəbdən evə! Belə olmaz! Bizim üzümüzü də ki, nə
görürsə, axşamlar görür. Gərək bundan sonra onunla daha çox məşğul
olaq. Bir də görəcəyik, məktəbi qurtardı, sonra da çıxıb gedəcək ərə.
- Getsin də. - Nelya xanım güldü. - Məgər onda görə bilmə¬yəcəyik
onu?
- Evimizdə olanda nə görürük ki, yad evdə olanda nə görək?!
Nelya xanım fikirli halda başını buladı. Əslində o, əri ilə razı idi.Qızı ilə birgə keçirdikləri günlər nə vaxtsa bitəcəkdi və Venera hansısa
bir evin gəlini olacaqdı. Ariflə onun körpəlik illərini gözünün qabağına
gətirdi.
- Vaxt, doğrudan da, necə sürətlə keçir, ay Əlisəttar?! Veneranı
doğum evindən çıxardığımız gün yadındadı?
- Hə... Elə bil dünən olub... - Muradzadə ah çəkdi.
Daha heç biri danışmadı. Deyəsən, hər ikisi keçmiş xoşbəxt günləri
xatırlayırdı. Beləcə gəlib evə çatdılar.
Pillələri birinci qalxan Nelya xanım zəngin düyməsini basdı. Səsə gələn
olmadı. O, təəccüblə ərinə baxıb, çantasından öz açarını çıxartdı. Ancaq
buna ehtiyac yox idi. Qapı bağlanmamışdı və
Muradzadə onu itələyən kimi açıldı. Hər ikisi narahat halda mənzilə daxil
oldular.
Qızın otağına girəndə onları acınacaqlı bir mənzərə qarşıladı. Venera
stolun yanında, arxası üstə döşəməyə sərilmişdi. Bərəlmiş gözləri tavana
zillənmiş, üzü qar kimi ağarmışdı. Atası yüyürüb əlini onun sifətinə
toxundurdu. Dönüb, təsvir edilməsi qeyri-mümkün olan və normal
insanın düşmənə də arzulamadığı bir ümidsizliklə arvadına baxdı: Qız
çoxdan keçinmişdi...
Ərinin çarəsiz baxışından hər şeyi başa düşən Nelya xanım əllərini var
qüvvəsi ilə dizlərinə çırpıb, tükürpərdici bir nalə çəkdi. Elə bir nalə ki,
ona öz ürəyi tab gətirə bilmədi və əvvəlcə dizləri, sonra isə bütün bədəni
döşəməyə dəydi.
Muradzadə onu birtəhər sürüyüb divana uzatdı və özünə gətirməyə
çalışdı. Nəhayət, bədbəxt ana qalxıb divanda oturdu və dəli kimi ətrafa
boylanmağa başladı.
- Nə olub balama?..Sakit ol... Özünü ələ al... - Bircə anda beli bükülmüş doktor titrəyən
əlini arvadının çiyninə qoydu. - Sakit ol!..
- Nə olub balama?!
Sual daha inadla təkrar olundu və əri cavab verməyə məcbur
oldu.
-Zəhərlənib...
- Nədən zəhərlənib?.. - Nelya xanım nə soruşduğunu özü də bilmirdi.
Stolun üstündə, içində azacıq çay qalmış stəkan, nəlbəki, qələm və bir
vərəq var idi. Lakin başını itirmiş doktor bunları görən halda deyildi.
- Bilmirəm...
Muradzadə bunu dedi və həmin andaca gözü stolun üstündəki vərəqə
sataşdı. Cəld yaxınlaşıb onu götürdü. Bu, şagird dəftərindən cırılmış bir
vərəq idi. Doktor qızının dəsti-xəttini tanıdı və onun öz əli ilə yazmış
olduğu son yazını səssiz oxumağa başladı. Vərəqdə yazılmışdı:
“Əziz ata və ana! Bilirəm ki, siz məni bu hərəkətimə görə qınayacaqsınız.
Ancaq mən özümü öldürməkdən başqa bir çarə görmürəm. Əgər bundan
sonra əvvəlki kimi alnıaçıq yaşaya bilməyəcəmsə, əgər sizin və
rəfiqələrimin üzünə baxa bilməyəcə¬yəmsə, yaşamağın heç bir mənası
yoxdur. Qoy mənim ölümümə görə, məni yoldan çıxarıb tora salan, zorla
namusumu ləkələyib məni bədbəxt edən Niyazi Məlikxanlı həm Allah,
həm də qanun qarşısında
cavab versin. O, alçaq, vicdansız və yırtıcı bir adamdır. Mən istəmirəm
ki, mənim kimi başqa qızlar da bu maskalanmış, qorxunc insanın qurbanı
olsunlar. O öz böyük vəzifəsindən və pulundan istifadə edib hələ çoxlarını
bədbəxt edə bilər. 2ci hissesi olacaq😊✋