"Mən yaxşı insan olmadım"- yaşadığım qısa ömrü bir sözlə tamamlaya bilərəm. Siz bilsəniz ki,mənim başıma nə gəlib onda heç bu sətirləri belə həvəssiz oxumazsız. 10 il öncəyə qayıdıram...
Təxminən 1999-cu il,26 yaşında idim... Gənc,yaraşıqlı,işgüzar və həmçinin lovğa. O zamanlar özüm haqqında belə düşünməzdim əksinə təkəbbürlü və savadlı bir gənc kimi özümü qələmə verər,az biliyim ilə"savadlı" görünməyə çalışardım. İki eşşəyin arpasını düz əməlli bölə bilməsəm də,ticarətdən başım çıxardı,xaricdən ucuz mal gətirib,camaata absurd qiymətlə satırdım. Böyük evim və o vaxtların ən samballı maşını olan BMW E-39'um var idi. Nəysə,sözün açığı 1 qəpiklik adam olmamışam. O boş qəbrimdə peşmançılıq və kaşkilərlə doludu. Bəli,mən ölmüşəm...
Ümumiyyətlə heyvansevər bir insan deyildim,qabağımda bir heyvan can versə "əhh heyvandıda,əsas mənim sağlamlığımdı...cana gələn..." Yolda iti,pişiyi sığallayıb,öpən insanlar görəndə onların xəstə olduğunu düşünürdüm.
Ölümümdən 1-2 gün əvvəl yeni malları qarşılamaq üçün yola düşdüm, son sürətlə asfaltın üstündə şütüyürdüm... Elə bu an təkərlərin altında nəsə qaldığını hiss etdim,pəncərədən baxanda onun balaca bir pişik balası olduğunu gördüm. "O yəqin ki,çoxdan ölmüşdü fikriylə" yoluma davam etdim,yolu yarılamışdım arxaya dönüb onun bu dünya üçün çox təmiz olan canını almaq ağlımın ucundan beləkeçmədi,mənim kimi bir çox insanın da... Beləlikə onun balaca ruhunu dəfələrlə incitdik. Tanrı bizi bağışlamasın..
Belə hadisələri uşaqkən daha çox təkrarlayırdım,quşları daşlayıb öldürər,itlərin qulaqlarını kəsər,balıqların yemini çox verib onları öldürərdim. Tanrı məni başqa dünyaya göndərməli idi. Haqlısız, dodaqlarınızı oxuya bilirəm : "Cəhənnəm",amma yox bu olduqca sadə yol idi...
Düz 10 il sonra dünyaya bir daha göz açdım. Əvvəlki "mən" dən fərqli olaraq indiki həyatımda gözlərim boz rəngdə və 4 ayağım var idi. Dəfələrlə önümüzdən keçdi deyə işlərimizin pis gedəcəyini düşündüyünüz üçün daşladığınız qara pişik olaraq dünyaya gəlmişdim. Səni çox sevirəm,Tanrım...
Yaşadığım bu həyatı sizə necə izah edəcəyimi bilmirəm. Bilirsiz bu çox çətindi, insanların ovuclarının yarısı qədər belə mədəm yoxdu,hər gün onlarla yemək zibilliklərə atılırkən insanlar məni görən kimi bır qırıq çörəkləri belə qiymətli olur. Mənim üçün əsas survivor yolları keçərkən başlayır,mən bu yollarda çox dostumu itirmişəm. Yazıq,Toppi...O çox kök idi və yolları keçməkdə həmişə çətinlik yaşayırdı, mənim kimi axmaq insanlardan biri onu əzib keçmişdi,əslində vaxtında baytara çatdırılsaydı indi o sağ idi... Heç kim onu yolun ortasından çəkib aparmadı,quyruğunu dişlərimin arasına keçirərək güclə yolun kənarına çıxara bilmişdim. Və başımı əziz dostumun başının üstünə qoyub saatlarla ağlamışdım. Əsl kədəri o gün hiss etmişdim və anlamışdım ki heyvanların kədəri insanlardan daha təbii olur.
Bir şeir misrasında deyirdi ki, kişilər öləndə bir anasından bir də sevdiyi qadından çıxıb gedir. Hər gün demək olar ki,anamı ziyarət edirdim,çox qocalmışdı, əslində pişik və digər heyvanları sevməməyi ondan öyrənmişdim, yolda pişik görsəm "əlini vurma,yaxına getmə,onunla oynama" deyərdi.. Qaçıb boynuna sarılmağı çox istəyirdim amma əlindəki həsa ilə başımdan vursaydı,elə orda qalardım..Arada otağımın pəncərəsinə dırmaşıb əşyalarıma baxırdım, şəkilim asılmışdı,"yaşayıram" deyib bağırmaq istəsəm də bütün sözlər ağzımdan "miyav" olaraq çıxırdı
Beləcə yolu pənçələrimin arasına alaraq sevdiyim qadınların ünvanlarına gedirdim, hamısı evlənmişdi,heç 1 saniyə belə yadlarına düşmürdüm.. 10 il bundan əvvəl isə ölümdən söz açanda hamısı mənə "sən ölsən,yaşaya bilmərəm" tipli cümlələr qurmuşdu... 26 illik boş bir ömür...
İndi bu danışdıqlarımdan da qəribə bir hadisə ilə üz-üzə gəlmişdim. Elə boş-boş parklarda gəzib,bir tikə yemək axtardığım zaman kürəyimə bir əl toxunub məni havaya qaldırdı. Nə edəcəyimi bilmədim,çırpınmağa başladım, ta ki onu görənə qədər...
Liza... İnana bilmirəm,o çox qocalıb... Gözlərində boş bir məhəbbətin uğultusuyla gözlərimə baxırdı...
Liza məni qucağına bürüyüb evinə apardı,o ev mənə çox tanış idi.. Evdə məndən başqa 2 dənə pişik, 1 dənə qoca it və tutuquşu var idi... İnana bilmirəm,mən onu tərk etmişdim,unutmuşdum,onun isə yadından çıxmamışdım,məndən sonra həyatına davam etməmişdi. Hər gün şəkillərimizə baxıb kövrəlirdi, daha bilmirdi ki, ömrünü puç etdiyi adam indi bu dəqiqə dizlərinin yanındadı. Üz cizgilərini mənim qara tüklərimlə doldurur ,hönkürtü ilə ağlamağa başlayırdı. Dostlarım öz aralarında mənə "Ceki" desələrdə o məni öz köhnə adımla çağırırdı,hərdən elə fikirləşirdim ki,bəlkə də o məni tanıyır...Onun qəlbindəki ağrıları almaq üçün ürəyinin üstündə otururdum,biz pişiklər insanları belə sağaldırdıq.Ona etdiyim pisliklərə bununla təsəlli tapmağa çalışırdım.
Hərdən mənə baxıb gülürdü,hərdən adımı çəkib ağlayırdı,O mənə ağlayanda ona qoşulub ağlayırdım hərdən mənə sual verirdi: "Ay balaca,sən niyə ağlayırsan,yeməyin az düşüb?" məndə "ömrüm səhv düşüb,bu həyatın ən uzağında solmuş bir qəbrdə qalıb" demək istəsəm də, bütün sözlər ağzımdan "miyav" olaraq çıxırdı...Mən bilməzdim ki,ümidlərini puç etdiyim qadın bu sərçə ömrünü mənim üçün puç edəcək,indi məni sığallayıb,qəbrimi ziyarət etməkdənsə məni öldürsə,qəbrimi də söysə yaxşıdı...Onun qəlbindən bu qəbri yaddan da yad etmək üçün əlimdən heçnə gəlmir...
İndi mən sədaqətli yarımın yanındayam, kaşki 1 gün dil aça bilsəydim, kaşki yenidən bu dünyaya bir daha insan olaraq gələ bilsəydim,onda bu qadının ölümümə həsr etdiyi həyatını ona yenidən qaytarardım. Axı,mən yaxşı insan olmamışdım,mənim üçün dəyməzdi,Liza,əzizim kaş dil açıb sənə hərşeyi danışa bilsəydim,dəfələrlə üzr istəsəydim,peşmanlığımı dil gətirib elə çiyninə söykənib ağlaya bilsəydim. Halına yandığımı düşünüb məni çox vaxt "vəfalım" çağırırdı. Mən bu dünyaya ilk dəfə yaxşı bir insan olaraq gəlməsəm də vəfalı bir heyvan olaraq köçəcəkdim...