Mən, Cabbarov Savalan. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-Qaz yataqlarının istismarı" fakültəsinə qəbul olmuşam. Bu mənim həyatımda ən önəmli anlardan biri idi. İllərdi bu universitetə qəbul olmaq üçün çox oxudum, əziyyət çəkdim. Və ilk uğurumu zəhmətimlə əldə etdim. Gələcək planlarımdan biri,universiteti qırmızı diplomla bitirmək idi.
Ümumiyyətlə, mən də hər bir gənc kimi bitib-tükənməyən arzularla, reallaşdırmağı istədiyim xəyallarla yaşayırdım. Ağlınızda suallar yarana bilər ki, niyə keçmiş zamanda danışırsan? Arzularına çatmadın mı yoxsa? Xəyallarını gerçəkləşdirə bilmədin mi?
Bəli, mən arzuları yarım qalmış Savalanam. 10 il sonra daxilinizdəki sizlə həmsöhbət olmağa gəlmişəm. Keçirdiyim hər bir hissi,yaşadığım hər anımı sizlərlə bölüşməyə gəlmişəm.
ADNA-ya qəbul olduğum gündən bəri qarşıma məqsədlər qoymuşdum. Təbii ki, hər hansı bir işi gördüyümüzdə doğmalarımızın dəstəyi olmadan uğur qazanmaq o qədər də asan olmaz. Yaşadığım ömür boyu mənə ən çox bacım dəstək olmuşdu. O da mənim kimi çox çalışaraq, zəhmət çəkərək ADNA-ya qəbul olmuşdu. Düşünürdüm ki, mənə ehtiyacı olduğu an yanına tez bir zamanda çatacam. Onu qoruyacam.
Nə olursa olsun, mən bacım üçün hər şey edərdim. Hətta canımı,bütün ömrümü qurban verərdim.
Universitetdə bir çox insanlarla tanış oldum. Bacımdan savayı, iki dost-Taleh və Ayaz mənə doğma oldular. Hər anımız birlikdə keçirdi. Nə təsadüf ki, eyni gündə ölüm qapımızı döymüşdü.
30.04.2009. Artıq qırmızı diplomu almağıma cəmi bir imtahan yaxın idim. Son imtahan və 4 ilin zəhmətinin qarşılığında qırmızı diplomum əlimdə olacaqdı. Daha sonra magistr və əsgərlik.
Həmin gün çox həyəcanlı və bir o qədər də qəmgin idim. Ağlımda " bir də sevdiklərini görə bilməyəcəksən" kimi fikir formalaşmışdı. Düşünürdüm ki, daxilimdəki "mən" yenə boş-boş danışıb canımı sıxır.
Bacımı qucaqladım bərk-bərk. Ağlamaq hissi keçirdi içimdən. Mənə hələ də nə olduğunu bilmirdim. Niyə bu qədər duyğusallaşdığımı anlamırdım. Son dəfə mənə " uğurlar"deyərək gülümsədi.
Çox çətindi hər anımı sizlərlə "son" olaraq danışmam. Bir çoxlarınız kimi mən də indiki qazandığım uğurlarımın nədən qaynaqlandığını, keçmişdə nələr etdiyimi gülərüzlə danışmalı idim. Amma hal -hazırda boğazımda ilişib qalan qəhərlə "son"larımdan bəhs edirəm.
Universitetə çatdıq. Bacım 1-ci mərtəbədə, mənsə 5-ci mərtəbədə imtahan verəcəkdim. Otağa daxil olanda arxa partalardan birində Talehin solğun baxışları ilə rastlaşdım. Yanında əyləşib, niyə belə qəmgin olduğunu soruşdum.
Əslində, eyni hiss məndə də istəmsizcə yaranmışdı. Taleh cavabında, heç özünün də niyə belə olduğunu bilmədiyini dedi.
İmtahanın başlamasına az qalmışdı. Dostum-Ayaz hələ də gecikirdi. Son 10 dəq və Ayaz müəllimlə salamlaşıb, bizim yanımıza gəldi. Son dəfə eyni partada oturub, qısa söhbət etdik. Təsadüfə bax ki, Ayaz da qəribə idi. Talehlə düşündük ki, yəqin sevdiyi qızla dalaşdığına görə belədi.
İmtahan başladı. Müəllimə biletləri qarışdırıb , sıra ilə bilet çəkməyə getdik. Sıra məndə idi. Biletimi çəkdim və yerimə keçib, imtahan suallarının cavablarını yadıma salmağa çalışırdım. Birdən qəribə bir səs eşitdik. Nəyin baş verdiyini anlamaq üçün pəncərədən universitetin həyətinə baxdım. Tələbələr təlaşla həyətə axışırdılar.
Bir anlıq bacım ağlıma gəldi. "Görəsən, yaxşıdırmı? " deyə özüm özümə sual verirdim. Bu an bacım zəng etdi. Səsi titrəyirdi.
- Savalan, əli silahlı biri var universitetdə. Yuxarı mərtəbəyə qaçır.
-Nə? Sən hardasan?
- Mən həyətdəyəm. Otaqdan çıxma. O yuxarı qaçır.
Keçirtdiyim panikadan bacımın son dediyi sözləri eşidə bilməmişdim. Bəlkə də, otaqdan çıxmasaydım,indi sağ ola bilərdim. Amma məsələ bacımdırsa, nəyin bahasına olursa olsun, yanında olmalıydım.
Cəld otaqdan çıxıb, bacımın yanına getmək üçün qaçırdım. Talehin işinə bax ki, mənim arxamca dostlarım da gəlirmiş. Mənsə, fərqində deyildim.
Pilləkənlərə doğru qaçıb, bir neçə pillə düşəndə əli silahlı cani ilə rastlaşdım. Bəlkə, mənim yerimə kim olsa yerindəcə donub qalar.
Silahını mənə tərəf doğrultmağa çalışanda, üstünə atıldım. Əlbəyaxa olduq bir neçə saniyə. Müvazinətimi bir anlıq itirdim və o an anladım ki, artıq sondur. 7 dəfə atəş açdı və gözlərim qaranlığa əbədiyyən qərq oldu. Elə bil yuxudaydım və indi ayılmışam. Ətrafıma nəzər yetirəndə, hər kəsin göz yaşlarına boğulduğunu gördüm. İçlərində bacım da vardı. Bu ola bilməz axı. Mən axı sağam. Niyə mənim şəklimi qucaqlayıb ağlayır bacım? Yanına gedib, qucaqlamaq istədim. Amma olmadı.. bir daha cəhd etdim. Yenə olmadı. Bağrım partdayırdı. Qışqırırdım, eşitmirdi.
Anladım ki, aldığım güllə yaralarından ölmüşəm.
Qazanılan uğurlar, qarşıya qoyulan məqsədlər - bunlar bir yerə qədər davam edir. Ta ki, ölüm qapını döyməyincə. Ölüm anında anlayırsan ki, sevdiklərimizlə daha çox vaxt ayırmaq lazım imiş. Kaşkilər və Bəlkələrə ehtiyac qalmadan yaşamaq lazımdır həyatı. Çalışın, sevdiklərinizə dəyər verin. Uğur qazandığınızda sevincinizi bir bölüşün.
Məndən bu qədər. ADNA günündə görüşmək diləyi ilə.Yazar: wolf_whiteblood
DU LIEST GERADE
ADNA'da yarım qalan Arzular
Historische Romane30.04.2009 Adna terror qurbanlarına həsr olunmuş hekayələr toplusu.