Gözələm Mən

3 0 0
                                    

Başımı telefonumdan qaldırıb, avtobusun oturduğum oturacağının yanındakı pəncərədən baxanda digər bir avtobusun güzgüsünün oturduğum avtobusun şüşəsinə dəyəcəyindən qorxub irkildim. Elə də oldu... Son olaraq həmin gündən xatırladığım iki şey var: Nəhəng avtobusların dəmir divarlarının bir-birini əzərkən çıxan dəhşətli bir səs və altımda skamyaqarışıq sağa-sola oynayan geniş avtobus platforması. Qalanı qaranlıq...

Gözümü açanda sarımtıl ağ rəngdə divarlar üstümə-üstümə gəlir, gəlir, qayıdırdı. Məktəb vaxtından tanış olduğum bir rəfiqəm vardı yanımda. Oyandığımı görən rəfiqəm əlindəki pultu oturduğu kreslonun yanındakı masaya qoyub mənə yaxınlaşdı. Ağzının tərpəndiyini görürdüm, ancaq nə dediyini eşitmirdim. Rəfiqəmin gözlərindən həm sevinc, həm də narahatlıq oxumaq olardı. Üçüncü dəfə ağzını açanda "Necəsən? Yaxsısan?" dediyini düşünüb, — "Yaxşıyam", — deyə cavab verdim, ancaq heç bilmədim, səsim eşidildi, ya yox. Ancaq rəfiqəm onu hələ də tam eşidə bilmədiyimi anlamışdı artıq. Əl-qoluyla "mən gedirəm həkim çağırım" eləyib qulaqlarım eşitsə belə, yenə də eşidilməyəcək yavaşlıqda dilinin altda nə isə mızıldanıb qaça-qaça otaqdan çıxdı. Üstümə üstünaxışlı ağ bir döşəküzü örtülmüşdü. Adətim üzrə hər səhər yuxudan durarkən elədiyim kimi ayaq baş-barmaqlarımı şaqqıldatmaq istədim, alınmadı. Maraqlıdır ki, ayaqlarımı hiss eləmirdim də. Ayaqlarımın niyə tərpənmədiyi haqda düşünərkən, birdən qəza anı gözümün qabağında canlandı. Yenə avtobus bərk salnanır, yenə o qatar maşını əzərkən çıxan səsə bənzər dəhşətli bit uğultu qulaqlarımı səsə boyayırdı. Ətrafıma baxdım: hər tərəf ağ (ya da ona bənzər hər-hansı bir rəng), kirli plastik pəncərə, ipini çəkməklə yığılıb-açılan pərdələr və ürək bulandıracaq qədər kəskin dezinfeksiya qoxusu... Bura xəstənaydı. Hə, xəstəxana olmalıydı, qəbiri çıxmaqla başqa hara bu qədər sakit olurdu ki?! Yəqin ki, həmin avtobus qəzasında yaralanmışdım. Sonra da məni bura gətirmişdilər...

Məni və digər xəsarət alanları gətirərkən "vi...yu...", "vi...yu.. " deyə səs çıxaran təcili yardım maşınlarını, məsələni aydınlaşdırmaq üçün hadisə yerinə (həmişə olduğu kimi iş olub-bitdikdən sonra) təşrif buyurmuş polis əməkdaşlarını, avtobusun qəzaya düşdüyünü eşidib, təlaşla qəza yerinə gələrkən yaxınlarının cəsədiylə qarşılaşan adamların dəhşət və ümidsizlik dolu baxışlarını gətirdim xəyalıma. Mən onlar kimi, dünyadan köçməyə elə də tələsəməmişəm deyə düşünüb sevindim. Bu sevincin utanca aparan qısayol olduğunusa, bilmirdim hələ... Bu məqamda, ayaqlarımı tərpədə bilməməyim təmiz yadımdan çıxmışdı. Ayaqlarımın hərəkətsizliyini xatırlayanda yəqin gipsə alıblar deyə düşünüb sakitləşdim. Uşaq vaxtı ən yaxın rəfiqəm olan xalam qızıyla qaçış yarışı eləməyimiz yadıma düşdü; Mən udmuşdum, o isə yıxılıb qolunu sındırmışdı. Mən ondan sonra heç vaxt ürəklə qaçmadım; Yıxılıb mən də haramısa sındıraram deyə... "Gəl, talehin işinə bax, o qədər özünü qoru, axırı da bu..", dedim öz-özümə acıqlı-acıqlı. O avtobusa niyə mindiyimi xatırlamağa çalışdım. Yadıma bir şey gəlmirdi.

Rəhimə -uşaqlıqda birlikdə qaçarkən yıxılıb qolunu sındıran həmin xalam qızı, — "gips dəhşət qaşıntı verir", — demişdi. — Bəs niyə ayağım qaşınmırdı? Bəlkə gipsi çıxarıblar artıq? Yaxşı, onda bəs, niyə ayağımı tərpədə bilmirdim? Yox, yox! Yüz faiz gipsi təzə qoyublar hələ, ona görə ayaqlarımı tərpədə bilmirəm, — deyə sızıldandım. — Yəqin çox sınıq-çıxıq var... Dözə bilmədim, örtüyü çəkib ayaqlarıma baxmaq istədim. Ağ marlanın qat-qat əhatəyə aldığı qalın bir sarğı gözlərkən, gördüklərim gözlədiklərimi misliylə üstələmişdi. Ancaq görünür üstünlük zəiflərə zəifliklərini xatırlatmaqdan üstün bir iş görə bilməyəcək qədər zəif bir anlayışdı ki, dizlərimdən aşağısının olmadığını gördükdə, gözlərim ətrafdakıları görməkdən imtina edərək mənim heç görən vaxtda da mənim kimi digər başqa bir kordan* heç də üstün olmadığımı göstərdi. Yatmağın, durmağın, yeməyin, danışmağın mənasızlaşdığı bir həyata giriş eləmişdim. Mənasızlıqların məna yaratmaqda vasitəçi olmaqla məna tapdıqlarındansa, xəbərim yoxdu hələ.

Bunları düşünəcək vəziyyətdə də deyildim onsuz. Qışqırmaq istədim, səsim çıxmadı. Ağlaya da bilmədim. Qaşlarımı çatıb elə hey ayağıma baxırdım.

Avtobus qəzasına düşdüyümü xatırlayanda ilk nə elədiyimi demişdim sizə? Əlimlə üzümü yoxlamışdım. Gözəlliyimə bir ziyan gəlməyib ki, deyə....

"Gözəllik hər şey deyil", — deyirlər, ha... Yalan deyirlər!

Gözəllik heç nə deyil!

Son

Rüstəm Əzimov

You've reached the end of published parts.

⏰ Last updated: Nov 06, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Bir qızın gündəliyindənWhere stories live. Discover now