Hər kəsə ulduzlu gecələr ✨
Venera retrosu ilə bağlı yazını oxuyanda yəqin ki, digər planetlərlə bağlı da beyninizdə onlarla sual yarandı. Buna əminəm, çünki astrologiya ilə yeni tanış olanda mən də error verirdim haha. Elə buna görə fundamental hissələrdən başlayaraq sizə anlatmaq istəyirəm.
Bu gün sizə planetlərdən danışacağam, hansı ki, doğum xəritəmizdə yerləşdikləri evlərlə, həmçinin transitləri ilə həyatımıza başlı-başına təsir göstərən o məşhur planetlər. İlk olaraq bunu deyim ki, astrologiya ilə bağlı çox klişelər var, "bu planet məcbur etdi belə etdim", "Saturnum zərərli yerləşimdədi həyatım düz getmir" və s. Xeyr, belə şey yoxdur! Saat gecə 12 olmağı sizi dərhal yatmağa məcbur etmir, doğrudur mu, siz istəsəniz yatırsınız, istəsəniz oyaq qalırsınız. Bunu heç vaxt unutmayın, Doğum Xəritəsi sizin qismətiniz deyil, sadəcə rəhbərinizdir, insan iradəsi bütün yazılı qanunlardan və aksiomlardan daha güclüdür.
Qayıdaq planetlərə. Planetlər Günəş ətrafındakı hərəkətləri ilə kosmik şüalar yayırlar və beləliklə, dünya, insan və digər təbiət sakinlərinə müəyyən qədər öz təsirlərini əks etdirirlər. Astrologiyanın əsasını simvol və işarələr təşkil etdiyindən Planetlər bu simvolizmdə insan ağlının tərkibini təşkil edir - yəni ağlınızın necə işlədiyini - çünki planetlərin hər birinin özünəməxsus psixoloji təsiri var.
Astrologiyada əsas 10 təsirə malik ulduz/planet vardır: Günəş, Ay, Merküri, Venera, Mars, Yupiter, Saturn, Uran, Neptun və Pluton. Aşağıda hər planet haqda qısa məlumat qeyd edəcəm ki, sizin üçün ətraflı izaha giriş rolunu oynasın. Növbəti postlarda isə ayrı-ayrılıqda planetləri, onların təsirlərini və yerləşdikləri evlərdən asılı olaraq necə təsirlərə malik olduğunu izah edəcəyəm. Elə isə getdik:
Günəş - astrologiyada ən parlaq işıq sayılır. Kimik və kim olmağa çalışırıq. Adətən "Bürcün nədir?" sualının cavabı Günəşiniz yerləşdiyi bürcdür, yəni öz bürcünüz. Günəş bizə insanın özəyinin nədən ibarət olduğunu, daxili özünü göstərməklə yanaşı həm də digər şəxsi keyfiyyətlərinə işıq tutur. Aydan fərqli olaraq, Günəş bizim rasional tərəfimizi təmsil edir və bütün öz-güvəninizlə xarici dünyaya qarşı duruşumuzu müəyyənləşdirir.
Simvolizə etdiyi məsələlər: Şəxsi keyfiyyətlər, həyat iradəsi, var olmaq yaratmaq istəyi, fundamental dəyərlər, ən əsası isə Öz-fərqindəlik və eqo. (Əsas bürcü Şir bürcüdür)
Ay - Yer Kürəsinin peyki olmaqla yanaşı həm də xəritəmizdə ən önəmli hissələrdən biridir. Bunun səbəbi odur ki, Ay bir insanın hiss və duyğularını, təxəyyülünü və təməl hissiyat tonunu təmsil edir. Özünüz özünüzü necə anladığınızı, qəlbinizə necə qulaq asdığınızı göstərir. Ay bürcünüz sizin həm də zaman anlayışınızı, yəni dəyişikliyə hansı müddətdə uyğunlaşıb-uyğunlaşmadığınızı, həmçinin bu dəyişimə reaksiyanızı da müəyyənləşdirən faktordur.
Simvolizə etdiyi məsələlər: Öz ilə bağlı duyğular, hissiyat, gündəlik həyat, reaksiya, şüursuz meyl edilən şeylər (instinktlər), içdən daim dəstək hiss etmək ehtiyacı. (Əsas bürcü Xərçəngdir)
Merküri - Qədim yunan miflərində bu planet həmişə xəbəryayan adlandırılmışdır, buna səbəb isə kommunikasiya, ünsiyyət, özünü ifadə etmə, habelə zəka, intellekt və məntiqi təmsil etməsidir. Həmçinin, zəka və ünsiyyət bacarıqları ilə problemləri necə həll etdiyimizi də göstərir.
Simvolizə etdiyi məsələlər: Ünsiyyət, şüurlu ağıl. Danışıq və zəka bacarıqları ilə fikirlərini ifadə etmək. Başqaları ilə münasibət qurma ehtiyacı/bacarığı, öyrənmə ehtiyacı/bacarığı. (Əsas bürcü Əkizlər və Qızdır)
Venera - sevgi və maddiyyatı təmsil edən, hal-hazırda retrosu ilə bizim ağlımızı başımızdan alan sevimli planetimiz. Bu planet həmçinin romantikanı və münasibətləri necə anladığımızı və ən əsası bizi digərlərinə cəlbedici göstərən, bizə cəlbedici gələnlərin nə olduğunu göstərir. Maddi tərəfdən isə daha çox pulumuz varkən onu nəyə istifadə etdiyimizi də müəyyənləşdirir.
Simvolizə etdiyi məsələlər: sevgi, gözəllik, estetika, incəsənət, başqasına olan duyğular və uyğunluq, maddi resurslar və pul (Əsas bürcü Buğa və Tərəzidir)
Mars - klassik miflərdə bu planet aqressiv, daim savaşmağa hazır və hər şeyi rəqabət olaraq gördüyündən Müharibə Tanrısı olaraq tanınırdı. Hətta heyvani instinktləri də təmsil etdiyindən insanların dərin/şəhvət arzularını da müəyyən edir. Təkcə müharibə əlaqələndirmək doğru deyil, çünki bizə cəsarət verən, uğura gedən yolda motivasiya və gücümüzü də bu planetdən alırıq.
Simvolizə etdiyi məsələlər: aqressiya, istəklər, cəsarət, təşəbbüskarlıq, fiziki enerji, rəqabət, müharibə və mübarizə. (Əsas bürcü Qoçdur)
Yupiter - mövcud olan ən sevimli planeti ola bilər. Niyə? Çünki həyatın məna axtarışında və ya şəxsi məqsədlərimizin arayışında, bu yolda gedərkən sonsuz ümid və optimist düşüncəmizi bizə bəxş edən məhz bu planetdir. Həmçinin, fəlsəfə, dini və digər inanclar, spiritual və şəxsi inkişafımızda bizi tam bir mələk kimi qoruyan və yol göstərən Yupiterdir.
Simvolizə etdiyi məsələlər: inkişaf, cəmiyyət, xoş niyət, şans və fürsətlət, həyatının mənalı olmağı ehtiyacı, inanclar, mistik və spiritual düşüncələr. (Əsas bürcü Oxatandır)
Saturn - və gəldik planetlər arasında ən yaşlı, ən müdrik, eyni zamanda da ən sərt professoruna. Zamanın, nizam intizamın və qayda qanunların idarəçisi - Saturn ata/baba - Sizi daim komfort zonanızdan çıxarıb, yeni məsuliyyətlər yükləyən, öz inanclarınızı və vərdişlərinizi sorğulamağa vadar edən, sonsuz şəkildə sizə dərslər/imtahanlar verən bir əzəmətli planetdir.
Simvolizə etdiyi məsələlər: məsuliyyət, qıtlıq düşüncəsi, əziyyətlər və sonda gələn hədiyyələr, karmik dərslər (keçmişdə həll edilməmiş məsələlər), yanlızlıq, təcrübə və yavaşlama. (Əsas bürcü Oğlaqdır)
Uran - bu planet sizin harda olduğunuzla deyil, hansı istiqamətə getdiyinizlə maraqlanır, yəni davamlı dəyişikliklər onun maraq dairəsindədir. Adətən üsyankar yeniyetmə adlandırılan bu planet individual azadlığı, unikallığı və sizin həyatda daima atdığınız addımları yenidən nəzərdən keçirməyi, doğru deyilsə dəyişməyi təmsil edir. Yeni və yoxlanmamış olana bitməz tükənməz bilməyən bir maraq və istək bu planetin təsirlərindəndir.
Simvolizə etdiyi məsələlər: eqodan azad olma, orijinallıq, öz və xarici dünyanın limitlərindən qaçmaq, kəşflər və dəyişikliklər. (Əsas bürcü Dolçadır)
Neptun - xəyallar, şəfa və intuisiyanın planeti Neptun sizin möcüzələr diyarına açılan qapınızdır. Dərin düşüncələr, xəyallar, görülməyən və eşidilməyən duyğulara maraq, hətta sirlər və illuziyalar da bu planetin xüsusiyyətlərindəndir. Ağır Neptun təsirli xəritə sizə həyatı bir maskarad kimi göstərməklə yanaşı, çətin evlərdə yerləşməsi sizi rahatlıqla aldadılan biri halına da gətirə bilər.
Simvolizə etdiyi məsələlər: fövqəltəbii qüvvələr, ruhani güclər, ekstrasenslik, həmçinin zərərli vərdişlər/maddə asılılığı, aldadılma. (Əsas bürcü Balıqdır)
Pluton - Kafkanın Metamorfoz əsərini bilirsiniz? Baxın ordakı transformasiya Plutonun xüsusiyyətidir. Bu nə deməkdir? Bu planet bizim forma və ya bədən olaraq dəyişməmizi, ruhən məhv olub yenidən küllərimizdən doğulmamımızı, eyni zamanda qarşı cinsə duyulan arzular/hissləri təbliğ edir deməkdir. Demonik və sehrli güclərimizi də özündə əks etdirir.
Simvolizə etdiyi məsələlər: şüuraltı düşüncələr, dəyişib/çevrilmək, qaranlıq tərəflərimiz, yıxıcı gücümüz, Feniks kimi yenidən və yenidən doğulmaq. (Əsas bürcü Əqrəbdir)
Gələn görüşlərədək!💫🤗
YOU ARE READING
Astrologiyada Planetlər
SpiritualBu gün sizə planetlərdən danışacağam, hansı ki, doğum xəritəmizdə yerləşdikləri evlərlə, həmçinin transitləri ilə həyatımıza başlı-başına təsir göstərən o məşhur planetlər.