Görəsən hansı zaman kəsiyində neçənci adamsan. Neçənci adamın neçənci xatirəsisən. Bir aşiqin harda olmasında fərqli olmayaraq hansı məkanda nəfəs alması önəmlidi. Kimsə hardasa özünü xüsusi hiss edər amma günəşi görən insan bilər ki, hər şey eyni. Sən də bir vərəqdə mündəricatın neçənci səhifəsini göstərən rəqəmsən. Neçənci yuxusuz gecədə neçənci oxunmuş səhərsən. Neçənci böhtanda neçənci gerçəksən. Bir göz yaşında neçənci damlasan. Axmağa başlayan çayın hansı qəmli daşısan. Biri orda can verərkən, biri neçənci evdəsə cana gəlir. Bağışla dediyin neçənci adamsan. Neçənci adamsan dildən çıxan yalanlara şahid olan. Neçənci şahidsən ki, məhkəmə zalını səssiz-səmirsiz tərk edirsən. Neçənci həyatda neçənci gəzilmiş şəhərsən. Amma sən bu neçəncilərə baxma. Bir öncəkini unutmalı, bir sonranın qarşısını almalısan. Bir gülüşlə savaşarkən, bir kədərə qalib gəlməlisən. Bir adama bağlanıb bir neçənci hekayəni məhv etməlisən. Neçənci toxunulmayan bədənsən, neçənci qurulan xəyalsan. Neçənci çox istənilib, neçənci aparılan mübarizəsən. Neçənci alma kilosusan satıcının əlindən çıxan. Neçənci yanlış anlaşılma, neçənci doğru nəticədi. Neçənci gəlib, neçənci gedənsən. Bir sondan qorxan neçənci adamsan. Neçənci səssiz yaşamağın duasısan. Biriləri də burda neçənci yaşlanan adamdı, həm dı təxmin edı bilmədiyi neçənci gələcək üçün. Neçənci keçmişsən. Neçə unudulan sağolsan, neçənci əzbərlənmiş şeirsən. İnsanlar yerlərini bilməz, nəyin harda necə olacağını bilməz, sözlərdən əmin olmaz, güvənə həsədlə baxmaz. Bunları da yazan neçənci adamsan kim bilir. Neçənci sonsan ki, bir də yazmaram deyə. Neçənci istəksən bəlkə sonu qoxlayan. Neçənci bəyənilməyən insan olduğunu sanmağındı. Kimsı nəsə bilmir. Kimsə neçəncidir bilmir. Bu hekayədə neçənciyəm bilmirəm. Neçənciyik.