1815-ci ildə Şarl-Fransua-B'envenü Miriel Din şəhərinin yepiskopu ( Xristian dinində yüksək ruhani rütbə) idi. Miriel 75 yaşındakı bir qoca olub, 1806-cı ildən bəri Dində yepiskopluq taxtında əyləşmişdi.
Cənab Mirielin eparxiyaya gəlməsi ilə doğan bütün dedi-qoduların danışacağımız əhvalat üçün heç bir cəhətdən əhəmiyyəti olmasada, hər şeyin dürüst anlamaq üçün bunları qeyd etmək, bəlkə də faydasız deyildir. Adamların yaydığı şayiələr həqiqət, yaxud yalan da olsa, hər halda insanın həyatında, xüsusən onun sonrakı taleyində öz əməlləri qədər əhəmiyyətli rol oynayır. Cənab Miriel Exsdə məhkəmə palatası müşavirinin oğlu idi və deməli, məhkəmə aristokrasiyasına mənsub idi. Belə deyirdilər ki, onun atası öz vəzifəsini irsən oğluna vermək istədiyindən məhkəmə məmurları arasında çox yayılmış olan bir adət üzrə onu çox tez, 18-20 yaşında ikən evləndirmişdi. Lakin şayiələrə görə, Şarl Miriel evlənəndən sonrada bir çox dedi-qodulara səbəb olmuşdu. O, boyu bir az qısa olsa da, təndürüst , zərif, çevik, zəkalı bir gənc idi, ömrünün birinci yarısını bütünlüklə kübar həyatına və eşq macəralarına sərf etmişdi.
Nəhayət inqilab başlandı. Hadisələr sürətlə bir-birini əvəz edirdi, məhkəmə məmurlarının seyrəlmiş, təqib edilən ailələrinin hərəsi bir yana qaçıb dağıldı. Miriel inqilabın hələ ilk günlərində İtaliyaya müraciət etdi. Arvadı çoxdan bəri düçar olduğu döş xəstəliyindən orada öldü. Uşaqları orada yox idi.
Bəs Mirielin sonrakı həyatı necə quruldu?
Köhnə Fransa cəmiyyəti artıq süqut etmişdi. Mirielin öz ailəsi məhv olmuşdu. 93-cü ilin ümidləri üzülən mühacirlərin nəzərində uzaqdan daha dəhşətli görünən faciəli hadisələr baş vermişdi. Mirielin tərki-dünya etməsinə və yalqızlığa çəkilməsinə səbəb bəlkə də bunlar olmuşdu? Yaxud bəlkədə eşqbazlıq və əyləncələr içində ömür sürərkən o, varlığını qıran və maddi rifahını pozan ictimai sarsıntılar qarşısında dayanmağa qadir insanın bəzən lap ürəyinə dəyib, onu yerlə yeksan edən gizli və dəhşətli zərbələrdən birinə düçar olmuşdu? Bu suallara heç kəs cavab verə bilməzdi. Yalnız bu məlumdur ki, Miriel İtaliyadan qayıdanda artıq keşiş idi.
Cənab Miriel 1804-cü ildə Brinyolda məhəllə keşişi olmuşdu. O, artıq qocalmışdı və tək tənha yaşayırdı.
Tac qoyma mərasimindən bir az əvvəl öz məhəlləsinə aid cüzi bir iş (bu işin nədən ibarət olduğunu indi təyin etmək artıq mümkün deyildi) onu Parisə getməyə məcbur etmişdi. Öz məhəllə adamlarının xahişləri üçün müraciət etdiyi hökumət adamlarından biri də kardinal keş idi. Bir dəfə imperator öz əmisinin ziyarət etmək üçün gəldiyi zaman qəbul otağında gözləyən möhtərəm küre imperator həzrətləri ilə üz-üzə gəlmişdi. Napoleon qocanın onu maraqla nəzərdən keçirdiyini görüb, geri dönmüş və kəskin bir səslə soruşmuşdu:
-Mərhəmətli insan niyə mənə elə baxırsan?
-Əlahəzrət, siz qarşınızda mərhəmətli bir insan görürsünüz, mən isə böyük bir insan seyr edirəm. Hər birimiz bu tamaşadan özü üçün müəyyən bir fayda ala bilər.-deyə Miriel cavab vermişdi.
İmperator elə həmin axşam kardinaldan bu keşişin adını soruşmuş, bir müddət sonra isə cənab Miriel özü belə gözləmədən Din şəhərinin yepiskopluğuna təyin edilmişdi.
Lakin cənab Mirielin həyatının birinci yarısı haqqında söylənilənlərin nə dərəcədə doğru olduğunu kimsə bilmirdi. İnqilabdan əvvəl Mirielin ailəsi o qədərdə məhşur deyildi.
Cənab Miriel boşboğazları çox, ağıllı adamları az olan balaca bir şəhərə təzə köçmüş hər bir adamın düçar olduğu bir vəziyyətə düşmüşdü. O, yepiskop olmasına baxmayaraq, daha doğrusu, məhz yepiskop olduğu üçün bu qismətdən yaxasını qurtara bilməmişdi. Lakin onun adı ətrafında gedən şayiə, dedi-qodu, boş söz və hətta cənubluların ifadəli dili ilə demiş olsaq, sadəcə, cəfəngiyatdan başqa bir şey deyildi.
Hər halda yepiskop Din þəhərində 9 il qaldıqdan sonra, ilk zamanlar balaca şəhəri və balaca adamları həmişə məşğul edən bütün bu danışıqlar və dedi-qodular tamamilə unuduldu. İndi heç kəs onları təkrar etməyə, xatırlamağa cürət etməzdi.
Cənab Miriel Din şəhərinə özündən 10 yaş kiçik olan bacısı yaşı ötmüş və hələdə ərə getməmiş madmazel Batistina ilə birlikdə gəlmişdi.
Onların yeganə qulluqçusu, madmazel Batistinanın yaşıdı olan madam Maqluar, əvvəllər "Cənab Kürenin xidmətçisi" ikən indi həm "Madmazel Batistinanın qulluqçusu", həm də "Yepiskop həzrətlərinin ev müdirəsi" olmuşdu.
Madmazel Batistina uca boylu, solğun, arıq, mülayim bir adam idi. O, "hörmətə layiq" sözlərinin təşkil etdiyi idealı təbəssüm etdirirdi, Çünki bizcə "möhtərəm adlanmaq qadınlara ancaq analıq haqqı verə bilər. O, heç bir zaman gözəl olmamışdı, lakin bütün ömrü boyu yaxşı işlər gördüyündən üzündə nə isə bir ağlıq, bir nur vardı, onun siması "mərhəmət gözəlliyi" adlandırıla bilən bir gözəllik kəsb etmişdi. Gəncliyində arıq idisə, yaşa dolduqda bu arıqlıq sanki şəffaflığa çevrilmişdi və bu şəffaflıq içərisində elə bil mələk görünürdü. O bir bakirə, daha doðrusu ruhun özü idi. O, elə bil kölgədən toxunmuşdu, cinsiyyətini bildirmək üçün lazım olan qədər cismi var idi, bir parça cisim içində sanki bir nur parıldayırdı, iri gözləri daim yerə baxırdı, sanki ruhu yer üzündə yaşamaq üçün bəhanə axtarırdı.
Madam Maqluar balaca boylu, ağ saçlı, dolğun, hətta şişman çalışqan bir qarı idi, daim hərəkətdə olduğundan həm də nəfəs darlığı xəstəliyinə mübtəla olduğundan həmişə tövşüyürdü.
Cənab Miriel şəhərə varid olduğu zaman onu imperatorun verdiyi dekret üzrə böyük ehtiramlı yepiskop sarayına gətirdilər. Bu dekretə əsasən yepiskoplar rütbə və şöhrət etibarilə, general mayordan sonra birinci yeri tuturlar. Mer və məhkəmə sədri onu birinci olaraq çəkib Miriel özü getdi.
Miriel öz vəzifəsinə başladıqda bütün şəhər yepiskopun işdə özünü necə göstərəcəyini gözləyirdi.