Ömür boyu elə zənn eləmişdi ki, onun ən böyük düşməni həyatın özüdür. Hələ uşaq ikən anasını ondan alan "həyat" daha sonralar onun üzərinə müxtəlif zərbələr endirməyə başladı: atasının ona qarşı olan münasibətinin gündən-günə soyuması azmış kimi, başqa bir qadınla evlənəndən sonra analığı tərəfindən şiddətə məruz qalması uşaqlığında arzuolunmaz qara dəlik yaratmışdı. Yeniyetməlik çağlarında isə ilk sevgisinin puç olması, ətrafındakı insanlar tərəfindən şərlənməsi onun gələcəyə olan inamını qırmış, ümidlərini darmadağın eləmişdi.İntihara cəhd göstərdiyində isə ən yaxın dostu onun əlindən tutmuş, həyata qaytarmışdı. Bu dost sıradan insanlardan fərqli idi, uşaqlıqdan bəri dost olsalar da heç vaxt üzünü tam görmədiyi bu varlıq - göylərdən göndərilmiş bir mələk idi...
Keçmiş nə qədər toranlıq olsa da artıq uzaqlarda qalmış və o, ən yaxın dostu ilə birgə həyatına davam edərək ömrünə ömür qatmışdı.Sakit Həyatı normal, sıradan görünsə də ən əsas bir məsələni nəzərə almamışdı.Altşüur... keçmişdə yaşadığı sarsıntılar; qonur gözlü analığının timsalında bütün qonur gözlü qadınlara nifrətə, eləcə də uşaqkən ətrafındakı insanlar tərəfindən şiddətə məruz qalması onun içində potensial manyak toxumu səpərək zaman-zaman inkşaf eləməsinə şərait yaratmışdır.O, özü də bilmədən içində yatan potensial manyakı üzə çıxarmadan hansı uçurumun kənarında olduğunun fərqinə varacaqdımı?"