Mürəkkəbdən tökülən o cansız hərflər özüm istəməsəm də zehnimdə yalnızca bir simanı yaratmışdı. Əzbərə bildiyim xətt, əzbərə bildiyim üz ifadəsini sanki bir rəssamın çəkdiyi kimi dəqiq və qüsursuz şəkildə beynimin mamırla örtülmüş, kif qoxan o köhnə xatirələr divarına sadəcə bir şəxsin, illərdir unutmaq istədiyim o şəxsin simasını çəkdi. Sinəmdəki o orqan məndən asılı olmayaraq bir az sürətlə atmağa başlayanda bir anda ağzına kilid vurduğum xatirələr azadlığa çıxıb beynimin hər guşəsində öz hökmranlığını elan etmişdi. Gözləmədiyim anda gözləmədiyim insandan gələn bu məktub illərin qırğınlığını, peşmanlığını, zəifliyini və sınmış bir dostluğun qırıntılarını saxlayırdı öz üzərində. Xatirələrdən doğan ağlama istəyi ilə gözlərimə dolan yaşı dəf etdim və gözlərimi o sətirlərin üzərində gəzdirdim.
All Rights Reserved