Yeddi Çıraqlı Pleyada - 1927
7 Bölüm Devam ediyor Zaman atlı çapar idi, mənsə yaralı piyada. Bir vaxtlar mən onu qovarkən indi cəbhələri dəyişmişdik. O yüyəni boşlamış, mən nizəmə sığınmışdım. Fınxırdayan atın nəfəsi buz kimi havada ərşə qalxanda Zaman diz çökmüş mənim yanıma yaxınlaşıb qara niqabını çıxararaq üzümə baxdı. Par-par yanan gümüş gözlərindəki kinayə ruhuma işləmiş, məni bir az da qüvvətdən salmışdı.
- Qaldır başını, piyada, məğlubsansa, mərdliklə ol azından.
Titrəyən barmaqlarımla ona doğru uzandım, şaxtada süzülən ipək əbasından yapışıb ayağa qalxmağa çalışmışdım ki, heyhat, dizlərim aman vermədi.
- Adildirmi bu cəza? - hayqırdım titrək səsimlə.
Zaman süzdü gözlərini, başını yelləyib gülümsədi.
- Kim demiş adil olacaq hər cəza? Sonu ölüm olan hər kəsin doğulandan kəsilmişdir cəzası. Yalnız yaşayacaqsansa, qatlan iztiraba, ancaq bu vaxt qazanacaqsan sən həyatı. Yatmış olan ölüdür. Ölülərsə məhkumdur əbədi əsarətə. Sən oyanmadın, yatdın, Hilal.
- Mən ölməmişəm! - boğazımdan zorla çıxan avazım öz qulaqlarımda cingildədi.
- Sən...Hilal...Sən çoxdan ölmüsən. Yorma artıq özünü, burax əlindəkini, sən məğlubsan. Ucbatından ömür boyu əzab çəkənlərin də, canı alınanlarında yükü sənin çiyinlərindədir. Tarix yazılıb çoxdan, alın yazısını dəyişmək olmaz.
Dərindən nəfəs alıb gözlərimi yumdum. Bütün bədənimi sızıldadan yaralar ciyərlərimi kəsən ayaz kimi doğrayırdı bədənimi. Həqiqət mənim üçün çoxdan qəbul idi, yalnız dəyişə biləcəklərim üçün son nəfəsimi də verməyə hazır idim.
- Fələk məni bu yola sən qabağımı kəsəsən deyə yollayıbsa, burda bir iş var deməli, süvari. Alın yazısı dəyişməz deyil. Bunu öz gözlərimlə gördüm. Ya yol ver keçim, ya da...
- Ya da?
- Ya da çək qılıncını, süvari. Zamanın dəyirmanı yalnız diri ol