Heç nə

73 3 0
                                    

Salam. Yenə qəmli görünürsən. Gözlərində bunu hiss edirəm, inkar etmə. Çox yorulmusan, hə? Nə edəcəyini bilmirsən. Həyatın ən ağır yükü çiyinlərində olduğunu düşünürsən? “Niyə?” sualı beynin üst mövqeyindən əskik olmur? İstərdin mi, nə edəcəyini sənə deyim? Amma söz ver ki, sadəcə dediyim kimi edəcəksən. Elə isə başladıq.

Edəcəyin tək bir şey var : “Heç nə.” Adi görünür, hə? Sənə çarə olmayacağını düşündün? Yanılırsan, əzizim, yanılırsan, həmişəki kimi...

“Heç nə". Gəl, sənə bu sözün sən bilmədiyin tərəflərini aydınlaşdırım. Sən bu sözün yalnız işığından yaranmış kölgəsini gördün. Əsl həqiqət işığı onun qaranlığından keçib. Hə, səni yormayım. Axı, onsuz da bu həyat bizləri çox yorur. Harda qalmışdıq? “Heç nə"də. Bilirsən, bu qədər adi görünən söz sənin həyatını necə dəyişə bilər?! Eh, bir bilsən... Səbrli ol.

Gəl, sənə bir sirr verim, amma kimsəyə demə. Acıların var, hə? Bax, acılar üst-üstə gəldiyində qarşına bir vərəq qoy və bütün acıları qarşına al. Yazmağa başla. İçindən nə gəlir, bütün mənfiliyi ilə hamısını kağıza tök. Bəlkə yaşadıqlarına görə kimisə söymək istəyirsən, bütün kini, nifrəti yaz. Hamısını bir-bir vərəqin incə sətirlərinə hopdur. Bütün əsəbinlə, gözlərin üzünə tüpürsə də vərəqi doldurmağa çalış. Gör vərəq bunlara necə dözür, elə bilirsən ki, o hiss etmir?! O da hiss edir, amma heç səsini çıxarır mı? Əsəblə yazdığın sözlərin vərəqi cıracaq və bircə bu vaxt incidilmiş bir səs eşidəcəksən. Mən o səsi eşitmişəm. Vərəqin duyduğu ağrını hiss etmişəm. Hə bir də, o vərəqi bilirsən, nə et? Yanında kibrit var? Bax, tapmaqda çətinlik çəkirsən. Ən çətin anında belə, çətinlik içində çətinlik var. Hə, yaxşı, çox danışdım. Kibriti tapdın mı? Yandırmağa başlamayacaqsan mı? Nə gözləyirsən? Aha, mənlə eyni fikirdəsən. Başla, yazdığın vərəqi götür-içindəki bütün mənfiliyi, bütün yaşadığın acıları, söyləmək istəyib də söyləmədiklərini, bir vərəqə sığışdırdığın daxili mənfiliyi götür. Bir kibrit onları məhv etməyə qadirdir. Sən bunu bacararsan, amma bir şey deyim: Bunu hamı bacarar, unutma. Bunu hamı bacarar. Bəs sən hamı kimi olmaq istəyirsən? Hə? “Hamılaşmaq” istəyirsən? Yox, axı sən bunu istəmirdin. “Hamılaşan heçkimləşir.” Sən belə olmayacaqsan. Sən seçilmişsən. Bu yazılarım üçün mən səni seçmişəm. Bilirsən, niyə? O acı və ağrılarına görə. Hə, sən bunları niyə adi qəbul edirsən ki?! İnsan ağrı-acısız yaşayarsa, nəyin dəyərini bilər?! Sən də “heç nə"yin dəyərini bilmirsən. “Heç nə" sənə adi gəlir. O vərəqi yandırmayacaqsan, artıq kənara qoya bilərsən. Hələ də bunun səbəbini anlamırsan? Yaxşı, gəl izah edim.

Axı, hamı içindəki kini, nifrəti, yaşadığı daxili iztirabları, bütün acılarını yandırıb kül etmək istəyir. Axı, hamı acını acı verməklə məhv etməyə çalışır. Amma sən hamı kimi deyilsən. Dedim axı, nə tez unutdun? Sən seçilmişsən, seçilmişlərdən yox. Seçilmişsən. Bir o vərəqə bax. Əsəbini onun üstünə tökdükdə o səs etdi, bir parçası yarım qaldı deyə bəlkə də, səndən incidi. Niyə onun acısını duymadın? Axı o da sənin kimi acı çəkdi. Niyə ona bunu yaşatdın? Hə, deyəcəksən ki, axı mənim də dərdim var. Bəs sənin ağrıların var deyə, başqaları da bunu hiss etməyə məcburdur mu? Bilirsən, insan acılarını sevməlidir. Axı bunlar bizi böyüdür, həyata baxışımızı dəyişir.  Biz o acıları niyə sevməyək ki?!

Mən acılarımı sevirəm, çünki onlarla özümü və nəticədə ətrafı dərk edirəm. Çünki onları yaşamasaydım, onlar mənimlə olmasaydı, mən “bugünkü mən" olmazdım. Hə, bəs sən nə düşünürsən? O vərəqi və kibriti hələ də əlində saxlamısan? Onlar sənə lazım olacaq, acıları yandırmaq üçün yox, onlarla birgə yaşamaq üçün.  “Mən nələr yaşadım, amma məhv olmadım “- deyə bilmək üçün.  İndi əsəblə, kinlə, göz yaşları ilə sətirə düzdüyün o cümlələr sonralar sənin üzündə təbəssüm yaradacağını heç düşünərdin mi?! Bəlkə də, bu kinayəli gülüş olacaq, amma nəticədə gülüşdür. Bir gülüş isə insanı nə qədər cavan saxladığını heç düşünməyinə dəyməz.

Sevdin mi acılarını? Onlarla yaşamağı, həyata dik baxış atmağı bacaracaqsan mı? Yoxsa hələ “heç nə" sənə aydın deyil? Hə, “heç nə.” Gördün, sən heç nə etmədin. Sənə qalan tək düşünmək oldu. Axı, sən seçilmişsən. Düşün, sadəcə düşün... Çünki insan düşündüyünə çevrilir...

İndi əzizim, sənə bir sirr də verməliyəm:

Mən sənin manipulyatorun oldum.  Hislərini, hərəkətlərini və düşüncələrini idarə etdim, bəlkə də bir-birinə qatdım. Amma sən, sən ol, öz manipulyatorun olmağı bacar. Özün özünü, hislərini və düşüncələrini idarə et. İnsanların səni yönləndirməsinə əsla, icazə vermə. Bir də unutma, mən gələcəyəm. Sınaq üçün yenə gələcəyəm.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 16, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

" Heç nə "Where stories live. Discover now