Maviş

19 2 1
                                    

     Saat on ikiyə az qalmışdı. Süfrədəki qab-qacağı yumaq üçün mətbəxə aparmışdı. Bişirdiyi buğlamanın ətri hələ də mətbəxdən getməmişdi. Ancaq bu onun parfümünün qoxusunu basdıra bilmirdi. Düzdü elə də baha deyildi, amma yenə də ətri çox gözəl idi. Necə deyərlər, ucuz və keyfiyyətli. Gözünün üstünə düşən saçını əli şampunlu olduğu üçün kənara ata bilmir, bu da onu əsəbiləşdirirdi. Axırda bezib əlini duruladı və saçını kənara atdı. Anası öləndən bəri hər şeyi özü edərdi. Yeməyi özü bişirərdi, qabları özü yuyardı. Bütün bunlara öyrəşməsi çətin olsa da, o bunu bacarmışdı. Sadəcə bu qab yumağı heç sevmirdi. Çünki hər dəfəsində uzun, sarı saçları gözünü örtür və ona mane olurdu. İndi olduğu kimi... Rəhimə saçını kənara atıb, işinə davam etmək istəyirdi ki, qapının döyüldüyünü eşitdi. Elə bil onun işini dayandırmasını gözləyirdilər. O, qapıya doğru addımladı. Divara vurulmuş saata baxdı. Artıq on ikiyə beş dəqiqə qalırdı. Yeni ilin gəlməsinə son beş dəqiqə. Bəs gecənin bu vaxtı gələn kim idi? "Bəlkə də yeni ilin ilk hədiyyəsidir" deyə düşünən Rəhimə qapını açdı. Qarşısında mavi səhləb çiçəklərini görəndə nə deyəcəyini bilmədi. Çiçək o qədər çox idi ki, onu tutan insanın üzü görünmürdü. Heyrətlənmiş Rəhimə nə olduğunu anlamaq üçün soruşdu:

- Bağışlayın üzünüzü görə bilmirəm. Kimsiniz?

Elə bunu demişdi ki, çiçəklərin arasından dəsmal tutan mavi bir əl ona doğru uzandı və dəsmaldan gələn qoxu Rəhimənin huşunu itirməsinə səbəb oldu. O andan Rəhimənin yadından qalan bir küçəni aydınladan işıq, bir də onu ağuşuna alan mavi rəng idi. Ən çox sevdiyi rəng onu necə bir bilinməzə aparırdı bəlli deyildi...

Rəhimə gözünü güclə açırdı. Göz qapaqları yerin cazibə qanununa qarşı gələ bilmirdi sanki. İçindən qanunu kəşf edən Nyutona yaxşıca söydü. Ətrafa baxanda mavidən başqa heç nə görmürdü. Hər tərəf mavi rənglə bəzədilmişdi. Düz qarşısında isə, onun şəkilləri vardı. Özünün belə nə vaxt çəkildiyini unutduğu rəsmləri və xəbəri olmadan çəkilmiş şəkilləri. Rəhimə bu psixin kim olduğunu bilmirdi. Amma əlini sıxan ip, tanış olsalar bunun onun üçün xeyirli olmayacağından xəbər verirdi. Qolunu saran iplərdən qurtulmağa çalışanda eşitdiyi tanış səs bir anlıq onu sərsəmlətsə də, dərhal özünü toparladı və yenidən ipdən qurtulmağa çalışdı. Səs get-gedə yaxınlaşır, o isə ipləri aça bilmirdi. Bütün səyləri hədər gedən Rəhimə axırda sakitcə sonunu gözləmək qərarına gəldi. Səsin sahibi düz onun qabağında dayandı. Bütün bədənini mavi rənglə rəngləmiş psix başına taxdığı qırmızı papaqla tam olaraq şirin babaya bənzəyirdi. Nə qədər də rənglənsə Rəhimə onu ilk görüşdə tanımışdı. Bu Orxan idi. İllərlə onu sevmiş, amma sevgisini gizlətmiş, rədd cavabı alsa da hələ də onu sevməyə davam edən Orxan. Axı onlar dost kimi qalmışdılar. Orxan niyə onu qaçırmışdı? Onlar çox yaxın idilər. Hər yerə birlikdə gedərdilər. Rəhimə ona sevgi hissinə yad olduğunu, dost olaraq qalmaq istədiyini söylədikdə Orxan onu anlayışla qarşılamışdı. Onlar dost olaraq qalmışdılar. Ya da o belə düşünürdü...

Orxan Rəhimənin gözlərinə dəli bir ehtirasla baxaraq danışmağa başladı:

- İndi burada nəyə görə bağlı olduğun maraqlıdı hə? Gəl sənə bir nağıl danışım: Biri var idi, digəri Mavi. Biri dəbdəbəli, o biri adi. Sən dəyərli mən ucuz. Mən aşiq, sən odun. Dəlilər kimi sevən də Orxan, sevilməyən də. Bəs Rəhimə? Rəhimə bir şəhzadə idi. Hamı onu sevir, amma o heç kimi sevmirdi. Dost kimi görürdü hamını. Axı sevilənə nə var ki? Sevilən dost olaraq görər hamını. Çünki sevgiyə möhtac deyildir. Bəs sevilməyən neyləsin? O sadəcə sevgi axtarışında keçirir bütün ömrünü və axtardığını tapmayacağını anlayanda şəmin atəşində son nəfəsini verən pərvanə kimi məhv olur. Amma Orxanın ağlına nə gəldi bilirsən Maviş? Mavişi də özümlə birlikdə məhv edəcəm. Sən məni öldürdün laqeydliyinlə. Mən də səni bu bıçaqla - belindəki bıçağı çıxarıb, Rəhiməyə doğru uzadaraq sözünə davam edir - öldürəcəm. Yox yox. Qətiyyən narahat olma – Mavişin gözlərindəki qorxunu görən Orxan psix kimi gülərək əlavə etdi – səni mavi torbalarda basdıracam. Sənin üçün xüsusi bir məzar hazırlamışam. Hər tərəfində Mavi səhləb çiçəkləri olan bir məzar. Gəl səni ora aparım.

Biri var idi, digəri Mavi...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin