İyul ayı idi. Yay olmasına baxmayaraq, göyün üzünü qara buludlar almış, günlərlə davam edən qızmar istilərdən sonra Tanrı insanlara bir sərinlik ərmağan yollamışdı. Rayonda bir az sərt külək əsəndə və yağış yağan kimi işıqları söndürmək kimi bir “ adət ” vardı. Bu səbəbdən mən də eyvana çıxıb bir az kitab oxumaq istədim. Kitablarla olan dostluğum çoxdan başlamışdı. İndi əlimdə Rəşad Nuri Güntəkinin “ Çalıquşu “ romanına baxdıqca o günləri xatırladım. Kitabın elə ilk səhifələrindən müəllimənin şagirdlərə tapşırdığı inşa yazmaq məsələsi məni düşündürdü. Kitabın sətirlərinə toxunduqca, onun qoxusunu ciyərlərimə çəkdikcə yazmaq eşqim daha da alovlanırdı. Əzmli və disiplinli biri olduğum üçün cəld durub içəriki otaqdan mavi üzlü dəftərimi və diyircəkli qələmimi gətirdim. Yazacaqlarımı düşündükcə səsləri dinləməyə başladım. Belə sərin və yağışlı havada meditasiya etmək ən gözəl seçim olardı. Gözlərimi yumdum və səsləri dinləməyə başladım. Əvvəlcə kənardan maşın səsləri, yan-üst qonşudakı ailə-məişət problemi səbəbindən çığırışmalar eşitdim, evdəki uşağın halına acıdım. Ancaq edəcək bir şey yox idi. Daha dərinlərə dalmağa başladım. Yağış damlalarının məhəccərə çırpıntılarını eşitdim, küləyin şiddətləndiyini və səmadan kirpiklərimə toxunan damlaları hiss etdim, yanaqlarımdan süzülərək dodağımda eniş etdilər. Qollarımı açdım və anın həzzini yaşadım. Sonra düşüncələr məni öz ağuşuna aldı. Bədii kitab oxumağa başladığım ilk günü xatırladım. İlklər özəl olur deyirlər. Bəzən biriləri üçün son olan ilkindən daha gözəl olur. Mənim üçün isə, bu ilk sonsuzluq oldu. Gözümü yumdum və heç sevmədiyim məktəb günlərimə qayıtdım. Əksəriyyət uşaqlığına qayıtmağı çox istəyir. Düşündükcə ki, uşaq vaxtı əslində, bizim azadlığımız əlimizdən alınmış olur, bu məni o günləri düşünməkdən uzaqlaşdırırdı. Çünki o dövrlərdə insan nə azad seçim edə, nə əsl dost qazana, nə də azad ola bilir. İnsanlar sərt intizam içində özünü dərk edə bilmir.
O gün isə, həyatımda ilk dəfə özüm üçün bir addım atmışdım. 10-cu sinifdə oxuyurdum. Bir dəqiqə. Elə bu cümləni yazarkən gecə gördüyüm yuxu yadıma düşdü. Azərbaycan dili və ədəbiyyat müəlliməmi yuxuda görmüşdüm və indi isə onun haqqında yazacaqdım. Demək ki, heç nə təsadüf deyil, heç nə təsadüfən baş vermir. Ax şüuraltım, yenə məni təəccübləndirdin. Keçək əsas məsələyə.
O gün həyatımda bir addım atdım. Müəlliməmiz sinifə gəlib deyəndə ki, sənin adını ədəbiyyatdan yarışa yazmışam, bunda belə təəccüblənmədim. O beləcə də dedi:
-“Ədəbiyyat biliciləri” yarışı var. Sən də hamıdan yaxşı oxuduğun, çalışqan qız olduğun üçün adını bu yarışa yazdırmışam. Məktəbimizin adını yüksəkdə tutacağından əminəm. Narahat olma, bir neçə kitab adı deyəcəm, onları oxusan bəs edər.
Bir neçə dediyi kitab 10 günə bitirməli olduğum 30-a yaxın kitab idi.Və beləcə yarışın necə və nə vaxt keçiriləcəyini bildirdi. Müəlliməmi çox sevirdim, həmişə motivasiyalı nitqi ilə məni cəlb edirdi. Gördüyünüz kimi, məktəbdə belə bizim üçün qərar verənlər var. Əslində, bu bizim yaxşılığımız, dünyagörüşümüzün artması üçün idi, amma yenə də azad qərarvermə və seçimetmə şansı bizdə deyildi. Bəlkə də, “yox” deyə bilərdim, amma istiqamətləndirmə və artıq verilmiş qərar “yox” deməyi düşünməyə, ağlıma gətirməyə belə macal verməmişdi. Və beləcə ilk dəfə məktəb kitabxanamızda qeydiyyatdan keçdim, bir-birindən qalın, qat-qat kitablar götürdüm. Onların içərisində ilk dəfə əlimə alıb, səhifələrinə toxunduğum,qoxusunu içimə çəkdiyim kitab Cek Londonun “Martin İden” romanı idi. Evə gəldiyimdə kitaba ac, həris bir insan kimi onu səhifələməyə başladım. Oxuduqlarım məndə çox qəribə hislər oyatmışdı. Təsadüfən mütaliəyə ilk dəfə bu kitabla başlamaq həmin an dərk etməsəm belə, indi həyatımda necə köklü dəyişiklik yaratdığının fərqindəyəm. Elə Martinin timsalı ilə də hekayələr yazmaq, düşündüklərimi sətirlərə hopdurmaq və insanlarla bölüşmək hissi məndə oyandı. Elə bu yazının ardınca universitet həyatımda kitablar barədə məqalə yarışında mənə birincilik qazandıran məqaləmi əlavə etmək istərdim, çünki o, sevimli “Martin İden”im haqqında idi.
“ Səni kitab oxuyan insanlarla tanış edəcəyəm. Həyat, ancaq belə insanlarla bir araya gəldikdə, yaşanılmağa dəyər.” - deyən Cek London “Martin İden" əsəri ilə kitab oxumağın insan həyatında yarada biləcəyi ən möhtəşəm möcüzənin əsrarəngiz təcəssümünü bizlərə çatdırmışdır. Həyatda da belədir: insan bir və ya iki kitab oxuduqda hər şeyi bildiyini zənn edər, ancaq kitabların sayı artdıqca- üç, dörd, beş və s. əslində, çox az şey bildiyinin fərqinə varar. 100-dən artıq bədii əsər oxumuşam, amma ilk oxuduğum bu əsər ruhumu elə qidalandırmışdı ki, hətta özüm də əsər yazmaq eşqi ilə digər insanların ruhunu oxşayacağıma söz vermişdim. Bu əsərdə insan qəlbinə dərin cığır açan elə sətirlər var ki, onların altını çizmiş olsaq, bütün kitabı rəngli görərsiniz.
Günümüzün aktual problemlərindən biri intihar olduğu üçün bu əsəri seçməyim heç də təsadüf deyildir. İntihar... İntihar zəiflərin işi deyil, əksinə bunu güclü insanlar bacara bilərlər. Amma niyə?! İnsanı ölüm haqqında düşünməyə nə vadar edə bilər?! “Yəqin ki, papiros çəkmək sizə ziyandır, bir də ki, qul olmaq, hətta adət qulu olmaq yaxşı iş deyil.”-demişdi Martin. Bəs hislərin və düşüncələrin qulu olmaq necə, Martin? Martin də düşüncələrinin qulu olmuşdu. O, Allaha yox, insanlara olan inamını itirmişdi. İnsanların manipulyasiyasına məruz qalmışdı. O zaman, düşüncələr torunda azmış insan güvənsizlik problemi ilə Tanrının hüzuruna tələsirsə, “çirkab arasında yaşayan müqəddəslər" adına layiq deyildir. Çünki çirkab arasında yaşayan müqəddəslər əsl möcüzədir. Ən azından elə bu möcüzə xatirinə yaşamağa dəyər! İntihara cəhdin son anında bəşəriyyətlə bir doğulmuş özünümüdafiə instinkti zəfər çalır, yaşamaq eşqi Martinin də ruhuna hakim kəsilir. O, iradəsindən asılı olmayaraq xilas olmağa can atır, lakin bunu istehza ilə qəbul edərək , “Bəli, mənim iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmək üçün kifayət qədər möhkəm iradəm var.” - deyə düşünür və özünü iradəsinin ağlasığmaz gücü bahasına daha dərinə dalmağa məcbur edir. O, həyat eşqini aldatmışdı. Yox. Martin iradəsiz deyildi. Ziqmund Freyd deyirdi ki, ” İnstinkt məğlubedilməzdir.” , lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi belə ram etməyi bacarmışdı. Hərçənd, bir şəxs kimi Martinin davranışını təqdirəlayiq hesab etmək düzgün olmazdı. Ən gözəl çıxış yolu iradəsini özünü məhv etməyə yox, yaşamaq uğrunda mübarizəyə həsr etmək idi. “İntiharı yaşamaqdansa, gülüşünlə həyata intihar yaşat..!” şüarını Martindən fərqli olaraq, insanlar üçün həyat devizinə çevirmələrini rica edərdim. Martin isə ən asan yolu seçdi. Unutmayın, bu həyatda səhv deyə bir şey yoxdur. Sadəcə bizim üçün hazırlanmış planlar var. Bu planlardan biri də ölümdür. Ölmək- Tanrının hüzuruna tələsərkən cismini götürməyi unutmaqdır.
Sonda Martin İdenin bizlər üçün bir xatırlatmasını vurğulamaq istərdim. O deyirdi: “Bir gecə və bir gündüzdə 24 saat var.” Oxuyarkən özümə bir sual verdim və bu sualı sizlərə də vermək istəyirəm – Bəs sənin üçün bir gündə neçə saat var?!
Bəli, mən kitab mütaliə etməyə öz istəyimlə başlamamışdım, ya da biriləri oturub mənə bədii kitablar oxumamışdı. Nə də sevdiyim kitab oxumağı sevir deyə, mən də kitab oxumağa başlayım deyə bir hekayəm də yoxdu. Yarış üçün bu addımı atmışdım. Tək başıma mübarizə aparmaq, tək başıma güclü dayanıb ilklərə imza atmaq mənim qismətim idi. Amma yaxşı ki də, təsadüfi olmayan bu gözəl təsadüf həyatıma daxil olmuşdu və elə daxil olmuşdu ki, mənə ilkdən sonsuzluğa doğru bir yol bəxş etdi. Hazırda 100-dən artıq kitab oxumuşam və kitablarla olan bu dostluğumu davam etdirirəm. Çünki onlardan ideal başqa dost tapa bilməzsiniz. Siz bilməyərək onun hansısa səhifəsini qatlasanız, əzsəniz, cırsanız belə, kitablar sizi tərk etməz, həmişə tozlu rəfin bir küncündə dayanar, sizə baxar və nə vaxt onu əlinizə alıb onunla dərdləşəcəksiniz deyə gözləyər. Bu kəşfi etmiş adam heç vaxt onlardan ayrılmaz. Daha “dostum yoxdur” demirəm, “yalnız kitablar mənim dostlarımdır” deyirəm, ən etibarlı, sadiq və altını çizdiyim cümlələrlə sirlərimi özündə saxlayan dostlarım.
Artıq gözlərimi açdığımda qara buludların getdiyini, Günəşin üzümə gülümsədiyini gördüm. Hə, yay yağışı da belə olur, tez başlayar, tez də bitər. Amma mən düşüncələrimin ağuşunda uzun bir zaman kəsiyində uçduğumu zənn edirdim. Elə “yağışım üçün darıxdım” demişdim ki, üst qonşunun bir vedrə çirkab suyu yuxarıdan aşağıya axıtdığını gördüm. Mənim üçün süni yağış yaratdı. Sağ olsun.
YOU ARE READING
...İlkdən Sonsuzluğa...
Short Storyİlklər özəl olur deyirlər. Bəzən biriləri üçün son olan ilkindən daha gözəl olur. Mənim üçün isə, bu ilk sonsuzluq oldu. Xoş oxumalar...🌹🙃