"00:00"
Günəş işığının aydınlada bilmədiyi otaqda, tozlu masasının başında oturmuş, barmaqlarının ucu ilə alnına toxunur, düşünürdü. Əlində tutduğu vərəqə uzun müddət baxan Yaşar, topladığı ideyaları qələmə ötürmək üçün barmaqlarını başından çəkib masasının üstündəki qələmi götürdü. Qələmin mürəkkəbi vərəqdə iz qoyduqca Yaşarın fikirləri də mürəkkəblə birgə vərəqə axırdı. Üç cümlə sonra fikirləri tükənən Yaşar təkrar düşüncələrə daldıqda yanıb sönən telefon işığını görüb əl saxladı. Telefonuna altı mesaj, iki buraxılmış zəng gəlmişdi:
"Haradasan?"
"Yenə nəsə yazırsan?"
"Yaşar, on iki tamama az qalıb".
Buraxılmış zəng
"Ad günümü birlikdə keçirəcəyimiz barədə söz vermişdin".
Buraxılmış zəng
"Yaşar, səni gözləyirəm".
":)"
Yaşar sanki çox vacib bir şey unutmuş kimi cəld qalxıb noutbukun qarşısına keçdi. Bir-iki toxunuşdan sonra ekranda Yasminin gülən üzü göründü.
İlk öncə əl salladı Yasmin, "Birinci saata bax", dedi sonra barmaqları ilə sağ-aşağını göstərib. Noutbukun ekranında saat 23:38-i göstərirdi.
"İndi isə mənə bax", dedi barmaqları ilə özünü göstərib. Gülərkən qısılan gözləri, çəhrayı dodaqları, xəfif qızaran yanaqları Yaşarın gözlərinə parıltı verir, üzündə təbəssüm yaradırdı.
"Üzr istəyirəm, uzun müddətdir, məni gözlədiyini bilirəm".
Üzü ciddiləşdi, gözü üzərinə düşən saçlarını yana çəkdi zərifcə, daha sonra Yaşarın dediklərini qavrayınca:
"Yox, yox!" Dedi təlaş içində əllərini iki yana sallayarkən. Qırmızı yanaqları daha çox qızardı. Üzünün alışıb yandığını hiss edən Yasmin əlləriylə yanaqlarını tutdu: "Mən səni sadəcə iki dəqiqədir, gözləyirəm".
"Sən elə deyirsənsə, elədir".
Yaşar, əslində, Yasminin onu saatlarca gözlədiyini bilirdi. Eyni zamanda onu bu qədər gözlətdiyi üçün də məhcub hiss edirdi.
Təkrar gözlərinin üstünə düşən saçlarını yana atdı Yasmin: "Saçlarım da uzanıb, sabah kəsdirəcəm".
Qıraqda duran, üzərinə spesifik şamlar düzülmüş tortu ehmalca götürüb qarşısına qoydu. Yavaşca kibriti götürüb şamları yandırmağa başladı:
"Öncəliklə, səhər oyananda qapımda tort və şamı görəndə çox sevindim. Özü də ən sevdiyim tort. Təşəkkür edirəm".
Tort Yasminin ən sevdiyi meyvədən - çiyələkdən hazırlanmışdı.
"Şamlar da mənim sənə bəhs etdiyim sehrli şamlardandır. Bunun üçün də ayrıca təşəkkür edirəm. Lakin, təəssüf ki, Dəcəl bir neçəsini məhv edib".
Hə, bundan tam iki ay əvvəl, Yasmin rəfiqəsi Lalədən bu şamlar barədə eşitdiklərini Yaşara da danışmışdı. Rəvayətə görə, ad günündə arzu tutub şamı üfürəndə arzu sahibinin istəyi bir gecədə gerçəkləşirmiş. Yasmin bu qəribə görünüşlü şamları o qədər çox istəmişdi ki, Yaşar üçün onlar axmaq çirkin şamlardan ibarət olsa da, Yasminə onları hədiyyə etməyi seçmişdi.
Eyni zamanda şamların tortu çox çirkin göstərdiyini düşünürdü. Dəcəlin yerində olsa, o da şamları məhv edərdi. Dəcələ təşəkkür borcu var idi.
"Axı demişəm, xırda şeylərə görə təşəkkür etmə".
"Yaxşı, amma yenə də təşəkkür edirəm".
Gözlərini yumdu, arzusunu dilədi. Şamları üfürüb ekrana baxdı:
"Səncə, nə dilədim?"
"Nə dilədin?"
"Deməyəcəyəm", gülümsündü.
Hər ikisi yenə ekranda bir-birlərinə gülümsəyərkən Yasminin arxasından qarageyimli bir adamın yaxınlaşdığını görən Yaşarın qəlbi sürətlə döyünməyə başladı:
"Yasmin! YASMİN!"
"AAAAAAA!"
Yasmin arxasını çevirməmiş boynuna bıçaq ilişdirildi. Noutbuk, tort, şamlar qana bulanmış, ekrandakı saat 00:00-ı göstərirdi.
ŞİMDİ OKUDUĞUN
Sarsıntı
Fantasy"Gizli qorxularım gün üzünə çıxınca dözə bilmədim, əlimi bıçağa atdım".