Cavid əlindəki biletə kiçik bir nəzər keçirdikdən sonra təkrar kassaya yaxınlaşıb soruşdu: "Axı burada oturacağın nömrəsi yazılmayıb?"
"Arzuladığınız yerdə otura bilərsiniz", gənc qız Cavidə gülümsədi. Cavid növbə gözləyən kütləni ötüb minəcəyi avtobusa yaxınlaşdı. İçindən kassadakı kimi gənc bir qızla yan-yana oturub maraqlı söhbətlərlə uzun, gözəl bir səyahət etməyi keçirdi. Həvəslə avtobusa daxil olan Cavidin görüş bucağına ilk girən yan-yana oturmuş iki rəfiqə oldu. Rəfiqələr bir əlində telefon, digər əlləri ilə isə əl-ələ tutmuşdular. Yan tərəfdə isə yaşlı bir xanım oturmuşdu, yanı da boş idi, amma Cavid digər seçimlərə də nəzər salmaq istədi. Avtobusun içərisinə irəlilədikcə bir-birindən maraqlı insanlarla qarşılaşırdı. Hər addımında saniyələr içində xəyalını qurduğu gənc bir qız ilə maraqlı söhbətlər edəcəyi uzun, gözəl səyahəti də sönüb gedirdi. Avtobusun sonuna yaxın xəyalını gerçəkləşdirə bilməyəcəyinin fərqinə varan Cavid istənilən boş yerdə oturmaq qərarına gəldi. Pəncərənin kənarında oturmuş, çölü seyr edən yaşlı dayıya yaxınlaşıb dedi: "Burada oturmaq olar?"
Kişi qəfil reflekslə başını Cavidə tərəf çevirib, "Olmaz!" deyə təpindi. "Görmürsən, həyat yoldaşım burada oturub. Nə etməyi düşünürsən? Onun üstündə oturacaqsan?"
Cavid təəccüb içərisində yaşlı adamın barmağı ilə işarə etdiyi boş yerə baxdı. Boş yerə. Adamın həyat yoldaşının oturduğu yerə.
"Üzrlü sayın, görmədim", deyib addımlamağa davam etdi. Yaşlı adamın arxasında yenə pəncərə tərəfdə oturmuş, təxmini səkkiz-doqquz yaşlarında, kürən saçlarını iki yandan hörmüş, gözünü Cavidə zilləmiş çəhrayı papaqlı qız uşağına yaxınlaşdı. Barmağı ilə boş yeri göstərəndə uşaq Cavidə məhəl qoymadı.
"Olar oturu-"
"Götünü dişləyərəm".
Cavid qorxudan iki addım geri səndələdi. Çiynindən düşmək üzrə olan çantasını sıxıb zəmanə uşaqlarında heç utanma olmadığından gileylənərkən növbəti sərnişinə yaxınlaşdı. Üzündə bezmiş ifadə ilə, "Olarmı burada oturum?" deyə soruşduqda gördükləri qarşısında cavab gözləmədən sakitcə həmin sərnişinin yanından uzaqlaşdı.
Sərnişinlərdən kimisi üzərində "avtobusda yemək yemək qadağandır" yazılmış kağızı yeyir, kimisi dövləti söyür, kimisi boş oturacaqda yarpaq bükürdü.
Cavid son ümid təkrar yaşlı dayının yanına yaxınlaşdı. Gülərəkdən dedi:
"İcazənizlə, həyat yoldaşınızın üstündə oturmaq istəyirəm, olar?"
Yaşlı adam əlində tutduğu mandarinləri Cavidə atmağa başladı. Cavid cəld hərəkətlərlə dayının mandarinlərindən qaçmağı bacardı. Dayının əsəbi qarşısında Cavid bərk təəəcübləndi. Onu əsəbiləşdirmək istəməmişdi halbuki. Onun zarafatcıl biri olduğunu, həyat yoldaşı barədə dediklərinin də zarafat olduğunu düşünmüşdü. Zarafatcıl bir dayı yol getmək üçün yaxşı variant ola bilərdi.
Yer tapa bilməyən Cavid başlarda gördüyü yaşlı qadının yanında oturmaqdan başqa çarəsi olmadığını anladı. Xanıma yaxınlaşıb icazə belə almadan boş yerə oturdu.
"Orzolodoğonoz yordo otoro bolorsonoz... Hah! Gənc qız bir yana, heç bir dənə normal adam yoxdur qusduğumun avtobusunda!"
Yaşlı qadın gənc oğlana tərəf çevrildi. "Mən hələ evlənməmişəm. Evlənək?"
Cavid səksənib oturacaqdan yıxıldı. Qadın paltosunun altında gizlətdiyi gəlinliyini üzə çıxardı:
"Yanımda oturduğuna görə məndən xoşlanmısan. Mən də səni xoşladım. Bizi saxlamaq olar?"
Cavid daha çox bu avtobusda qala bilməyəcəyini düşündü. cəld qalxıb uzaqda olmayan şoferin yaxasından yapışdı: "Dayandır avtobusu! Düşürəm mən, DAYANDIR TEZ!"
"Bu avtobusa mindikdən sonra düşmək mümkün deyil".
"Necə yəni mümkün deyil? Bu dəlilərlə bir yerdə dura bilmərəm mən! SAXLA AVTOBUSU!"
Sürücü heç nə demədən qarşısına çevrildi. Cavid də onunla eyni istiqamətdə başını çevirdikdə gördüklərinə inanmadı.