"Hyundai" markalı maşın sürətlə Bakının gecə küçələrində şütüyürdü. Avtomobilin salonunda isə onun son vaxtlar daha çox dinlədiyi "Melanie Martinez - Carousel" mahnısı çalınırdı. Mahnının qəribə tərzdə sədaları altında sükanda ritm tutur, beynindəki fikirlərini eşitməmək üçün mahnını yüksəkdən oxuyurdu.
Round and round like a horse on carousel. (Fırlana - fırlana karuselin üstündəki at kimi)
We go (Biz gedirik)
Will I cath up to love, I can never tell (Mən sevgini tuta biləcəm? Heç vaxt deyə bilmərəm)
I know ( Mən bilirəm)
Chasing after you is like a fairy tale (Sənin ardınca getmək lap nağıl kimidir)Nə vecinə, onsuz onun qalınla vəhdətli gözəl səsini pəncərəsi açıq şüşədən və güclü küləyin səsindən kim eşidə bilər ki?! Pəncərə demişkən, o bəzən də pəncərəni tam açır, qısa
saçlarını tam Bakının küləyinin əlinə verir və ağ bənizli simasına küləyin sərt uçuşununun toxunmağına izn verirdi.
Nəhayət, axşam saat 10 radələrində istədiyi yerə - "Yeni Bulvar"a çatdı. Maşını boş yerdə saxlayıb telefonuna baxdı. Anasından "evə gələndə çörək al" mesajından başqa bir şey yox idi, halbuki mesaj çox adamdan gözləyirdi: onun qəlbinə dəyən rəfiqələrindən və əsas da Ondan.
Maşından düşəndə dərhal külək bütün gücü ilə onu ağuşuna aldı və o, bir az da pencəyinə sığındı. Hava soyuq olduğuna görə burda çox adam yox idi, şəhər əhalisinin çox hissəsi belə vaxtlarda evində, isti qəhvəsi, corabı ilə yaxınları ilə birgə divanda oturaraq bu günü müzakirə edir yaxud televizorda maraqlı filmə baxırlar. Bir də yalnızlıq və soyuqluq qəlbini ələ keçirmiş insanlar var idi. Bəziləri evlərində kitab oxuyur, mahnı dinləyir, bununla da yalnız deyillər deyə özlərinə təsəlli verir, bəzən də telefonu götürərək Whatsapp'ə baxır, dostlarının onlayn olduğunu görür, lakin heç nə yazmır, sonra İnstagrama girir, orda da müxtəlif yaxınlarının, dostlarının ondan xəbərsiz harasa gəzməyə getdiyini görüb hirslə telefonu bir kənara atır və qaldığı səhifədən və ya qaldığı notdan öz xəyal və fikir dünyasına yenidən giriş edirdilər. Yalnızların başqa tipi də vardı, Per kimi. Onlar isti evlərində kitab oxumağın yerinə küləkli və buludlu havada öz düşüncə axınları ilə təkbaşına qalmağı üstün tuturdular. Həmin havaya Xəzər dənizinin dalğalarının səsini də artırsaq, daha gözəl olmazmı? Bəli, Perə belə mühit daha çox ləzzət verirdi.
Ətrafına baxdı, bir tərəfdə alov rəngi ilə "yanan" Flame Towers (Alov qüllələri), bir tərəfdə isə öz rəngləri ilə atəşfəşanlığa bənzəyən BakuEye (Bakı Çarxı) var idi. Bir dəfə çarxa minmişdi və gecə vaxtı yuxarıdan səmimiyyətsiz insanlar şəhəri olan Bakının çox möhtəşəm göründüyünə bir daha əmin olmuşdu. Bir anlıq yenə ora getməyi düşünsə də, tez fikrindən daşındı, bu dəfə yalnızlığını Xəzərlə* bölüşəcəkdi, çoxdandır, onun yanına getmirdi.
Qollarını onu dənizlə ayıran sərhədə- dəmir borulara söykəyib dənizin qoxusunu içinə çəkdi.
Rəfiqələrinə soyuq davranmaqla düzmü etmişdi görən? Əlbəttə, düz etmişdi. Onların yalançı dəyəri onun nəyinə gərək ki? Onsuz bir gün onlar da ondan bezib onu həmişəlik tək qoyacaqlar. Və yenə o, günahkar çıxacaqdı, yenə o yalançı, pis bir insan kimi kənarlaşdıralacaqdı. Axı onlar Perdən fərqli olaraq səhvsiz, ideal, qonaq otağındakı işlədilməmiş serviz kimi parlaqdı... Buna görə onların heç olmaması daha yaxşı idi. Lakin onlara bağlanan elə özü deyildimi? Nə qədər "daha heç kimlə dostlaşmayacam" desə də, insan qəlbi uzun müddətli ünsiyətsizliyə dözmür, təkliyin daşını atmaq istəyir. Qəlbi "onlar sənin dostlarındır, onlar sənə sən istədiyin dəyəri verirlər" deyə hönkür - hönkür ağlasa da, beyni soyuqqanlıqla "cəhənnəm olsunlar! Onlar bir gün sənin iyrənc xasiyyətinə, nazına, tərsliklərinə dözməyib səni hər keçmişindəki insan kimi heç nəyə lazımsız bir əşya olaraq zibilə atacaqlar" deyə qışqırırdı və Per, sözsüz ki, beyninin səsini dinləyirdi, axı o axmaq, həssas qəlbdən fərqli olaraq, daha məntiqli düşünürdü. Qəlbi... onun ağılsız, hər insana güvənən, hər kəsi özü sanan, sonra həmin insanlar tərəfindən zərbəyə tuş gələn, sonra da qanayan yaralarını özü sarımağa çalışan qəlbi. " Qəlbim, o yaralar bəs olmadımı sənə, hə?! Yenə yara açmağa niyə belə çox həvəslisən? Yoxsa vampirlər insan qanından zövq aldığı kimi sən də o qanayan yaralara, zərbələrə hər zaman möhtacsan?! Axmaq..."
Qəlbi Peri anlamırdı. Anlamırdı ki, onu incidəndə axı Per də əzab çəkir. O yorulmuşdu: safcasına bəzilərinə inanmaqdan, görmədiyi dəyəri başqalarına verməkdən, qarşılığının əksinəsini görməkdən. Və "O, bunu etməz" dediyi insan bunu edəndə səbir kasası artıq daşmışdı. O, daha bunlara dözə bilməzdi, lakin nəhlətə gəlmiş qəlbi bunu dərk edə bilmirdi. Qəlbi Perdən daha cəsarətli, riskli idi, deyəsən.
Birdən ağlamaq keçdi içindən Perin. Dalğaların rəqsinə onun ağlamaq səsi də qoşulsa, necə olar? Yox, yox. Onun aciz hönkürtüsü Xəzər kimi güclü birinə qətiyyən yaraşmazdı. Ağlamaq haqda unudub
" Xəzər, mənə güclü olmağı öyrət " söylədi.
YOU ARE READING
Fərqli Zamanlar Və O
Science FictionO hər kəsi özü kimi bilib safcasına inanır, sonra yenə də kimsəsizliyin dadına baxırdı, özü ilə təkbaşına. Elə neçə xəyanət görəcəkdi görən? Bilinmir.. Nə zamana kimi yalnız qalacaqdı? Bilinmir... Lakin hələ şans var, bu şansı isə ona ayrı zamandan...