Neçə saat yatdığımı bilməyərək sakitləçdiricinin təsirinin keçməsi ilə gözlərimi yavaş-yavaş açdım. Tərpənmədən gözlərimi tavana zillədim və bu gün olan hadisə haqqında düşünməyə başladım. Düzünü desəm, bunun yuxu, yoxsa həqiqət olduğunu ayırd etməyə çalışırdım. Çünki bir insanın ağzını açmadan danışması və ən əsası, beyninin içində onun səsini eşitməyin heç də mümkün bir hal deyildi, təbii ki, əgər fantastik bir filmdə rol almamısansa. Və mənim də belə bir üstünlüyüm olmadığına görə sizcə də qorxmaqda haqlı deyildimmi?
" Qızılsaç, hazırsan?"
Bir anda başağrımı unudaraq uzandığım yerdən dik atıldım. Çılpaq ayaqlarımla soyuq döşəmənin üzərində durub boş qaranlıq otağa baxdım. Məndən başqa heç kim yox idi, amma yenə də həmin səsi eşitmişdim - düşüncələrimi pıçıldayan həmin səsi.
Tanrım, mənə kömək et, dəli olmaq istəmirəm, ancaq deyəsən, bu yolda heç bir maneə ilə rastlaşmadan son surətlə irəliləyirəm.
Otağımda pəncərə belə yox idi ki, bu səsin pəncərədən gəldiyini düşünərək bir az içimə su səpmiş olardım.
" Qorxma, Qızılsaç. Dəli deyilsən. Buna əmin ola bilərsən." Bu yenə baş vermişdi. Səsində, sanki, bir qıraqda durub mənim qorxu içində titrəməyimdən həzz alırmış kimi bir ifadə var idi.
" Axı sən kimsən? Ya da nəsən?" – deyə qışqırdım bütün cəsarətimi toplayaraq. Ancaq buna baxmayaraq əsən ayaqlarıma söz keçirə bilmirdim.
Heç bir cavab gəlmədi.
" Nə istəyirsən?"
Yenə də cavab gəlmədi.
Birdən otağın qapısın açılaraq dəhlizdəki pəncərədən otağıma düşən ay işığının altında birinin siluetini gördüm. Əgər beş yaşında olsaydım, çoxdan çarpayının altında gizlənmişdim. Düzü, neçə yaşım olduğunu belə xatırlamırdım, amma ən azından beş yaşım olmadığından əmin idim.
Məni yıxılmadan saxlamaları üçün ayaqlarımdan xahiş etdim və bu xahişimi qəbul etdiklərinə inanaraq bir addım irəli getdim. Üzünü görməsəm də, siluetin mənə baxdığına and içə bilərdim. Və bunun üzərimdə yaratdığı hiss heç də ürəkaçan deyildi.
" Salam, Qızılsaç." Udqundum. Nə cavab verəcəyimi bilmədim. Qarşılığında ona nə deməliydim? Salam verməliydim, yoxsa sadəcə sakit dayanaraq davam etməsinimi gözləməliydim?
Ən yaxşısı sakit dayanmaqdır.
" Amma az öncə belə düşünmürdün." – dedi həmin siluet. Tanrım, bircə, düşüncələrimi oxuduğunu söyləmə. " Səsin bütün otağı bürümüşdü. İndi nə oldu bəs? Hanı o cəsur qız?"
Az öncə irəli atdığım bir addımın əvəzinə iki addım geriyə getdim. " Şey..." Bir az cəsarət. " Nə istəyirsən?"
" Bax belə, bir az cəsarət."
" Ağlımdan çıxmağını xahiş etsəm?" – dedim kinayə ilə.
" Tanışdığımız sadəcə bir neçə saatdır və artıq sənin ağlındayam." – deyə güldü və dayandığı yerindən üzünü görə biləcəyim qədər yaxınlaşdı ki, bu da onun həmin gənc polis olduğunu sübut etdi. Düzü, otağın qaranlığından aydın seçilməsə də, az öncəkindən yaxşı idi və bir insan üzü olduğunu gördükdən sonra az da olsa, rahatlamışdım.
ВЫ ЧИТАЕТЕ
BİR CÜT QANAD ( kitab )
ФэнтезиO, sonsuz əzaba məhkum edilmiş bir GÜNAHKAR idi. Və yalnızca verilən işi yerinə yetirdiyi təqdirdə onu alovlar diyarından xilas edəcək BİR CÜT QANADA sahib ola biləcəkdi. Lakin bu, GÜNAHKARIN düşündüyü qədər də asan deyildi.