Mədə və onikibarmaq xoralarını əmələ gətirən səbəbləri 4 qrupa bölmək olar.
1) Neyrogen amillər ...
2) Alimentar amillər ...
3) Farmakoloji amillər (aspirin, ..." - Dünən aspirin qəbul eləmiyib ki?
- Yox, yox, qətiyyən.Xatırlayırdım, həkimin dünən dediyi günü. 6cı sinifdə oxuyurdum. Anam xəstəxanaya getmişdi. Evə gələndə güclü baş ağrısı var idi. Mən də həm anamın başı ağrıyır, ailəcək ac qalmayaq deyə, həm də anamdan tərif eşitmək üçün kartof püresi hazırlamağa qərar vermişdim. Şamımızı yedikdən sonra normalda gec yatan ailəmiz anamın baş ağrısına görə tez yatmağı qərara aldı. (Anamın ciddi bir şeyi olduğunu düşünməyin. Bu lənətə gəlmiş baş ağrısı hər birimizi qorunmasız anımızda yaxalayıb ətrafdan təcrid edə bilir.) Gecə saat 3də qarnımın kəskin ağrısına oyandım. Hər birimizin nə vaxtsa qarnı ağramışdır. Amma bu çox fərqli idi. Dözülə bilməyəcək dərəcədə. ( Çox uzun zaman sonra öyrənəcəkdim bu ağrının tibbdə "xəncər ağrısı simptomu" adlandırıldığını. Maraqlıdır, belə bir ad qoyan insan, həm bu ağrını, həm xəncər ağrısını dadmışdı mı? Ya, xəncər ağrısının çox güclü olduğunu düşünüb bu adı qoymuşdu?) Anam səsimə oyandı. Qarnım ağrıyır dedim, "gəl yanımda uzan, bəlkə biraz əlimlə ovuşduraram keçər" dedi. Əvvəl getmək istəsəm də, anamın başının ağrıdığı yadıma düşdü , "yox, narahat olma,yataram keçər" deyib gözlərimi yumub yatmağa çalışdım. (Düşünürəm də, indi olsa anamın yanına gedərdim mi? Deyəsən, gedərdim. Böyüdükcə özümü daha çox fikirləşər olmuşdum. ) 1dəqiqənin belə saat kimi gəldiyi o zamanlarda neçə dəqiqə, neçə saat sonra yuxuya getdiyimi xatırlamıram. Xatırladığım "Allahım,nolar yata bilim" deyə dua edişim idi. (Indinin özündə belə, nə vaxtsa haramsa ağrısa, eyni duanı edirəm)
Səhər gecəkindən nisbətən zəif bir ağrıyla oyanmışdım. Anam üz ifadəmdən ağrımın hələ də davam etdiyini anlamışdı.Televizorda hansısa kinoya, programa baxanda həmişə xəstəxana səhnələri mənə maraqlı gələrdi. Əsasən də əməliyyata gedən insanlar. Həkim rentgen vasitəsilə diaqnozumu təsdiq etdikdən sonra əməliyyat olunacağımı demişdi. Qəribədir, televizorda gördüyüm hadisələri yaşayacağım üçün sevinirdim. Məni xərəkdə əməliyyat otağına aparacaqdılar. Çox həyəcanlı gəlirdi. Uzanıb, səbirsizliklə əməliyyatımı gözləyirdim. Özümü o qədər düşünməyə, olacaq hadisəni gözümün önündə canlandırmağa vermişdim ki, ətrafımdakıları görmürdüm belə. Anamın üzündəki ifadəni görəndə səbirsizliyim yerini narahatlığa təhvil verdi. Bəzən, bəzən yox əksərən, bilməmək xoşbəxtlik gətirir. Nəyin necə olacağını elə də dəqiq bilmədiyim üçün bu mənə adi gəlirdi. Amma , anam bildiyi üçün vəziyyəti heç də yaxşı deyildi. Elə mənim indiki halım olsa, 11yaşımdakı kimi rahat olmayacağımı dəqiq bilirəm.
Əməliyyat vaxtı çatmışdı. Düşündüyüm kimi xərək gətirmədilər. Həkim əlini uzatdı. Əlim özünün 2qatı olan əli tutdu. Qəhrəman kimi gedəcəkdim əməliyyat otağına. Cəsur, qorxmaz, balaca qız. (Sonralar o cəsurluğumu çox xatırlayacaqdım. Müəllimlər, əməliyyata aparılan xəstənin venasına həyəcanı , qorxunu aradan qaldıran dərmanlar vurulmalı olduğunu deyirdilər. Mənə vurmamışdılar. Bu, dərsdə öz-özlüyümdə qürurlanmama, özümlə fəxr etməyimə səbəb olurdu)
Açılan qapıdan görünən bir-birinin əlindən tutmuş iki qəhrəman.
Başımın üstündə dayanmış həkim və həkim köməkçiləri. Içlərindən biri 10a qədər saymağımı istədi.
1, 2 ,3 ... "Telefonumun bildiriş səsinə aspirin sözünə ilişib qalmış gözlərimi çəkdim. Qrup yoldaşım mesaj yazmışdı.
-Patoloji fiziologiyanı oxumusan?
-Deyəsən, oxuyurdum . :)