BEYTÜL- ƏHZAN
(Həzrəti-Fatimeyi-Zəhranın (s) həyatı)http://ehliwie-samux.com
Müəllif: Şeyx Abbas Qumi
Tərcümə edən: Ceyhun CəfərovKitabın çap və sair hüquqları qorunur.
Qiyməti razılaşma yolu ilə.
Bağışlayan və Mehriban Allahın Adı İləÖn söz
Ulu Tanrıya şükr edib həmd söyləmək, eləcə də həzrəti- Mühəmməd(s) və onun pak Ailəsinə salavat və salam göndərmək insanların doğru yola hidayət olunmasında ən başlıca amillərdən biridir.
Dünya xanımlarının xanımı, məsum İmamlarımızın anası həzrəti- Fatimeyi-Zəhranın (səlamullahi əleyha) həyatından bəhs edən bu kitabı biz dörd hissəyə və hər hissəni də bir neçə bölməyə ayırmışıq.
Birinci hissə həzrəti-Fatimə(s.ə)-nin təvəllüd tarixi, adı və o xanımın müxtəlif ləqəblərlə adlandırılması səbəblərindən bəhs edir.
İkinci hissədə o Xanımın əxlaqi dəyərləri, eləcə də həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır.
Kitabın üçüncü hissəsində Peyğəmbər(s)-in vəfatından sonra baş vermiş hadisələrdən, xanım Fatimə(s.ə)-nin alovlu nitqləri, özünü müdafiə etməsi və bu barədə qeyd olunmuş bir sıra mətləblərdən bəhs edilir.
Nəhayət, dördüncü hissə həzrəti-Fatimə(s.ə)-nin atası Peyğəmbər(s)-in vəfatından sonra çəkdiyi iztirab və müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o böyük qadının ömrünün son günlərində baş vermiş hadisələrlə zəngindir.
Abbas ibn Mühəmməd Rza Qumi.Birinci hissə
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü.
Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmbər(s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam Sadiq(ə.s) və İmam Baqir(ə.s)-dən müasir dövrümüzədək gəlib çatmış hədislərə əsasən, həzrəti-Zəhra(s.ə)-nın anası xanım Xədicə(s) olmuşdur. Öz merac gecələrinin birində Rəsuli-əkrəm(s)-ə təklif edilən behişt meyvələrindən Peyğəmbər(s)-imiz təzə xurma və üzümdən meyl etmişdi. Allah-təala həmin behişt meyvələrini Peyğəmbər(s)-in sülbündə suya (nütfəyə) çevirmişdir. Nəticədə, Rəsulullah(s) meracdan qayıtdıqdan sonra xanımı Xədicə(s.ə) ilə bir yatmışdı. Beləliklə, Fatimə(s.ə)-nin nuru Xədicə(s.ə.)-nin bətnində cilvələndi. Buna görə də xanım Fatimə(s.ə)-ni «Hövrau-Unsiyyə» də adlandırmışlar ki, bunun da mənası xanım Zəhra(s.ə)-nın insan ola-ola eyni zamanda behişt hurilərindən sayılması deməkdir, belə ki Peyğəmbər(s) nə zaman behişt ətrini duymaq istəsəydi, onun və tuba ağacının ətrini Fatimə(s.ə)-dən alar, sevimli qızını əzizlərdi, lakin Peyğəmbər(s)-in zövcələrindən bəzisi o Xanımın bu böyük məqamını dərk etmədiyinə görə belə hərəkəti Peyğəmbər(s) üçün nalayiq hesab edirdi.
Sual oluna bilər ki, Rəsuli-əkrəm(s)-in meracı altı ay hicrətdən qabaq, yaxud digər mənbəyə əsasən, besətin ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə besətin beşinci ilində dünyaya göz açmışdır ki, bu da yuxarıdakı hadisə ilə (Peyğəmbər(s)-in meracdan sonra bilavasitə Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür.
Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə ilə məhdudlaşmadığı üçün yuxarıdakı iradı ona aid edə bilmərik. İmam Sadiq(ə.s)-in buyurduğuna görə, Rəsuli-əkrəm (s) iyirmi dəfə meraca getmişdir. Bu səfərlərinin hamısında da Allah-təala Peyğəmbər(s)-ə bütün vacib əməllərdən daha çox Əli(ə.s)-nin və ondan sonrakı imamların vilayət və imaməti haqqında göstəriş vermişdir.
Əllamə Məclisi həzrəti-Zəhra(s.ə)-nın təvəllüd tarixini öz məşhur «Biharül-ənvar» kitabında belə təsvir edir:
Bir gün Peyğəmbər (s) Əbtəh (Məkkə və Mina arasında) deyilən yerdə əyləşmiş, həzrəti-Əli (ə.s), Abbas, Həmzə, Əmmar Yasir, Müfzər ibn Zəhzah, Əbu Bəkr və Ömər də o Cənabın yanında oturmuşdular. Bu zaman Cəbrayıl öz əsl surətində- çox böyük, qanadları şərq və qərbi əhatə etmiş halda Peyğəmbər(s)-in hüzuruna gəlib belə səsləndi: «Ey Peyğəmbər! Böyük Allah sənə salam göndərir və buyurur ki, qırx gün Xədicə (s.ə) ilə yaxınlıq etməyəsən».
Bu məhrumiyyət Xədicə(s.ə)-yə dərin məhəbbət bəslədiyinə görə Peyğəmbər(s)-ə çox ağır gəldi, lakin Allahın əmri hər bir şeydən daha üstün olduğu üçün onu mütləq yerinə yetirmək lazım idi. Bu hadisədən sonra Peyğəmbər(s) qırx gün Xədicə(s.ə)-yə yaxın düşmədi. Gündüzləri oruc tutub, gecələri isə ibadətlə məşğul olan Rəsulullah(s) vaxt tamama yetişəndə Əmmar Yasiri Xədicə(s.ə)-nin yanına göndərib bu xəbəri ona çatdırmağı tapşırdı: «Ey Xədicə! Elə güman etmə ki, bir müddət səndən uzaqlaşmağım sənə olan sevgimin azalması, ya laqeydlik üzündəndir. Allahım bunu öz işini yer üzündə həyata keçirməkdən ötrü əmr etmişdir. Bu əmrin nəticəsi üçün səadət və xeyirdən savayı bir şey fikirləşmə. Allah-təala gündə neçə dəfə ən böyük mələklərini sənin nazını çəkməyə məmur edir. Axşam düşən kimi qapını bağla və öz yatağında istirahət et. Bil ki, mən Fatimə binti Əsədin evindəyəm».
Xədicə(s.ə) öz günlərini qəm-kədərlə ötürürdü. Qırx gün sona yetdikdə həzrəti-Cəbrayıl Peyğəmbər(s)-in yanına gələrək belə ərz etdi: «Allah-təala sənə salam göndərib buyurur ki, sənə veriləcək hədiyyəni almağa hazırlaşasan». Peygəmbər(s) Cəbrayıldan soruşdu: «Allahın mənə edəcəyi töhfə nədir?» Cəbrayıl bu barədə bir şey bilmədiyini bildirdi. Bu zaman Mikayıl- Allahın dörd yaxın mələklərindən (Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl) biri göylərdən yerə enərkən behişt parçalarına bükülmüş cənnət meyvələri ilə dolu sinini Rəsuli-əkrəm(s)-in qarşısına qoydu.
Bu vaxt Cəbrayıl Peyğəmbər(s)-ə dedi: «Allah-təala buyurur ki, axşam iftarını bu meyvələrlə açasan».
Həzrəti-Əli(ə) söyləyir ki, Peyğəmbər(s) bizdə idi. Adətən axşamlar iftar vaxtı mənə evin qapısını açıq qoymağımı tapşıran və «Qoy kim istəsə, gəlib Peyğəmbərlə birlikdə yemək yesin»-söyləyən Mühəmməd(s) o gecə məni də qapının ağzında oturdub: «Ey Əbu Talibin oğlu, bu, məndən başqasına haram olunmuş bir təamdır», - deyə buyurdu.
Mən qapının ağzında əyləşdim. Rəsuli-əkrəm(s) evə daxil olub sininin üstünə çəkilmiş örtüyü qaldırdı, içində bir salxım üzüm, bir budaq da xurma gördüm. Allahın Rəsulu(s) onları bir az yeyib doyandan sonra su içdi. Sonra yumaq üçün əllərini uzatdı. Cənab Cəbrayıl o Həzrətin mübarək əlinə su tökür, Mikayıl yuyur, İsrafil isə dəsmalla Peyğəmbər(s)-in əllərini qurulayırdı. Artıq qalmış meyvələr, sini ilə birgə asimana aparıldı. Bu zaman Peyğəmbər(s) nafilə namazını qılmaq üçün artıq ayaq üstə durmuşdu ki, Cəbrayıl Onun yanına gəlib dedi: «Ya Mühəmməd, indi sənə namaz haramdır. Gərək evə gedib Xədicə(s.ə) ilə yaxınlıq edəsən, çünki Allah istəyir ki, bu gecə sənin sülbundən pak övladlar yaratsın».
Nəhayət, Peyğəmbər(s) qırx gün ayrılıqdan sonra Xədicə(s.ə)-nin görüşünə getdi.
Xədicə(s.ə) deyir: «Mən həmin 40 gün müddəti tək qalırdım. Axşam düşən kimi qapını bağlayıb, pərdələri çəkir, başımı bağlayıb namaz qılırdım. Namazı qurtarandan sonra çırağı söndürüb yatağıma istiharət etməyə gedirdim. Lakin o gecə hələ yatmamışdım ki, qapının halqasının döyüldüyünü eşitdim. Mən: «Qapını döyən kimdir ki, Peyğəmbər(s)-dən başqa heç kim onu döymür?»-dedim. Bu vaxt Peyğəmbər(s)-in məlahətli səsini eşitdim: «Ey Xədicə, qapını aç! Mənəm, Mühəmmədəm.» Sevinclə qapını açdım. O cənab evə daxil oldu. O, hər dəfə evə gələndə bir qabda su istəyər, dəstəmaz alıb iki rükət namaz qılar, sonra yatağına girərdi. Lakin həzrəti-Mühəmməd(s) o gecə su istəmədi, heç namaza da hazırlaşmadı. Mənim qolumdan tutub yatağına apardı.
Allaha and olsun ki, Peyğəmbər(s) məndən hələ uzaqlaşmamışdı ki, Fatimə(s.ə)-nin nurunu öz bətnimdə hiss edib hamilə olduğumu başa düşdüm».
Müəllif yazır: «Peyğəmbər(s)-in Xədicə(s.ə.)-dən qırx gün müddətində kənarlaşdırılması Fatimə(s.ə)-nin müqəddəs vücudunu, Allahın bu böyük töhfə və hədiyyəsini almaq üçün görülən hazırlıq idi, belə ki həzrəti-Zəhra(s.ə)-nın ziyarətnaməsində bu mətləbə işarə olunmuşdur: «İlahi! Salam göndər o pak qadına! Fatimə sənin Rəsulunun qızı, ciyərparası, qəlbinin məlhəmidir. O, Peyğəmbərə sənin tərəfindən seçilmiş və öz əhdinə vəfa etdiyi bir töhfədir».
Peyğəmbər(s)-in Xədicə(s.ə)-dən belə kənar gəzməyi dünya qadınlarının sərvəri həzrəti-Fatimə(s.ə)-nin məqamının doğma, əziz və böyük olmasına bir nümunədir ki, bu fəziləti dil belə təsvir etməkdə acizdir.
Allahın Elçisi(s) üçün behişt meyvələrindən - üzüm və xurmanın gətirilməsi bu meyvələrin daha çox bərəkətli və xeyirli olmalsından irəli gəlir. Çünki ağacların arasında heç bir ağac xurma və üzüm ağacı kimi bərəkətli, xeyirli olmamışdır. Eləcə də bu iki ağac Adəm(ə)-in xəmirindən artıq qalmış gildən yaradılmışdır. Çox ehtimal ki, belə seçim bu pak və mübarək nəslin övladlarının çoxlu olmasına və müqəddəsliyinə bir işarədir.
O zaman həzrəti-Mühəmməd(s) vacib namazını qılmışdı. Onun iftardan sonra qılacağı namaz isə müstəhəb və nafilə namazları idi ki, bunların da Cəbrayıl qılınacağı təqdirdə haram olduğunu söyləmişdi.
Həzrəti-Zəhra(s.ə.)-nın viladəti.
Şeyx Səduq «Əmali» kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir:
Ömər deyir ki, bir gün imam Sadiq(ə.s)-dən soruşdum:
-Fatimə(s.ə) dünyaya necə gəlmişdi?
İmam(ə.s) buyurdu:
-Xədicə(s.ə) Peyğəmbər(s) ilə evlənəndən sonra Məkkə qadınları İslama qarşı olan düşmənçilikləri üzündən Xədicə(s.ə)-dən uzaqlaşdılar, belə ki nə Xədicə(s.ə)-nin evinə gedir, nə də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün bunlardan Xədicə (s.ə) çox kədərlənir və bu çirkin əməllərin həzrəti-Mühəmməd(s)-ə zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə(s.ə) bunu da Peyğəmbər(s)-dıən gizlədirdi.
Bir gün Allahın Rəsulu(s) evə daxil olduqda Xədicə(s.ə)-nin kiminləsə söhbət etdiyini eşidir və bu barədə Xədicə(s.ə)-dən soruşduqda, o pak qadın belə cavab verir: «Bətnimdəki uşaq mənimlə söhbət edir. O, mənim munisimdir».
Peyğəmbər(s) buyurmuşdur: «Cəbrayıl mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, pak nəslimiz də odur. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra onları yer üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir».
Bu minvalla həzrəti-Xədicə(s.ə) hamiləlik dövrünü keçirirdi. O, Fatimə(s.ə.)-nin təvəllüdü yetişdikdə Qüreyş və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda kömək göstərmələri üçün xəbər göndərdi, lakin Qureyş və Bəni-Haşim qadınları bildirdilər ki, sən bizi saymayıb, sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Mühəmməd(s)-ə ərə getdin, buna görə də sənin yanına gəlməyəcəyik, sənə heç bir kömək də etməyəcəyik. Besətin ilk illərində müşriklər müsəlmanları bacardıqları qədər sıxışdırırdılar. (Həzrəti-Mühəmməd(s)-in tərəfdarları özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib hiss edirdilər.) Xədicə(s.ə) bu xəbərdən çox kədərləndi,
lakin Allah-təala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, hündür qamətli qadın evə daxil oldu. Xədicə(s.ə) onları görcək qorxdu. Qadınlardan biri dedi: «Ey Xədicə, kədərlənmə! Biz Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən Sarayam (İbrahim Xəlil(ə.s)-in yoldaşı), bu, Məzahimin qızı Asiyadır. O, sənin behiştdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-təala bizi sənin yanına sənə hamiləlikdən azad olmaqda kömək etmək üçün göndərmişdir».
Bu vaxt onlardan biri Xədicə(s.ə)-nin sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa tərəfində əyləşdi. Fatimə(s.ə) pak-pakizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer qalmadı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicə(s.ə)-nin qarşısında duran qadın Fatimə(s.ə)-ni götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki parçadan biri ilə Fatimə(s.ə)-ni bələyib, digəri ilə isə başını bağladı, sonra Fatimə(s.ə)-ni dindirdi. Fatimə(s.ə) dil açıb Allahın birliyinə, Mühəmməd(s)-in isə onun rəsulu olmasına şəhadət verərək belə dedi:
«Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır».
Sonra O, qadınlara ayrı-ayrılıqda salam verərək onların hər birini öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimə(s.ə)-nin mövludu münasibətilə təbrik söyləyib müjdə verirdilər. Hurilər səmada ilk dəfə olaraq elə bir nur gördülər ki, hələ ondan qabaq belə bir nuru heç bir vaxt sezməmişdilər. O zaman xanımlar Xədicə(s.ə)-yə dedilər: «Pak-pakizə və bərəkətli nəslə sahib olacaq mübarək övladını qucağına al!» Xədicə(s.ə) döşlərini qızının mübarək dodaqlarına tutdu. Süd cari oldu. Fatimə(s.ə) ondan sonra hər gün bir aylıq uşaq təki, hər ay isə bir illik uşaq kimi böyüyüb gündən-günə boy atırdı.
YOU ARE READING
Beytül-əhzan
RandomBEYTÜL- ƏHZAN (Həzrəti-Fatimeyi-Zəhranın (s) həyatı) Müəllif: Şeyx Abbas Qumi Tərcümə edən: Ceyhun Cəfərov