Azad Məhbus

7 0 0
                                    

Bu gün tam fərqli gəlirdi mənə. Yox, yanlış anlama, bu gün taxta ilə döyülməkdən bəhs
etmirəm, o hər cümə olur. Amma bu cümə tamam fərqli gəlirdi. Sanki, ilk dəfə özümü quldan
fərqli bir canlı hiss edirdim. Düzdür, Romada çox həmkarımla tanış deyiləm, görsəm belə mənə
hamısı eyni gəlir: cındır parçadan tuman, çılpaq və kirli bədənlər. Fəaliyyətim də elə sən deyən
rəngarəng deyil. Mən dəqiq bir adamam, bağışlayın qulam. Mən , misal üçün, hər bazar ertəsi
inəklərin nəcisini daşımazdan əvvəl əlimi yuyaram. Hər səhər bacanı təmizləməzdən əvvəl sahib
tərəfindən kötəklənməyi xoşlayıram. Düzdür, bu planımı sahib əksər zaman (hər zaman) pozur.
A, bir də ki, mən tikə çörəyimi suyumu içməzdən əvvəl yeyərəm. Qul olduğuma baxma, belə
işlərdə yaxşıyam.
Ah, nə isə, mövzudan çox kənara çıxdım, bilirəm, deməyə ehtiyac yoxdur, maraqlı həyatımın
olduğunu bilirəm, müəllif icazə versə başqa vaxt danışaram bir az da. Mətləbə keçək. Cümə
günü idi. Sahibim bu gün planlamadığım bir iş salmışdı cədvəlimə. Amma o iş var e həyatımı
dəyişdi. Səbəbim oldu... Ömrüm boyu nə üçün yaşadığıma cavab tapma səbəbim. Bazara apardı
sahib məni. Yük daşıyacaqdım. Qonşuda olan qulun dediyinə görə, bir dəfə sahibi ona bir bütöv
dəvənin doğranmış halını daşıtdırıb. Təbii ki, sona qədər daşıya bilmədiyinə görə, sahibindən
şallaq yeyib, şallaq yediyini deməyə ehtiyac yox idi, onsuz bədənindəki göy cizgilərin naxış
olmadığı məlum idi. Çox da zarafata salmayım, bu gün həmin hadisə mənim də başıma gələ
bilər, amma hazırlıqlıyam: bədənimi palçıqla, demək olar ki, örtmüşəm. Şallaq yeyən zaman o
qədər də acı hiss olunmayacaq.
Artıq bazara daxil olmuşduq. Sahib çox da zəngin olmadığından mənə elə də yük düşməyəcəkdi.
Qullardan yalnız məni aparmışdı. Bazarda hər cür mallar satılırdı. Ən acıqlısı isə o idi ki, satılan
mallar arasında mənim kimilər də var idi, yəni qullar. Xatırlayıram, sahib məni almazdan əvvəl
hər şeyimi üzərimdən çıxarıb ( üzərimdə yalnız cındır parçadan tuman var idi) bədənimin sağlam
olub olmamasına baxdı. Dözümlü olduğumu yoxlamaq üçün yumruqlarını əsirgəməmişdi,
sağolsun. İndi həmin hadisələr gözümün önündə canlanır. Məsələ odur ki, gözümün önündə
canlanan xəyal deyil, mənim kimi qullardır.
Bazarda, yaxşı ki, çox mal almadıq: 3 toyuq, 1 keçi və torpaq üçün gübrə. Artıq evə getmə
zamanı idi. Birdən sahib dayandı, dayandığı yer isə mənə tanış gəlmişdi... qul bazarı. Sahibin
gözünə baxa bilmədiyimdən, sadəcə üzünü qullara tərəf baxdığını hiss edə bilirdim. Bu zaman
qul bazarındakı adam sahibə yaxınlaşdı. Nə danışdıqlarını eşidə bilmirdim, amma bir az sonra
adam qulların yanına getdi. Yəqin, yeni bir qul alır, məni zəif bilib satmasa, yaxşıdır. Çünki zəif
bilinən qullar sahibləri üçün yalnız əlavə xərcdir. Amma qul bazarına zəif bir qul kimi satılsam,
yəqin ki, çətin alınaram. Çox qəribədir: qulun canı bir ömür boyu məhbus olsa belə, şirin gəlir. Adam qulları bir-bir seçirdi. Sahib isə o hər seçəndə başı ilə bəyənmədiyini bildirirdi. O ana
qədər sadəcə məni belə xüsusən seçdiyini düşünürdüm. Nə yalan deyim, sevinmişdim.
Birdən sizə bayaqdan anlatmaq istədiyim o “səbəb” artıq qarşıma çıxacaq. Qulları filtrləyən
adam bir qulun qolundan tutub irəli gətirdi yenə. Amma tutduğu qol bu səfər fərqli idi: çox
maraqlıdır, zərif olması onu zəif göstərmirdi, hündür boy deyildi, amma bu onu gücsüz
göstərmirdi, üzündəki palçıq isə ona kir deyil, bəzək idi, saçları uzun idi, amma bu onu pinti
göstərmirdi. Bəli, bu qul qadın idi. Hər irəli yeriyərkən dilim, damağım quruyurdu, amma bunun
səbəbi gündə 3 stəkan su içdiyimdən deyildi, döyünən bu səfər aclıqdan büzüşən mədəm
deyildi, qəlbim idi. Sahib ona diqqətlə baxdı. Onun saçına toxundu, gözlərini bərəltdi, qollarını
sıxdı. Qısacası desəm, mənim etmək istədiyim hər bir şeyi etdi. Sonra isə ən çox eşitmək
istədiyim sözü dedi. Bax, bu sözün nəticəsi mənim suallarıma cavab oldu: “alıram”- dedi. O an
necə sevindimsə, əlimdəki mallar yerə düşdü. Yeni bir həqiqəti öyrəndim: qonşudakı qulun
palçığı üzərinə yaxaraq acıdan qurtulmaq məsləhəti yalanmış, bir işə yaramadı.
Bədənimdəki qanın axmasının dayanması üçün sahib bir müddət işləməməyimə qərar verdi.
Mən isə axan qanıma fikir verməyərək ona baxırdım, çünki qanımın axmasının səbəbi şallaq
deyil, qəlbim idi. Qara torpağa toxum səpirdi, min dəfə demişəm toxum səpməzdən əvvəl
tikanları belləyin, təbii ki, bunu yalnız özümə demişəm. Sahib demədən mən də toxum səpməyə
gəldim, sahib isə görsənmirdi. Tam danışmaq əsl fürsət idi:
-Salam, adını öyrənə bilərəm?
-Nə?
-Adını ...
-Danışma, sahib görəcə...
-Görsə, məni döyəcək, narahat olma, yeni aldığı qulları bir müddət döymür ki, işə alışa bilsinlər.
-Qorxmursan?
-İslanmışın yağışdan nə qorxusu?
-Anlamadım?
-Adını demədin.
-Bilmirəm, deyəsən, adım yoxdur.
-Bilirsən, mənim də adım yoxdur. Bilmirəm, sahib yeni insanlarla tanış olanda adların soruşur. Mən ilk dəfədir ki qadın bir qulla
tanış oluram. Hələ başqa tətbiqləri də var: mənimlə bir şərab içərsən?
-Yaxşı, bəsdir sarsaqladın, biz quluq, unutma !
Bu dialoqdan sonra sahib gəldi, mənim toxum səpməyimi görməsinə baxmayaraq, heç nə
etmədi.
Zaman keçdikcə mən onunla bir təhər vaxt tapıb danışa bilirdim, amma çox qəribə hiss
keçirirdim. Başqa birini hisslərini deyəndə özümü daha yaxşı hiss edirdim. Başqa birinə salam
verəndə onun da salam verməsi məni sevindirirdi. Bir dəfə hələ gülmüşdüm onunla, çox maraqlı
emosiyadır, bunu yenə təkrarlamalıyıq. Sahibin də keçirdiyi bir hissə bənzəyirdi bu. Deyəsən, biri
də eşq idi. Hələ digərləri də vardı: təbəssüm, həyəcan, ehtiras, utanc. Aman tanrım, deyəsən,
özümü insan hiss edirdim.
Belə hisslərdən sonra suallar yarandı məndə: sahiblə mənim fərqim nədir? Onun da 2 qolu və 2
ayağı var, mənim də. Onun da gözü və ağzı var, mənim də. Bəs nəyə görə o sahib, mən isə
qulam? Bir dəfə sahibin yanına bir adam gəlmişdi. Çox danışmağı sevirdi. Mən dediyindən heç
nə anlamırdım. Mənim dilimdə idi, amma başqa sözlər işlədirdi. Danışdıqları cümlələrdən birini
söküb ala bidim: Aristotel deyə bir adam varmış, deyəsən. Bu adam filosofmuş, nə imiş. Belə bir
cümlə işlətdi : “İnsanların bəziləri idarə etmək üçün, bəziləri isə idarə olunmaq üçün dünyaya
gəlib”. Deyəsən, sualımın cavabı bu ola bilər.
Yeni bir gün başlamışdı. Tezdən heyvanları otardım və yerlərini təmizləyib sularını verdim. Sahib
gəlib mənim anbara getməyimi əmr etdi. Dərhal qaçaraq getdim, işi sevdiyimdən deyil, təxmin
et, bəli, tapdın: o da oradaydı. Anbarda hər yer qarışıqlıq idi. Oranı yığışdırırdı. Mənim gəldiyimi
görən zaman yenə olduğu kimi davranırdı. Amma bilirdim ki, o da sevinir. Necə də gözəl çalışır.
Çalışmaq bir qula bu qədər mi yaraşır? Yox, yanlış anlama, o mənada demədiyimi sən özün də
bilirsən. Alındakı təri biləyinin üst hissəsi ilə sildi, saçını yığsa da ön tellərinin bir-ikisi tərli alnına
yapışmışdı. Bəs mən niyə onu belə izləyirdim? Bunu mənə vadar edən nəydi? Mənim
yaxınlaşmağımı görəndə bir az ürkdü. Birdən tarazlığını pozub samanlığa yıxıldı. Özümdən asılı
olmayaraq, əlimi uzatdım. Bunu heç düşünmədən etdim. Əslində bu yaxşı idi: əgər bunu etməyi
düşünsəydim, yəqin mən də həyəcandan onun yanına yıxılardım. İlk olaraq əllərimə baxdı, daha
sonra isə gözlərimə. Həyatımda ilk dəfə bir qulun ürəyinin yorğunluqdan və ya əziyyətdən deyil,
başqa bir səbəbə görə ən çox nə qədər döyünə biləcəyini öyrəndim. Ayağa köməyimlə
qalxdıqdan sonra dərhal əlini çəkdi. Mən isə nə etdiyimi artıq anlaya bilmirdim. Sanki bir cinayət
törətdiyimi hiss edirdim. Axı biz quluq, xidmətimizdən başqa nə edə bilərik ki?
Sabah yenə anbara getməliydim. Dünən axşam çox düşündüm: niyə dünən elə etdim? Bəlkə..?
Yoxsa...? Yoxsa mən də insanam, amma mənim xəbərim yoxdur ?! Anbara gedərkən yolda bunu xeyli düşündüm. Fikirlərimi onunla paylaşmaq istədim. Bəlkə o da insandır, amma xəbəri
yoxdur.
Anbara yaxınlaşanda onun səsini eşitdim. Deyəsən, ağlayırdı, qapının yanında dayananda
sahiblə onu gördüm. Sahib ona çox yaxındı, amma ona əmr vermirdi. İlk olaraq onu döydüyünü
düşündüm. Amma sonra bunun bir şallaq olmadığını anladım, şallağın nə olduğunu anlayacaq
qədər təcrübəm var. Onun yanında dayanıb bazarda aldığı gün ona etdiyi şeyləri edirdi: saçını
tumarlayırdı. Bu necə ola bilər? Axı artıq onu almışdı, bu nəyə gərəkdir? Sonra sahib onun
üzərindəki cırıq paltarı daha da dartdığını gördüm. O isə sadəcə ağlayırdı.
Birdən içimdə bir hiss peyda oldu. Deyəsən, qorxu idi bu. Yox, qorxu deyildi. Onu da çox yaxşı
tanıyıram. Bu his bambaşqa bir hissdir. Əllərim öz-özünə əsir və gözlərim yaşarmağa başlayırdı.
Fikir verdim ki, əlimi yumruq halında sıxdıqda özümü daha rahat hiss edirdim, amma bu hissi
tam yox edə bilmirdim. Birdən dünən axşamki düşüncələr yadıma düşdü və yeni bir şey daha
anladım: sahiblə mənim aramda heç bir fərq yoxdur! Aristoteldir, kimdir, canı cəhənnəmə! O
qəddar qadından iş üçün istifadə etmir, qadınlığından istifadə edir. Axı biz ancaq fiziki ağır və
digər ev işlərinə kömək edirik! O bunu edə bilməz! Buna haqqı yoxdur! Mənim o alçaqdan heç
bir fərqim yoxdur! Dayan bir az, əksinə, mən ondan daha üstünəm. Bir dəqiqə, nə dedim mən?!
Hə, elədir, ondan daha üstünəm. O nə edir? Ancaq yeyir, içir, dincəlir, amfiteatra gedib
qladiatorları izləyir. Ha , bir də, məni şallaqlayır, az qala unutmuşdum. Bəs mən? Bütün gün
çalışıram, yalnız çalışıram. Hətta bunu özüm üçün elə etmirəm. Nə üçün? Bir parça çörək? Yox,
bunu özüm də qazana bilərəm. Sahib üçün çalışmaq yerinə buğdadan dəyirmanda un əldə edib
çörək hazırlaya bilərəm. Özümə taxtalardan ev qura bilərəm, toxum səpib bitki əldə edə bilər,
heyvan saxlayıb, ətini kəsib bazarda satıb pul əldə edə bilərəm. Mən əgər bunları edə bilirəmsə,
nəyə görə həyatımı məhv edirəm? Artıq bəsdir!
Yerdə soba üçün odun parçası olduğunu gördüm. Bir an belə düşünmədən cəld odunu
götürdüm və qadının paltarını cıran sahibin başına arxadan vurdum. Bunun çox möhkəm zərbə
olduğunu sahibin yerdə hərəkətsiz qalmasından bildim. Ayaq barmaqlarımın arasında qatı bir
maye gəzirdi. Qan olduğunu görəndə bir az həyəcan aldı məni, əvvəlki tanımadığım hiss isə yoxa
çıxmışdı. Qadın isə onun hərəkətsiz bədəninə baxıb sayıqlayırdı: “bunu etməməliydin, səhv
etdin, səhv...”. Sahib artıq ölmüşdü. Ömrüm boyu asılı olacağım o insan artıq yoxdur. Bəs bu nə
mənaya gəlir? Əgər artıq məni kötəkləyəcək, əmr edəcək birisi həyatda yoxdursa, bu nə anlama
gəlir? Yoxsa...azadlıq?! Mən artıq azadam? Artıq məhbus deyiləm?! İstədiyimi edə bilərəm?
Doyunca qışqıra, gülə, ağlaya, qapalı bir yerdə yata bilərəm? Bəli! Artıq mən azadam!
Bu düşüncələr ağlımda çox qalmadı. Bütün fikrim birdən dağıldı. İlk olaraq, bədənimdə bir istilik
hiss etdim. Bu istilik bundan əvvəlki hiss etdiyim istilik deyildi. Bir dəfə heyvanları vaxtında otara
bilmədiyimə görə, sahib yağışda mənə torpağı şumlamağı əmr etmişdı. Sabahsı gün özümdə qəribə bir istilik hiss etmiş, tərləmiş və qaytarırdım. Amma sahib bilməsin deyə sadəcə
işləməkdən tər olduğunu demişdim. Xəstə qulları çox yaşatmırlar.
Həmin istilik deyildi amma bu. Bir qədər sonra ayaqlarımın üzərində dayana bilmədiyimi
anladım. Başım gicəllənirdi. Yəqin, aclıqdandır. Hər nə isə, bir azdan özümə gəlib doyunca
yemək yeyərəm. Amma sonra ağzımdan maye gəlməyə başladı. Qan olduğunu görəndə bu
vəziyyətimin normal olmadığını anladım. Yerə yıxıldıqda çox dəhşətli bir halla qarşılaşdım. Qadın
olan qul əlindəki xəncərlə mənə baxırdı. Yemək yemədiyim zaman ağrıyan yerim indi daha bərk
acı verir mənə, ona görə ilk başda aclıqdan olduğunu düşünmüşdüm. Əlindəki xəncərin ucunun
qan olduğunu gördüm. Damcıları ayaqlarımın üzərinə axırdı. Bunu niyə etdiyini bilməyi çox
istəyirdim. Amma ağzım qanla dolu olduğundan danışa bilmirdim. Yaxşı tərəfi odur ki, artıq
susuz deyildim. Hm, qan şirinmiş. Amma sualın cavabını bilməyi çox istəyirdim. Ağzımdakı qanı
tüpürdüm, qalan bir azını isə uddum, o sualı vermək üçün. Sadəcə bir söz: “Niyə?”. Bunun
cavabını bilmək üçün ölməməyə çalışırdım, amma bunu necə edəcəyimi bilmirdim. Hər zaman
şər şeyin tez bitməsini istəmişəm, çün ki o “hər şey” mənim gündəlik etdiyim işlərim olub.
Yuxuda isə bir şey istəyə bilmədiyimdən, sadəcə oyaq zamanı Tanrıdan bir şey istəyə bilirəm,
yerinə yetirməsə belə. Amma indi bu istədiyimin həyata keçməsini çox istəyirəm. Sadəcə cavabı
eşidim. Xəncəri yerə atdı və qaçıb getməyə başladı. Mən isə ağzım qanlı olaraq bir daha
soruşdum: “niyə?!”. Tez dayandı və geriyə baxıb gözünün yaşını sildi və onunla ilk dəfə
danışdığımız anı yadıma salacaq ifadəni dedi: “Biz quluq, unutma...”

Vs HeyatWhere stories live. Discover now