Birinci hissə

67 4 9
                                    

Dəryalərə hökm etmədə tufan
Səhraları sarsıtmada vulkan
Sellər kibi axmaqda qızıl qan
Canlar yaxar evlər yıxar insan...
Gözlərimi dəhşət saçan o səsin istehzalı qəhqəhələri ilə, tikanlı, acı həqiqəti əks etdirən, ətrafa saçdığı qığılcımları ilə düşdüyü hər bir bucağı alovlandıran sözləri ilə açıram.
"Mən hardayam" sualı vaxt itirmədən, işıq sürəti ilə hücum edir  beynimə. Gözlərimi ovuşdurmağa çalışmaq üçün taqətsiz əllərimi ehmalca gözlərimə doğru yaxınlaşdırmaq istərkən kim və ya nə olduğunu bilmədiyim o varlığın qəhqəhələrindən sarsılan başqa bir varlığın qorxu, yalvarış və dəhşətə gəlmiş o sarsıdıcı, həyəcan dolu bağırtılarını eşidirəm.
Ya Rəbb, bu nə dəhşət, nə fəlakət
Ya Rəbb bu nə vəhşət nə zəlalət
Yox kimsədə insafü mürüvvət
Iblisəmi uymuş bəşəriyyət
Onun ah-naləsi ,həyəcanlı bağırtıları düşüncələrimi daha bir suala məruz qoyur. "Mən neçənci ildəyəm?" . Bu sual məni içinə düşdüyüm qeyri-müəyyənlikdən çıxarıb daha böyük və daha dərin bir boşluğun ağuşuna atır. Toza- dumana bürünmüş ətrafın baş gicəlləndirən üfunət qoxusu ilə yaratdığı ahəng mənə elə də yad təsir bağışlamır. Çünki Içində olduğum boşluq elə toz-dumanın özüdür. Ayaqlarımdakı uyuşma qollarımdakı taqətsizliklə birləşib ölü bir cismdən bir fərqi olmayan bədənimi saniyələrdir həsrətimə dözə bilməyən yerlə qovuşdurur. Yer xoşbəxtdir. Yer'in məni' var artıq. Mənim isə Yer'im yoxdur... Gözlərimi yavaşca açıb səmaya baxmaq istərkən başımın üstündən sürətlə keçən güllələrin qorxusu ilə yenidən yumuram çarəsizcə.
Dəhşət və çılğın qəhqəhələrlə:

Toplar veriyor aləmə dəhşət,
Dəhşət.. Qopuyor sanki qiyamət,
Yağmur kibi göydən yağar atəş!..
Atəş! Qaralar, dalğalar atəş!..
Mələk olduğunu düşündüyüm o varlıq çarəsizcə:
Ya Rəbb, azacıq lütfü inayət!
Qəhr olmada artıq bəşəriyyət
Başdan-başa həp yer yüzü vəhşət
Iblis ilə həmrəngi- siyasət.
Mələyin ah-naləsindən sonra ölü bir səssizlik çökür ətrafa. Bu sükutu fürsət bilib ölü bədənimi sual atəşi ilə yanıb qovrulan beynim və yorğun düşmüş ruhumla birgə ayağa qaldırıram. Beynimdə cavab dilənən suallar  ümid verir sanki mənə. Mən də o ümiddən güc alıb ətrafa boylanıram harda və neçənci ildə olduğumu azacıq da olsa təxmin etmək üçün. Biraz uzaqdan gənc bir oğlanın yalvarış dolu cümlələrini eşidirəm.
Dünyaları yoxdan yaradan, ey ulu Tanrı!
Ey Xaliqi-Hkmət!
Duyduqca olur qəlbimə tarı
Min şübhəli illət,
Duyduqca, əvət, pərdəli hikmətləri hər an,
Min dürlü, müəmmalı həqiqət bana xəndan,
Həpsində də zülmət...
                            Yavaş-yavaş dərk etməyə başlayıram...
Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nihayət?
Insanları xəlq etmədə var bəlkə də hikmət,
Iblisə nə hacət?
Uçurumun uçurum yox yaşam olduğu, güllələrin fişəng əvəzi uçuşduğu bir dövrdəyəm. Ətrafda baş verənləri dərk etməyə çalışarkən qənaətə gəldiyim nəticə budur.
Beynimdə dolaşan sualların verdiyi narahatçılıq səbəbi ilə həmin gəncə yaxınlaşıram. Göyə qalxan əllərinin titrəyişi və daxili iztirabının səs tonunda yaratdığı dəyişiklik ona yaxınlaşıb-yaxınlaşmamaq haqda məni bir neçə dəfə düşünməyə vadar edir. Nəticə olaraq, yaxınlaşmağı seçirəm, çünki əminəm ki, onu daxilən məhv edən o iztirab məni cavab dilənməyə məcbur edən sualların narahatçılığı ilə eynilik təşkil edir.
- Üzr istəyirəm, bir dəqiqə vaxtınızı ala bilərəm?
- İlahi nələr görüyor gözlərim
Siz də kimsiniz , nərdən gəldiniz
Nə qaripdir sözünüz, həm də qiyafətiniz ?
- Mən gələcəkdən gəlmişəm, fəqət neçənci ildəyəm və bura necə gəlib çıxmışam bilmirəm.
- Ya Rəbb, bu nə hikmət
Kimdir acaba qarşımdakı afət
- İndi neçənci ildir? – təkrar soruşuram.
- Görmüyormu gözlərin bu dəhşəti, zülmü
Söylə, ey nur üzlü afət,
Həqiqətləri söylə...
          Qaldır üzünü göylərə ,ey çöhreyi-dilbər
          Bəlkə dinlər, Tanrı səni dinlər..
Qarşımda müharibədən təngə gəlmiş bir gənc var idi. Amma onu bu qədər incidən tək müharibə deyildi. Ağlımdakı bütün suallar bir anda öz yerini tamamilə fərqli məzmun daşıyan suallarla dəyişdi.
- Nədir iztirabınızın əsl səbəbi?
- İnsandır dərdim insan...
Zülmkardır qəddardır insan
Bunca tökülən qanlar neyçin
Nədir səbəbi bu kadar ah nalənin
Bən bilerim neyçin..
Iblisdədir bütün təqsir..
- Arif! Bana bax, səndəmi övhamə qapıldın?
Biçarə çocuq, səndəmi İblisə taqıldın?
Dahilər, üluləzm nəbilər belə bəndən
Heç vəchlə təxlisi-giriban edəməzkən.
Daim bəni təhqir edərək əyləniyorsun..
Həp söyləniyor, söyləniyor, söyləniyorsun...
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də
Baziçə olursun qoca İblisin əlində..
Qəhqəhələrlə deyilən bu cümlələr məni dərindən sarsıtdığı kimi bütün bədənimin qorxudan lərzəyə gəlməsinə səbəb olur. Arif adlı gəncin yanından dərhal uzaqlaşıram. Fəqət, hara gedəcəm, ümumiyyətlə nə edəcəm bilmirəm.Bir az düşündükdən sonra özümə nisbətən sakit bir guşə seçib olanları seyr etməyə qərar verirəm. Düşdüyüm bu qəribə vəziyyəti başa düşmək üçün daha ideal bir yol ağlıma gəlmir.
Nəhayət sakit bir künc tapıb ətrafı seyr etməyə başlayıram. Arif hələ də qəhqəhələri insanı vahimələndirən, lakin gözə görünməyən o varlıqla danışır. Dəhşətə gəlirəm. Danışdığı şəxs ya da varlıq kimdir görəsən?  İnsanmı, şeytanmı, mələkmi? Bəlkə də Arifin özüdür kim bilir?
Bütün bunlar yuxu kimi gəlir mənə, ya da mən yuxu olmasını istəyirəm. Düşünürəm... Düşünürəm, fəqət bir səbəb tapa bilmirəm. Bəlkə də daha dərinə getməliyəm. Arzularımı, qurduğum xəyalları bir-bir nəzərdən keçirməliyəm düşüncələrimdə. Əlbət ki, bir səbəbi vardır bütün bu baş verənlərin. İndi isə başlayaq axtarışa.
Nə idi mənim ən böyük arzum? İnsanı öyrənmək.Onun daxilini, mənəviyyatını, hisslərini, düşüncələrini. Yəni bir növ özümü öyrənmək. Əsl "mən"i tapmağa çalışmaq, eyni zamanda həyatda nələri bacara biləcəyimi, nələrə qadir olduğumu öyrənmək. Həqiqətən də insan hər şeyə qadirdirmi ,görəsən? İstədiyi hər bir şeyi bacara biləcək qədər güclüdürmü?
Nədir insanı insan edən - etdiyi yaxşılıqlar mı etmədiyi pisliklər mi?  Bütün mənliyimlə dinləməyə çalışıram içimdəki tərəfləri. Mən insanam deyir hər biri. Mən etdiyim yaxşılıqlarla insanam, etdiyim pisliklərlə insanam, hiss etdiyim nifrətlə, sevgi ilə insanam, danışdığım yalanlarla, doğrularla insanam, bəzən öz həqiqətimi dünyadakı tək həqiqət hesab edib, bəzən də şübhə edərək həqiqətin özünü axtaran insanam. Düşünməkdən qaçan, bəzən isə düşünməyin özünü düşünməyə çalışan insanam. Öz yalanlarımı başqalarına "doğru" kimi yeritməyə çalışan, fəqət, sıra üzləşməyə gəldikdə, əslində ən böyük yalanı özümə "doğru" kimi yeritdiyimin fərqində olaraq içdən-içə qovrulan insanam. Sadə olanı min bir yolla çətinə çevirən, çətin olanı isə sadələşdirməyə çalışaraq dəyərdən salan kəsəm. Kiməm ki mən? Özünü Tanrının ən ali varlığı hesab edib, ən cılız varlıq kimi davranan ,başqaları kimi olmağa çalışıb özümü ucuzlaşdıran , ya da başqalarına örnək olacaq şəxs deyiləm? Bəli o şəxsəm. Dəyərliyəm, eyni zamanda dəyərsizəm. Dünyadakı ən yaxşı, eyni zamanda ən pis varlığam. Mən insanam. Hər şeyimlə insanam...

Hüseyn Cavidlə görüşHikayelerin yaşadığı yer. Şimdi keşfedin