Nə olardı, İlahi,
İllərdi gördüyümüz
Yuxumuz çin olaydı,
Sevincimdən uçaydım.
Ürəyim qanadlanıb
Ağ göyərçin olaydı.
Budağına qonmağa
"Yenə o bağ olaydı".
Bu dəfə "otuz yeddi"
Bizdən uzaq olaydı...
Yenə o bağ olaydı,
Bu dəfə eşqimizi
Doyunca yaşayaydıq.
Mənim şeirlərimi,
Sənin cehizlərini
"O bağ"a daşıyaydıq...
Bu dəfə "otuz yeddi"
Bizdən uzaq olaydı...
O ölüm gətirənlər
Nə biz tərəfdən keçə,
Nə də sizə gələydi.
Kaş onların yerinə
Götürüb Müşkünazı
Cavid bizə gələydi.
"Arzuya bax, sevgilim,
Tellərindən incəmi?
Söylə, ürəyincəmi?"
Bu dəfə "otuz yeddi"
Bizdən uzaq olaydı...
Əcəlin qorxusundan
Barı bizdən yazanlar
Doğru kəlam yazaydı.
O tayda Şəhriyarım
"Heydərbaba"-ya salam,
Bu taydan Əhməd Cavad
Ona salam yazaydı...
Bu dəfə "otuz yeddi"
Bizdən uzaq olaydı...
Yanvarın yeddisini,
Səkkizini görəydim.
Ağarmış saçlarını
Dilbər, özüm hörəydim.
Ölsəm də, Nargində yox
Qollarında öləydim...