İndicə gedib, ən sevdiyim şair Mikayıl Müşfiqin həyatı ilə bağlı olan bir videoya baxdım.
Mən, onun həyatının ağır olduğunu bilirdim:
Amma video irəlilədikcə, özümü o dövrdə yaşamış kimi düşündüm və o zamanlar bizim insanların nə qədər ağır və dözülməz hadisələr yaşadığını bir daha görmüş oldum.
Ayrı-seçkilik etmirəm, çox şairimiz/yazıçımız ağır həyat keçirib. Amma mənim bildiklərimdən içindən ən ağırı Mikayıl Müşfiqin həyatıdır.
Çünki hələ özü 6 aylıq olanda anasını itirir, 6 yaşı olanda da atasını itirir. Dörd bacı-qardaş yetim böyüyür, ağır həyat yaşayırlar. Universitet oxuyur, ilk dəfə şeirlər yazmağa başlayır. Universitetin bitiş tədbirində Dilbər xanımla tanış olurlar və bir il sonra evlənirlər. Bir uşaqları olur, amma tez ölür, bu da onda müəyyən psixoloji problemlər yaradır.
Bir dəfə, Sovet Rusiyasın 15 illiyinə həsr olunan 74 əsər arasından, onun əsəri birinci seçilir. Hətta buna görə, ona ev verilir. Deyirlər "əsl düşmənlər elə sapı bizdən olanlardır"; Bir insan niyə gənc, yeni başlamış və uğurlu olan birinin paxıllığını çəksin? Bizimkilərin arasından, xain və kişiliyi olmayan şairlər/yazıçılar ona iftiralar, şərlər atır. Bunun nəticəsində də həbs olunur. Həyat yoldaşı ilə uzun müddət görüşə bilmir. Son görüşləri də ölümündən qısa bir müddət öncə olur, amma Dilbər xanım uzun müddət bunun son görüşləri olduğunu bilmir.
Hələ 29 yaşında ikən, güllələyib öldürürlər. Bəzi mənbələrə görə, cəsədi dənizə atılır, bəzi mənbələrə görə də, zavod çörək maşını ilə palaza sarılıb haradasa basdırılır, amma yeri bilinmir. Hətta bir müddət Dilbər xanımı da həbs edirlər, amma Müşfiqin öldüyünü hələ də bilmirdi.
Müşfiqin ölümündən 18 il sonra isə, adına bəraət verirlər ki, günahsız imiş. Bir müddət sonra da, azad olunmuş Dilbər xanıma məktub göndərirlər ki, guya, "Yaşayırdı, amma xəstəlikdən dünyasını dəyişib."
Beləcə, Dilbər xanım o axırıncı görüşlərinin, ömür boyu sonuncu olduğunu anlayır..
29 il..
Qısa həyatında bir çox ağır və ağılasığmaz hadisələr yaşamışdı..