Hələ körpə ikən ətraf mühit haqqında ilkin təəssüratlarımızı görməklə qazanırıq.
Mənə həmişə yaxşılığı göstərdilər: Yardım etməyi,bölüşməyi,sevməyi,mərhəmət etməyi...
Və artıq eşitdiklərimizi qavrayarkən isə insanlıqdan bəhs etdilər: Yenə kömək etməkdən, bölüşməkdən, sevməkdən,mərhəmət etməkdən...
Amma heç bir zaman yaxşı insan olmağı öyrətmədilər. Onlara o zamanlar çox qəzəbli idim.
Amma indi səbəbini çox yaxşı anlaya bilirəm.
Bizim insanlığımız yalnız göstərməkdən və bəhs etməkdən ibarətdir.
İnsanlıq öldü. Həm də onu kim qətlə yetirdi bilirsən?
Biz,insanoğulları - bəşəriyyətin xeyirsiz övladları.
Ölümdən qorxduğumuzu güman edirik, bəs ölümü necə xarakterizə etdik?
Həqiqətlərin bir adımlığındakı son dayanacaq. Bəlkə də ölməkdən deyil, gerçəklərlə üzləşməkdən qorxuruq əslində. Və bu səbəbdən ölüm "ən böyük həqiqətdir" ifadəsi ilə özümüzü aldatdıq.
İnsanlıq ölərkən belə son vəzifəsini yerinə yetirmişdi. Lənətə gəlmiş ,soyadını-insan-bizdən əsirgəmədi.
İnsanlığı çiyinlərimizdə qəbiristanlığa daşımağa çalışdıq,ancaq çiynimdəki mələklərdən biri istefa verib:"Üzr istəyirəm,-dedi,-bu yük mənim üçün çox ağırdır,həyatımda heç beləsini daşımadım". Digər mələk onsuz da utandığından cəsədə belə baxmadı. Halbuki mən utanmalı idim.
Bu cinayətdən sonra Tanrının qəzəbinə uğradıq. Xəyal qırıqlığı, çatışmazlıq,dəyərsizlik, günah,həsrət,peşmançılıq, çarəsizlik, qısqanclıq, nifrət, kədər, şübhə, ümidsizlik bizi heç vaxt tərk etmədi.Qaranlıq.Səssizlik.
Artıq lənətlənmişdik.