Sonun başlanğıcı...

898 13 11
                                    

Payız və Qış...Bu iki fərqlilik... Payız və Qış fərqlidirlər, amma hərəsi öz özlüyündə. Sizə bu hekayədə iki fərqin oxşarlığından yaranan tamamlamanı danışacam. Gəlin əvvəlcə, Payızı tanıyaq. Payız-adı qədər səssiz, sükut içərisində biri. Kənardan hamı onun gözəlliyinə heyran ola bilərdi. Qızılı yarpaqları, həmişə yağış damlalı gözləri və bir də sərin mehi ilə insanların diqqətini çəkərdi. Payız dəniz kənarını yaşıl meşələrdən və uca dağlardan üstün tutardı. O, dənizi sadəcə kənardan izləyənlərdən olmaq istəməz, dənizin kənardan mavi görünən, daxilində isə rəngsiz saflığı ilə əhatəli suyuna baş vurmaq və onun dərinliklərindəki qaranlığı görmək, zülməti hiss etmək istəyirdi. Hamı Payızı qəribə hesab edirdi. Bəzən ona yaxınlaşmağa, yarpaqlarının xışıltısını eşitməyə qorxardılar. Buna görə də çoxları ondan yan qaçırdı. Elə Payız da onlardan bacardığı qədər uzaq olmaq istəyirdi. Payız hamıdan uzaq olmaq istəyirdi, hamıdan. Niyə? Bütün qıfılların açarı nəmli vərəqlərin incə sətirlərində gizlənir...

Payızı çox tanımağınıza gərək yoxdur. Onu yalnız o özü  istədiyi qədər tanıya bilərsiniz. Biraz da Qış barəsində danışaq. Qış... Adı çəkiləndə belə insanın ruhundan üşütmə keçir. Qış çox sərt idi. Çox soyuq, hər tərəfi buz bağlamış, insanları evdə oturmağa məhkum edib özü küçələrdə qar dənəciklərini ətrafa səpərək tənha dolaşardı. Bəlkə də, belə etməklə o da insanlardan qaçırdı. Bacardıqca soyuq, sərt və eyni zamanda sakit olmağa çalışırdı. Mən Payızı tanıdığım qədər Qışı tanıya bilmərəm. Amma əminəm ki, Payız Qışı çox gözəl anlayır. Onun sərtliyini də, soyuqluğunu da və səssizliyini də... Amma Payız və Qışın hekayəsi çox çəkməyəcək, onun özəlliyi və gözəlliyi də bundadır:

8...Bu rəqəm Payızın ən uğurlu rəqəmidir. Həyatında anlamayacağı gedişatın başlanğıcı... Bilmirəm, Qış bunu nə dərəcədə anlayar. Həmin günün dialoqu çox qısa olmuşdu. Fikirləri fərqli Payız və ona qarşı çıxıb əslində bununla onu anlamağa çalışan Qış. İki cümlədən sonra susdular. Günəş və Ay bir-birini əvəz etməkdə davam edirdi və bir gecə yenə onların anlaşılmaz, əsəbi dialoqları başladı. O gecə Qış öz-özünə çox danışdı. Payız isə susurdu. Bu, Qışı daha da dəli edirdi. Qış özündə deyildi, hərəkətlərini idarə edə bilmirdi. Həmin gecə Qış monoloqunu belə tamamlamışdı:

- Dəli oluram...Və... dəli oldum.

Payız o gecə şiddətli bir külək başlatdı, ağacların sarımtıl yarpaqlarını ətrafa səpdi. Aradan günlər keçirdi; yağışlı, küləkli və soyuq.

Bunlar Qışı daha da yorurdu, o artıq dözə bilmirdi. Payız isə öz sükutunu qorumağa çalışırdı. Bir gün Payız dəniz kənarındakı sevimli skamyasında əyləşmişdi. O çox düşünürdü, ancaq heç nə fikirləşə bilmirdi. Həmin gün Payız küləyi dilə gətirdi. Bərk və əsəbi küləyi içindəki bütün hıçqırıqlı damlalarla, kül olmuş hislərlə birgə dünyaya hayqırdı: “Cəhənnəm olsun hər şey!!!” Bundan sonra buludlar ağlamağa başladı. Həmin an Qış bunları sakitcə kənardan izləyirdi. Ona yaxınlaşmağa cəsarət edə bilmirdi, amma ürəyinin səsini dinlədi və bir addım atdı:

-        Nə olub?

-        ...

Bircə baxışlar danışırdı. Payız başını qaldırdı və bir anlıq onun gözlərinə baxdı, yenə də susdu. Qış geriyə doğru addımladı və zülmətdə yox oldu.

Səhəri gün Payız özünü həmişəkindən daha fərqli hiss edirdi. Bu dəfə dənizə əlində fərqli bir kitab gətirmişdi. Kitabın üz qabığına baxdı: Den Braun- “Mələklər və şeytanlar". Bu dəfə fikrindəki qarışıqlığı bu kitabla aydınlatmağa, ya da tamamlamağa, bəlkə də yox etməyə çalışırdı. Heç özü də bilmirdi ki, bu gün ona nə hədiyyə edəcəkdi. Hədiyyə? Və ya yeni bir susqunluq?!

"Payız və Qış" 🍃❄Hikayelerin yaşadığı yer. Şimdi keşfedin