Mən yuxudan ayılanda saat 10-a 15 dəqiqə qalmağına 12 dəqiqə qalmışdı. 1 saniyə sonra başa düşdüm ki, 10-a 15 dəqiqə qalmış sevgilimlə görüşməli idim, 9 saniyə sonra anladım ki, yatıb qalmışam, 8 saniyə sonra ağlıma gəldi ki, heç olmasa zəng eləyim, 6 saniyə sonra yadıma düşdü ki, konturum yoxdur. Tez yerimdən qalxıb, əlimə keçəni geyinib, küçə qapısına doğru qaçdım. Atam televizorun qabağında siqaret çəkirdi, anam mətbəxdə idi. Atam soruşdu ki, "hara gedirsən?", cavab verdim ki, "qayıdıram!", dedi "mənə siqaret al!", dedim "yaxşı!".
Evimizə ən yaxın mağaza nə vaxtsa qaraj olmuş, göy qapılı, dar və məhsullarının vaxtı keçmiş bir yer idi. Piştaxta arxasında dayanan buranın həm müdiri, həm satıcısı, 40-45 yaşlarında, kök, qıvırımsaçlı, anlında və yanaqlarında həmişə tər dənəcikləri parlayan bığlı bir kişi idi. İlin istənilən fəsli, ayın istənilən günü, günün istənilən saatı bu mağazaya gəlsən onun anlında və yanaqlarindan üzü aşağı axan bu tər dənəciklərini görmək olurdu. İstər-istəməz öz-özümə fikirləşdim ki, görəsən o nə vaxtsa üşüyüb?!
Pulumu ödəyib, konturumu aldım (indi buna balansda məbləğ deyirlər). Mağazadan çıxmaq istəyəndə birdən o, mənə 5 yaşında uşaqlara verilən sualı verdi:
- Oğlum, böyüyəndə nə olmaq istəyirsən?
Mən bilmədim o zarafat eləmək istəyir, ya ciddi soruşur, çox tələsirdim, amma hörmətsizlik eləmək istəmədim və yarı ciddi, yarı zarafatla ənənəvi:
- Kosmonavt! - cavabını verdim.
- Niyə? - görünür zarafat eləmirmiş. Mən isə əsəbləşirdim.
- Bu dünyaya tüpürmək üçün!
- Başa düşmədim. Izah elə! - o, əl çəkmək bilmirdi.
- Bu dünyaya tüpürmək üçün gərək bu dünyadan kənarda olasan. Bu dünyadan kənarda isə ancaq kosmonavtlar ola bilir. Ona görə də kosmonavt olmaq istəyirəm. - bacardıqca aydın izah eləməyə çalışdım.
- Niyə bu dünyaya tüpürmək istəyirsən?
Bu sual məni niyəsə kədərləndirdi. Özüm də bilmədən:
- Öz dünyamız üçün darıxmışam - deyib, növbəti sualı eşitməmək üçün qapıya tərəf getdim. Axı mən zəng eləməliyəm!
Mağazadan çıxmaq itəyərkən, içəri qonşuluqda yaşayan kare saçlı, qaraşın qız girdi. Mən salam verib, onun yanından keçirdim ki, o da öz sualı ilə məni təəcübləndirdi.- Siz Qoqolu oxumusunuz?
Bugün hamıya nəsə olmuşdu. Amma cavab verdim :
- Hansı əsərini?
- Taras Bulba!
- Oxumuşam.
- Nə fikirləşirsiniz?
- Məncə Qoqol şovinistdir.Qız gözlərimin içinə baxdı. Tək o, anlamamışdı bunu.
- Razıyam...
- Mən də! - satıcı da söhbətə qoshuldu.
- Siz də şovinistsiniz?
- Yox, mən də razıyam!
Hər üçümüz bir müddət susduq. Qız onu əvvəl heyran, sonra isə şovinistliyi ilə təəccübləndirən Qoqolu fikirləşirdi, mən onun nə fikirləşdiyini düşünürdüm, heç vaxt Qoqolu oxumamış satıcı isə heç nə fikirləşmədən sadəcə susurdu. Mağazadan çıxdım...
" Hardasan?.. çatıram!.. niyə gecikirsən?.. yatıb qalmışam.. bugün necə yatıb qala bilərsən?.. heç özüm də bilmirəm.. sən adam olmayacaqsan.. inan..." və əlaqə kəsiləcək - konturu yükləyib, zəng edənə kimi bunları fikirləşdim. Zəng elədim. "Bu nömrəyə zəng çatmır...", Niyə söndürüb görəsən?! "...telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir...". Görəsən söndürüb ya şəbəkə tutmur?!. Birdən xəttdə sakitçilik yarandı. Sonra anonsu deyən Qız asta səslə dedi :- Söndürülməyib. Əhatə dairəsi xaricindədir! - və əlaqəni kəsdi.
Bir müddət nə edəcəyimi bilməyib, sadəcə dayanıb, mənə kömək etmək istəyən və bununla da şoka salan anonsdakı qızı, sonra yolumu gözləyən, amma telefonuna zəng çatmayan sevgilimi, lap sonra isə yolun ortasında dayanıb, nə edəcəyini bilməyən özümü fikirləşdim.
Axır bir qərara gəldim. Edəcək başqa heç nə yox idi, atası və qardaşı evdə olmasına baxmayaraq, qızgilə getməliyəm.
Metroya tərəf yollandım.
YOU ARE READING
Heç bilmədim necə oldu...
ParanormalHəyat bizi özümüz də bilmədən adi insandan dünya tarixini dəyişəcək bir insana çevirə bilər.