IV. Qaçış

149 22 8
                                    


- Nynyək??
Qıvrımsaç dişlərinin arasından soruşdu.
- Qçmılyıq!
Mən də eyni tərzdə cavab verdim.
- Odur sizin tanrınız!
Göygöz birdən qışqırıb, kütlənin arxasında yuxarını göstərdi, yüzlərlə insan eyni vaxtda dönüb onun göstərdiyi yerə baxdı, biz hamının bu uşaqsayağı kələyə aldanmağına təəccübləndik, amma uzunmüddətli təəccüblənməyə elə də vaxtımız olmadığı üçün 1,5 saniyədən sonra dönüb var gücümüzlə tünelə qaçdıq. Arxada nərilti qopdu. Kütlə arxamızca qaçmırdı, sel kimi axırdı, qışqıra-qışqıra, sürətli zombilər kimi, qaranlıqda, relslərin üstü ilə.
Əgər sizin arxanızca nə vaxtsa it düşübsə, deməli siz mənim o ankı halımı bir az da olsa anlaya bilərsiniz. İt nədir ki, bir ağzı var, insanın bir ağzı, iki əli, iki ayağı və indi də dalımızca itlər yox, tanrısı öldürülmüş insanlar düşmüşdülər, onlar qışqırır, bizi söyür, lənətləyir, insana xas olmayan səslər çıxarırdılar və bizi tutsa danlamayacaq, sadəcə tikə-tikə edəcəkdilər. Açıq deyim çox qorxurdum, heç vaxt qorxmadığım kimi, bayaqkı qəhrəmandan əsər-əlamət qalmamışdı, qorxduğuma görə qaçırdım, qaçdıqca daha çox qorxurdum (həmin an başa düşdüm ki, Stanislavkskiy də, Meyerxold da özünə görə haqlıdır), əminəm ki, həmin an məndən öndə olan göygöz də, məndən arxada qalan qıvırımsaç da mənim keçitdiyim hissi keçirdirdilər və elə bu qorxu hissi bizə yarı qaranlıqda, relslərin arasında daş plitələrin üstüylə Yamayka idmaçılarından da sürətli qaçmaq gücünü verirdi. Amma kütlə artıq çox yaxın idi, tunelin sonunda isə işıq görünmürdü.
Mən sürətli qaçıram, amma bir yerə qədər, sonra çox tez yoruluram və çökürəm. Həmin an da artıq gücüm qalmamışdı, nəfəsim çatmırdı, astma xəstələri kimi nəfəs alırdım, ayaqlarım, appendiks olan yerim bərk ağrıyırdı və bilirdim ki, bir neçə dəqiqədən sonra həyatım bahasına olsa da təslim olacam. Amma birdən qabaqda sağa işıq düşdü. Kimsə tunelin içində qapı açmışdı. Mən metroda gedərkən dəfələrlə tunelin içində bu cür yerlərin olduğunu görmüşəm və heç vaxt bilməmişəm ki, bu koridorlar nəyə yarayır, amma indi bizim işimizə yaramışdı və sağdan düşən o zəif işıq mənim ikinci nəfəsimi açmışdı. Var gücümlə göygözə qışqırdım ki, sağa dönsün, amma o məni eşitmədi, düz qaçdı və həyatının ən böyük səhvinə yol verdi, mən isə ora çatan kimi sağa döndüm, ardımca qıvırımsaç, onun ardınca isə kütlənin bir hissəsi.
Bura dar, nəm iyi gələn, amma işıqlı, yeri hamar bir koridor idi, qaçmaq daha rahat idi və burda kütlə bir-birinə ancaq mane ola bilərdi. Qabaqda yol ikiyə ayrılırdı - sağa və sola, mən instinktiv olaraq sağa döndüm, arxaya baxıb, qıvırımsaçı görmədim, yəqin o, sola dönmüşdü, görəsən bir də onu görə biləcəm? Artıq tək qalmışdım, özümü dəstəksiz hiss eləyirdim, arxaya bir də baxdım, kütlədən bir nəfər ayrılıb hamıdan daha sürətli qaçırdı, yəqin idmançı idi, demək olar ki, mənə çatmışdı, sürətimi bir az da artırdım, kürəyimdə onun əlini hiss elədim, paltarımdan tutmaq istədi, amma əli sürüşdü, qışqırdı, əsəbləşmişdi, əl çəkmək istəmirdi, mənsə dayanmaq, amma sürətim azalırdı, birdən sol ayağıma zərbə dəydi, sol ayağım sağ ayağıma ilişdi, çox çalışdım yıxılmayım, üç-dörd yöndəmsiz addım atdım, amma müvazinətimi saxlaya bilmədim, ayaqlarım dolaşdı, üzü üstə yerə dəydim və bir neçə metr belə üzü üstə sürüşdüm. Üzümün sol tərəfi, ovucdan dirsəyə kimi, dizlərim bu sürtünmədən sivrildi, uşaqlıqdan bu cür yaraya nifrət eləyirəm, amma idmançının şirlərə məxsus badalaq fəndi uğurlu alınmışdı, mən artıq qaçmırdım. Qalxmaq istədim, bu vaxt kürəyimdə ağır zərbə hiss elədi, qabırğalarımın xırçıltısını eşitdim, idmançı üstümə tullanmışdı, bir əliylə başımı yerə sıxır, bir əliylə qolumu bururdu, mən heç müqavimət də göstərmirdim, arxadan yenə addım səsləri gəldi, yenə kimsə gəlib çatmışdı, yenə zərbə, o da üstümüzə tullanmışdı, amma bu zərbədən idmançı kürəyimdən yerə düşdü, mən tərpənmədim, sadəcə başımı qaldırıb onlara baxdım, bu da bədənli idi, iri gözləri, bir az saqqalı var idi, idmançı onun altında qalmışdı və təzə gələn mənə sakitcə nəsə dedi. Başa düşmədim, gözlərimi qıyıb dodaqlarına diqqətlə bir də baxdım və bir sözü oxudum: "Qaç!".
Bilmədim o, kim idi və mənə niyə kömək eləyirdi, amma bu mənə o anda edilə biləcək ən böyük yaxşılıq idi. Çətinliklə ayağa qalxdım, o, idmançının üstündə idi, onu saxlayırdı, amma özünü elə aparırdı kı, guya dolaşıblar, kütlə artıq bizə çatırdı, yenə qaçdım, qabaqda pilləkən var idi, qalxdım, kimsə ayağımdan tutdu, təpiklə vurdum, üzünə dəydi, yıxıldı, özüylə bir neçe nəfəri də yıxdı, qabaqda qapı var idi, dəmir qapı, itələdim, açıldı, metrodan çıxdım, hava tutqun idi, günəş tutulmuşdu, lap yaxında maşın dayanmışdı, qapısı açıq idi, elə bil məni gözləyirdi, rul arxasında oturan adam məni qışqıra-qışqıra çağırdı:

Heç bilmədim necə oldu...Where stories live. Discover now