Sistemdəki ilk pozuntular

82 14 13
                                    

İşıq...
Gözümə düşən işıq gözlərimi tam açmağa imkan vermirdi.Hər yer bulanıq görünürdü.Gözüm yavaş yavaş işığa alışdıqca görüntü də öz yerini tutmağa başladı.Gözlərimi tavandan çəkəndə ilk gördüyüm Ülvi oldu.O qarşımda durub gözlərini mənə zilləmişdi.Narahat görsənirdi.Bəlkə də uzun müddət yanımda gözlədiyi üçün yorğun idi.Ülvi mənim dostum və bu işdə ən yaxın köməkçim idi.Yeganə insan idi ki ən başından fikirlərimə inanırdı.

"Görəsən mən neçə saatdı yatıram?" deyə keçirtdim beyinimdən.Başımda küt bir ağrı var idi.

Özümü toparlayıb ayağa qalxmaq üçün bir az dikəldim.Ülvi cəld mənə yaxınlaşdı.

"Dayan.Tələsmə.Bir az özünə gəl sonra qalxarsan"deyib məni yenidən uzandırdı.Sonra bir stəkan su uzadıb "al iç"dedi.Suyu görəndə nə qədər susadığımın fərqinə vardım.Dodaqlarım və boğazım qurumuşdu.

"Yaxşısan?"deyib yanıma oturdu.Yaxşıyam.......?Bu sualın cavabı bu dəqiqə özümə də maraqlı idi.Amma uzatmayıb sadəcə "hə" dedim.Gözlərim otağın divarlarında saat axtarırdı.Amma yox idi.

"Mən neçə saat yatmışam?"

"Təxmini on beş dəqiqə"

"Nə?" Onun üzünə baxdım.Ciddi görünürdü.Onunla bir yerdə olanda tez tez bir birimizlə zarafat edirdik,amma bu vəziyyətdə yəqin ki zarafat etməzdi.

"Yəni mən cəmi on beş dəqiqə orada olmuşam?"

"Buradakı vaxtla hə"

Əslində əvvəlcədən də zaman fərqi olacağını bilirdim amma indi bunu yaşamaq həqiqətən də mənə qəribə gəlirdi.Teorik olaraq bunları fikirləşməklə həqiqətən etmək arasında çox böyük fərq olduğunu anladım.Üzərimdə sanki bir ağırlıq var idi.Başım hələ də bir az ağrıyıdı.Amma bayaqkı halıma baxanda indi daha yaxşı idim.Özümə gəlmişdim.Çarpayıda dikəlib yastığa söykəndim.Ülvi maraq dolu baxışlarını üzümə dikmişdi.Baş verənləri öyrənməyi nə qədər istədiyini bilirdim.

"Onu gördüm.Biz hər şeyi düz fikirləşmişik.Onun orada öz dünyası var."

"Onunla danışdın?"

"Hə"

"Bəs o nə dedi?"

"İnanmadı.Yəqin ki mənim dəli olduğumu fikirləşdi."

"Bəs sonra?"

Mən olanların hamısını ona danışdım.Əsmərlə danışıqlarımdan tutmuş o müəmmalı adamın gəlişinə qədər.

"Bəs sən o oğlanın kim olduğunu bilmədin?Axı biz sənin orada görə biləcəyin adamların hamısını öyrənmişdik."

Mən bir az fikirləşdim, yadıma salmağa çalışdım ama bu oğlanı onun nə dostları nə də ailəsi ilə olan şəkillərində görməmişdim.Ailəsi də bizə belə bir adam haqqında heç nə deməmişdi.Axı o kim idi?

"Mən onu tanımadım.Bizə onun haqqında heç nə deməyiblər."

"Axı onlar qızlarının bütün tanışları haqqında bizə danışmışdılar."

"Bəlkə heç onlar da o adamı tanınımırlar."

"Yəqin ki elədir."Ülvi bir az fikirləşdikdən sonra dediyimi təsdiqlədi."Bəs səncə o bizə mane olacaq?"verdiyi bu sualın cavabı mənə də maraqlı idi.

"Bilmirəm.Bunu zaman göstərəcək." deyib başımı qaldırıb tavana baxdım.Dərindən nəfəs aldım.Görəsən mən orada niyə cəmi on beş dəqiqə qalmışdım?Görəsən onun zərbələri məni oyandırmışdı yoxsa Ülvi özü sistemi söndürmüşdü?

KOMAHikayelerin yaşadığı yer. Şimdi keşfedin