PROLOQ

413 14 0
                                    

Sentyabr ayının əvvəlləri idi. Bakı sakinləri bu il əməlli-başlı bezdirmiş isti yay öz yerini yavaş yavaş payız fəslinə verməyə hazırlaşırdı.Havalar iki gün əvvəl yağan yağışdan sonra sərinləşməyə başlamışdı.
Tanınmış qəzetlərdən birində şöbə müdiri işləyən Nemət Sabirli başqa bir qəzetin redaktoru Səbuhi ilə dostu Ceyhungilə qonaq gəlmişdi. Daha doğrusu,bu gəliş Səbuhinin evinin təmiri ilə bağlı idi.O, mənzilini təmir etmək istəyirdi və Nemət onu bura gətirmişdi ki,Ceyhunla danışsınlar, Ceyhun bütün rəngsazlıq,kafel-metlax işlərini boynuna götürsün.
Bazar günü olduğuna görə Ceyhunun ailə üzvlərinin hamısı evdə idi. Nəsrin xanım xörək bişirmək üçün mətbəxə keçmişdi. Rəvan divanda oturub qonaqlara qulaq asırdı. Çayı süfrəyə Nurtay gətirdi.Nemət içəri girəndə hamı kimi,bu qızla da salamlaşmışdı.Amma yenə onunla hal-əhval tutmaq istədi:
-Necəsən, gözəl qızım?
Nurtayın al yanaqları bir az da allahdır
-Sağ olun,yaxşıyam,-qız dedi.
Nemətin arvadı Fədayə xanım bu gəşəng qızı gələcəkdə öz gəlini kimi görmək istəyirdi.Nemət əvvəl bu arzuya zarafatla yanaşırdı."Onlar hələ uşaqdırlar",-deyir-
di.Amma sonra bu ailələr daha da yaxınlaşdı.Nemət oğlu İlhamla Nurtayın mehriban münasibətini görüb ürəyində arvadı ilə razılaşdı. İndi o da bu fikirdə idi ki, nə bundan yaxşı qız,nə bu ailədən yaxşı ailə tapa bilməyəcəklər.
-Bu il doqquzuncu sinifə keçirsən,hə?
-Bəli.
-Üçcə ilin qalıb. İnşallah, üniversitetə qəbul olarsan.
Qız utanaraq gülümsədi və əlindəki podnosu mətbəxə apardı.
-İnşAllah!-Səbuhi dedi.
-İnan mənə, Səbuhi,-Nemət söylədi,-çox yaxşı uşaqlardır bu uşaqlar. Belə tərbiyəli,belə təmiz ailəni heç yerdə tapa bilməzsən. Özü də çox xoşbəxtdirlər,maşallah! Can deyib can eşidirlər.
-Halal olsun!-Səbuhi başını tərpətdi.
Çay içə-içə iş barədə söhbət etməyə başladılar.Nemət məsələni izah edib Ceyhunu Səbuhiyə bir usta kimi yenidən təriflədi. Səbuhi işin nədən ibarət olduğunu anlatdı və söz demək növbəsi Ceyhuna çatdı.
-Nemət müəllim məni çox təriflədi,-o dedi.-Mən bu sənətlə təxminən iki il yarımdır ki, məşğulam. Nemət müəllim bilir, Nafiz adlı dostum vardı, Allah ona rəhmət eləsin! O rəhmətliyə qoşulub işləyəndən sonra öyrənmişəm bu sənəti.
İndi özümə fəhlə götürüb tək işləyirəm. Çalışıram ki, gördüyüm iş layiqli olsun.
-Dostunuz nədən rəhmətə gedib?-Səbuhi maraqlandı.
-Bu ilin fevral ayında öldürdülər onu. Yadıma düşəndə dəhşətə gəlirəm.
-Nəyə görə öldürmüşdülər onu?
-Heç nəyə görə!-Ceyhun əlini yellədi.-Bu barədə danışmasaq yaxşıdır. Rəhmətlik Nafiz quldurlardan,başkəsənlərdən qız alanda səhv eləmişdi. Yırtıcının balası da yırtıcı olar. Qapı qonşumuz idilər. İndi başqa ailə köçüb ora. Pis adam deyillər,ama hər dəfə onları görəndə rəhmətlik Nafiz yadıma düşür.
-Allah rəhmət eləsin! Nə edəsən?! Yaxşılar gedir,pislər qalır.
Sonra Nemətin qonşusu, istefada olan polis polkovnik Qanbay Qasımlıdan  danışmağa başladılar. Nemət hər yerdə onu ağızdolusu tərifləyirdi.
-İnan, Səbuhi,bu adamın tayı -bərabəri yoxdur,-Nemət dedi. O qədər bacarıqlı, diqqətli adamdır ki, gözündən heçnə yayına bilməz. Açılmayan qaranlıq cinayət işləri olanda onu xarici ölkələrə də dəvət edirlər. İndi Türkmənistandadı-
dır. İki gün qabaq hansısa bir iş üçün dəvət etmişdilər.
-Maraqlıdır,-deyə Səbuhi başını tərpətdi.-
Deyirsən indiyədək aça bilmədiyi iş olmayıb?
-Yox..-Nemət belə dedi və Ceyhuna baxıb nədənsə sözünü dəyişdi:-Əslində... Mən Qanbay müəllimi on ildir ki, tanıyıram.
On ildə bircə dəfə belə şey olub. İndicə Ceyhunun dediyi həmin rəhmətlik Nafizin ölüm işini aça bilməyib. İşi çox təcrübəli bir müstəntiq aparırdı. Bəlkə də, adını eşitmisən. Vasif Nüsrətov...
-Hə,eşitmişəm.
-Bax onunla Qanbay müəllim arasında rəqabət yaranmışdı bu işdə. Əslində, çətin iş deyildi. Bakıda hər at baş verən adi cinayətlərdən biri idi. Qanbay müəllim artıq qatildən şübhələnmişdi. İşin üstünü tezliklə açacaqdı. Amma müstəntiqin səlahiyyətləri də, imkanları da daha genişdir axı. Nə isə... Qanbay müəllim məğlub olduğunu düşünsə də, mən onunla razılaşmıram.
-Nə vaxt olmuşdu o hadisə?
-Fevralda...Yeddi ay əvvəl...
-Məğlubiyyətə alışmamış elə bir adam, yəqinki pərt olmuşdu, hə?
-Bəlkə də... Amma onun nə düşündüyünü heç vaxt anlamaq olmur. Ceyhun Qanbay müəllimlə görüşüb,amma onu yaxşı tanıya bilməz. Həmin iş yekunlaşdıqdan sonra axşam Qanbay Qasımlının qonağı oldum, ona bir az təskinlik vermək istəyirdim.Çox fikirli görünürdü.Dedim narahat olmayın,əsas odur ki,iş açıldı və cinayətkar cəzalandırılacaq.
-Bəs o nə cavab verdi?
-Qəribə bir söz dedi. Dedi ki,bu, seçilmiş cəzadır.Cinayətkar öz cəzasını özü seçdi və mən onun seçimi ilə razılaşdım.
-Doğrudan, qəribədir! Cinayətkar məgər cəzasını özü seçir? Qatil tutulmuşdu onda?
-Hə, tutulmuşdu. Hər şeyi etiraf etdiyi üçün iş prokurorluqa verilmişdi.
-Bəs onda,"seçilmiş cəza"nə deməkdir?
-Bilmirəm...-Nemət çiynini çəkdi.-Qanbay müəllimi bəzən heç anlamaq olmur.
Bundan sonra Səbuhi dönüb Ceyhunla evinin təmiri barədə danışmağa başladı.
Neməti isə fikir götürmüşdü.Onların söhbətinə qulaq asa bilmirdi.Həmin o soyuq fevral axşamında polkovnik Qasımlının dediyi əsrarlı sözlərin mənasını anlaya bilməmiş,üstündən yeddi ay keçəndən sonra o vaxt çox da əhəmiyyət vermədiyi kəlmələr barədə yenidən düşünməyə başlamışdı. Doğrudan da,nə demək idi axı seçilmiş cəza?





Salamlarrr :)
Bunları kitabdan yazıram əsl kitabın özüdür.
Xoş oxumalarr.

Elxan Elatlı -Seçilmiş CəzaHikayelerin yaşadığı yer. Şimdi keşfedin